Döyüşən teatrın gəncləri FOTOLAR
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Səhnə hər zaman mənim üçün müqəddəs yerlərdəndir. Səhnə kobudluğu sevmir. Adətim üzrə hər zaman səhnə ilə çox incə rəftar edirəm”
Taleyin qismətində zamanla döyüşən, mübarizə aparan nisginli vətən həsrətli sənət ocaqlarımız da varmış. Onlar XX əsrin 90-cı illərində öz ata-baba yurdlarından didərgin düşməklə məkan duyğularını başqa səhnələrdə bölüşmək taleyini yaşamaq məcburiyyətində idilər. Ancaq buna baxmayaraq taleyin qisməti ilə barışmaqla yaradıcılıq axtarışlarını dayandırmır, əksinə səhnəni döyüşən teatra çevirə bilmişdilər. Bu acılı və ağrılı taleyi yaşayan sənət ocaqlarımızdan biri də Ağdam Dövlət Dram Teatrı idi.
Teatr ilk pərdələrini 1902-ci ildə yerli ziyalıların və yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi, yaxından iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və elə Əbdürrəhim bəy Haqverdiyevin qələmə aldığı “Dağılan tifaq” pyeslərinin tamaşaları ilə açıb. Məhz bu teatra 1923-cü ildə “Dövlət teatrı” statusu adı verilib. 1949-cu ildə respublikamızda bir çox teatrlar, o cümlədən Ağdam Dövlət Dram Teatrı da bağlanılıb. Lakin 1968-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının dövlət teatrı statusu bərpa olunub və 1969-cu ilin martında pərdələrini İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi”, Bəxtiyar Vahabzadənin “Vicdan” pyeslərinin tamaşaları ilə açıb.
Bildiyimiz kimi, 1993-cü ildə Ağdamın işğalından sonra teatr fəaliyyətini bir müddət Bərdə rayonunda, 2004-cü ildən isə rayonun inzibati mərkəzinə çevrilən Quzanlı qəsəbəsində davam etdirir. Teatrın Ağdamdakı binasını isə ermənilər şəhərin digər binaları kimi yerlə-yeksan ediblər. 2011-ci ildən etibarən isə Quzanlı qəsəbə mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib.
Bu gün döyüşən teatrın fəaliyyətində müqtədir sənətkarları ilə birgə talelərinə yazılmış döyüşgən gənc aktyor heyəti də səhnənin müqəddəsliyindən keçib burada böyüyüb boya-başa çatıblar. Belə gənclərdən biri də Anar Orxan oğlu Əhmədovdur.
Anar Orxan oğlu Əhmədov - (Anar Əhməd) 12 noyabr 2002 -ci ildə Bərdə rayonunda anadan olub. 2009-cu ildə Bakının Buzovna kəndində 206 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və daha sonra ibtidai təhsili Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbində davam etdirərək 2020-ci ildə isə həmin məktəbdə təhsilini başa vurmuşdur. 2021-ci ildən isə Ağdam Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışır. Fəaliyyəti müddətində bir çox mükafatlara və təltiflərə layiq görülmüş həmçinin bu ilin mart ayında Milli Teatr günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Ümid” mükafatı ilə təltif olunub.
Niyə məhz aktyor olmaq qərarına gəldiniz ? Dəqiq xatırlamıram, ikinci ya da üçüncü sinifdə oxuyardım. Həmin dövrdənbir hadisə yaddaşımdadır. Gecələr evdə hər kəs yatandan sonra qonşu otaqdan bir işıq parıltısı görünürdü. İlkin vaxtlarda bu parıltıya o qədər də əhəmiyyət vermirdim. Sonradan isə o işığa doğru yaxınlaşmağa başladım. Nəticədə isə görürdüm ki, nənəm (Azərbaycan Respublikasının əməkdar artist - Cəmilə Məmmədzadə) biz oyanmayaq deyə şamı yandırıb və əlində yeni hazırlanan rol dəftərini tutaraq öz obrazı üzərində çalışır. Sonralar isə onun icazəsi ilə oyaq qalır həmin rol dəftərini tutur və oradan replikalar verib ona köməklik edərdim. Soruşanda ki, nənə dəyərmi gecə yuxusuz qalmağa o cavabında “Qismət olsun yaşayarsan, görərsən. Bunu sözlə anlatmaq asan deyil” – deyərdi. Bir az vaxt keçdikdən sonra nənəmlə birgə teatra gedər, məşqlərə baxardım. İndi tam səmimiyyətim ilə demək istərdim ki, sənətkarların o səhnədə tökdüyü zəhmət, tər, qırmızı pərdələr hər açılanda qeyri-ixtiyari formada mənə gələn həyəcan hisləri, nənəmin danışdığı sənət eşqi və həmin işığa doğru getməyim bu gün sənətdə olmağımın əsas səbəbidir.
Fikrinizcə aktyor olmaq arzu və ya istəkdir ya ki, fitri istedad? Bilirsiniz istəklərə qalsa, arzulara qalsa hamı çox şey istəyir və yaxudarzulayır, amma nəticə fərqli olur. Aktyorluq insanın daxilində gizlənən bir xoşbəxtlikdir. Bu gün ən uğurlu aktyorların keçmişlərinə nəzər salsaq, bəlkə də nəsillərindən olan hansısa üzvləri vaxtı ilə incəsənət ilə məşğul olublar. Mənim fikrimcə aktyor sənətində başlıca və ən vacibi təbii ki, istedaddır. Hə... Həmin o istedad fitrətdəndirsə, o zaman aktyor və onun sənət yolu tamamlanır.
Maraqlıdır bəs necə düşünürsən aktyor olmaq asandır ya ki, çətin? Burda əsas məsələ peşəkarlıq və qeyri-peşəkarlıqdır. Təbii ki, istənilənpeşənin, sənətin peşəkarısansa, bu asandır. Yox, qeyri-peşəkar olsan, kütləvi səhnədə arxadan keçmək belə çətin olacaq. Aktyor adının özündə böyük məsuliyyət var. Bu adı daşımaq, o statusu qazanmaq üçün bütün çətinliklərin öhdəsindən gəlməyi çalışaraq, araşdıraraq və s. bacarmalısan. Yox əgər bacarmırsansa, elə oradaca o müqəddəs adı ləkələməkdən imtina etməlisən.
Sənət meyarı dedikdə səhnəyə yanaşma tərzin necədir? Səhnə hər zaman mənim üçün müqəddəs yerlərdəndir. Səhnə kobudluğusevmir. Adətim üzrə hər zaman səhnəilə çox incə rəftar edirəm. Sanki, qəlbən sevdiyin biri var və o səndən hər an inciyər, küsər və ən sonunda səndən gedə bilər. Amma ona qayğı ilə, eşq ilə yanaşsan, sənə uğur gətirər və ucaldar. Siz görmüsünüzmü sevdiyi birinə qarşı başqası tərəfindən kimsə hörmətsizlik etsə, kobudluq etsə, alçatsa həmin şəxs sussun? Təbii ki, yox. Məndə eşqimə sadiq yəni səhnəmə münasibətdə həmin şəxslərdənəm.
Hansı rejissorlarla işləmək daha rahatdır? Peşəkar, aktyorun dəyərini, qədrini bilən, sənəti sənət kimi təqdim edənümumilikdə əgər sən sənətini dərk edən aktyorsansa, hansı rejissor ilə çalışdığının əhəmiyyəti yoxdur düşüncəmdə. Amma, bir nüansda var ki, səni öz ampulasında məhvə doğru aparırsa, o rejissordan qaçmaq lazımdır. Çünki, ona heç vaxt, heç nəyi anlada bilməyəcəksən.
Hansı rejissorlarla işləmək istərdin? İlkin olaraq və qəti şəkildə ustadım, Əməkdar İncəsənət xadimi, kumirimBəhram Osmanovu deyə bilərəm. Düşünün Azərbaycan Teatr Xadimləri İttifaqında təşkil edilmiş rejissor laboratoriyasında ondan iki il müddətində dərs aldığım zamandan əvvəl belə məqsədlərimdən biri də bu olub ki, o zirvəyə layiq olmalıyam və Bəhram müəllim hansısa tamaşasında məni bir aktyor olaraq görsün. Sonra isə gəlir mənə nələrisə öyrədəcək, inkişafımda rolu olacaq, yaxşı olduğum halda məni görməzdən gəlməyəcək, əməlləri ilə sənətdən kənarlaşdırmayacaq, əksinə sevdirəcək bu sənətin rejissorlarına. Reallıqda bu arzuma da çatdım və onunla işləmək qismətimdə var imiş, belə də oldu.
- Daha çox sevdiyin obraz varmı?
- Düşünürəm ki,aktyor hər xarakterdə obrazı oynamağı bacarmalıdır. Çərçivədə, bir ampulalı aktyor olmaqdan qaçmaq lazımdır. Bütün obrazları sevə bilərəm, amma, baxır kim yazıb və kim, necə yozum verir. Bax bu əsas şərtdir.
- Gənc bir aktyorun səhnədə oynamaq istədiyi obrazlar daha çox olur. Səndə necə?
- Sadəcə arxivimdə rol olsun deyə hər tamaşada oynamaram, oynamaq istəmərəm. Amma bəzən bu kimi şeylər aktyordan asılı olmur. Az öncə dediyim kimi əsaslı rolları oyanamağa daha çox üstünlük verirəm ki, nə zamansa yaşlananda geri dönüb baxarkən xəcalət çəkməyim.
- Bu gün yeni yaradıcılıq axtarışları, teatrlara baxış gənc aktyor olaraq səni qane edirmi?
- Düşünürəm ki, hal-hazırda Azərbaycan teatrı çox sürətli inkişaf edir. Bu inkişaf isə ölkəmizi günü-gündən gözəlləşdirir. Əgər Azərbaycan teatrının adı beynəlxalq səviyyədə çəkilirsə, bu artıq bizim teatrımıza qalib statusunu verir.
- Yaradıcılıq, potensial qüvvələrin üzə çıxarılması üçün atılan addımlar qənaətbəxşdirmi?
- Son illərdə atılan addımlar (festivallar, müsabiqələr və s.) məni daha çox çalışmağa cəlb edir, sənətimə qarşı motivasiyamı artırır. Dövlət səviyyəsində olan tədbirlərə gənclərin də cəlb olunması, bizlərə xüsusi diqqət və qayğı göstərilməsi sevindirici haldır. Bu diqqət mənə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Ümid” mükafatı ilə göstərilib və dövlətimiz tərəfindən diqqət artmaqdadır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən günü-gündən gözəl layihələr ərsəyə gətirilir . Əksər layihələr isə gənclərin karyerası üçün nəzərdə tutulan layihələrdir. Bu da o deməkdir ki, biz gəncləri unutmurlar. Biz özümüzü göstərməyimiz üçün (potensialımızı, yaradıclığımızı) hər bir şərait var və olacaq. Geriyə qalır bizim o addımları dəyərləndirməyimiz. Çalımağımız, ora layiq olmağımız.
- Hətta bildiyim qədər evdə bir teatr yaratmaq niyyətində idin. Bu niyyət baş tutdumu və necə?
- Mən bu fikrə “Teatr aktyorun evidir” devizi ilə düşünərək gəlmişəm. Əgər teatr aktyorun evidirsə, nəyə görə də aktyorun evində teatr olmasın?.. Tarixə nəzər salsaq, dahi şəxsiyyətlərimiz vaxtı ikən o dövrlərdə teatrların az olması nəticəsində və ya başqa səbəblərdən fədakarlıq edərək, öz evlərində teatr yaradıblar və Azərbaycan teatrını yaşadıblar. Mən necə vətənimə, ailəmə bağlı biriyəmsə, həmçinin teatrımada elə möhkəm və vazgeçilməz surətdə bağlıyam. Teatrı sevmək – yaşatmaq yalnız o binaya daxil olub, məşqlərdə iştirak edib, iş vaxtı bitəndən sonra evə qaçmaq deyil. Teatrı sevmək - yaşamağı sevməyə bərabərdir. Bəli evdə teatr yaratmaq fikrim hələ də var. Amma mən bilirəm ki, bu dəstəksiz, köməksiz baş tuta bilməz. Hələki bu işi “Özünü inkişaf” layihəsi çərçivəsində davam etdirirəm və xoşbəxtəm ki, öz ideyamla Azərbaycan mədəniyyətinə və incəsənətinə xidmət edirəm. Amma, diqqət göstərilsə, dəstək olunsa vurğuladığınız həmin ev teatrını yaratmaq olar. İndidən planlar cızmışam. Həmin o planlardır ki, Azərbaycanda fərqli bir inkişaf olacaq. Hər şey planlarım üstündə gedərsə, hətta beynəlxalq səviyyədə belə adımız vurğulana bilər.
- Tərəfmüqabilsiz teatr varmı? Varsa necə?
- Mükəmməl tərəfmüqabili lazımdır. Yaxşı tərəfmüqabilləri tamaşanı hətta teatrı ayaqda saxlaya bilər. Yox əgər tərəfmüqabili qənaətbəxş deyilsə, məcbursan bütün yükü özün çəkəsən. Hamımızın bildiyi kimi aktyorsuz teatr olmaz. İşini bilən aktyorlara isə daha çox diqqət və qayğı göstərilməlidir ki, qənaətbəxş olmayan tərəfmüqabillərinin yükündən azad olsunlar.
- Repertuar aktyor üçün seçilməlidir ya ki, teatrın ümumi tamaşaçı duyumunu anlamaq məqsədini daşımalıdır?
- “Yeddi oğul istərəm” filmindən bir fraqment yadıma düşdü: “Mədəniyyət bax bu gün gördüyün bu qara camaata lazımdır. Özdə heç bilirsən necə lazımdır?!” Bu çox dərin mənalı sözdür. Teatr çalışmalıdır ki, tamaşaçısını maarifləndirsin, tamaşaçını teatra bağlasın. Repertuar o halda aktyor üçün seçilər ki, o teatrda xalq tərəfindən sevilən, sayılıb-seçilən aktyor çalışsın. Çünki, həmin xalq sevən aktyor xalqın nə istədiyini çox gözəl biləcək. Yox əgər əks halda...
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi







