DTX rəsmisi: Təhlükəsizlik yalnız texnoloji məsələ deyil
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Təhlükəsizlik yalnız texnoloji məsələ deyil.
Ölkə.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin nümayəndəsi Elvin Balacanov "CIDC 2025 – Critical Infrastructure Defence Challenge" kibertəhlükəsizlik festivalında panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, təhlükəsizlik dövlətin, cəmiyyətin, həyatın və insanın özünün qoruması deməkdir. Amma bu qoruma insanın mahiyyətinə toxunmamalı, əksinə, onunla uzlaşmalıdır:
"Təhlükəsizliyi azadlığın rəqibi kimi deyil, əksinə, azadlığın mövcudluq şərti kimi qəbul etmək lazımdır. Çünki təhlükəsizliyin olmadığı yerdə azadlıq da davam edə bilməz. Amma unutmayaq ki, təhlükəsizliyin də mərkəzində insan dayanır və məlumatların arxasında rəqəmlər yox, insanların taleyi durur. Buna görə də bu paneldə biz daha çox təhlükəsizliyin təmin olunması ilə insan hüquqlarının qorunması arasındakı balansdan danışacağıq".
"Bu balansı qorumaq, müasir dövrün ən çətin, amma eyni zamanda ən vacib məsələlərindəndir. Ola bilsin ki, bu paneldə qəti cavab tapa bilməyəcəyik. Çünki sual çətindir. Amma ümid edirəm ki, bu panel bizi düşünməyə, dəyərləri yenidən qiymətləndirməyə vadar edəcək. Çünki düşünmək, sorğulamaq azadlığın başlanğıcı, təhlükəsizliyə doğru atılan ilk addımdır".


