Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları müzakirə edilib FOTO
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları
“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı işini növbəti panel sessiya ilə davam etdirib.
APA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədlinin moderatorluğu ilə keçirilən panel sessiyada “Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusu müzakirə olunub.
Natiq Məmmədli bildirib ki, Azərbaycan dilinin saflığının qorunub saxlanılmasında medianın mühüm rolu var: “Azərbaycan dilinin istifadə edildiyi əsas sahələrdən biri məhz mediadır. Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı səylər hiss olunur. Biz bu müzakirədə onlayn mediada Azərbaycan dilinin hazırda işlənmə səviyyəsini və hansı məqamların təkminləşdirilməsinin zəruri olduğunu müzakirə etməliyik”.
Vüsalə Mahirqızı: "Orfoqrafik səhvlərin olmaması qeyri-mümkündür"
Panel sessiyada çıxış edən "APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı bildirib ki, operativ xəbər yayarkən, orfoqrafik səhvlər qaçılmazdır: “Bəzi onlayn media subyektlərində bu səhvlər daha çox, bəzilərində isə daha az müşahidə edilir. Bu səhvlərin olmaması qeyri-mümkündür. Çünki onlayn media resurslarında əsas məsələ operativlik və sürətdir. Məhz bu səbəbdən bədii kitabda, qəzetdə olduğu kimi ifadələri tam düzgün seçmək, bədii təsvirlərə diqqət yetirmək qeyri-mümkündür”.
Üslubla bağlı səhvlər normaya çevrilir - əsas problem
Vüsalə Mahirqızı üslub səhvlərinin daha böyük problem olduğuna diqqət çəkib: “Mediamızda məni əsas narahat edən üslubla bağlı səhvlərin artıq normaya çevrilməsidir. Məsələn, “ölmək” felimiz var, amma Azərbaycan mediasında bu sözü yazmaq həqarət kimi qəbul olunur. Halbuki “həlak olmaq” və “vəfat etmək” ifadələrinin mənaları tam fərqlidir. Eləcə də “girov” və “əsir” sözləri media tərəfindən tez-tez qarışdırılır. Yaxud “19 yaşlı gənc” ifadəsi — 19 yaşlı qoca olmur, bu da məntiqi səhvdir. Bu cür ifadə səhvlərini kifayət qədər artırmaq olar".
"Azərbaycan dilinin normaları qorunmur, xüsusilə rusdilli ifadələrə və arqolara daha çox yer verilir"
Vüsalə Mahirqızı deyib ki, bu gün hələ də xalq arasında Sovet dövründə çəkilən filmlərimizdən sitatlar istifadə edilir: “Z” nəsli daha çox müxtəlif komediya proqramlarında, meyxana, estrada musiqilərindən təsirlənir.
Çox təəssüf ki, milyonlarla dinlənməsi, baxışı olan bu podkastlarda, meyxanalarda Azərbaycan dilinin normaları qorunmur, xüsusilə rusdilli ifadələrə və arqolara daha çox yer verilir. Və getdikcə bu sözlər ümumiişləkləşir. Artıq sosial verilişlərdən, meyxana və bayağı mahnılardan sitatlar xalq arasında ümumişləkləşir. Çünki sosial şəbəkə trendlərini bu tip məhsullar doldurur".
Vüsalə Mahirqızı bir daha xatırladıb ki, dil canlı orqanizmdi: O, özü özünü mütəmadi yeniləyir, ümumişlək söz fondu "tələb-təklif prinsipi" ilə mütəmadi dəyişir. Dildə süni söz yaradıcılığı effektli deyil".
"Azərbaycan dili üçün süni intellekt vasitəsilə imla və üslub səhvlərini yoxlayan sistem yaradılmalıdır"
Agentlik rəhbəri eyni zamanda süni intellektin dilə təsiri barədə fikirlərini bölüşüb: “Jurnalistika fakültəsində bizə bir cümlədə eyni sözləri təkrarlamamağı öyrədirdilər. Amma indi google bizdən bir abzasda eyni ifadəni bir neçə dəfə istifadə etməyimizi tələb edir. Hazırda məlumatın axtarışda önə çıxması üçün bir neçə yerdə eyni ad və abreviatura yox, ifadəni açıq şəkildə yazmağa məcburuq. Əks halda, nəinki google sistemi, hətta “OpenAI” kimi alətlər də məlumatı düzgün tanımır. Bu reallıqlar dilimizə, həmçinin medianın üslubuna da öz təsirini göstərməyə başlayıb”.
Vüsalə Mahirqızı mətbuatda ana dilinin saflığının qorunması istiqamətində bir sıra təkliflərlə çıxış edib: “Təklifim ondan ibarətdir ki, Medianın İnkişafı Agentliyi mediada dil normalarının qorunması ilə bağlı monitorinqlər təşkil edə bilər. Həmçinin, MEDİA təşkil etdiyi təlimlər sırasına ədəbi dil normalarından düzgün istifadə ilə bağlı təlimlər də əlavə edə bilər.
“Google Translate” sistemində Azərbaycan dilinin dəstəklənməsi artırılmalıdır. Azərbaycan dilində olan bir çox sözlər orada səhv tələffüz və tərcümə olunur. Biz bu sistemlərdə dilimizi təlmilləşdirməliyik, çünki gənclər onlayn alətlərdən istifadə edirlər. Azərbaycan dili üçün süni intellekt vasitəsilə imla və üslub səhvlərini yoxlayan sistem yaradılmalıdır. Bu alətlərdən istifadə məcburi hala gətirilməli və onların tətbiqi mükəmməlləşdirilməlidir".
Vüsalə Mahirqızı xatırladıb ki, dil normalarının pozulması ilə bağlı bir çox ölkələrdə ciddi cərimələr tətbiq olunur: "Azərbaycan dilinin normalarının pozulması hallarında da qanunun bu maddələri tətbiq edilməlidir".
Gənclərə müraciət: dilə münasibətin və onu hiss etməyin vacibliyi vurğulanıb
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ədəbi dilin formalaşmasının təkcə yazıçıların və alimlərin deyil, həm də jurnalistlərin əməyinin nəticəsi olduğunu deyib. O bildirib ki, qəzet və jurnalların, radionun və televiziyanın dili, müasir informasiya saytları xalqın danışıq və yazı üslubuna təsir göstərən əsas vasitələrdir.
“525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli Azərbaycan dilinin işlənməsi və düşüncə tərzinin formalaşması məsələsində nəsillərarası fərqin artıq daha qabarıq şəkildə hiss olunduğunu söyləyib. O, gənclərə müraciət edərək dilə münasibətin, onu hiss etməyin vacib olduğunu vurğulayıb.
Panel sessiya müzakirələrlə davam edib.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 07 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















