Deputat: Bu dəvət Azərbaycana verilən qiymətdir
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsi ölkəmizin beynəlxalq nüfuzuna, dövlətimizin başçısının siyasi liderliyinə və Azərbaycanın qlobal proseslərdə artan roluna verilən mühüm qiymətdir.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, G20 dünyanın aparıcı iqtisadiyyatlarını və beynəlxalq siyasətin əsas aktorlarını bir araya gətirən nüfuzlu platformadır:
“Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Azərbaycan G20-nin üzvü olmadığı halda, möhtərəm Prezident İlham Əliyev ABŞ Prezidentinin dəvəti ilə bu mötəbər tədbirdə iştirak edəcək liderlər sırasında yer alır. Bu dəvət Azərbaycanın qlobal gündəlikdə nəzərə alınan, mövqeyi ilə hesablaşılan və beynəlxalq əməkdaşlıq proseslərində iştirakına ehtiyac duyulan dövlətlərdən biri olduğunu göstərir.
Bu reallığın arxasında, şübhəsiz ki, Prezident İlham Əliyevin illər ərzində formalaşdırdığı ardıcıl, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət strategiyası dayanır. Dövlətimizin başçısı mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın müstəqil qərarvermə imkanlarını qoruyub saxlayaraq müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa nail olub.
Bu siyasət ölkəmizə beynəlxalq münasibətlərdə etimad qazanmaq, tərəfdaşlıq coğrafiyasını genişləndirmək və milli maraqlarını qətiyyətlə müdafiə etmək imkanı yaradıb. Azərbaycanın bu gün beynəlxalq siyasi proseslərdə diqqət mərkəzində olmasının səbəbləri kifayət qədər konkretdir.
Ölkəmiz Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağıdır, Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Xəzər hövzəsində strateji mövqeyə malikdir. Eyni zamanda, Türk dünyasının aparıcı dövlətlərindən biri kimi regional və beynəlxalq əməkdaşlıq təşəbbüslərində fəal iştirak edir. Bütün bunlar Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, onu qlobal miqyasda etibarlı və məsuliyyətli tərəfdaşa çevirir”.
S.Salmanova bildirib ki, ABŞ-la münasibətlərdə son dövrdə müşahidə olunan müsbət dinamika da bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Vaşinqtonda keçirilən 8 avqust 2025-ci il tarixli Sülh Sammiti, Prezident Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalar və Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində inkişafı iki ölkə arasında yeni siyasi mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin sülh gündəliyində nümayiş etdirdiyi siyasi iradə və konstruktiv yanaşma Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün əhəmiyyətini daha da artırıb. Bu mənada, Donald Trampın Prezident İlham Əliyevi G20 sammitinə dəvət etməsi həm də Azərbaycan–ABŞ münasibətlərində formalaşan yeni etimad mühitinin göstəricisidir.
Belə bir dəvət Azərbaycanın regional məsələlərdən kənara çıxaraq daha geniş beynəlxalq gündəlikdə də mühüm tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir. Digər mühüm məqam Azərbaycanın beynəlxalq mövqeyinin hər hansı bir dövlətin siyasi iradəsindən asılı olmadan, öz milli gücü, dövlətçilik ənənələri və müstəqil siyasəti əsasında formalaşmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq münasibətlərdə özünə hörmət qazandıran, verdiyi sözə sadiq qalan, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən tərəfdaş kimi tanınıb. Məhz bu etibarlılıq Azərbaycanın siyasi kapitalının mühüm tərkib hissəsidir”.
Parlamentari qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində yalnız regional proseslərin iştirakçısı deyil, həm də qlobal əməkdaşlığın mühüm istiqamətlərinə töhfə verən dövlətdir:
“Cənab Prezident İlham Əliyevin şəxsi siyasi nüfuzu, prinsipial mövqeyi, diplomatik təcrübəsi və müstəqil siyasəti ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində həlledici rol oynayır. G20 dəvəti də məhz bu reallığın növbəti təsdiqidir. Bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın, dövlətimizin başçısının liderlik keyfiyyətlərinə verilən qiymətin və ölkəmizin artan geosiyasi əhəmiyyətinin ifadəsidir. Ən başlıcası, bu dəvət müstəqil Azərbaycan dövlətinin dünyada öz sözünü deyən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq proseslərdə mövqeyi ilə seçilən bir ölkə kimi qəbul olunduğunu göstərir”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 Noyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















