Icma.az
close
up
RU
Azərbaycan dilinin Meğri şivələri

Azərbaycan dilinin Meğri şivələri

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan dilçiliyi tarixində əlamətdar hadisələrdən biri ana dilimizin Ermənistan Respublikası ərazisində tarixən mövcud olmuş şivələrinin tədqiq edilməsidir. Hələ sovet dövründə bu sahədə bir sıra araşdırmalar aparılmış, onların nəticələri məqalələr şəklində nəşr olunmuşdu. Azərbaycan dilinin Ermənistan Respublikası ərazisindəki şivələrinin öyrənilməsinə həsr olunmuş qiymətli tədqiqatlardan biri mərhum dialektoloq Əhmədəli Əliyevin 2023-cü ildə “Elm” nəşriyyatında nəşr olunmuş “Azərbaycan dilinin Meğri şivələri” əsəridir.

Bu dəyərli elmi əsər barədə “Türkologiya” jurnalında “Azərbaycan dilinin Meğri şivələri” adlı geniş məqalə ilə çıxış etmiş Bakı Dövlət Universiteti türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Elbrus Əzizov yazır:

– Müəllif bu əsəri 1961–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin dissertantı kimi Meğri rayonunun azərbaycanlıların yaşadığı 7 kəndindən topladığı dialektoloji material əsasında dissertasiya işi kimi yazmış, lakin müəyyən səbəblərdən müdafiə etməmişdir.

1967-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün müdafiəyə tam hazır olan bu əsər yalnız 2003-cü ildə müəllifin sağlığında nəşr olunmuşdur. Monoqrafiyanın birinci nəşrindən 20 il sonra onun təkmilləşdirilmiş ikinci nəşrinin işıq üzü görməsi özlüyündə bu əsərin aktual bir mövzuda yazılmasına və elmi əhəmiyyətini saxlamasına dəlalət edir. Xatırladaq ki, “Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyasının ikinci nəşri ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdir.

Monoqrafiyanın ilk nəşrindən fərqli olaraq bu dəfə onun əvvəlində Əhmədəli Əliyevin övladları professor İsmayıl Əliyev və akademik Fikrət Əliyevin “Ön söz əvəzi” yazısı və kitabın redaktoru professor Abbas Abbasovun “İkinci nəşrin redaktorundan” adlanan qeydləri (Azərbaycan və ingilis dillərində) verilmişdir. Kitabın sonunda ilk nəşrdə olan 2 məqalə – Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Hidayətin “Mığrı” məqaləsi (Azərbaycan və ingilis dillərində) və professor Q.Kazımovun “Nüvədi yanğısı və ya toponimlərin yeni ömrü” mövzu aktuallığına görə saxlanılıb.

“Azərbaycan dilinin Meğri şivələri” əsəri giriş, 3 fəsil (I fəsil – “Fonetika”, II fəsil – “Qrammatika”, III fəsil – “Leksika”) və “Lüğət” hissələrindən ibarətdir. Girişdə Meğri rayonunun coğrafi mövqeyi, dialektoloji material toplanmış yaşayış məntəqələri və bölgənin tarixi ilə bağlı olan bəzi məlumatlar verilir. Aydın olur ki, Meğri rayonu şərqdən Azərbaycan Respublikasının Zəngilan rayonu, qərbdən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, şimaldan Ermənistan Respublikasının Qafan rayonu ilə, cənub-şərqdən isə Araz çayı boyunca Cənubi Azərbaycanla (Qaradağla) həmsərhəddir.

Rayonun Nüvədi kəndində yerli nüvədililərdən başqa, 1939-cu ildə ləğv edilmiş Ernəzir kəndinin sakinləri də yaşamışlar. Keçmiş Ernəzir kəndinin dialekt xüsusiyyətləri Nüvədi kənd şivəsinin xüsusiyyətlərindən kəskin fərqləndiyinə görə, əsərdə həmin kənd şivəsinə aid olan faktlar kəndin köhnə Ernəzir adı ilə verilir. Şivanizor kəndinə aid olan dailektoloji materiallar isə 1936-cı ildə ləğv edilmiş Tuğut kəndindən bura köçürülmüş azərbaycanlıların şivəsinə aiddir.

Dialektoloji materialların toplandığı 7 kənd bunlardır: Aldərə, Vartanizor (Lök), Ernəzir, Lehvaz, Maralzəmi, Şivanizor. Əsərin yığcam şəkildə yazılmış giriş hissəsində Meğri bölgəsində Şah İsmayıl Xətainin adını daşıyan dağ, XVI əsrin əvvəllərində hökmranlıq etmiş türk sultanı Sultan Səlimin və XVI əsrin sonu XVII əsrin əvvəllərində şahlıq etmiş Səfəvi hökmdarı Şah Abbasın adını daşıyan karvansaralar haqqında məlumatlar yer almışdır.

Əhmədəli Əliyevin Azərbaycan dilinin dialekt bölgüsündə Meğri şivələrinin yerini də müəyyənləşdirdiyini qeyd edən professor Elbrus Əzizov bildirir ki, o, Meğri şivələrinin Azərbaycan dilinin cənub dialektləri qrupuna daxil olduğunu, lakin bu şivələrdə həm qərb (nisbətən çox), həm də şərq (qismən) şivələrinin xüsusiyyətlərinin də olduğunu göstərmişdir:

– Müəllifin tədqiq etdiyi kənd şivələrinə xas olan xüsusiyyətləri dəqiqliklə aşkara çıxarması və elmi bir şəkildə şərh etməsi bu əsərin əsas məziyyəti sayıla bilər. “Fonetika” adlanan birinci fəsildə Meğri şivələrində saitlərin və samitlərin işlənməsində, habelə saitlər ahənginin təzahüründə özünü göstərən xüsusiyyətlər hərtərəfli təhlil edilir. Ə.Əliyev saitlərin variantlarından bəhs edərkən Nüvədi kənd şivəsində Azərbaycan ədəbi dilində işlənən a saitinə təsadüf edilmədiyini qeyd edir və bir sıra misallar göstərir. Müəllifə görə, Nüvədi kənd şivəsində a saiti, məsələn, qara sözünün tələffüzündə a saiti ilə ə saitinin qarışığı keyfiyyətində, balıx sözünün tələffüzündə isə a saiti ilə o saitinin qovuşuğu keyfiyyətində müşahidə edilir. Əlbəttə, bunlar doğrudur və dialekt fonetikası üzərində dəqiq müşahidələrin nəticəsi kimi qəbul edilməlidir (s.30-33). a saitinin Nüvədi kənd şivəsində işlənən variantları ilə bağlı bir fikir də diqqəti cəlb edir. Belə ki, müəllifin ehtimalına görə, a saitinin göstərilən variantları Cənubi Azərbaycanın Qaradağ şivələrində də mövcuddur.

Meğri şivələrinin xarakterik fonetik xüsusiyyətlərindən biri də burun saitlərinin işlənməsidir. Əsərdə Meğri şivələrində yeddi saitin (a, ı, ə, e, o, i, ü) burunda tələffüz edilən variantlarının olduğu, bunların həm söz köklərində, həm də şəkilçilərdə işləndiyi fonetik şərait konkret misallar əsasında izah olunur; məsələn, Meğri rayonunun əksər kənd şivələrində sarıyanız sözündəki ikinci a saiti burunda tələffüz edilir:sarıyaız (Burun saitlərinin Azərbaycan dilinin Şəki, Zaqatala, Qax, Ağdaş, Naxçıvan, Ordubad, Zəngilan, Cəbrayıl və Qubadlı şivələrində işləndiyi məlumdur).

Məqalə müəllifi daha sonra nəzərə çatdırır ki, Azərbaycan ədəbi dili ilə müqayisədə saitlərin əvəzlənməsi (dəyişməsi) hadisəsinin yayılmasında rayonun müxtəlif kənd şivələrində həm eyniyyət, həm də fərqli xüsusiyyətlər var:

– Monoqrafiyada təqdim edilən faktik materiallar göstərir ki, saitlərin dəyişməsi hadisəsində həm geniş yayılmış, həm də məhdud şəkildə işlənən xüsusiyyətlər müşahidə edilir. Tarixi fonetika və ayrı-ayrı kənd şivələrinin xarakterik xüsusiyyətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu nəzərə alaraq biz bu hadisələrdən bəzilərini diqqətə çatdırmağı lazım bilirik: a saitinin ə saitinə keçidi: qərə, qərdəş (əksər şivələr), əlçə, qəçi (Nüvədi k.), qəyə, qəynənə (Şivanizor k.), ərəbə (Lehvaz k.); a saitinin e saitinə keçidi: qeyiş, qeynənə (Ernəzir, Şivanizor, Aldərə, Vartanizor, Maralzəmi); o saitinin a saitinə uyğunluğu: qavın, qavırma, çavqın, av Ernəzir k.); a saitinin o saitinə keçidi: lovaş (Şivanizor, Aldərə, Ernəzir), tomaşa, popax (Şivanizor k.); e saitinin ə saitinə keçidi: əv (əksər şivələr), dəyil (bütün şivələr), gəşniş (Nüvədi, Aldərə) və s.

Əhmədəli müəllimin canlı şivələr üzərindəki müşahidələrinə görə Meğri rayonunun Ernəzir, Aldərə, Lehvaz, Vartanizor və Maralzəmi kənd şivələrində ahəng qanununun (saitlər ahənginin) qismən pozulma hallarına təsadüf olunsa da, bu şivələrdə həm damaq, həm də dodaq ahəngi əsasən möhkəmdir. Ahəng qanununun pozulma hallarına ən çox Nüvədi kənd şivəsində rast gəlinir. Bu şivədə həm arxasıra saitlərindən sonra önsıra saitlərinin gəlməsi, həm də önsıra saitlərindən sonra arxasıra saitlərinin gəlməsi halları daha çox müşahidə edilir (qırxımci, getdıx, getmişıx).

Meğri şivələrində samitlərin işlənməsində də dialekt fonetikasına xas olan səciyyəvi xüsusiyyətlər çoxdur. Bunlardan bəziləri Azərbaycan dilinin cənub şivələrində və qismən qonşu türk dilində müşahidə edilən xüsusiyyətlərdir; məs.: söz əvvəlində k səsinin g səsinə keçidi: geçi, geşmiş (bütün şivələr), gəşniş “keşniş” (Ernəzir, Aldərə, Maralzəmi, Nüvədi), göyül “könül” (Ernəzir, Şivanizor); söz əvvəlində x səsinin h səsinə keçidi: halx “xalq”, hala “xala” (Aldərə); söz ortasında y səsinin v səsinə keçidi: gövərçin, gövərti, çəvirkgə (Aldərə k.), şivit “şüyüd” (Nüvədi k.) (Müqayisə et: türk dilində: geçmiş, gönül, güvercin, halk, hala “bibi”).

Əsərdə Meğri şivələrinin morfoloji xüsusiyyətlərinin şərhinin də geniş yer tutduğunu söyləyən dilçi alim tədqiq edilən şivələrin morfoloji xüsusiyyətləri haqqında müəyyən təsəvvür yaratmaq məqsədilə müxtəlif kənd şivələrini səciyyələndirənfərqlərdən bəzilərini diqqətə çatdırır:

– İsimlərin cəm şəkilçisinin -la, -lə şəklində işlənməsinə təsadüf edilməsi: adamla, cəvizlə (Lehvaz k.), kişilə (Ernəzir k.); sifətin azaltma dərəcəsində -cavaz şəkilçisinin işlənməsi: ağcavaz (çit); əl sözünün “beş” mənasında işlənməsi: (bir əl “beş”, iki əl “on”, üç əl “on beş” və s.); qayıdış əvəzliyinin bilə “öz” sözünə mənsubiyyət şəkilçisinin artırılması ilə düzələn formasının da olması (yönlük və yerlik hallarında): biləmə “özümə”, biləndə “özündə” (Aldərə, Ernəzir, Şivanizor); bəzi kənd şivələrində feilin əmr şəklinin II şəxs təkində saitlə bitən feillərə çox vaxt -yna, -yinan (-ynə, -yinən) şəkilçisinin artırılması: -Deyna Baxşalı əmin deyir belədən gə (Ernəzir k.). Bu şəkilçinin Cənubi Azərbaycan şivələrində də olduğunu M.Şəhriyarın “Heydərbabaya salam” əsəri də göstərir (Deynə mənim şair oğlum Şəhriyar).

Feilin indiki zamanında müxtəlif kənd şivələrində -er, -ey şəkilçilərindən və onların fonetik variantlarından istifadə edilməsi: başler, küser (Aldərə, Vartanizor, Maralzəmi); tuxiyey, əkey (Nüvədi k.).

“Azərbaycan dilinin Meğri şivələri” əsərində maraqla oxunan fəsillərdən biri “Leksika” adlanan üçüncü fəsildir. Burada dialekt leksikasının qədim təbəqəsinə aid olan sözlər, müxtəlif tematik qruplara aid olan leksik vahidlər, habelə omonimlər və sinonimlər araşdırılır. Tədqiqata cəlb edilən leksik materialın zənginliyi ilə fərqlənən bu əsərdə dialekt leksikasının tarixi inkişafı baxımından maraq doğuran, müəyyən anlayışları təfərrüatla izah edən sözlər və ya söz birləşmələri şəklində olan adlar mövcuddur: urux “nəsil”, nənə “ana”, quca “nənə”, ənkə “valideyn, ata-ana”, qırticə “nəvənin nəvəsi” ulı mirzə “tayfa üzvlərinin ən qədimdə yaşamış nənə və babası”, türk “sadə qəlbli, təmiz (adam)”, yey “yaxşı”, ayın-şayın “arxayın”, çaqqı “ucu əyri bıcaq”, çəpərə “ətin qabırğa hissəsi”, yəxni “qovurma”, möv, mev “tənək”, gəvərəx “kiçik qovun”, gülbəsər “xiyar”, gülburnu “kiçik xiyar”, umur “ixtiyar”, sökəl “xəstə”, yanşax “danışqan, çox danışan”, danna “sabah”, yazın baharı “yazın ilk ayı”, qərə yaz “yazın ilk 20 günü”, yazam “yaz yunu” və s.

Məqalənin sonunda professor Elbrus Əzizov xatırladır ki, monoqrafiyanın bütün hissələri 1967-ci ildə tamamlanmışdı, yalnız üçüncü fəslin “Meğridə Azərbaycan toponimlərinin ermənilər tərəfindən özününküləşdirilməsi” adlanan dördüncü yarımfəsil əsərə sonradan əlavə edilmişdir:

– Burada qədimdən Meğri bölgəsində yaşamış azərbaycanlıların izlərini itirmək məqsədilə mərkəzin dəstəyi ilə bu rayonun erməni rəhbərliyinin törətdiyi əməllər (19 kəndin xaraba qalması, Azərbayacan – türk mənşəli yer adlarının dəyişdirilməsi, tarixi abidələrin məhv edilməsi və s.) açıq və aydın bir şəkildə göstərilmişdir.

Monoqrafiya

Meğri şivələrinin mükəmməl lüğəti və tədqiq edilən kənd şivələrinə aid dialektoloji mətnlərlə yekunlaşır. Ə.Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” monoqrafiyasının elmi əhəmiyyəti təkcə dilçiliklə məhdudlaşmır, bu əsər eyni zamanda məhəlli dialekt daşıyıcısı olan əhalinin (azərbaycanlıların) tədqiq edilən bölgənin qədim yerli sakinləri olduğunu göstərən mühüm bir tədqiqatdır.

Tahir AYDINOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Avqust 2025 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see293

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see233

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see143

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see142

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see126

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see124

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see124

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri