Icma.az
close
up
RU
Dərsdən sonrakı fəaliyyət uşağın özünü kəşf edəcəyi bir mühitdir klinik psixoloq Emiliya İgidova ilə MÜSAHİBƏ

Dərsdən sonrakı fəaliyyət uşağın özünü kəşf edəcəyi bir mühitdir klinik psixoloq Emiliya İgidova ilə MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Hər bir şagirdin təhsildə uğur qazanması və sağlam böyüməsi üçün dərsdən sonra vaxtının düzgün təşkili çox vacibdir. Boş vaxtın səmərəli keçirilməsi həm istirahət, həm də şəxsi inkişaf üçün böyük əhəmiyyət daşıyır.

AZƏRTAC Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi, klinik psixoloq Emiliya İgidova ilə müsahibəni təqdim edir.

-Şagirdlər dərsdən sonrakı və yaxud tətil günlərində vaxtlarını necə keçirməlidirlər?

Dərsdən sonrakı, yaxud məktəbdənkənar fəaliyyəti biz uşağın maraqlarını, həvəslərini və əsl mənliyini kəşf edə biləcəyi bir mühit də adlandıra bilərik. Burada uşaqlar iradələrini sərbəst şəkildə ifadə edir və şəxsiyyət kimi formalaşırlar. Məktəbin onların ikinci evinə çevrilməsi və dərsdənkənar fəaliyyətlərin təhsil və tərbiyə üçün tamhüquqlu bir məkana çevrilməsi üçün uşaqları dərsdənkənar fəaliyyətlərə cəlb etmək vacibdir.

Dərsdənkənar fəaliyyəti idman, incəsənət, elm və texnologiyanın müxtəlif sahələrində uğurlu mütəxəssislərin yetişdirilə biləcəyi mühit də adlandıra bilərik. İnsan davranışının fərdi xüsusiyyətləri məhz bu sərbəst mühitdə aşkar edilərək şəxsi keyfiyyətlər daha da təkmilləşir, müəyyən mənəvi-etik dəyərlər və mədəni ənənələr mənimsənilir.

Şagirdlərin əqli, emosional və sosial inkişafını dəstəklədiyi üçün dərsdən sonra və tətil günlərində vaxtlarını necə keçirmələri əhəmiyyətlidir. Dincəlmək və istirahət etmək beyin yorğunluğunu azaldır və stresin idarə olunmasına kömək edir. Maraqlı və yaradıcı fəaliyyətlər isə motivasiyanı artırır, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir və özünüqiymətləndirməni gücləndirir. Sosial fəaliyyətlər şagirdlərin ünsiyyət bacarıqlarını inkişaf etdirərək emosional tarazlıqlarını təmin edir. Bu səbəbdən dərsdən sonra və tətil günlərində vaxtın balanslı və məqsədli keçirilməsi psixoloji rifah üçün vacibdir.

Hazırda məktəblilərin dərs yükünün ağırlığı bir çox sağlamlıq problemlərinin yaranmasına təkan ola bilər. Bununla bağlı müəllim və valideynlər tərəfindən mütəmadi olaraq maarifləndirmə söhbətləri aparılmalıdır. Məlum olduğu kimi, düzgün təşkil olunmuş istirahət zehni yorğunluğu azaldaraq stresin idarə olunmasına kömək edir və emosional tarazlığı təmin edir. Məktəblilərin dərsdən sonra yaşıdları ilə qrup halında oyunları onlarda ünsiyyət bacarıqlarını artırır, psixososial inkişaflarını dəstəkləyərək emosional sağlamlıqlarını möhkəmləndirir.

Uşaqlar məktəb tapşırıqlarını uğurla yerinə yetirdikdən sonra valideynlər onlara kiçik bir mükafat verə bilərlər. Bu mükafat uşaqların xüsusilə xoşladığı, amma dərs ili ərzində edə bilmədiyi bir şey ola bilər: birlikdə piknikə getmək, macəra dolu bir fəaliyyətə qatılmaq, maraqlı bir rəsm kursuna və ya gitara dərslərinə yazılmaq və s. Əsas məsələ odur ki, bu fəaliyyətlər uşaqlar üçün adi olmasın və onlara yeni, xoş təcrübə qazandırsın. Bu cür təcrübələr uşaqlara həm əyləncəli, həm maraqlı, həm də faydalı vaxt keçirməyə imkan verir. Uşaqlar belə fəaliyyətlərdən məmnun olduqda məktəbə getməkdən zövq alacaqlar, dincəldikləri üçün həmyaşıdları ilə paylaşa biləcəkləri maraqlı xatirələrə sahib olacaqlar.

Bununla yanaşı, uşaqların bu cür təcrübələrə qatılması onlara gələcəkdə uzunmüddətli öhdəlikləri qəbul etməyə də kömək edir. Yəni onlar həm əylənir, həm öyrənir, həm də özlərinə güvənlərini artırırlar. Nəticədə tətil sadəcə vaxt keçirmək deyil, həm də uşağın inkişafına dəstək verən faydalı bir dövr olur.

-Valideyn övladına tətil zamanı hər hansı məhdudiyyəti qoya bilərmi?

Uşaqların tətil zamanı sərbəstliyi onların inkişafı üçün çox önəmli olsa da, valideynin müəyyən çərçivə və məhdudiyyət qoyması həm təhlükəsizlik, həm də sağlam inkişaf baxımından vacibdir. Psixoloq kimi tövsiyə edərdim ki, tətil zamanı uşaqların gündəlik fəaliyyətləri balanslı olsun. Məsələn, açıq havada oyun, idman və gəzintilər üçün vaxt ayırmaq onların fiziki sağlamlığını gücləndirir, emosional rifahını artırır və eyni zamanda yaradıcı düşüncələrini inkişaf etdirir.

Valideyn məhdudiyyəti sərt qadağa kimi deyil, uşağın seçim imkanlarını qoruyan çərçivə kimi qoymalıdır. Uşağa açıq havada və ya yaradıcı fəaliyyət üçün vaxt vermək olar, amma o özü seçsin ki, hansı fəaliyyətdə olmaq istəyir. Bu, uşağın özünüidarəetmə bacarıqlarını və motivasiyasını gücləndirir.

Tətil həm də valideyn-övlad münasibətlərini möhkəmlətmək üçün əla fürsətdir. Birgə gəzintilər, oyunlar və pikniklər uşağın ailə üzvləri ilə bağlarını gücləndirir, etibar və emosional yaxınlıq yaradır. Valideynlər uşaqların istəklərini dinləyib qadağaları izah etdikdən sonra onların seçiminə də hörmətlə yanaşmağı bacarmalıdırlar.

Belə yanaşma uşaqlara təhlükəsiz vəziyyətdə olduqlarını hiss etdirərək ailədə qarşılıqlı hörmət və anlayış mühiti yaradır. Tətil dövrü həm istirahət, həm də uşağın inkişafı üçün dəyərli bir zaman olur və onun məktəbə hazır olmasına kömək edir.

-Bir psixoloq kimi nə məsləhətlər verə bilərsiniz?

-Şagirdlərin dərsdən sonrakı asudə vaxtlarını necə keçirməsi onların həm psixi, həm də fiziki inkişafı üçün olduqca vacibdir. Asudə vaxtı televizor, yaxud telefon qarşısında keçirən məktəbli bir müddət sonra bunu bir növ vərdişə çevirmiş olur. Zamanında valideyn və pedaqoqların müdaxilə etməməsi çox ağır fəsadların yaranmasına səbəb ola bilər. Hərəkətli fəaliyyətlər, məsələn, açıq hava oyunları, velosiped sürmək, ip atlama və sadə idman məşqləri uşağın fiziki sağlamlığını gücləndirir, stresi azaldır və emosional rifahını artırır. Eyni zamanda, uşaqların özləri seçdikləri işlərlə məşğul olması çox faydalıdır. Bu cür qeyri-strukturlaşdırılmış vaxt uşağa yaradıcılıq və özünüifadə etmək imkanı verir, eyni zamanda, özünüidarəetmə bacarıqlarını inkişaf etdirir. Məsələn, uşağa sadəcə rəsmlə məşğul olmaq, lego ilə oyun qurmaq və ya açıq havada sərbəst gəzmək üçün vaxt ayırmaq yaxşıdır.

Tətil dövründə uşağın maraqlarına uyğun və məqsədyönlü fəaliyyətlərə qatılması da önəmlidir. Burada vacib olan məqamlardan biri də odur ki, seçilən məşğuliyyət növləri və oyunlar məktəblilərə zövq versin, onlarda daxili məmnunluq yaratsın. Valideyn tərəfindən öz maraqlarına uyğun çox sıx planlaşdırılmış tətil də uşağı yoraraq passivləşdirə bilər.

Valideynlərin və ailə üzvlərinin uşaqlarla birlikdə vaxt keçirməsi də çox vacibdir. Pikniklər, açıq hava gəzintiləri, sadəcə birgə vaxt keçirmək uşağın özünü dəyərli və sevgi dolu hiss etməsinə səbəb olur, həmçinin sosial bacarıqlarını və ailə ilə münasibətlərini möhkəmləndirir. Tətil uşaqlar üçün həm istirahət, həm də inkişaf fürsəti olmalıdır. Yay tətilində təşkil edilə biləcək düşərgələr məktəblinin şəxsiyyət kimi formalaşmasında böyük rol oynaya bilər. Uşaqların yay düşərgələrinə qatılması onların həm fərdi həm də sosial inkişafına mühüm təsir göstərir. Belə mühitlər uşağın öz ailəsindən müəyyən müddət uzaq qalaraq müstəqillik qazanmasına, özünə inamının və sosial bacarıqlarının formalaşmasına şərait yaradır.

Əvvəlcə qeyd etməliyəm ki, düşərgələr uşaqların emosional yetkinliyinə təsir edən mühüm təcrübədir. Uşaq ailədən uzaqda olarkən ilk dəfə bir çox qərarları özü verir: geyimini seçir, vaxtını bölür, münasibətlərini tənzimləyir. Bu isə özünüidarəetmə və məsuliyyət hissinin formalaşmasına səbəb olur. Uşaq anlayır ki, hər bir davranışın nəticəsi var və bu onun müstəqillik hissini artırır.

Düşərgələr həm də uşaqlarda sosial bacarıqların inkişafı üçün çox faydalıdır. Qrup halında yaşamaq, otaq yoldaşları ilə münasibət qurmaq, paylaşmaq, qaydalara riayət etmək və kollektiv fəaliyyətlərdə iştirak etmək uşaqlarda empatiya, əməkdaşlıq və qarşılıqlı hörmət hisslərini gücləndirir. Bütün bunlar həmyaşıdlarla sağlam ünsiyyətin və sosial adaptasiyanın əsasını qoyur.

Digər tərəfdən, düşərgə həyatı uşağın emosional dözümlülüyünü artırır. Ailədən uzaq qalmaq, bəzən darıxmaq, yeni şəraitə uyğunlaşmaq uşağa çətin görünsə də, bu təcrübə onun streslə mübarizə qabiliyyətini inkişaf etdirir. Uşaq öyrənir ki, həyatın müxtəlif situasiyalarında adaptasiya bacarığı vacibdir və bu, gələcəkdə məktəb, iş və sosial həyatda çox faydalı olur.

Bundan başqa, düşərgələrdə uşaqlarda liderlik və təşəbbüskarlıq xüsusiyyətləri də formalaşa bilər. Fəaliyyətlər zamanı uşaqlara qrup rəhbəri olmaq, qərar vermək, məsuliyyət daşımaq imkanı verilir. Bu onların özünəinamını və liderlik qabiliyyətini inkişaf etdirir.

Burada məktəblilərin ailədən kənar qalmağa hazır olub-olmadığını da nəzərə almaq vacibdir. Hər bir uşaq bu prosesə hazır ola bilər, lakin uşağın çiyninə artıq yük qoya bilmərik. Çox kiçik yaşda və ya emosional cəhətdən həssas uşaqlar üçün ilk ayrılıqlar tədricən və dəstəklə həyata keçirilməlidir. Əgər uşağa əvvəlcədən psixoloji hazırlıq verilərsə, yəni ona düşərgənin məqsədi, qaydaları və oradakı fəaliyyətlər izah edilərsə, bu təcrübə onun üçün müsbət və öyrədici ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see172

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see142

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see134

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see133

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see131

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri