Icma.az
close
up
RU
Çağdaş poeziyada yeni janr axtarışları

Çağdaş poeziyada yeni janr axtarışları

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlahə SƏFƏRZADƏ

Müasir poeziyada ədəbi axtarışlar və janr yenilikləri lirikanın sərhədlərini genişləndirir, yeni üfüqlər açır. Şair Elçin İsgəndərzadə də bu ənənənin davamçısı kimi sözün sərhədini mövzu ilə bərabər, həm də janr zənginliyi ilə genişləndirməyə nail olan ədiblər sırasındadır. Onun poeziyadakı janr axtarışlarındakı novatorluğun bəhrəsi olaraq ərsəyə gəlmiş ebrü və türkü janrları öz unikallığı ilə seçilir. Bu adların hər biri bizə digər sənət növlərindən tanış olsa da, görünür, şair bu yeni janrları həmin sənətlərlə əlaqələndirdiyi üçün adlarını da bu cür seçmək qərarına gəlib. Şairin bədii irsinin toplandığı beş cildlik kitabların birinci cildində "Ürəyimin sevda türküləri" başlığı altında nəşr olunmuş türkülər öz mövzu və ideya rəngarəngliyi ilə diqqət cəlb edir, eyni zamanda, oxucuya bir musiqi təsiri bağışladığını da demək mümkündür. Onun "Yağmur türküsü", "Tənhalıq türküsü", "Qobustan türküsü", "Röya türküsü", "Ümid türküsü", "Savaş türküsü" və başqa belə onlarla türkü poeziyamızı zənginləşdirmək baxımından əhəmiyyətli yerə sahibdir.

Başqa türkülərdə olduğu kimi, Elçin İsgəndərzadənin "Yağmur türküsü" adlı şeiri də həm bədii, həm də fəlsəfi təhlilə açıq olan emosional qatlara malikdir.

Yenə ilıq yağışlar yağır mənim ömrümə.

Sənin sevda mələyin baxır mənim ömrümə.

Baxır, bəyaz bir hücrə, pəncərə, yaşıl kaktus.

Dayan, bir söz söyləmə, beləcə gülümsə və sus...

Şair klassik Şərq poeziyasındakı mələk motivini çağdaş duyğularla qovuşdurur. Bu sevgi artıq maddi mövcudluqdan çıxaraq himayə və bağlılıq yaradan mənəvi səviyyəyə ucalır.

Müasir Azərbaycan poeziyasında tənhalıq, ayrılıq və sükut kimi motivlərə bir sıra şairlərin yaradıcılığında rast gəlinir. Müəllifin "Tənhalıq türküsü" adlı şeiri də bu mövzuların dərin psixoloji məqamlarla təqdim olunduğu nümunələrdəndir.

"Tənhalıq türküsü" müəllifin poetik dünyasında tənhalığın sarsıdıcı təsirini, hücrədə toxunan hicran torlarını, bəyaz sükutları və ümidlərin səssiz dağılmasını göstərir. Bu mənada şeir çağdaş insanın təcrid olmuş dünyasının lirik notlarla etirafıdır.

Qobustanda bir qaya, qaya üstündə rəsm.

Qavaldaşın ritminə qarışır mənim səsim.

Orda rəqs eləyirik bir qaya rəsmində.

Dodağımı yandırır bu gün çiçək ismin də.

Elçin İsgəndərzadənin bu misralarla yaratdığı obraz və hisslər zamanlararası bir körpü qurur: keçmişlə bu gün, daşla insan, yaddaşla sevgi arasında.

"Röya türküsü" lirik qəhrəmanın fərdi duyğuları ilə kollektiv milli yaddaşı ustalıqla sintez edir, minilliklər öncəsi və bu gün arasında poetik körpü qurur. Burada sevgi əbədi və zamansızdır. Şeirin ustalığı onun simvolikliyi və mistikliyindədir: boz qayadan tutmuş yağışlı röyaya, mələkdən və dindən uzaq, sadə və saf insan sevgisinə qədər olan bu poetik səfər oxucunu həm tarixə, həm də daxili duyğular dünyasına aparır.

Yenə sevda dolu bir gün yaşadım.

Yenə yadımdan çıxıb öz adım.

Yenə dostlar vəfasız, yenə ulduzlar uzaq -

Yenə könüllər yalqız, gecə siyah, ulduz ağ.

"Qürbət türküsü" oxucunu sükut içində düşündürən, qəlbində köhnə bir həsrətin səsini oyadan poetik fəryadı əks etdirir. Şeirdə lirik qəhrəman gündəlik həyatın içində özünü tapmağa çalışır. Kimliyini unutmaq qürbətin ən dərin ağrısıdır. Şeir boyunca "yenə" sözünün təkrarı bizə bir dönüş təsiri bağışlayır: dəyişməyən, təkrarlanan mənəvi ağrılarla dolu bir həyat.

İnsan üçün "kiməm?" sualına cavab tapmaq bəzən bütün ömrünü sərf etməyə dəyər bir axtarışa çevrilir. Qürbət bu axtarışı daha da dərinləşdirir. Vətəndən kənarda insan təkcə torpaqdan yox, öz köklərindən, adından, tarixindən də uzaq düşür. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının qəlbində belə bir "Qürbət türküsü" çalınır.

Gecə, yağmur havası, gecə, dəniz sahili.

Qobustan qayasında rəsmlərin lal dili.

Ümid bir kuzə kimi əlimdən düşdü sındı.

Hardasan dəli könlüm, könlüm, sənin yasındı.

Elçin İsgəndərzadənin "Gecə türküsü" şeiri insanın içindəki dərin boşluğu, qırılmış ümidləri və yalqız ruhunun fəryadını ifadə edir. Şeir müasir insanın mənəvi təkliyini və daxili iztirablarını əks etdirən lirik nümunədir. Lirik qəhrəman öz könlünün yasını tutur, qırılmış daxili dünyasının qarşısında acizdir. İnsanın gerçəklikdən qopmasının həm fiziki, həm də ruhi bir tənəzzül yaşatdığını təsvir edir.

"Savaş türküsü" şeiri milli yaddaşın, tarixi qürurun və gələcəyə inamın sözlərlə yoğrulmuş savaş marşıdır. Mövzu təkcə silahlı döyüşdən deyil, həm də sözün, düşüncənin, ruhun savaşından gedir. İlk misralardan etibarən şair oxucunu həm zamanın axarı ilə, həm də keçmişin və gələcəyin toqquşduğu bir mənzərə ilə qarşılayır. Zirvələrin layiq olmayanlara qaldığını, əsl qəhrəmanların isə yaddaşdan silindiyini vurğulayır.

Beləliklə, Elçin İsgəndərzadənin türkü janrında yazdığı şeirlər onun poeziyasındakı milli köklərə və xalq irsinə bağlılığını göstərir. Türkülər bir tərəfdən ənənənin qorunmasına xidmət edərkən digər yandan şairin çağdaş poeziyada yeni tərz və ifadə axtarışlarına işıq tutur. Bu şeirlərdə musiqi sədaları ilə oxunan ənənəvi türkünün obraz və motivləri ilə yanaşı, müəllifin fərdi üslubu və çağdaş dünyagörüşü də təcəssüm olunur. Şair bu janrı öz yaradıcılıq dünyasında şərh edərək oxucuya yeni lirik forma təqdim edir.

Ebrü də Elçin İsgəndərzadənin yaratdığı yeni şeir janrıdır. Ənənəvi ebrü sənətindən ilhamlanaraq lirikada poetik formaya çevrilmişdir. Elçin İsgəndərzadə sözlə rəsm çəkməyə, sözün üzərində duyğu dalğaları yaratmağa nail olur. Şairin "Qırmızı ebrü", "Tokat ebrüsü", "Ömür ebrüsü-1", "Ayrılıq ebrüsü-1", "Ovqat ebrüsü", "Ölüm ebrüsü" və başqa ebrüləri türküləri kimi mövzu cəhətdən zəngindir.

"Ömür ebrüsü - 1" bu janrın parlaq nümunələrindən biridir. Şeir altı beytdən ibarətdir, lakin hər beyt eyni strukturda qurulmuş ikiliklər üzərində bərqərar olur. İki rəqəmi də təsadüfi deyil. Bu, həm duallığın (ikilik - sevgi və ayrılıq, ümid və qorxu, həyat və ölüm), həm də tərəzili harmoniyanın (simmetriya, balans) rəmzidir.

İki sevdalı könül - iki qönçə qızılgül.

Göydə iki ağ bulud - iştə, iki ağ umud.

Sevgi və ümid motivləri təbii görüntülərlə (qızılgül, bulud) vəhdətdə təqdim olunur. Bu yanaşma oxucunun həm gözəllik duyğusuna, həm də xatirə və arzu yaddaşına toxunur.

İki damla gözyaşı, iki qədər yoldaşı.

Dənizdə iki dalğa - könüldə əski qovğa.

Şeir bir növ duyğuların sükunətdən təlatümə doğru keçidini, yəni ebrü sənətindən məlum olan rənglərin su üzərində yayılma prosesini xatırladır.

İki quş var ağacda, iki at var yamacda.

Ürəkdə iki dilək, çiynimdə iki mələk...

Ağacdakı quş və yamacdakı at azadlıq, həyat və hərəkət simvollarıdır. Ürəkdəki diləklər və çiyindəki mələklər isə insanın daxili aləmi ilə ilahi varlığın əlaqəsini əks etdirir. Şair sözlə rəng çəkir, ritmlə təsvir yaradır, ahənglə yeni düşüncə tərzi oyadır. Şeirdə rənglərin yerini sözlər, suyun yerini duyğular tutur. Elçin İsgəndərzadənin ebrü adlandırdığı bu janr oxucunu xəyalındakı güzgüdə öz ikiliklərini - sevgi və həsrətini, arzu və qovğasını xatırlamağa çağırır. Vizual düşüncə ilə poetik duyğular birləşir.

Bir cənnət quşu qonub yaşıl gül budağına,

Cənnət quşu, apar məni, apar Tanrı dağına...

Orda boş yuvam qalıb, ot basmış dağ cığırı...

Dağ başından boylanan hilal bizi çağırır.

Elçin İsgəndərzadənin ebrüləri oxucunu sözlə yaradılmış bir tabloya baxmağa sövq edir. "Cənnət ebrüsü" bu tabloların içində mənəvi zirvəyə aparan lirik yoldur. Şeir cənnət quşunun gəlişi ilə başlayır. Bu quş cənnətin rəmzi, ilahi aləmə aparan bələdçidir. Onun yaşıl gül budağına qonması, təbiət və ruh arasındakı həssas vəhdəti göstərir. Tanrı dağı həm türklüyün yaddaşında yer alan sakral dağ, həm də ruhun yüksəliş nöqtəsi kimi şeirdə təcəssüm olunur. Hilal isə türklüyün, islamın, vətənin simvolu kimi dəyərləndirilə bilər. O, doğma yerə, kökə, əslə dönüş çağırışı edir. Mistik elementlərlə də zəngin bu şeirdə qutlu bir şaman qədim türk mifologiyasında müqəddəs ruhani, insanla Tanrı arasında vasitəçidir. Onun hilalla halallaşması göy və yerin birləşməsi, insanın ilahi ilə qovuşması mənasındadır. Ömrün zamanla axması isə ebrü janrının əsas fəlsəfəsini - axıcılıq, keçicilik, təbii sonsuzluq ideyasını əks etdirir. "Cənnət ebrüsü" lirik qəhrəmanın ruhunun səmaya doğru yüksəlişi, insanın kökünə qayıdışı, təbiətlə, tarixlə, Tanrı ilə birləşmək arzusudur.

Ağ duvaqlı buludlar durnalara əmanət.

Süd qoxulu umudlar analara əmanət.

Könlümüzün ilk ovu qara gözə əmanət.

Savaşda şəhid olsam, ruhum sizə əmanət.

Müəllifin "Ümid ebrüsü" adlı şeiri həm bir millətin, bir fərdin, bir şairin iç dünyasının, həm də varlığımızın gələcəyə əmanət edilən hissələrinin sətir-sətir təsviridir. Bu şeir hər misrasının əmanət anlayışı ətrafında dövr etdiyi bir vəsiyyətnamə təsiri də bağışlayır. Əmanət mənəvi borc, etibar edilən dəyər təhlükədə olan gözəllik anlamındadır. Burada təbiət lirik qəhrəmanın vətənidir. Yovşan xalq yaddaşında vətənin acı qoxusu, ceyran vətən həsrəti ilə qaçan incə varlıqdır. Şeirdəki bu motivlər itirilmiş torpaqları və onların himayəyə verilmiş ruhunu da ifadə edir.

Elçin İsgəndərzadənin poeziyaya gətirdiyi türkü və ebrü janrları mahiyyət baxımından da bir yenilikdir. Müasir poeziyada janr axtarışları yalnız formanın yenilənməsi deyil, həm də poetik düşüncənin sərhədsizliyinə, fərdi yaradıcılıq axtarışlarına açılan geniş bir meydandır. Müasir şeir yaradıcılığı üçün janr sərhədlərinin aşılması, janrlararası sintez və yeni formaların yaranması poeziyanın zənginləşməsinə, oxucu ilə daha canlı ünsiyyət qurulmasına xidmət edir. Bu axtarışlar həm şairin öz yaradıcılıq üfüqlərini genişləndirir, həm də milli poeziyanın inkişafında mühüm rol oynayır. Elçin İsgəndərzadənin yaradıcılığında bu axtarışların təzahürünü aydın şəkildə görmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri