Icma.az
close
up
RU
Azərbaycanın tərəqqisi Davos ekranında

Azərbaycanın tərəqqisi Davos ekranında

Ölkəmiz 30 ildir ki, bu nüfuzlu iqtisadi forumda fəal iştirak edir

Dünya İqtisadi Forumu (DİF) ölkəmizin siyasi, sosial-iqtisadi sahələrində baş verən ən mühüm dəyişikləri beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əhəmiyyətli bir platformadır. Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən bu nüfuzlu forumda respublikamızın iştirakı dünyada cərəyan edən iqtisadi meyillər haqqında dolğun məlumatlar almağa, eyni zamanda, ölkəmizin iqtisadi potensialı, xarici investisiyaların cəlb olunması imkanlarının təqdimatına, dünyaya lazımlı mesajların verilməsinə əlverişli şərait yaradır.

DİF isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə yaradılıb. K. Şvab 1971-ci ildə İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. Ötən əsrin 70-ci illərinin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb. 1987-ci ildən etibarən isə forum Dünya İqtisadi Forumu adlandırılıb.  

DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları və biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etmək olub. 1979-cu ildən isə bu nüfuzlu forumun  mütəxəssisləri tərəfindən “Dövlətlərin qlobal rəqabətə davamlılığı” adlı məruzələr hazırlanıb. Bu məruzələrdə dünyanın 100-dən çox dövləti iki əsas göstərici əsasında — potensial inkişaf və rəqabətə davamlılıq indeksi üzrə qiymətləndirilib.

İqtisadi xarakter daşımasına baxmayaraq, DİF dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir, beynəlxalq aləmdə dünyanın iqtisadi mənzərəsi haqqında aydın təsəvvür yaradır. Toplantıda irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. 

Qlobal iqtisadi böhranın milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Ölkəmizin DİF-də iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Ümummilli lider respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Dahi şəxsiyyət Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və respublikamızın bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında yararlanmaq prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bildirib.

Ulu öndər DİF-də növbəti dəfə 2000-ci il martın 27-30-da iştirak edib. Dahi şəxsiyyət forum çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin iqtisadi siyasətini diqqətə çatdırmaqla yanaşı, Qarabağ münaqişəsi ilə bağlı məsələləri də müzakirələrə çıxarıb. 

Prezident İlham Əliyev də ötən illər ərzində DİF-də fəal iştirak edib. Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Ölkə rəhbəri DİF-in qlobal pandemiyadan əvvəl 2020-ci ilin yanvarında, həmçinin pandemiyadan sonra 2023-cü ilin yanvarında reallaşan toplantılarında da fəal iştirak edib.

Dövlətimizin ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr, eləcə də yeni reallıqlar fonunda keçən ilki forum ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər əldə etmək üçün zəmin yaradıb, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər ətrafında geniş söhbət– müzakirələr aparılıb. 

Yeri gəlmişkən, COP29-un keçən il Azərbaycanda keçirilməsi ilə bağlı qərarına DİF-in ötən ilki panel müzakirələrində, eyni zamanda, ikitərəfli görüşlərdə müsbət yanaşıldı. Bu, bir tərəfdən beynəlxalq aləmi düşündürən, narahat edən məsələyə həssaslıqla yanaşılması, digər tərəfdən isə belə bir önəmli layihənin dünyada sülhpərvər mövqeyi ilə böyük nüfuz qazanan Azərbaycanda gerçəkləşdirilməsi irəli bağlı idi.   

Qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar 2023 -cü il dekabrın 11-də Dubayda reallaşan adıçəkilən iqlim konfransının plenar iclasında qəbul olunub. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisi idi. 

Xatırladaq ki, bərpaolunan enerji mənbələrinin elektrik enerjisi istehsalında xüsusi çəkisinin 2026-cı ilədək 24 faizə, 2030-cu ilə kimi isə 30 faizə çatdırılması Azərbaycan Respublikasının 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasında nəzərdə tutulub.

Energetika Nazirliyinin məlumatına əsasən, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

Bu məqamda onu bildirək ki, Azərbaycan dövlətinin tarazlı xarici siyasəti, əhəmiyyətli coğrafi mövqeyimiz ölkəmizdə siyasi sabitlik və davamlı iqtisadi inkişafa şərait yaradır. Lakin bununla belə təəssüf ki, həm də bir sıra region ölkələrinin, eləcə də, dünya siyasətinə təsir edən böyük dövlətlərin, beynəlxalq təşkilatların həyata keçirdikləri qeyri-adekvat siyasətləri, yanlış qərarları dünyada sülhün və təhlükəsizliyin təminatına, dayanıqlı inkişafa mane olmaqla yanaşı, mövcud münaqişələrin, iqtisadi və siyasi böhranların uzanmasına və dərinləşməsinə, yenilərinin də yaranmasına gətirib çıxarır. Ona görə də DİF ölkələr və beynəlxalq təşkilatlar arasında səmərəli dialoqun reallaşması üçün son dərəcə böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Dünya İqtisadi Forumu cari il yanvarın 20-dən İsveçrənin Davos-Klosters şəhərində öz işinə başlayıb və 24-dək davam edəcək. Forum qlobal çağırışları gerçəkləşdirmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3 minə yaxın lideri bir yerə toplayıb.  

Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq. 220-dən çox sessiya canlı yayımlanacaq və ictimaiyyətə müzakirələrə giriş imkanı verəcək.

Günay QULİYEVA,
 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri 

Dünya İqtisadi Forumunun (DİF) 2025-ci il toplantısı İsveçrənin Davos şəhərində öz işinə başlayıb. Sayca 55-ci olan forum bu il “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilməklə hökumət, biznes və vətəndaş cəmiyyətinin ən yüksək səviyyəli liderlərini, eləcə də tanınmış alimləri və ictimai siyasi xadimləri bir araya gətirir. Builki toplantı etibarlı qlobal dialoq və əməkdaşlıq platforması kimi müxtəlif maraqlı tərəfləri birləşdirməklə mürəkkəb dövrdə əlaqələri gücləndirmək, gələcəyə yönəlmiş baxışlar və həllər təqdim etmək məqsədini daşıyır. Eyni zamanda, forum çərçivəsində “Mürəkkəblikdə liderlik” adlı xüsusi istiqamət müzakirəyə çıxarılacaq. 

“Ağıllı əsr üçün əməkdaşlıq” başlığı altında keçirilən builki Davos Forumu qlobal problemlərin həlli istiqamətində beş əsas mövzunu əhatə edir: 

– “İnkişafın yenidən təsəvvürü” – qlobal iqtisadi artımın yeni mənbələrinin müəyyənləşdirilməsi və daha dayanıqlı iqtisadiyyatların qurulması;     

– “Ağıllı dövrdə sənayelər” – sənaye liderlərinin texnoloji dəyişikliklər və yeni sənaye dinamikaları ilə uzunmüddətli prioritetlərini tarazlaşdırmalarına kömək edilməsi;

–  “İnsanlara investisiya” – insan kapitalının inkişafını və ona investisiyanı təşviq edərək dayanıqlı cəmiyyətlərin qurulmasına dəstək verilməsi; 

– “Planeti qorumaq” – iqlim və təbiət problemlərinin həlli üçün innovativ tərəfdaşlıqların qurulmasını, maliyyələşdirmənin artırılmasını və qabaqcıl texnologiyaların tətbiqinin əhatə edilməsi;   

– “Etimadın yenidən qurulması” – beynəlxalq arenada və cəmiyyət daxilində etimadın bərpası üçün yeni əməkdaşlıq yollarının araşdırılması.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Dünya İqtisadi Forumunun mühüm tərəfdaşlarından birinə çevrilib. 2020-ci il yanvarın 21-də Davosda imzalanan niyyət protokolu  əsasında ölkəmiz Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinə qoşulub və qlobal innovasiya proseslərində fəal rol oynamağa başlayıb. Bu təşəbbüs çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində 2022-ci ildə fəaliyyətə başlayan Dördüncü Sənaye İnqilabı Mərkəzi (4SİM) həm qlobal miqyasda, həm də yerli iqtisadi transformasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev hazırda Davosdadır və artıq Forumun bir neçə mühüm müzakirəsində iştirak edib. Bununla yanaşı, yanvarın 23-də  keçiriləcək “Caspian Crossroads and Currents” adlı paneldə də dövlət başçısının iştirakı nəzərdə tutulur. Bu panel çərçivəsində regionun strateji əhəmiyyətini artıran əsas iqtisadi və siyasi məsələlər gündəliyə gətiriləcək. Prezident İlham Əliyevin indiyədək forum çərçivəsində apardığı müzakirələr regional əməkdaşlıq, enerji təhlükəsizliyi və iqtisadi inkişaf məsələlərinə dair dərin analitik baxışların təqdim olunmasına mühüm töhfə verib və onun növbəti çıxışı da beynəlxalq ekspertlər tərəfindən böyük maraqla gözlənilir.

Dünya İqtisadi Forumunun 2025-ci il toplantısı qlobal problemlərə kollektiv həll yolları axtarışında əhəmiyyətli bir mərhələdir. Azərbaycan bu tədbirdə aktiv iştirakı ilə öz mövqeyini möhkəmləndirərək beynəlxalq əməkdaşlığa töhfəsini davam etdirir.

seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri