Demoqrafik problem üçün yeni zəmin Rahatlığa, elit status a qurban verilən gələcək
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Son illərdə Azərbaycanda doğulan uşaqların sayında kəskin azalma müşahidə olunur. 2015-ci ildə 164 600 doğuş qeydə alındığı halda, 2023-cü ildə bu rəqəm 111 800-ə düşüb. 2025-ci ilin yanvar-noyabr ayları ərzində isə ölkədə 88 135 körpə doğulub.
Görəsən, doğulan uşaqların sayının azalması sosial-iqtisadi çətinliklərdən qaynaqlanır, yoxsa valideynlər əlavə məsuliyyətdən qaçırlar?
Məsələ ilə bağlı Oxu.Az-a danışan sosioloq Mail Yaqub bildirib ki, ötən əsrin 60-cı illərində ölkədə hər ana orta hesabla 6.7 uşaq dünyaya gətirirdi.
O vurğulayıb ki, hazırda bu göstərici 1.6-ya düşüb:
"Hazırda hər ana orta hesabla iki uşaq belə dünyaya gətirmir. Bunun müxtəlif səbəbləri var. Birincisi, insanların həyat standartları dəyişib. Ötən əsrdə həyata baxış indikindən tam fərqli idi. O vaxt Azərbaycanda bahalı avtomobillər, yüksək həyat tərzi, geniş təhsil imkanları, demək olar ki, yox idi. İnsanlar səyahətlərə az maraq göstərirdilər. Əksəriyyət eyni tip avtomobillərdən istifadə edirdi. Uşaqlar, əsasən, pulsuz təhsil alırdılar, repetitor anlayışı geniş yayılmamışdı.
İndi isə standartlar dəyişib. Ailələr bir-iki uşaqla kifayətlənirlər ki, onların təhsilini, istirahətini və digər xərclərini ödəyə bilsinlər. Lakin burada bir sual yaranır: niyə yüksək maddi imkanı olan ailələrdə də uşaq sayı azdır? Onlarda ki maddi problem yoxdur. Bu, artıq insanların həyata baxışının dəyişməsi ilə bağlıdır. Hazırda bu məsələ daha çox sosial deyil, mədəni xarakter daşıyır. Müasir dövrdə azuşaqlı ailə yüksək mədəniyyət göstəricisi kimi qəbul olunur. Özünü elit kateqoriyaya aid edən şəxslər maksimum iki uşaqla kifayətlənirlər. Çünki valideynlər istirahətlərini, səyahətlərini, şəxsi həyatlarını düşünürlər".
M.Yaqub qeyd edib ki, valideynlər dörd-beş uşaq böyüdüb bütün enerjilərini buna sərf etmək istəmirlər:
"Həmçinin Avropanın əksər ölkələrində də artım tempi azalıb. Halbuki həmin dövlətlərdə ciddi sosial-iqtisadi problemlər yoxdur. Buna baxmayaraq, insanlar nikaha daxil olmaqdan və uşaq sahibi olmaqdan çəkinirlər. Bu, artıq milli faciə səviyyəsinə çatan problemdir. Mənəvi-psixoloji boşluq mövcuddur. Sözügedən problemlər tədricən Azərbaycana da sirayət edir. Bir çox insanlar fədakarlıq edib övlad böyütmək istəmirlər. Bu isə uzunmüddətli perspektivdə dövlət üçün ciddi risklər yaradır".
Psixoloq Ülviyyə Murtuzova isə Oxu.Az-a açıqlamasında bildirib ki, bəzi cütlüklər ailə məsuliyyətini tam dərk etmədən nikaha daxil olurlar.
Onun sözlərinə görə, cütlüklər ailə qurmağa psixoloji və sosial baxımdan hazır olmadan evlənirlər:
"Hər şeyin kökündə də məhz bu dayanır. Bəziləri sırf dünyaya uşaq gətirmək üçün evlənir, bəziləri isə əksinə, uşaq məsələsinə ciddi yanaşmırlar. Bəzən insanlar ailə qurmağın və valideyn olmağın məsuliyyətini dərk etmirlər. Kimlərsə status qazanmaq, özünü təsdiqləmək və ya özünümüdafiə mexanizmini təmin etmək üçün ailə qurub, uşaq dünyaya gətirirlər. Onlar düşünürlər ki, bu, həyatlarında nəyisə dəyişəcək. Əslində isə azuşaqlılıq yalnız maddiyyatla bağlı deyil. Çünki bir çox maddi imkanı zəif olan ailələrdə uşaqların sayı daha çoxdur, imkanlı ailələr isə bir-iki övladla kifayətlənirlər. Bu, daha çox mənəvi, psixoloji və sosial hazırlığın olmaması ilə bağlıdır. Valideynliyin ciddi öhdəlikləri və məsuliyyəti var".
Psixoloq əlavə edib ki, bəzi valideynlər övladlarının gələcəyini hərtərəfli düşündükləri üçün maksimum iki uşaqla kifayətlənirlər:
"Bəzən isə insanlar məsələyə "mənə uşaq lazımdırmı?" sualı ilə yanaşırlar. Biz problemin kökünə enməliyik. Sağlam düşüncəli, psixoloji cəhətdən hazırlıqlı cütlüklər formalaşmalıdır. Əgər bir uşaq tək böyüyürsə, gələcəkdə o da yalnız bir övlad sahibi olmağı normal qəbul edəcək. Bu isə azuşaqlılığın cəmiyyət üçün norma halına çevrilməsinə səbəb olur. Niyə bizdə uşaqların sayının az olmasına meyil yaranıb - bu problemi sistemli şəkildə həll etməliyik. Burada sosioloqlar, psixoloqlar, səhiyyə qurumları və digər dövlət strukturları birgə, şəbəkə şəklində çalışmalıdırlar. Yalnız bu halda istənilən nəticəni əldə etmək mümkün olacaq".
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















