Dəhşətli qəza törədən məmurun cəzası azaldıldı
Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şirvan Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən M.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və cəzası 5 il 3 aya endirilib.
Qeyd: Hadisə 30 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, M.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə manevr edərək Musavir adlı şəxsin sürdüyü “VAZ-2107”yə çırpılıb. Nəticədə digər avtomobildə olan 1987-ci il təvəllüdlü Xalıq Ağayev ölüb, həyat yoldaşı və övladları isə xəsarət alıb.
Hadisədən sonra məmur qəzanın baş verdiyi yerdən qaçıb.
O, məhkəmədə dövlət qulluqçusu olduğunu, hadisədə günahının olmadığını deyərək bəraət istəyib.
X.Ağayevin həyat yoldaşı isə ağır qəzaya səbəb olan M.Əliyevi bağışlamadıqlarını deyib.
Xatırlatma: Hadisədən sonra M.Əliyev nazirliyin regional idarəsində tutduğu vəzifədən azad edilib.
Kamal Məmmədov


