Icma.az
close
up
RU
Dağlarda duman görünür

Dağlarda duman görünür

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Təbiəti yaz, könlümüzü saz dilləndirir

Elimizdə nə gözəl adətlər var. Dilimizdə nə gözəl deyimlər var; “Dağ yeri – duman yeri, yurd yeri – çəmən yeri” kimi. Çoxdandır həsrətilə yaşadığım o dumanlı dağların yaxasının yaz havası indi könlümün saz havasına qarışır. Dağların yaz havasına könlümdə söz göyərdirəm. Saçlarım şehlə, gözlərim mehlə görüşür. Şehli, mehli duyğuyla açılan bir gülə yaz deyirəm. Dağ yamaclarını qızardan dağ lalələri könlümdə köz-köz ocaq çatanda hər sözə xoş avaz deyirəm.

Dur, ay könlüm, qışdan salamat çıxdıq. Yaz soraqlı mart gəlib çatdı. Yaz qapımızın ağzındadır. Sən ki ilk baharın – bir təzə nərgizin, bir tər bənövşənin könüldaşısan.

Ay gözü xumarım, yazın sərin çağında, qönçələr gül budağında, narın-narın yağış yağır. Bu günlü yağışda üzümüzə Gün doğub, ay mənim ürəyimi duyanım. Mən niyə pünhan yerdə dayanım?!

Tanrının mürvəti, mehri nə böyükmüş! Bu gözəl səltənəti necə gözəl yaradıb. Görürsənmi, nərgizlər çöllər boyu açıb. Hələ bayatı boylu bənövşələri demirəm. Kol dibində onu görəndə ağrı- acılarımı unuduram. Əyilib bənövşə ətrini uduram. Öpüb gözlərim üstə qoyuram. Nə gözəlliyindən, nə də ətrindən doyuram.

Badam da yazın müjdəçisi kimi nazlana-nazlana çiçəkləyir göz qabağında. Çiçəklərin könlümlə can ülfətinə bir bax! Hər çiçəkdə min duyğunun rəngi var. İlk baharda qar yağanda çiçəklər ağ libaslı ana torpağın köksündə naxış-naxış görünür. Çöllərdə qar örtür ayaqların izini. Ulduz tək yağan qar mehlə sığallayır çiçəklərin gözünü. Çiçəklərin canında təlaş var, gözündə yaş var:

Qar yağır, düşür gecə,
Gülləri tutur yuxu...
Çiçəklər üşümür məncə,
Çünki bahardır, axı...

Yağışlı – çiskinli, güllü-çiçəkli yaz günlərində kənd uşaqlarının dövranı fərəhlə keçir. Haylı-küylü uşaqlıq illərimiz yada düşəndə ürəyim dara çəkilir. Nə gözəldi yaz axşamı, yanır göylərin ağ şamı. Ay nurunda qismətimiz yazılı, könlümüz bahar arzulu.

Titrəyən çiçəkləri dəstələyə-dəstələyə, ömrün yazına, baharına arıca-duruca nəğmələr bəstələyə-bəstələyə yeddidən yetmişə gəlib çatdıq. Ömür çiçəklər, nəğmələr içində fərəhlə keçər. Ötən ömrün xatirələri soraqlanar. Hər xatirə ömür kitabı kimi varaqlanar.

...İllər keçdi, qərinələr adladı. Yaz ətirli bir xatirə də yaddaşımda kök atdı. Həmin yaz günü illərlə yolunu gözlədiyimiz qardaşım əsgərlikdən gələndə kəndə şad xəbər yayıldı. Hamı gözaydınlığına gəldi. Nənəm qardaşımın üzündən, gözündən öpüb bağrına basdı. Qardaşımın ulduzlu papağını, yaxası nişanlı əsgər paltarını qoxladı. Oğlunun ətrini qardaşımdan aldıqca sevinci dağlar aşdı.

Həyətimizdə təzəcə çiçəkləmiş armud ağacının altında süfrə açılmışdı. Atam ağacdan asılmış quzunu soyurdu. Anam samovar qaynadıb cökə çiçəyindən çay dəmləyirdi. Aşıq Şəmistanın durnaboğazlı sazının pərdələrindən dalğa-dalğa süzülüb gələn “Aran gözəlləməsi”nin səsi samovarın xoş zümzüməsinə qarışmışdı. Həyətimiz çal-çağırlıydı, aynabənd eyvanımız çıraqbanıydı. Qardaşımın dövrəsində tay – tuşlarının iştirakı ilə görünməmiş bir büsat qurulmuşdu. Onda mən bir qoşa göyərçin qanadlarıtək qol-qanad açmışdım. Qardaşımın boy-buxununa baxıb öyünürdüm. Kaş, mən də Vətənin bir əsgəri olaydım, - deyə öz-özümə deyirdim.

Oğlu hərbdən qayıtmayan dərdli nənəm üçün o yaz gününəcən sevinc də, səadət də bir xəyal idi. Qardaşım əsgərlikdən gəldiyinə görə, nənəmin sevincinə sevinc çatmırdı. Çəpərimizin ot basmış yerlərində könüldən aralı, gözdən uzaq mor bənövşələrdən, qaymaq çiçəklərdən dəstə bağlayıb yaxasını süsən sünbül kimi bəzəmişdi. Elə bil ki, çəməndə ilahi bir çiçək açmışdı. Sazın səsindən qoca qəlbi cuşa gəlmişdi. Nənəm saçlarının bəyaz çağında öz havasına, saz havasına təzə gəlin kimi oynayırdı.

İllərdən bəri, gecəli-gündüzlü oğul yolu gözləyən, gecələr bircə çimir yuxu yatmayan nənəm o yaz gecəsində elə şirin yuxuya getdi ki... Nənəmin yuxusu çiçək yuxusu, yarpaq yuxusu, torpaq yuxusu idi.

Beləcə, bir yaz günü sevinc sevincə qarışdı. Könüllər xoşlandı. Sanki nənəm də öz həsrətinə qovuşdu.

...Aşıq, sözümün arasında sazın dursun. Elə bilmə ki, söz sona çatdı. Bəxt məni gətirib bu dağlara yetirib. Saz eşqinə, yaz eşqinə duyğularım yenicə qönçədən çıxıb. Sən “İncəgülü” üstündə sazı dilləndir, mən də ürəyimi misralara bölüm:

Gözəldağım, mən başına dönmüşəm
Bəlli-bəlli oylaqların eşqinə.
Yalçın-yalçın qayalardan enmişəm
Cığa telli irmaqların eşqinə.

Laləli düz, a köksündə qan duran,
Gəlmişəm ki, ayrılıqdan gen duram.
Meh əsdikcə yamacları yandıran
Al-qırmızı çıraqların eşqinə...

Qoy, eşitsin yer üzünün şahları,
Bir çiçəkdi dünyanın uşaqları,
Tutar sizi anaların ahları,
Qan tökməyin bayraqların eşqinə.

...Hə, bənövşə ətirli bu yaz günündə ruhunuza bahar ovqatı gətirməyə çalışdım. Ruhunuz həmişə yaz sovqatlı, bahar ovqatlı olsun. Bahar ovqatı bir könüldən min könülə ərməğan edilən sevgi sovqatdır.

Həzi HƏSƏNLİ,
şair-publisist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri