Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sisteminin dərin transformasiya mərhələsində olduğunu bir daha nümayiş etdirir. Söhbət təkcə regional proseslərdən deyil, qlobal miqyasda formalaşan yeni siyasi reallıqlardan gedir. Müsahibədə səsləndirilən fikirlər beynəlxalq hüququn tətbiq mexanizmlərinin zəifləməsi, güc faktorunun ön plana çıxması və bu şəraitdə dövlətlərin öz milli strategiyalarını yenidən nəzərdən keçirməsi zərurətini ortaya qoyub.
Beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq davranış çərçivəsi kimi qəbul edilmir. Məhz bu reallıq fonunda strateji məqsəd milli maraqlar əsasında konkret nəticələr əldə etmək olub. Bununla yanaşı, dövlətimizin başçısı bütün addımların beynəlxalq hüquqa tam riayət edilməklə atıldığını qeyd edib. Siyasi xəttin mahiyyəti aydındır, düzgün hesab edilən qərarlar beynəlxalq norma və ümumi dəyərlərlə uzlaşdırılaraq həyata keçirilib. Bu yanaşma suverenliyin və ərazi bütövlüyünün bərpasında əsas legitim baza rolunu oynayıb.
Azərbaycan Prezidenti sözügedən müsahibəsində beynəlxalq münasibətlərin yeni eraya qədəm qoyduğunu ifadə edib. Bu erada prosesləri artıq qanunun aliliyi deyil, “güc qaydası” formalaşdırır. Dünyanın müxtəlif regionlarında müşahidə olunan münaqişələr və qeyri-sabitliklər bu tendensiyanın real təzahürüdür. Belə bir şəraitdə hər bir dövlətin öz strategiya və siyasətini potensialına uyğun qurması həyati əhəmiyyət daşıyır. Xüsusilə regional əməkdaşlığın möhkəmləndirilməsi və paralel olaraq qlobal müstəvidə mümkün qədər geniş tərəfdaşlıq şəbəkəsinin yaradılması vacib şərt kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi isə müsahibədə mənəvi-siyasi kontekstdə qiymətləndirilib. Bu mükafat 30 ildən artıq davam edən qanlı münaqişələrdən sonra Qafqazda sülhün bərqərar olunması istiqamətində göstərilən səylərə verilən beynəlxalq dəyər kimi qəbul edilir. Region yeni inkişaf mərhələsinə daxil olur və artıq bir neçə aydır sülh şəraitində yaşayırıq. Bu hal müstəqillik tarixində ilk dəfə yaşanan, həm psixoloji, həm də strateji baxımdan böyük imkanlar açan bir mərhələ kimi səciyyələndirilir.
Diqqət çəkən məqamlardan biri də Azərbaycan–Ermənistan münasibətlərində baş verən keyfiyyət dəyişikliyi olub. Dövlətimizin başçısı uzun illər qarşıdurma və etimadsızlıq üzərində qurulan münasibətlərin tədricən əməkdaşlıq müstəvisinə keçdiyini bildirib. Ermənistan istiqamətində yüklərin daşınmasına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması, eləcə də bu ölkənin ciddi şəkildə asılı olduğu əsas malların, xüsusilə neft məhsullarının təchizatına başlanması regional iqtisadi inteqrasiyanın real nümunəsi kimi təqdim edilib. Bu prosesdən bütün tərəflər faydalanır və məqsəd Qafqazda müvəqqəti deyil, əbədi sülhə nail olmaqdır.
Prezident İlham Əliyev daxili təhlükəsizlik məsələlərinə toxunarkən bildirilib ki, ölkə daxilində potensial risklər mövcud deyil. Mövcud risklər əsasən xarici faktorlarla bağlıdır. Bu səbəbdən qonşuluqda sabitliyin qorunması strateji prioritet olaraq qalır. Çünki regionda sabitlik, proqnozlaşdırıla bilən mühit və sülh istənilən dövlət üçün ən böyük sərvətdir. İşğal və müharibə təcrübəsi yaşamış bir cəmiyyət üçün sülhün dəyəri xüsusi vurğulanır.
Enerji bazarları ilə bağlı qiymətləndirmələr də müsahibənin mühüm hissəsini təşkil edir. Neftin qiyməti hazırda sabitdir və bu səviyyə hasilatçılar üçün məqbul hesab olunur. Dünyanın müxtəlif regionlarında baş verən gərginliklərin qiymətlərə ciddi təsir göstərməməsi bazarların nisbətən balanslı vəziyyətdə olduğunu nümayiş etdirir. Bu isə həm istehsalçılar, həm də istehlakçılar üçün gələcəyi planlaşdırmaq baxımından mühüm üstünlükdür.
Enerji təhlükəsizliyi kontekstində Azərbaycanın Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə dövlət olması xüsusilə əhəmiyyətlidir. Regionun digər dövlətləri uzun illərdir ki, bu resursları məhz ölkəmizdən idxal edir. Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının davamlı şəkildə genişləndirilməsi, 16 ölkəyə təbii qaz ixracı və boru kəməri qazı üzrə coğrafi əhatəyə görə dünya miqyasında lider mövqeyin əldə edilməsi strateji əhəmiyyət kəsb edir. Təbii resurslar, inkişaf etmiş nəqliyyat infrastrukturu və müasir boru kəmərləri Avropa bazarı üçün etibarlı tərəfdaş rolunu möhkəmləndirir.
Dövlətimizin başçısı Avropa Parlamentinin davamlı tənqidlərinə münasibət məsələsində isə açıq mövqe sərgiləyib. Artıq bu qurumun qərəzli mövqeyinə reaksiya verilməməsi şüurlu seçimdir. Həmin yanaşma Azərbaycanın müstəqil siyasətini qəbul edə bilməyən lobbi qruplarının fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir. Avropa Komissiyası ilə əməkdaşlıq isə davam etdirilir və kifayət hesab olunur. Xüsusilə sülh prosesinin real iştirakçısı olan Ermənistanın mövqeyi fonunda Avropa Parlamentinin ittihamlarının ziddiyyətli və əsassız olduğu diqqətə çatdırılıb. Ümumilikdə, Davosdan verilən bu müsahibə qlobal güc balansının dəyişdiyi bir dövrdə milli maraqlara əsaslanan praqmatik, balanslı və hüquqa söykənən siyasətin necə nəticə verdiyini nümayiş etdirən konseptual baxış kimi mühüm önəm kəsb edir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















