Icma.az
close
up
RU
Bütün ölkəyə cəmi beş qız: Azərbaycanda qadın skeytbordu skeytbordçuları danışdırıb FOTO/VİDEO

Bütün ölkəyə cəmi beş qız: Azərbaycanda qadın skeytbordu skeytbordçuları danışdırıb FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nizami” kinoteatrı Bakıda skeytbordçularının ən məşhur toplaşma yerlərindən biridir. Bu məkan gənclər arasında çoxdan qeyri-rəsmi adla - “Qarayevka” kimi tanınıb. Burada, Qara Qarayevin abidəsi önündə hər zaman həyat qaynayır. Müxtəlif yaşlı gənclər burada məşq edir, əylənir və birgə vaxt keçirirlər. Havada plitələr üzərində fırlanan təkərlərin səsi və yalnız öz aralarında anlaşılan “last try”, “back-to-back” kimi skeytbord jarqonu eşidilir.

İlk baxışdan bu, tipik bir “oğlan məclisi” təsiri bağışlayır. Amma diqqətlə baxanda onların arasında iki qız görmək mümkündür. Geyim tərzləri eynidir - eyni papaqlar, oversayz geyimlər - amma davranış baxımından daha sakit və ciddidirlər. Eyni hərəkəti dəfələrlə məşq edirlər. Düşürlər, amma dərhal qalxıb yenidən sınayırlar. Onlardan birinin niyə qalın sviter geyindiyi aydın olur: belə olanda yıxılmaq bir qədər az ağrılı olur.

Bu iki skeytbordçu qız - 16 yaşlı Arina Ağayeva və 15 yaşlı Alisa Zaxarovadır. Onlar Azərbaycanda qadın skeytbordunun siması sayılırlar. Cəsarətli, inadkar və meydanda heç kimə güzəştə getmək niyyətində deyillər.

Arina Ağayeva (solda) və Alisa Zaxarova (sağda) Nizami Kinoteatrının yaxınlığında məşq zamanı

Dünyada və Azərbaycanda qadın skeytbordu

Bir vaxtlar skeytbord yalnız kişilər arasında yayılmış mədəniyyət sayılırdı. Lakin zaman keçdikcə qadınlar da lövhəyə çıxaraq küçədə səhnəni tamamilə dəyişdirdilər. Hərçənd bu gün bir çox ölkələrdə qızların skeytbord sürməsi təsəvvürlərdə olmasa da, qadın peşəkar skeytbordunun tarixi hələ 1964-cü ildə başlayıb. Həmin il amerikalı Petti Makqi qadınlar arasında keçirilən ilk milli skeytbord çempionatının qalibi olub.

Sonrakı onillikdə isə Kaliforniyadan olan əfsanəvi “Z-Boys” komandasının üzvü Peqqi Oki özünü parlaq şəkildə göstərdi. O, bu məşhur skeytbordçu və sörfçülər qrupuna daxil olan ilk qadın idi. O dövrdə qadının belə bir mühitdə görünməsi sensasiya sayılırdı, çünki peşəkar skeytbord hələ də demək olar ki, tamamilə kişilərin sahəsi idi.

Bu və digər qadın idmançılar skeytborda yeni nəfəs və baxış gətirdilər, həmçinin brendlərin və medianın qadınlara münasibətini dəyişdirdilər. Onların sayəsində bu mədəniyyət daha müxtəlif, inklüziv və azad oldu. Bu gün həmin yolu yeni nəsil ulduzlar - Letisiya Bufoni, Meraya Dyuran, Aldana Bertran və onlarla digər idmançı davam etdirir.

Azərbaycanda isə bu idman növü qızlar arasında hələ yeni addımlarını atır. Ümumilikdə ölkədə skeytbord hələ də dar çevrənin idman növü sayılır, qadın skeytbordçuların sayı isə barmaqla sayılacaq qədərdir. Azərbaycan səhnəsinin veteranı, 2002-ci ildən skeytlə məşğul olan 37 yaşlı Elxan Eminov İdman.Bizmüsahibəsində bildirib ki, əvvəllər də qız skeytbordçular olub, amma onların sayı həmişə çox az idi.

Hazırda, 2025-ci ildə, əgər siz skeyt sürən bir qız görsəniz, deməli, siz Bakıdasınız və bu qız ölkədə qadın skeytbordunu təmsil edən beş yeniyetmədən biridir. Onların adları belədir: Arina Ağayeva, Alisa Zaxarova, Röya Yusifova, Rita Samoylova və Sofiya Nikolenko. Onlar birlikdə “Shredella Company” adlı komandanı yaradıblar.

Bu komanda spontan şəkildə yaranıb - qızlar birgə “Instagram” səhifəsi açaraq öz trüklarını və yıxılmalarını paylaşmağa başlayıblar. Zamanla bu səhifə Bakının asfaltı üzərində dörd təkər üstündə hərəkət edən qadın gücünün və dostluğunun rəmzinə çevrilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Girls! (@shredellacompany)

“Valideynlərimdən güclə ilk skeyti istəmişdim”.

Arina Ağayeva 2021-ci ildən skeyt sürür, Alisa Zaxarova isə təxminən bir il yarımdır bu işlə məşğuldur. Hər ikisi bu idmana dostları vasitəsilə gəliblər - başqalarının necə sürdüyünü görüb kənarda qala bilməyiblər.

“İlk skeytimi supermarketdən 50 manata almışdım - valideynlərimdən güclə istəmişdim. Evdə düşündülər ki, bu sadəcə keçici maraqdır. Anam narahat idi, çünki travma ala bilərdim və ya pis bir mühitə düşə bilərdim - axı “Nizami” kinoteatrının qarşısında müxtəlif gənclər toplaşır. Amma zamanla o, razılaşdı” - deyə Arina xatırlayır.

O, ailəsinə icra etdiyi hərəkətlərin videolarını göstərməyə başlayandan sonra onların münasibəti dəyişib. Ailəsi başa düşüb ki, bu, sadəcə hobbi deyil, ciddi məşğuliyyətdir. Tezliklə Arina öz ilk peşəkar skeytbordunu yığır - artıq keyfiyyətli detallar ilə. Bu ona 200 manata başa gəlib, amma Arinanın sözlərinə görə, “buna dəyərdi”.

Şəkil: Arina Ağaevanın şəxsi arxivi

Alisa Zaxarovanın hekayəsi bir qədər fərqlidir – onu evdə dərhal dəstəkləyiblər. “Atam da gəncliyində skeyt sürürdü. Valideynlərim sevinirdilər ki, evdə boş oturmuram. Yadımdadır, bir dəfə “Instagram”da videomu görüb təəccüblənmişdilər: ‘Alisa, bu sən idin?’ Onlara çox xoş gəlmişdi necə sürdüyüm,” - deyə Alisa gülümsəyir.

Hər iki qız etiraf edir: onların bəxti gətirib. Çünki Azərbaycanda bütün valideynlər skeytborda anlayışla yanaşmır.

Qızlar incə olma(ma)lıdırlar

Əvvəllər Arina və Alisa üçün hər şey asan olmayıb. Onlar məşqə gələndə ətrafda demək olar ki, başqa qız olmur və üzərlərində baxışları hiss edirdilər. “Mən yalnız başqa qızlar olanda sürməyə çıxırdım. Tək olanda qorxurdum”, - deyə Arina Ağayeva etiraf edir.

Zamanla hər ikisi özlərinə inam qazandılar və skeyt icmasının bir hissəsinə çevrildilər. Burada onlara hörmətlə yanaşılır, dəstək verilir və bərabər qəbul edilirlər. Bunu İdman.Biz-ə skeytbordçu Fərid Nəzərli də təsdiqləyib. Onun sözlərinə görə, oğlanlar sadəcə təcrübəyə görə daha yaxşı sürürlər:

“Məsələn, qızlar beş pilləlik yerdən tullanır, biz isə on pillədən. Sadəcə biz daha uzun müddətdir sürürük, bəlkə də onlar bir az tənbəldirlər. Amma əgər skeyti həqiqətən sevərlərsə, bizdən heç də pis sürməzlər.”

Lakin icmadan kənarda hər şey bu qədər sadə deyil. Qızlar etiraf edirlər ki, bəzən anlaşılmazlıq və hətta seksist münasibətlə üzləşirlər.

“Bəzən biz sürdükdə yanımızdan keçənlər deyirlər: “Siz oğlana oxşayırsınız. Axı siz qızsınız, incə olmalısınız”, - deyə Arina eşitdiklərini danışır.

Amma bu sözlər onları incitmir. Əksinə, daha da motivasiya edir. Bununla belə, Alisa Zaxarova qeyd edir ki, insanların çoxu onlara maraqla baxır və hərəkətləri öyrətmələrini xahiş edir.

Skeytbordçu qızlar hara yoxa çıxdılar?

Azərbaycanda qadın skeytbordu heç vaxt kütləvi olmayıb. Bəzən bir neçə yeniyetmə qız görsənirdi, bir neçə il sürürdülər və yetkin yaşa çatanda bu işi buraxırdılar. Onların yerinə isə vaxtilə onlardan ilham alan yeniləri gəlirdi. Bu dövrilik illərdir davam edir.

Azərbaycan skeytbordunun pioneri Elxan Eminov komanda yoldaşları ilə birlikdə mütəmadi olaraq bölgələrə səfərlər edir. Lakin onun sözlərinə görə, ölkədəki bütün qadın skeytbordçular Bakıda cəmlənib.

Arina və Alisa bildirirlər ki, öz komandalarından başqa yalnız bir neçə daha yaşlı qızı tanıyırlar - onlar skeyt sürdükləri vaxt hələ yeniyetmə idilər. Amma həmin qızlar da sonradan idmanı tərk ediblər. Azərbaycanda qadın skeytbordunun başlanğıcında duranların kim olduğu isə artıq demək olar ki, əfsanəyə çevrilib: hamı belə qızların olduğunu bilir, amma onların kim və harada olduqlarını heç kim dəqiq xatırlamır.

"Qadın skeytbordunun inkişafı bizdə ara-sıra baş verir. Kişi komandaları var, onları dəstəkləyən sponsorlar, yarışlar təşkil edənlər var. Bəzən qadın skeytbordunu irəli aparmaq alınır, amma sonra yenə dayanır” - deyə Arina Ağayeva bildirir.

Bunun səbəbləri çoxdur - mentalitetdən və infrastruktur çatışmazlığından tutmuş, valideyn qorxusuna və cəmiyyətin bu idmana ciddi yanaşmamasına qədər. Alisa Zaxarova xatırlayır ki, yayda üç qızı skeytborda gətirib, amma dərs ili başlayanda onların hamısı sürməyi dayandırıb.

Çox vaxt əsas maneə valideynlər olur. Amma başqa nümunələr də var. Alisanın anası Yana Zaxarova danışır ki, qızını əvvəldən dəstəkləyib:

“Əvvəllər skeytbordu uşaqlarım üçün məşğuliyyət kimi təsəvvür etməmişdim, sadəcə rastlaşmamışdım. Amma Alisa dərhal marağını bildirdi və lövhə almağı xahiş etdi. O vaxtdan bəri biz artıq üç-dörd skeyt almışıq. Bizə xoşdur ki, o, aktiv həyat tərzi sürür. Bu sayədə onun əla dost çevrəsi yaranıb. Bütün bayramları və yarışları birlikdə keçirirlər”.

Yana Zaxarovanın sözlərinə görə, travmalar skeytborddan uzaq durmaq üçün səbəb olmamalıdır:

“Əlbəttə, bu, zədələnmə riski olan idmandır. Amma Alisanın diz və dirsək qoruyucuları var. Axı velosipeddən və ya skuterdən də yıxılmaq mümkündür. Ona görə də bu, sürməyə qadağa qoymaq üçün bəhanə deyil”.

Arina Agaeva və Alisa Zaxarova. Foto: Alisa Zaxarovanın şəxsi arxivi

Azərbaycanda qadın skeytbordunun gələcəyi

Qızların sayı az olduğuna görə, rəqabət də demək olar ki, yoxdur. Əksəriyyəti hərəkətləri ya oğlanlardan, ya da “YouTube” videolarından öyrənir. Qızlar bacarıqlarını artırmaq və təcrübə mübadiləsi üçün kiçik skeytbord yarışlarında və müsabiqələrdə iştirak etməyə çalışırlar.

Alisa Zaxarova danışır ki, onun sonuncu yarışında cəmi iki qız iştirak edib - o və Röya Yusifova. Onlar “Game of Skate” adlı qeyri-rəsmi oyunda yarışıblar - idmançılar növbə ilə bir-birinin hərəkətlərini təkrarlayır. Yarışın sonunda hər iki qız sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Röya Yusifova (ortada) və Alisa Zaxarova skeytbord yarışında. Foto: Alisa Zaxarovanın şəxsi arxivi
Peşəkar yarışlara gəlincə, Arina Ağayeva bildirib ki, 2026-cı ildə Moskvada hər il keçirilən “Grand Skate Tour” turnirində iştirak etmək istəyir. O, bu il həmin yarışda sadəcə tamaşaçı olub. Arinanın sözlərinə görə, azərbaycanlı skeytbordçu qızlar xüsusilə rusiyalı “No Comply Girls” komandasından ilham alırlar.

Arina və Alisanın arzusu Azərbaycanda qadın skeytbordunun inkişafını görmək və beynəlxalq turnirlərdə iştirak etməkdir. Lakin hər ikisi etiraf edir ki, yerli səviyyə hələlik digər ölkələrlə müqayisədə “orta” səviyyədədir.

Bununla belə, qızlar universitetə daxil olanda belə skeytbordu tərk etməyi düşünmürlər. Hər ikisi turizm fakültəsinə qəbul olmağı planlaşdırır, Arina isə eyni zamanda geyim dizaynı ilə də maraqlanır. Onların fikrincə, gün ərzində sürmək üçün azı yarım saat tapmaq mümkündür. Məsələn, Alisa məktəbdən sonra demək olar ki, hər gün məşq edir.

Alisanın anası Yana Zaxarova qızının bu həvəsinə həm isti, həm də bir qədər skeptik yanaşır: “Alisa düşünür ki, bununla uzun müddət, bəlkə də ömürboyu məşğul olacaq. Məncə, skeytbord daha çox yeniyetmələrə uyğun gəlir. Yəqin ki, 20 yaşında başqa işlə məşğul olacaq. Amma bilirəm ki, onların icmasında hələ də sürən yetkin insanlar var. Əgər bu, hobbi və ya biznesin bir hissəsidirsə, anlayıram. Amma skeytbord bir yetkin insanın əsas məşğuliyyəti olarsa, bəlkə də daha ciddi bir iş barədə düşünmək lazımdır. Hər halda, mən buna qarşı deyiləm.”

Arina və Alisa üçün skeytbord sadəcə hobbi deyil - dost qazandıran bir həyat tərzidir. “Ümid edirik ki, daha çox qız bunu sınamağa cəsarət edəcək,” - deyirlər. “Bilirik ki, arzulayanlar var, amma qorxurlar. Biz isə göstərmək istəyirik ki, qorxulu heç nə yoxdur: sadəcə lövhəni götürün və bizə qoşulun”.

Foto: Alisa Zaxarovanın şəxsi arxivi

Leyla Eminova

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see181

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see173

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see173

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see165

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see161

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see157

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see149

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see138

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see136

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see133

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see128

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see128

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see123

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see123

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see121

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri