Icma.az
close
up
RU
Dövlət teatrlarının yeni inkişaf mərhələsi

Dövlət teatrlarının yeni inkişaf mərhələsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün öncə Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənərək müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənədin preambula hissəsində qeyd olunduğu kimi, hüquqi, dünyəvi və demokratik dövlət, sosial rifah və mədəni müxtəliflik prinsiplərinin dərin kök saldığı müasir Azərbaycanda mədəniyyətin intibahı dövrün regional və qlobal çağırışları müstəvisində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanması yeni yol xəritəsi üzrə irəliləmənin ilk təzahürlərindən biri kimi təqdirəlayiqdir.

Bu islahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.

Yeni yanaşmaya uyğun olaraq, mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib. Bu qərar vəzifələrin formal mövcudluğundan deyil, funksional effektivliyindən çıxış edərək qəbul olunub. Ştata daxil edilməyən vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb.

Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımların cəmiyyətdə geniş müzakirələrə səbəb olduğunu nəzərə alaraq bu sahədə çalışan məsul şəxslərin və mütəxəssislərin yeniliklə bağlı fikirlərini öyrəndik. Onların XQ-yə açıqlamalarını oxucularımıza təqdim edirik.

Aynur Kərimova, Mədəniyyət Nazirliyinin media və kommunikasiya şöbəsinin müdiri:

– İslahatların başlıca hədəfi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.

Yeni yanaşma ilə idarəetmədə məsuliyyət bölgüsünün aydınlaşdırılması və kollektiv qərar mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur. Ləğv olunan vəzifələrin funksiyalarının necə icra olunacağına gəlincə isə qeyd edirik ki, həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır.

Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarə edilməsi və digər funksional bölmələr yaradılıb ki, bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir.

Hazırda bədii rəhbər vəzifəsində çalışan şəxslərin fəaliyyətlərini necə və harada davam etdirməsi də ən çox verilən suallar arasındadır. Bildirmək istərdik ki, teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.

Bu islahatları ixtisar və ya kütləvi ştat azaldılması kimi dəyərləndirmək olarmı və təqdim olunan yeni idarəetmə modeli teatrların yaradıcılığına necə təsir edəcək? - sualına gəlincə isə qeyd edim ki, aparılan islahatlar heç bir halda ixtisar və ya kütləvi ştat azaldılmasına yol açmır. Çünki islahatların məqsədi hər hansı ştatın mexaniki şəkildə ləğvi deyil. Əsas hədəf effektiv işləməyən və ya zəif fəaliyyət göstərən idarəetmə mexanizmlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsidir. Yeni model teatrların yaradıcılıq potensialını artırmaq, yaradıcılıq azadlığını daha sağlam institusional çərçivədə təmin etmək və idarəetmədə məsuliyyət bölgüsünü aydınlaşdırmaq məqsədi daşıyır. Bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha dayanıqlı inkişafına zəmin yaradır.

İlham Əsgərov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi:

- Mədəniyyət Nazirliyi tərəfindən “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində qəbul etdiyi qərar müasir dövrdə funksional idarəetmə mexanizminin tələbidir. Dövlət teatrlarının həm əsasnaməsi, həm də struktur və ştat cədvəlləri yenidən işlənib. Ötən ildən başlayaraq, teatr rəhbərləri və mütəxəssislərin iştirakı ilə müzakirə aparılırdı. Məqsəd, əlbəttə, teatrların fəaliyyətinin sistemləşdirilməsi və idarəetmənin səmərəliliyinin artırılmasıdır.

Bildiyiniz kimi, möhtərəm cənab Prezident İlham Əliyev “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasını təsdiq edib. Bu konsepsiyada incəsənətin inkişafı ilə bağlı strateji hədəflər müəyyən edilib. Bu teatr sahəsinə də şamil olunur. Teatr sahəsində hüquqi bazanın təkmilləşdirilməsi Azərbaycan teatrının gələcək inkişafına, o cümlədən beynəlxalq mədəni mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edir.

Baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib. Mədəniyyət Nazirliyi bununla bağlı ətraflı və aydın açıqlama yayıb. Bu qərar qeyd olunan vəzifələrin formal mövcudluğundan yox, funksional effektivliyini əsas götürərək qəbul olunub. Teatrda kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizmi formalaşmalıdır.

Yeni qərara əsasən Akademik Milli Dram Teatrında, o cümlədən digər dövlət teatrlarında strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarə edilməsi və digər funksional bölmələr yaradılıb. Bu bölmələrin yaradılması teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir. Mədəniyyət Nazirliyi tərəfindən tətbiq olunan bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha da inkişafına zəmin yaradacaq. Teatrımız artıq bu istiqamətdə hüquqi-inzibati işlərin icrasına başlayıb.

Mədəniyyətimiz üçün, teatr mühitimiz üçün uğurlu olsun!

Əli Əmirli, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor:

– Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkəmizin mədəni siyasətində yeni bir inkişaf mərhələsinin başlanğıcıdır. Şübhəsizdir ki, konsepsiyada irəli sürülən mədəniyyət sahələrinin hər birinin dünya mədəniyyəti mənzərəsinin nəzərə alınması ilə inkişaf etdirilməsi fövqəladə dərəcədə əhəmiyyətlidir və bütün məqamlarda ölkə miqyasında bu işlərə məsul olan qurumlar və təşkilatlar üçün bir kompas rolu oynayacaq.

Son illər Azərbaycan teatrında da yaradıcılıq sahəsində yeni forma və məzmun axtarışları və onların müsbət nəticələri özünü göstərməkdədir. Bununla yanaşı, dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarların qəbul edilməsinə də böyük ehtiyac yaranmışdır. Elə bu ehtiyacın nəticəsidir ki, Mədəniyyət Nazirliyində ötən ildən başlayaraq, həllini gözləyən məsələlər geniş müzakirə edilmiş, “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun olaraq dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən təsdiqlənmişdir. Həmin müzakirələrin iştirakçısı olduğumdan əminliklə deyə bilərəm ki, yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşməsinə xidmət edəcək.

Bu dediklərim əsas məqsədin ümumi və bir qədər abstrakt təsviridir. İndi keçək məsələnin konkret, hətta bir qədər mübahisə, bəlkə nigaranlıq yaradan tərəflərinə. Məsələn, teatrların ştat cədvəlində baş rejissor, baş rəssam və bədii rəhbər vəzifələrinin ixtisara salınması. Məhz bu məsələdə nigaran söhbətlərin şahidi oluruq. Gəlin, bir qədər geriyə qayıdaq və görək baş rejissorun vəzifəsi nədən ibarət idi? Konkret danışım: 35 ildir Azərbaycanın, demək olar, bütün dövlət teatrlarında 30-a yaxın əsərim tamaşaya qoyulub. Və tam əminliklə deyə bilərəm ki, hansı əsərin repertuara salınması, onun tamaşaya qoyulmasında əsas həlledici sözü həmişə teatrın direktoru deyib. Onun istəyi olmadan heç bir əsər səhnəyə yol tapa bilməzdi. Bu uzun illər ərzində mən heç bir baş rejissorla üz-üzə gəlməmişəm, yəni buna ehtiyac olmayıb. Əsas odur ki, dramaturq öz rejissorunu tapsın. Bir də nəzərə alaq ki, teatrın direktoru kolxoz bazarının direktoru deyil, teatr direktorudur. O, teatr, rejissor işi, hətta dramaturgiyadan da xəbərdardır. Bugünkü zamanımızda isə teatr direktoru bütün saydıqlarımdan başqa, həm də bacarıqlı prodüser olmalıdır. Hesab edirəm, yerində olan teatr direktoruna nə baş rejissor, nə bədii rəhbər lazımdır. Amma burada bir nüansa diqqət yetirməyi lazım bilirəm: bir liderin sənət ideyası və ya layihəsi əsasında yaranmış, sonradan dövlət teatrı statusu almış teatrların bədii rəhbərsiz keçinməsi ən azı çətindir, çünki həmin teatrın o lidersiz yaşaması və əvvəlki statusunu saxlaması az qala mümkünsüzdür. Bəs nə etməli? Əlbəttə, həmin teatrı yaradan liderin direktor vəzifəsinə gətirilməsi ilə problemi asanlıqla həll etmək olar.

İkinci bir məsələ teatrın ştatında yer tutan və demək olar ki, heç bir tamaşada rol ala bilməyən aktyorların problemidir. Doğrudan da, heç bir əhəmiyyətli rolu olmayan aktyorun teatrın repertuarını çiynində daşıyan aktyorlarla eyni ölçüdə əməkhaqqı alması ən azı ədalətsizlikdir. Əlbəttə, bəlkə də keçmiş zamanlarda müəyyən xidməti olmuş, amma bu gün faydasız adama çevrilmiş aktyorun truppadan kənarlaşdırılması məsələsinin kollegial şəkildə həll edilməsi doğru olardı, başqa sözlə, hər hansı bir aktyorun teatrdan uzaqlaşdırılması bir nəfərin iradəsindən asılı olmamalıdır. Teatr islahatları ilə bağlı müzakirədə bu məsələyə də xüsusi diqqət ayrılmışdı. Bu çətin, ağrılı məsələ ildə, azı, bir dəfə, bütün aktyorların teatrın bədii şurasının attestasiyasından keçirilməsi yolu ilə həll edilə bilər.

Gələcəkdə ballast aktyorların yaranmasının qarşısını almaq üçün işə qəbul edilən aktyorlarla 1 illik müqavilə imzalansa, yaxşı olar. Əgər aktyor işi, istedadı, teatra məhəbbəti ilə özünü təsdiq edə bilərsə, müqavilənin vaxtını hər il artırmaq olar. Belə olanda nə teatra yeni qəbul olunan aktyora görə köhnələr qiyam qaldırar, nə də yeni sayda ballast aktyorlar dəstəsi yaranar. Ümumiyyətlə, teatrda lazımsız ştatların ləğv edilməsi daim gündəmdə olmalıdır.

Şübhəsizdir ki, keçirilən hər bir tədbir, o cümlədən islahatlar o zaman faydalıdır ki, onun praktik nəticəsi olsun. Son vaxtlar Mədəniyyət Nazirliyinin keçirdiyi yaradıcılıq forumları, tədbirləri, praktik əhəmiyyəti olan yığıncaqları artıq öz müsbət nəticələrini göstərməkdədir. Teatrlarımızda yaradıcı bir canlanma, özünü yaxşı tərəfdən göstərmək istəyi qabarıq şəkildə görünür, hətta teatrlar arasında yaradıcı rəqabət də formalaşır. Ölkənin əsas teatrlarında gənc istedadlara yaradıcı şəraitin yaradılması, bu işdə bəzi rayon teatrlarının da müəyyən müsbət nəticələr əldə etməsi təqdirəlayiqdir.

Sonda bir təklifim var: özəl teatrların ayaqda qalması üçün onlara dövlət səviyyəsində maliyyə dəstəyinin göstərilməsi müsbət nəticə verə bilər. Çünki müasir teatrın inkişafı, sənət yenilikləri entuziazm hesabına işləyən o teatrlarda daha tez yarana bilər, nəinki ənənəvi repertuar teatrlarında. Dövlətimiz kütləvi informasiya vasitələrinə, özəl televiziyalara, yaradıcılıq ittifaqlarına maliyyə dəstəyi ayırır, bu çox yaxşı, o siyahıya özəl teatrların ən yaxşılarının da adını əlavə etmək müsbət nəticə verər. Tək entuziazmla uzağa getmək çox çətindir.

Onu da qeyd edim ki, ölkə Prezidentinin təsdiq etdiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında Azərbaycan teatrının strateji hədəfləri və inkişaf istiqamətləri müəyyən edilmişdir. Bu konsepsiyanın əsas müddəalarının həyata keçirilməsi üçün bütün teatr kollektivləri səfərbər olmalıdırlar.

Hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see522

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see427

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see358

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see348

Azər Türk Bankda ciddi geriləmə: 2 dəfədən çox azalma

06 Avqust 2026 10:51see274

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see263

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see241

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see237

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see224

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see220

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see203

Min manatlıq MİDA istiqrazlarını niyə almalıyıq?

06 Avqust 2026 13:42see203

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see201

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see195

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see194

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see174

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see173

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see169

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri