Doğma nəfəs duyuncaf dikəldi Dəmirçilər
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Rəşid FAXRALI
Ata yurdu işğaldan azad edilmiş
ərazilərdə olanlarımıza ithaf edirəm
2020-ci ilin 9 noyabr səhərinə ən gözəl səhər demişdim. O vaxtdan üzü bu yana səhər - Zəfər səsləşməsi dualarımın təkbiri olub. Mənə elə gəlib ki, (gəlir ki) o vaxtdan sonra bütün uğurlar başlanğıcını 9 noyabr səhərinin dan yerindən götürür; ən gözəl səhərin işığını ruhumuzun yol göstərəni bilirik - Qubadlının Dəmirçilər kəndinə uğur üstəyik.
İşğaldan qurtulmuş ərazilərdə bəzi yaşayış məntəqələrində müəyyən zəruri baxış - yoxlamalara, dəqiqləşdirmələrə görə sahili sahilə birləşdirən, mənzili ünvana yetirən körpüdə dayanmışıq. Uğur üstə olanlara elə gəlir ki, belə anlar ömürdən deyil - səbirsizləşir, bir göyə baxır, bir saatına, gileyi közə, bir anı dörd ana dönür: "dörd ana dönən bir an" içində Qubadlının Dəmirçilər kəndinə aparacaq körpünün uzununu "ölçməyə" imkanımız olmasa da, enini en kimi addımlayırıq.
...Şuriyə 66 illik ömrünün yarısını - 33 ilini gündüzlər düşüncələrində, gecələr yuxularında yaşatdığı Dəmirçilərə həsrət yaşayıb. 1992-ci ildən bəri ürəyi nəfəsi nəfəsinə dəymədiyi, izi izlərinə qarışmadığı Dəmirçilərə - ata yurduna çəkməkdədi. Bu beş ildə qardaşı Nazirə görə ata yurdunun daş-divarına, üz sürtməyə ürəyi gəlməyib, xəstə qardaşını ovundura-ovundura ayları il eləyib. İndi də düşüncələrində ata yurdunun sorğularından çəkinir elə bil: "Nazir hanı?" - "Torpaq aldı, yer gizlədi..." - deməyə dilə gələcəkmi?..
Şuriyənin yollardan üzülməyən baxışları sanki bir himə bənddi, dil açıb dillənəcək:
Xeyli ləngimişəm...
Həsrət əllərim
Həsrət gözlərimi sürmələyərmi?
Əsən yellərini şər qarışmamış
Kövrələn könlümə kürmələyərmi?..
Bərgüşad çayı görünür. Şuriyə maşını saxlayır. İllərin o üzündə qalmış bir hadisəni xatırlayır, kövrəkliklə, qəhərlə xatırlayır:
12 yaşı vardı. Qubadlıdan Dəmirçilərə qayıdırdı. Körpüyə çata-çatda kiminsə getdikcə nazilən səsini eşitdi. Dayandı. Yaxınlaşdı. Oğlan (adını demək istəmədi) körpüdən keçəndə yıxılıbmış, köynəyi armatura ilişibmiş; suya batıb-çıxırmış, əziyyətlə də olsa oğlanı xilas edir - Bərgüşadın sellərinə vermir. 54 ilin o üzündə qalmış hadisə Şuriyənin gözlərindən yaş dərir, Rafiqi də, Habili də, məni də kövrəldir - qəhərlənirik...

Şuriyə evlərinə yaxınlaşır - ürək çəkir, ayaqlar getmir; 1992-ci ildə burdan üzü Bakıya gedəndə belə deyildi evləri - eyvanları təbiətə bir pəncərə idi. Əli yarıuçulmuş divarlarda gəzişir, yanağı divarın sığalına dönür, daşlar nəfəsi ilə isinir - inanmaq istəyirəm ki, daşlar bu doğmalığı duyur. "Nazir gələ bilməyəcək, heç zaman gəlməyəcək...", - kəlmələr dodağında közə dönür...
Nar ağacı çiçəkləyib. Şuriyənin baxışlarından ürkəcək bir təbəssüm boy göstərir: nar ağacının sədaqətinə əyilir Şuriyə, əli bu sədaqətin tumarına dönür. "Dərd nədir? - çəkən bilər..." - düşünürəm, üzü naməlumluğa pıçıldayıram:
Dərdlə adaşdır həsrət,
Qaynadı, daşdı həsrət.
Yollardan yığılmayan,
Gözlərdə yaşdı həsrət...
Şuriyənin əlləri qoynunda çarpazlaşıb. Qəhərlənib. Ömründən düşüb qalanların həsrətidir bu həsrət. Bunlar qayıdışsız, dönüşsüz həsrətdi; zamanın amanı olmur. Söz zamanı da üstələyir, amanı da:
Yerə-göyə sığanmıram,
Yer verərmi yer mənə?!
Tanrım, uşaqlığımın
Bir günümü ver mənə!
Gəlmişəm həsrətindən
Qopmuş bir işıq kimi,
Ömrünün illərini
İtirmiş uşaq kimi...
...Dəmirçilər
Daş atar, dəmirçilər.
Doğma həsrət duyunca
Dikəldi Dəmirçilər...
"Yumru Təpə...", - Şuriyə pıçıldayır. Səsində qönçələnən sevinc də var, hönkürən qəhər də. XIII-XIV əsrlərə aid daş körpünü də (yaradıcısının adı ilə tanınır - Bilalın körpüsü), həmin dövrlərə aid türbəni də ürəyinin gözləri ilə görür. Şuriyə zamanında uğura çıxanları uğurlayan türbənin, uğur yoluna çatdıran daş körpünün o tarixlərdən bu tarixlərə çatan səsini dinşəyir sanki, sanki eşidir də: "Dağıdılmamışıq, sağ qalmışıq..."
"Bu, klubumuzuydu, bu, məscidimiziydi, bu, İnayət müəllimin eviydi, bu Bilal əminin eviydi..." Maşın dayanır. Şuriyənin maşından düşməyə ürəyi gəlmir elə bil. Ona elə gəlir ki, ayağı torpağa dəyincə bu gerçək möcüzə bitəcək. Bu bitmə ruhun son nəfəsi olacaq. Bir anlığa nəfəs dərir. Evlərinə - evləri olmuş divarlara baxır.

Əli divarda gəzişir. Görəsən, daşlar doğmalığı duyurmu? Üzü evlərinin daş üzünə toxunur; bizə elə gəlir ki, indicə hönkürtü eşidəcəyik - ya daşların hönkürtüsünü, ya da illərlə müharibəyə görə, Zəfərdən sonra qardaşı Nazirin ağır xəstəliyinə görə ləngimiş ziyarətin hönkürtüsünü...
"Nar ağacımız, sən belə deyildin...", - qəhərlənir. Əli gəlməsə də, nar ağacının bir yarpağını üzür. Əyilib iki ovuc torpaq götürür - atasının qəbri üçün; iki dəsmal arası torpaq, ruha təsəlli, imana borc ödəmə, axirətə sədaqət, ... kimi...
Günəş qüruba meyillənirdi. Şuriyə evlərinin sökülüb-dağılmış divarlarına baxırdı, biz - Şuriyənin baxışlarına. İşğaldan azad edilmiş kəndlərimizdə evlərinin ziyarətinə gələnlərin hamısı bu ovqatı yaşayır (2021-ci ilin payızında Vahid Məhərrəmli də Babaylıda bu kövrəkliyin cazibəsindəydi); gəlir - ruhu sevinir, görür - ürəyi burxulur, gözləri torlaşır, sözləri üyüşür, əli Haqdan üzülmür, yanağına yaş süzülür...
Şuriyə beş-altı çırpını üst-üstə qaladı - rəmzi ocaq qaladı. "On illər sonra da olsa ata yurduna gələnlərin hamısı külü göylərə sovrulmuş ocaq yerində ocaq qalasın...", - düşüncələrimdə bir kövrəklik gəzişir... Mənə elə gəlir ki, Zahidin pıçıltısını eşidirəm: Sağ ol, qardaş, atamızın ruhuna təskinlik verdin. İmamqulunun da səsində titrəyiş duyuram...
Qayıtmaq istəyirik. Ürəyi Şuriyəni geri çəkir; üzünü uçurulmuş divarın daşına söykəyir, nəsə deyir: "33 il sükutunu Göy üzünə pıçıldamış ev-divarım, divar-evim, sənsiz keçən illərimi halallıq ver, halallıq ver..."...
Kəndə gedəndə Bərgüşad belə deyildi, dönüşümüzdə ruhumuzda da Bərgüşadın dalğalarının eyni olan kükrəyiş hiss edirik. Könlüm Bərgüşadla dərdləşir:
Hopammadı bu işığın rəngi daşlara,
Döyüş mədəd olammadı cəngi-daşlara,
İşğal necə agah oldu bəngü-daşlara
Bərguşad çayı?!
O illərdə çor güllələr yaş daşa dəydi,
Daş atana daş atdılar, daş-daşa dəydi,
Haraylaşan kükrəyişin dağ-daşı əydi
Bərguşad çayı.
Bu körpünün o tayında görən nələr var,
Bənövşətək boy göstərən düşüncələr var.
Qanadları heydən düşmüş xatirələr var,
Bərguşad çayı.
"Qayıtdılar!" - soraq çatar qərib ruhlara,
Ay işığı nələr deyir gecə ruhlara?!
Bu şükranlıq salavatdı uca ruhlara,
Bərguşad çayı!
Bir qürurun işığında qəhər yormuşam,
Bir xeyirin ömrü üçün min Şər yormuşam.
Faxralıdan Qubadlıya kəhər yormuşam,
Bərguşad çayı!

