Dövlət müəssisələri özəlləşdirilir: Hansı risklər var?
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda uzun müddət zərərlə fəaliyyət göstərən dövlət müəssisələrinin gələcək taleyi müzakirə olunur.
Hesablama Palatası belə müəssisələrin yenidən təşkili, özəlləşdirilməsi və ya ləğvi imkanlarının qiymətləndirilməsini tövsiyə edib.
Dövlət müəssisələrinin özəl sektora verilməsi büdcə xərclərinin azalmasına və iqtisadi səmərəliliyin artmasına şərait yarada bilər. Lakin bu prosesin məşğulluğa, istehsala və strateji sahələrə təsirləri də diqqət çəkir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadi ekspert Akif Nəsirli bildirib ki, uzun müddət zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi büdcə xərclərinin azalmasına və iqtisadi səmərəliliyin yüksəlməsinə imkan yarada bilər:
"Uzun müddət zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi iqtisadiyyat üçün bir sıra müsbət nəticələr yarada bilər. İlk növbədə, dövlətin bu müəssisələrin saxlanmasına, borclarının ödənilməsinə, əməkhaqqı və digər xərclərinin qarşılanmasına yönəltdiyi vəsaitə qənaət olunar. Beləliklə, büdcənin üzərindəki yük azalar və həmin vəsaitləri təhsil, səhiyyə, infrastruktur və digər ictimai ehtiyaclara yönəltmək imkanı yaranar.
Özəl sektorun idarəçiliyinə keçid müəssisələrin fəaliyyətində səmərəliliyin artmasına da şərait yarada bilər. Çünki özəl sahibkar üçün əsas məqsəd xərcləri optimallaşdırmaq, məhsuldarlığı artırmaq və mənfəət əldə etməkdir. Bu isə yeni texnologiyaların tətbiqinə, idarəetmənin təkmilləşdirilməsinə, istehsalın genişləndirilməsinə və rəqabət qabiliyyətinin yüksəlməsinə təkan verə bilər. Eyni zamanda, özəlləşdirmə investisiyaların cəlb olunmasına və yeni iş yerlərinin yaradılmasına da imkan aça bilər".

Ekspertin sözlərinə görə, bütün zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi məqsədəuyğun deyil və bu proses müəyyən risklər yarada bilər:
"Lakin burada mühüm məqam ondan ibarətdir ki, zərərlə işləyən hər bir dövlət müəssisəsinin özəlləşdirilməsi avtomatik olaraq iqtisadi səmərəlilik demək deyil. Bəzi müəssisələrin zərərlə işləməsinin səbəbi köhnəlmiş avadanlıqlar, idarəetmə problemləri və düzgün qurulmayan biznes modelidirsə, digərləri strateji əhəmiyyət daşıdığına və sosial funksiyalar yerinə yetirdiyinə görə kommersiya baxımından gəlirli olmaya bilər. Ona görə də özəlləşdirmədən əvvəl hər bir müəssisənin real iqtisadi potensialı, bazardakı mövqeyi və cəmiyyət üçün əhəmiyyəti ayrıca qiymətləndirilməlidir.
Digər risk isə müəssisələrin özəlləşdirildikdən sonra fəaliyyətinin məhdudlaşdırılması, işçilərin kütləvi ixtisarı və ya əmlakın istehsal məqsədindən kənar istifadə olunmasıdır. Bəzi hallarda investor müəssisəni inkişaf etdirməkdən daha çox onun torpaq və daşınmaz əmlakına maraq göstərə bilər. Bu baxımdan özəlləşdirmə prosesində şəffaflıq, rəqabətli satış, investisiya öhdəlikləri və sonrakı dövlət nəzarəti vacibdir.
Hesab edirəm ki, burada əsas məqsəd sadəcə zərərlə işləyən müəssisələri dövlətin balansından çıxarmaq deyil, onların iqtisadi dövriyyəyə qaytarılması olmalıdır. Özəl sektora verilməsi mümkün olmayan, bərpası iqtisadi baxımdan səmərəli sayılmayan müəssisələrin isə ləğvi nəzərdən keçirilə bilər. Əsas məsələ dövlətin davamlı olaraq büdcə vəsaiti hesabına zərərləri örtmək praktikasından uzaqlaşması, kapitalın daha məhsuldar sahələrə yönəldilməsidir".
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Noyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















