D 8 Media Forumu: Bakı təşkilatı yeni strateji güc blokuna çevirir, qlobal informasiya xəritəsi dəyişir TƏHLİL
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
D-8 İnkişaf edən Səkkizlər (Developing Eight) təşkilatı 1997-ci ildə yaradılmış siyasi-iqtisadi platformadır, əsas məqsədi üzv ölkələr arasında ticarət əlaqələrini genişləndirmək, iqtisadi inkişafı sürətləndirmək, texnoloji əməkdaşlığı artırmaq və qlobal gündəmdə birgə mövqe formalaşdırmaqdır. Azərbaycan, Türkiyə, Pakistan, İran, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya kimi ölkələrdən ibarət bu struktur geniş coğrafiyanı – Yaxın Şərqi, Cənubi Asiyanı, Cənub-Şərqi Asiyanı və Afrikanı əhatə edir. 4 trilyon dollara yaxın ümumi ÜDM, nəhəng istehlak bazarı, enerji və kənd təsərrüfatı resursları, həmçinin, milyonlarla gənc işçi qüvvəsi D-8-in qlobal iqtisadi sistemdə artan çəkisini göstərir. Azərbaycan 2024-cü ilin 19 dekabrında Qahirədə keçirilən XI Sammitdə təşkilatın üzvü seçilməklə bu böyük iqtisadi və siyasi mexanizmə qoşulan ən yeni ölkə olub.
Bu kontekstdə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun məhz Bakıda keçirilməsi təşkilatın yeni mərhələyə qədəm qoyduğunu və Azərbaycanın təşkilatda yerinin nə qədər mühüm olduğunu göstərir.
Üzv ölkələrdən media nümayəndələri və diplomatların iştirak etdiyi Forumun məqsədi informasiya mübadiləsini genişləndirmək, ortaq D-8 kimliyini gücləndirən uğur hekayələrini önə çıxarmaq, jurnalistlər və media rəhbərləri arasında yeni əməkdaşlıq sahələri formalaşdırmaqdır.
Forum çərçivəsində dezinformasiya ilə mübarizə, fakt-yoxlama tərəfdaşlıqları, rəqəmsal mediada ən yaxşı təcrübələrin paylaşılması, media savadlılığının artırılması və transsərhəd media əməkdaşlığının dərinləşdirilməsi kimi mövzular müzakirə olunub. Təşkilat etik jurnalistikanın, sosial həmrəyliyin və təhlükəsiz informasiya mühitinin təşviqini prioritet hesab edib.
Bakıda keçirilən Forum həm D-8 ölkələrinin media potensialının birləşdirilməsi, həm də Azərbaycanın təşkilat daxilində artan rolunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbir üzv dövlətlər arasında dialoq və informasiya həmrəyliyinin gücləndirilməsinə mühüm töhfə verir və D-8-in kommunikasiyada daha koordinasiyalı fəaliyyətinə zəmin yaradır.
D-8-in iqtisadi perspektivləri, Azərbaycanın çoxvektorlu siyasəti
D-8 formatı son illərdə yüksələn iqtisadi bloklardan biri kimi diqqət çəkir. Bu platformanın ən böyük üstünlüyü onun demoqrafik və iqtisadi miqyasının nadir dərəcədə geniş olmasıdır. Təşkilata üzv dövlətlərdə ümumilikdə 2 milyarddan çox insan yaşayır ki, bu göstərici dünya əhalisinin dörddə birinə bərabərdir. Belə nəhəng demoqrafik baza həm istehsal, həm də istehlak baxımından misilsiz imkanlar yaradır və D-8-i gələcək onilliklərdə qlobal iqtisadi sistemdə təsir gücü artan mühüm platformalardan birinə çevirir.
Blok çərçivəsində genişlənən əməkdaşlıq istiqamətləri daxili ticarətin artırılması, investisiya axınlarının genişlənməsi, sənaye parkları və innovasiya ekosistemlərinin qurulması, rəqəmsal iqtisadiyyatın və yüksək texnologiyaların inkişafı kimi sahələri əhatə edir. Üzv ölkələrin böyük, gənc və urbanizasiyası sürətlə artan əhali strukturu əmək bazarının genişlənməsi və sənaye istehsalının böyüməsi üçün ciddi potensial yaradır. Bununla yanaşı, D-8 ölkələrinin zəngin enerji ehtiyatları – neft, qaz, su resursları və alternativ enerji imkanları formatın strateji çəkisini daha da artırır.
Belə dinamik və yüksələn iqtisadi blokla əməkdaşlıq, Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakteri ilə tam uzlaşır. Azərbaycanın bu siyasəti çevik, balanslı və milli maraqlara söykənən strateji xətt kimi ölkəyə həm regional, həm trans-regional, həm də qlobal güc mərkəzləri ilə paralel şəkildə əməkdaşlıq etməyə imkan verir. Prezident İlham Əliyevin son aylarda həyata keçirdiyi yüksək səviyyəli səfərlər, beynəlxalq platformalardakı çıxışlar və yeni inteqrasiya formatları Azərbaycanın çoxvektorlu diplomatiyasının real nəticələrini nümayiş etdirir.
Bu siyasət sayəsində Azərbaycan bir tərəfdən Avropa ilə enerji və yaşıl keçid gündəliyini genişləndirir, digər tərəfdən Mərkəzi Asiya ilə nəqliyyat-logistika xəttini möhkəmləndirir, eyni zamanda qlobal idarəçilikdə fəal iştirak edir. Balanslı diplomatiya ölkəni müxtəlif güc mərkəzləri arasında etibarlı tərəfdaş qismində təqdim edir və Azərbaycanın geosiyasi çəkisini artırır.
Nəticə etibarilə, D-8 kimi yüksələn iqtisadi blokların potensialı ilə Azərbaycanın çoxvektorlu siyasəti arasında strateji sinerji mövcuddur. Bu sinerji həm iqtisadi, həm siyasi, həm də geosiyasi müstəvidə ölkəmizə yeni əməkdaşlıq imkanları, daha geniş təsir dairəsi və qlobal iqtisadi sistemdə güclənmiş mövqe qazandırır.
D-8 ölkələrinin media və informasiya sahəsində potensialı - Bakıda Media Mərkəzinin yaradılması
D-8 ölkələri təkcə iqtisadi deyil, həm də media və informasiya sahəsində böyük potensiala malikdir. Üzv dövlətlərin hər biri çoxşaxəli informasiya bazarına, sürətlə inkişaf edən media mühitinə, geniş auditoriyalara və qlobal kommunikasiya şəbəkələrinə malikdir. Bu potensialın bir platformada birləşdirilməsi həm informasiya təhlükəsizliyi, həm də müştərək gündəmin formalaşdırılması baxımından böyük strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə D-8 Media Mərkəzinin Bakıda yaradılması məhz bu böyük media sinergiyasını formalaşdırmağa yönəlmiş addımdır. Bu mərkəz ölkələr arasında informasiya mübadiləsini gücləndirmək, dezinformasiya ilə mübarizədə birgə mexanizmlər qurmaq, media təlimləri keçirmək və ortaq kommunikasiya siyasətləri formalaşdırmaq üçün mühüm platforma olacaq.
Bundan əlavə, Bakıda keçirilən Media Forumu D-8 çərçivəsində kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi üçün vacib siyasi mesaj verdi. Forumun təşkili göstərdi ki, Azərbaycan artıq regional media mərkəzinə çevrilməkdədir və üzv ölkələr üçün strateji koordinasiya nöqtəsi rolunu oynayır.
D-8 ölkələrinin media gücünün bir araya gətirilməsi həm də qlobal informasiya mübarizəsində yeni imkanlar açır, üzv dövlətlərin səsini beynəlxalq mediada daha güclü və koordinasiyalı şəkildə təqdim etməyə şərait yaradır.
Media Forum və müzakirə olunan məsələlərin əhəmiyyəti
D-8 Media Forumu kommunikasiya, informasiya təhlükəsizliyi və rəqəmsal transformasiya sahəsində üzv ölkələr arasında həmrəylik yaratmaq baxımından mühüm hadisə oldu. Forumda media siyasəti, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal platformaların inkişafı, yeni media texnologiyalarının tətbiqi, gənc jurnalistlərin təlimi, informasiya mübadiləsinin sürətləndirilməsi və ümumi media gündəliyinin formalaşdırılması kimi strateji mövzular müzakirə edildi.
Bu mövzular üzv ölkələrin qarşılaşdığı çağırışlar baxımından aktuallığı ilə seçilir. Qlobal miqyasda artan informasiya manipulyasiyası, sosial şəbəkələrdə sürətlə yayılan yanlış məlumatlar, beynəlxalq media hegemonluğunun yaratdığı balanssızlıq kimi problemlər D-8 ölkələrinin də diqqət mərkəzindədir. Buna görə də Forumda müzakirə olunan məsələlər təkcə media sektoru üçün deyil, ümumilikdə təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və ictimai şüur baxımından böyük əhəmiyyət daşıyır.
Forum, həmçinin, üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsi, vahid media strategiyalarının hazırlanması və informasiya sahəsində əməkdaşlıq mexanizmlərinin qurulması üçün real imkan yaratdı. Bu tədbir Azərbaycanın media diplomatiyasının yüksələn rolunu nümayiş etdirdi və Bakının kommunikasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirdi.
Azərbaycan D-8 məkanında yeni media nizamının əsas memarına çevrilir
Forumun yekununda qəbul edilən Bakı Bəyannaməsi bu möhtəşəm platformada səsləndirilən bütün təklif və təşəbbüslərin institusional çərçivəyə salınması ilə D-8 ölkələrinin media sahəsində uzunmüddətli əməkdaşlıq xəttini rəsmiləşdirdi. Bəyannamə faktiki olaraq üzv dövlətlərin media siyasətində yeni mərhələnin başlanğıcını müəyyən etdi və Azərbaycanın irəli sürdüyü strateji yanaşmaların beynəlxalq səviyyədə dəstəkləndiyini nümayiş etdirdi. Sənəddə media əməkdaşlığının gücləndirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi, xəbərlərin, təhlillərin və audiovizual kontentin ortaq şəkildə hazırlanması və yayımçılar arasında institusional əlaqələrin genişləndirilməsi üzv ölkələrin birgə öhdəlikləri kimi ayrıca vurğulandı.
Bakı Bəyannaməsində xüsusi yer tutan məsələlərdən biri informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizədir. Üzv dövlətlər ortaq fakt-yoxlama mexanizmlərinin yaradılması, verifikasiya alətlərinin vahidləşdirilməsi və təcili kommunikasiya kanallarının qurulması barədə razılığa gəldilər. Bu yanaşma Azərbaycanın post-2020 informasiya müharibəsi dövründə topladığı təcrübənin D-8 miqyasında bölüşdürülməsi və beynəlxalq standart kimi qəbul etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forum göstərdi ki, Azərbaycan bu sahədə həm təcrübə, həm də texnoloji imkanlar baxımından regionda aparıcı mövqedədir və qlobal informasiya müharibəsi şəraitində effektiv müqavimət modelləri təqdim edə bilir.
Bəyannamə, həmçinin, media sahəsində elmi-akademik potensialın artırılması, jurnalistika məktəbləri arasında mübadilə proqramlarının təşviqi və gənc media mütəxəssislərinin hazırlanması kimi məsələləri də əhatə edir. Bu müddəalar Azərbaycanın insan kapitalının inkişafına yönəlmiş strategiyasını tam şəkildə əks etdirir və D-8 məkanında peşəkar kadr hazırlığının vahid standartla həyata keçirilməsinə imkan yaradacaq.
Xüsusi qeyd edilməli məqam odur ki, Bəyannamədə D-8 Media Mükəmməllik Mərkəzinin məhz Bakıda fəaliyyət göstərəcəyi ayrıca vurğulanıb. Bu qərar Azərbaycanın təkcə Forumun ev sahibi kimi deyil, həm də media diplomatiyasının gələcək istiqamətlərini müəyyən edən əsas güc kimi qəbul edildiyini təsdiqləyir. Mərkəzin yaradılması Bakını D-8-in media üzrə beynəlxalq koordinasiya, təlim, tədqiqat, rəqəmsal transformasiya və innovasiya mərkəzinə çevirəcək. Bu, Azərbaycanın regional media ekosisteminin inkişafında söz sahibi olmasını təmin etməklə yanaşı, ölkəmizin qlobal kommunikasiya siyasətində strateji çəkisini daha da artıracaq.
Bakı Bəyannaməsi, həmçinin, süni intellektdən istifadə, rəqəmsal platformaların qurulması, medianın etik normalarla tənzimlənməsi və gənclər arasında media savadlılığının genişləndirilməsi kimi çağdaş dünya mediasının əsas istiqamətlərini də özündə birləşdirir. Bu, Azərbaycanın rəqəmsal gələcəyə dair baxışının D-8 məkanında nümunə kimi qəbul edildiyini göstərir.
Beləliklə, Bakı Bəyannaməsi yalnız diplomatik sənəd deyil, həm də D-8 ölkələrinin media sahəsində gələcək onilliklər üçün fəaliyyət xəritəsi kimi ortaya qoyuldu. Bu sənəd Azərbaycanın qlobal media sistemində yeni standartlar müəyyən edən, regional əməkdaşlığa yön verən və informasiya təhlükəsizliyinin təminində aparıcı rol oynayan dövlət kimi nüfuzunu daha da möhkəmləndirir. Bakı Bəyannaməsi D-8 məkanında daha inteqrasiya olunmuş, çevik və dayanıqlı media mühitinin formalaşmasına xidmət edəcək, Azərbaycan bu sistemin mərkəzində dayanaraq, qlobal kommunikasiya əməkdaşlığının gələcək konturlarını müəyyənləşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















