Dənizaşırı ərazilərin haqq səsi beynəlxalq müstəviyə çıxır
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizənin önündədir
Son illər Fransa ilə onun dənizaşırı əraziləri arasında dekolonizasiya məsələsi beynəlxalq gündəmin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Qvadelupa, Martinik, Yeni Kaledoniya və digər dənizaşırı ərazilərdə fəaliyyət göstərən siyasi və ictimai təşkilatlar öz müqəddəratını təyinetmə hüququnun təmin olunmasını tələb edir. Rəsmi Paris isə həmin ərazilərin Fransanın ayrılmaz hissəsi olduğunu israrla bəyan edir. Maraqlısı odur ki, dekolonizasiya ilə bağlı beynəlxalq müzakirələr, xüsusilə də BMT platformasında səsləndirilən çağırışlar Fransa tərəfindən tez-tez “ölkənin daxili işlərinə müdaxilə” kimi qiymətləndirilir. Buna baxmayaraq, dənizaşırı ərazilərdə müstəqillik və öz müqəddəratını təyinetmə uğrunda mübarizə dayanmaq bilmir.
Mübarizənin növbəti nümunəsi Qvadelupada fəaliyyət göstərən “MIR Guadeloupe” təşkilatının prezidenti və Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Jan-Pyerin addımı olub. O, Fransa Prezidenti Emmanuel Makrona, Fransa Milli Assambleyasının deputatı Nikolas Metzdorfa və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə ünvanladığı məktublarla Parisin müstəmləkə siyasətinə kəskin etirazını ifadə edib. Joze Jan-Pyer məktublarında vurğulayır ki, dekolonizasiya tələbləri beynəlxalq hüququn norma və prinsiplərinə söykənir və onların “daxili işlərə müdaxilə” kimi təqdim edilməsi nə hüquqi, nə də siyasi baxımdan əsaslı sayıla bilər. Məktublarda Fransa hakimiyyətinin kolonial siyasəti tənqid olunur, dənizaşırı ərazilərdə yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi və BMT mexanizmlərinin prosesdə daha fəal rol oynaması tələb edilir.
Sözügedən məktublarla bağlı Bakı Təşəbbüs Qrupundan “XQ”yə verilən məlumata görə, məktublarda Fransanın Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının guya könüllü şəkildə Fransaya birləşməsi barədə iddiaları da ifşa olunur. Bildirilir ki, 1946-cı ildə qəbul edilən departamentləşdirmə qanunu həmin xalqların iştirakı olmadan, heç bir referendum və birbaşa ümumxalq səsverməsi keçirilmədən Fransa parlamenti tərəfindən birtərəfli qaydada qəbul edilib: “Bir il sonra bu ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılması da rəsmi Parisin birtərəfli qərarı əsasında həyata keçirilib. Beləliklə, Fransanın istinad etdiyi “azad seçim” heç vaxt həmin xalqların iradəsi ilə təsdiqlənməyib. J.Jan-Pyer Fransanın hüquqi bərabərlik haqqında bəyanatlarının Dənizaşırı ərazilərdəki real vəziyyətlə ziddiyyət təşkil etdiyini də konkret faktlarla göstərir. Rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi Qvadelupa və Martinikdə metropol Fransa ilə müqayisədə yüksək olaraq qalır. Antil adalarında xlordekon adlı zəhərli pestisidlə çirklənmənin yetkin əhalinin 80 faizindən çoxuna təsir etdiyi, bu hadisənin Fransa məhkəmələri tərəfindən belə “sanitar qalmaqal” kimi tanındığı vurğulanır”.
BTQ-nin məlumatında, həmçinin BMT-nin C-24 Komitəsinə ünvanlanan məktubunda Yeni Kaledoniya və Fransız Polineziyasına BMT missiyasının göndərilməsi və müstəqillik seçiminin verilməsinin tələb olunduğu qeyd edilib. Bundan başqa, Fransadan Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının 1947-ci ildə hansı hüquqi əsaslarla BMT siyahısından çıxarıldığı barədə hesabat istənilməsi, bu xalqların beynəlxalq hüquq baxımından ayrıca xalq statusunun tanınması və öz müqəddəratlarını təyin etmək üçün referendumların keçirilməsi təklif edilir. E.Makrona göndərilən məktubda isə Parisə açıq çağırış edilir: “Dekolonizasiya hüququnun legitimliyini mübahisələndirmək əvəzinə, Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün Dənizaşırı ərazilərin sakinlərinin ayrıca xalq statusu tanınmalı, Yeni Kaledoniya və Fransız Polineziyasında BMT-nin himayəsi altında real öz müqəddəratını təyinetmə prosesi başlanmalı, Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasında isə 1946-cı ildən bəri keçirilməyən referendumlar nəhayət təşkil edilməlidir”.
Ümumən, dekolonizasiya məsələsinin beynəlxalq müstəvidə daha sistemli müzakirə olunmasında Bakı Təşəbbüs Qrupunun fəaliyyəti təqdirəlayiqdir. Çünki təşkilat Fransa, Niderland və digər dövlətlərin dənizaşırı ərazilərində yaşayan xalqların nümayəndələri üçün beynəlxalq dialoq platforması yaradaraq onların səsinin BMT, müxtəlif parlamentlər və beynəlxalq ekspert dairələri tərəfindən eşidilməsinə şərait formalaşdırır. Çoxsaylı konfranslar, dinləmələr və beynəlxalq tədbirlər vasitəsilə dekolonizasiya məsələsinin qlobal insan hüquqları və beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Sözsüz ki, prosesdə Azərbaycanın mövqeyi də beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Rəsmi Bakı xalqların öz müqəddəratını təyinetmə hüququnun BMT Nizamnaməsində və təşkilatın müvafiq qətnamələrində təsbit olunduğunu vurğulayaraq, müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılmasının beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti olduğunu bəyan edir. Azərbaycan məsələyə hər hansı dövlətlə siyasi qarşıdurma əvəzinə, dekolonizasiyanın başa çatdırılması və beynəlxalq hüququn bərabər tətbiqi prizmasından yanaşdığını ifadə edir.
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu fəaliyyətə başladığı vaxtdan etibarən Qvadelupa, Martinik, Fransız Qvianası, Reyunyon, Kanaki (Yeni Kaledoniya), Fransız Polineziyası, eləcə də digər dənizaşırı ərazilərin ictimai-siyasi təşkilatları, vətəndaş cəmiyyətinin üzvləri ilə əməkdaşlıq əlaqələrini genişləndirib. Yaranmış əməkdaşlıq nəticəsində həmin ərazilərin nümayəndələri ilk dəfə Bakıda keçirilən beynəlxalq konfranslarda öz mövqelərini birbaşa beynəlxalq auditoriyaya çatdırmaq imkanı əldə ediblər. Qrupun təşəbbüsü ilə qəbul olunan bəyanatlar və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər dekolonizasiya məsələsinin yenidən qlobal gündəmdə müzakirə olunmasına töhfə verib.
Sözsüz ki, dekolonizasiya prosesinin gələcək inkişafı BMT-nin müvafiq mexanizmlərinin nə dərəcədə fəal işləyəcəyindən, eləcə də beynəlxalq ictimaiyyətin bu çağırışlara hansı səviyyədə dəstək verəcəyindən asılı olacaq. Ona görə də Bakı Təşəbbüs Qrupunun yaratdığı platformalar və Azərbaycanın təşviq etdiyi beynəlxalq dialoq müstəmləkəçiliyin müasir formalarının müzakirəsi üçün yeni imkanlar açmaqla müxtəlif qitələrdən olan xalqların ortaq hüquqi mövqedən çıxış etmə sinə töhfə verir.
Nəzrin ELDARQIZI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















