Dayanıqlı keçidin “yaşıl” imkanları
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Ölkəmiz enerji sektorunun karbonsuzlaşdırılmasını təşviq edir
Bakıda İqtisadiyyat Nazirliyinin, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu keçirilib. “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusuna həsr olunan məclisdə Azərbaycanın iqlim öhdəliklərinin yerinə yetirilməsi, bərpaolunan enerji potensialının genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və yaşıl iqtisadiyyata investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında bildirib ki, Azərbaycanda iqtisadi artımın davam etməsi enerji tələbatının da yüksəlməsinə səbəb olur. Onun sözlərinə görə, 2021–2025-ci illərdə qeyri-neft sənayesi 1,5 dəfə, elektrik enerjisi ixracı isə iki dəfə artıb.
Nazir müavini Azərbaycanın bu istiqamətdə regional enerji layihələrini irəli apardığını bildirib. Xəzər–Qara dəniz–Avropa və Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji dəhlizlərinin yaradılması ölkənin enerji imkanlarının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və təmiz enerjinin ixracı baxımından mühüm perspektivlər açır. Səməd Bəşirli, həmçinin dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırıldığını və Azərbaycanın DİM-lər üzrə beşinci Könüllü Milli Hesabatını 2027-ci ildə təqdim etməyi planlaşdırdığını qeyd edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko ölkənin iqlim öhdəliklərinin həyata keçirilməsində beynəlxalq tərəfdaşlığın əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, BMT Azərbaycan hökumətinə milli səviyyədə müəyyən edilmiş iqlim töhfələrinin icrasında dəstək göstərməyə hazırdır. 2026–2030-cu illəri əhatə edən əməkdaşlıq çərçivəsində dayanıqlı iqtisadi inkişafın təşviqi və iqlim dəyişmələri ilə mübarizə əsas istiqamətlərdəndir. BMT təmsilçisi Azərbaycanın müxtəlif sahələrdə beynəlxalq əməkdaşlıq imkanlarına malik olduğunu vurğulayıb. BMT ilə hökumət arasında Qarabağ və Şərqi Zəngəzurda əməkdaşlığın genişləndirilməsi, eləcə də növbəti ildə yeni DİM dialoqlarının keçirilməsi məsələləri də diqqətə çatdırılıb.
Energetika nazirinin müavini Elnur Soltanov bərpaolunan enerji sahəsində qarşıya qoyulan hədəflər barədə məlumat verib. Bildirilib ki, 2027–2028-ci illərdə bu mənbələr hesabına əlavə 2 giqavat elektrik enerjisi istehsal gücünün yaradılması nəzərdə tutulur. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin ölkənin ümumi quraşdırılmış elektrik enerjisi istehsal gücündəki payının təxminən 21,5 faizdən 34 faizə çatdırılması hədəflənir. Nazir müavininin sözlərinə görə, əlavə 2 giqavat gücün yaradılması təxminən 2 milyard dollar investisiya cəlbi potensialı deməkdir. Elnur Soltanov enerji səmərəliliyinin yüksəldilməsi istiqamətində əldə olunan nəticələrə də toxunub. Qeyd edilib ki, Azərbaycan İstilik Elektrik Stansiyasında bir kilovat-saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı 330 qramdan 220 qramdan aşağı səviyyəyə endirilib. Bu təkmilləşdirmə ildə təxminən yarım milyard kubmetrə yaxın təbii qaza qənaət etməyə imkan yaradır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Fərman Qurbanlı Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələrdən danışıb. Bildirilib ki, 2060-cı ilədək neft-qaz sektorunda istixana qazı emissiyalarının azaldılması üçün beş əsas istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətlərə əməliyyatlarda enerji səmərəliliyinin artırılması, avadanlıqların elektrikləşdirilməsi, metan emissiyalarının və məşəldə yandırılmanın azaldılması, avadanlıq və boru kəmərlərində sızmaların vaxtında aşkarlanması, eləcə də emissiyaların kompensasiyası tədbirləri daxildir. Meşələrin bərpası və bərpaolunan enerji layihələrinə investisiyalar da aşağıkarbonlu inkişaf hədəflərinə töhfə verən vasitələr kimi qiymətləndirilir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə nəqliyyat sektorunda ekoloji transformasiyanın vacibliyini vurğulayıb. Onun açıqlamasına görə, Bakıda istismar tələblərinə cavab verməyən dizel avtobuslarının yenilənməsi nəzərdə tutulur. İlin sonunadək belə avtobusların sayının təxminən 500-ə endirilməsi, 2027-ci ildə isə onların hamısının yeniləri ilə əvəzlənməsi gözlənilir. Bu addımlar ictimai nəqliyyatın modernləşdirilməsi və şəhər mühitinə mənfi təsirlərin azaldılması baxımından əhəmiyyət daşıyır.
Asiya İnkişaf Bankının Azərbaycanın ölkə üzrə direktoru Sunniya Durrani-Camal neft-qaz sektorunda metan emissiyalarının azaldılmasına yönələn tədbirlərin vacibliyini qeyd edib. Onun sözlərinə görə, SOCAR və törəmə müəssisələri “Qərbi Abşeron” yatağında metan emissiyalarını azaltmaq üçün investisiyaların müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində iş aparır. Bu sahədə səmərəli tədbirlərin seçilməsi həm ekoloji nəticələrin yaxşılaşdırılması, həm də iqlim öhdəliklərinin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir.
“Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov isə elektrik şəbəkəsinin inkişafının bərpaolunan enerji layihələrinə investisiyaların cəlb edilməsində rolundan danışıb. O bildirib ki, Şəbəkə Məcəlləsinin qəbul edilməsi bazar iştirakçıları üçün şəffaf və aydın qaydaların formalaşmasına kömək edəcək. Elektrik şəbəkəsinin statik və dinamik modellərinin hazırlanması da mövcud problemlərin müəyyənləşdirilməsi, yeni istehsal güclərinin sistemə qoşulması və şəbəkənin gələcək tələbatlara uyğunlaşdırılması baxımından əhəmiyyətlidir.
Beləliklə, 9-cu DİM Dialoqunda aparılan müzakirələr Azərbaycanın yaşıl enerji keçidinin bir neçə istiqaməti əhatə etdiyini göstərib. Bərpaolunan enerji istehsalının artırılması, elektrik şəbəkəsinin modernləşdirilməsi, neft-qaz sektorunda emissiyaların azaldılması, ictimai nəqliyyatın yenilənməsi və beynəlxalq maliyyə imkanlarından istifadə vahid inkişaf gündəliyinin tərkib hissələridir.
Tədbirdə səsləndirilən fikirlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatması ekoloji öhdəliklərlə yanaşı, yeni investisiyaların cəlb edilməsindən, texnoloji yeniliklərin tətbiqindən və mövcud infrastrukturun səmərəliliyinin artırılmasından da asılı olacaq. Yaşıl enerji keçidinin ardıcıl həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və regional enerji bazarlarında mövqeyinin möhkəmlənməsinə şərait yarada bilər.
N.ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Oktyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















