Dünya ekoloji problemlərlə üzləşdiyi bir zamanda müasir yazıçıların əsərlərində ekoloji nağıl və hekayələr
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ekologiyanın qorunmasına və “Bizim yaşıl dünyamız”a həsr etdiyimiz mövzumuz daha maraqlı, daha rəngarəng olacaq. Çünki, haqqında yazacağımız yazıçı nağılçıdır, artıq 35 ildir nağıl və hekayələri ilə hamını sevindirən Gülzar İbrahimovadır. Yazıçı xanımı maraqla izləyir, yazdıqlarını sevə-sevə oxuyurlar. O yazır, yaradır, yaradıcılığının çox hissəsini ekologiyanın qorunmasına, təbiət hadisələrinə, təbiət gözəlliyinə həsr edir. Yaza-yaza təbiət gözəlliklərini və təbiətdəki canlıları əzizləyir, oxşayır. Nəzər yetirsək görərik ki, Gülzar İbrahimova ekologiyadan yazanda təbiətə, onun canlılarına məhəbbətlə, böyük həssaslıqla yanaşır, təbiəti müdafiə yolunda xeyirxah iş görən nağıl qəhrəmanını yüksəklərə qaldırır. Təbii ki, hər bir əsəri oxuyan oxucu da həmişə müsbət qəhrəmanın yerində olmağa çalışır.
Dünyanın hər sahəsində inkişaf sürətlə gedir. Bu sevindirici haldır. Bu günün uşaqlarının düşüncəsi, inkişafı ilə on, iyirmi il əvvəlin uşaqlarının dünyagörüşü, intellekti, zəkası bu günün uşaqları ilə müqayisə olunmaz dərəcədədir. Ona görə bugünün yazıçılarının da öhdəsinə böyük məsuliyyət düşür.Onlar müasir uşaqlar üçün elə əsərlər ortaya qoymalıdırlar ki, yeniyetmə və ya uşaq onu oxuyanda dodaq büzməsin, kitabdan üz çevirməsin.
Uşaq yazıçısının böyüklüyü ondadır ki, o, müasir dövrün problemlərini uşaq və yeniyetmə dilində qələmə almağı bacarır, onu oxucusuna çatdıra bilir. Bu baxımdan kitabxanalardan, kitab mağazalarından, saytlardan və sosial şəbəkələrdən arayıb-araşdırdığımız ən çox ekoloji nağıl, hekayə, şeir-nağıl yazan yazıçı kimi qarşımıza Gülzar İbrahimova çıxdı. Mövzu ilə bağlı Yazıçı xanımın çoxsaylı əsərləri var. Kiçik yaşlı uşaqlar üçün - “Gəcəyimiz təmiz olsun”, “Qəddar ovçu”, “Yusif və cücələr”, “Şahzadə Mehinin nağılı”, “Tutunun hədiyyəsi”, “Nur”, “Osman və Qu quşu”, “Şirin yuxu”, “Osman və Balıq”, “Sehrli qız”, yeniyetmələr üçün – “Su pərisi və Balıqçı”, “Çin hekayəti”, “Etibarlı canavar”, “Hürməz”, “Bağışla məni, Məstan”, “Günəşli xalçanın sirri” və başqaları.
Gülzar İbrahimova hansı janrda yazmağından asılı olmayaraq, ya nağıl və ya hekayə, və ya nağıl-poema yazsın, onu məharətlə, ustalıqla oxucusuna çatdırmağı bacarır. Əsəri oxuyanda oxucuda istər-istəməz təbiətə, təbiətdə yaşayan canlılara qarşı xüsusi bir məhəbbət yaranır. Yazıçı yaza-yaza, əsərləri ilə oxucusuna təbiət hadisələrini öyrətməyə, təbiət canlılarını sevdirməyə çalışır.
Belə əsərlərdən biri olan “Qəddar ovçu” nağılında yazıçı Gülzar nənə meşənin yaxınlığında yaşayan Nursu adlı bir qızın təbiətə sevgisindən və canlıları necə sevərək qorumasından yazılıb. Nursu xalça toxuyur. Toxuduğu xalçanın üstünə çiçəklərdən naxış vurur, kəpənəklərin rəngini xalçaya verir, xalça çox gözəl olur. Bir gün o, xalçaya ana ilə bala ceyranın əksini toxuyur. Xalça o qədər xoşuna gəlir ki, onu aparıb həmin ceyrana göstərmək qərarına gəlir. Gəlib görür, ana ceyran yaralanıb. Qız çox çətinliklə onun yarasından oxu çıxarır. Meşəbəyinin oxunu tanıyır, ondan ceyranın qisasını almaq qərarına gəlir. Nəticədə Nursu elə bir iş görür ki, Qəddar ovçu bu diyarlardan köçüb başqa yerə getməli olur.
“Qəddar ovçu” nağılı Təbrizli oxucular və naşirlər tərəfindən sevildiyindən İranda da çap edilib.
“Osman və Qu quşu” nağılında Gülzar nənə dəniz kənarında yaşayan kasıb bir ailədən nağıl yazıb. Bir gün balaca oğlan bağda gəzir, əlində isti təndir çörəyi yeyir. Birdən o görür ki, bir ilan dartınır ağaca, yuvadakı quş balalarını yemək istəyir. Bala quşlar uça bilmir, qorxudan cik-cik edir, analarını köməyə səsləyirdilər. Osmanın quşlara o qədər yazığı gəldi ki, qorxmadı, ilanın qarşısını kəsib onu quşlara yaxınlaşmağa qoymadı. Yavaşca ilana tərəf əyilib pıçıldadı:
Dəymə bala quşlara, yazıqdılar, sənə isti çörək verərəm, yeyərsən!
İlan fısıldadı. Osman əlindəki çörəyi xırdalayıb onun qarşısında yerə tökəndə, təndir çörəyinin ətri ilanı necə vurdusa, çörəyi yedi, sonra sürünüb getdi.
Nağılın sonunda həmin quş böyüyür, Osmanın, ata-anasının canını acgöz şahdan və vəzirdən qurtarır. Belə bir nağıl uşaqlara təbiətin canlılarına qarşı rəhmli olmağı öyrədir.
“Osman və Balıq” nağılı isə müasir nağıldır. Nağılçı nənə belə nəql eləyir ki, Osman adlı bir oğlan olur. Evləri dənizin lap kənarında olur. Osman dənizi sevir, hər gün dənizdə çimir. Dənizi o qədər sevir ki, gecələr də yuxuda dəniz görür, çimir. Çiməndə ətrafında çoxlu rəngli balıqlar üzür.
Bir neçə gün Osman daha rəngli yuxular görmür və səbəbini də tapa tapmır. Bir səhər dəniz kənarında gəzəndə görür sahildə bir balıq var, dayanmadan çırpınır. Yaxınlaşır balığa, görür onun pəri və yanındakı süzgəcləri ilişib salafan torbaya, yazıq çırpına-çırpına qalıb qumda. Yəqin ki, bir az da belə qalsaydı, susuzluqdan öləcəkdi. Tez balığı götürür, süzgəclərini salafan torbadan ayırır, ondan sonra balığı suya salır. Balıq üzüb uzaqlaşır və həmin gündən Osman yenə də gecə yuxularında dənizi rəngarəng görür.
“Osman və Balıq” nağılı ətraf mühitin təmiz saxlanmasına, çirkləndirilməməsinə, ekologiyanın qorunmasına həsr edilib. Belə nağıl bəlkə də minlərlə uşağı dənizə salafan torba atmaqdan çəkindirə biləcək, dəyərli bir əsərdir.
“Gələcəyimiz təmiz olsun” – hekayəsi Gülzar İbrahimovanın kiçik yaşlı uşaqlar üçün yazdığı müasir hekayədir. Təbiəti sevməyi, ətrafımızı çirkləndirməməyi öyrədir. Sevincgil bulvara yaxın yerdə yaşayırlar. Onlar tez-tez bulvara gedirlər. Bir gün balaca Sevinc babası ilə bulvara gedəndə dondurma istəyir, babası ona şokoladlı dondurma alır. Sevinc dondurmanı açır, kağızını yerə atır. Babası onu tənbeh edəndən sonra, kağızı zibil qutusuna atır. Yeyib doyandan sonra isə azca qalmış şokoladlı dondurmanı yavaşca oturacaq skamyasına qoyur. Baba bunu görmür.
Səhər Sevincin ad günü günü olur. Ona gözəl, ağ tül parçadan, paltar hədiyyə edirlər. Sevinc ağ paltarı çox xoşlayır. Ad günündən sonra hamı bulvara düşəndə, o da ağ paltarını geyir. Sevincin başı rəfiqələri ilə söhbətə elə qarışır ki, bilmədən çirkli skamyada oturur. Qalxanda hamı görür Sevincin təzə paltarında qəhvəyi, eybəcər bir ləkə var. Uşaqlar təəsüflə deyirlər: “Görəsən hansı pis, hansı pinti skamyanı çirkləndirib?” Ləkəni görəndə Sevincin yadına düşür ki, bu skamya onun dondurmanı qoyub getdiyi skamyadır. O qədər pis olur ki, ağlayır. Natəmizlik elədiyinə peşman olur. Ağlaya-ağlaya deyir: “Mən pinti deyiləm, mən pis deyiləm!”.
“Gələcəyimiz təmiz olsun” hekayəsində Gülzar xanım oxucularına öyrətmək istəyir ki, təmizlik, gözəllik hamımız üçündür, bu gözəlliyi həmişə qorumalıyıq.
Yazıçının “Rəssam qız və Sehrli Kəpənək” – fantastik hekayəsi təbiətdəki canlıların qorunmasına aiddir. Gülşən qardaşı kimi rəssam olmağı arzulayır. Amma çəkdiyi rəsmlər heç vaxt qəşəng alınmır.
Bir yaz günü ata, ana və uşaqlar çəmənliyə gəzməyə gedirlər. Gülşən kəpənək tutan torla kəpənəkləri qovur. Ana bir tırtılı və onun yanındakı kəpənəyi Gülşənə göstərib deyir: “Bax, indicə bu tırtıl kəpənəyə çevriləcək. Lap az qalıb. Yəqin yanındakı da anasıdır”. Gülşənin anası bir az uzaqlaşır, Gülşən tırtıldan gözünü çəkmir. Birdən külək başalyır, tırtıl büzüşür, külək əsib kəpənəyi ordan uzaqlaşdırmaq istəsə də, kəpənək uçub getmək istəmir. Birdən yağış da başlayır. Gülşən papağını başından götürür, kəpənəklə tırtılı xilas etmək üçün onların üstünə qoyur. Yağış kəsəndən sonra papağı götürəndə görür tırtılın yerində gözəl bir kəpənək var, beləliklə Gülşən kəpənəkləri xilas etmiş olur. Yəqin ki, kəpənəklər sehrli olurlar. Çünki, həmin gündən Gülşənin çəkdiyi bütün rəsmlər gözəl alınır.
Yazıçı Gülzar İbrahimova “Rəssam qız və Sehrli Kəpənək” fantastik hekayəsində uşaqlara təbiətdə yaşayan canlılara sevgi ilə yanaşmağı, onları qorumağı öyrətməyə çalışır.
“Günəşli xalçanın sirri” nağılı dürüstlükdən, insanlara yaxşılıq edərkən pislik ilə qarşılaşmaqdan, təbiətdəki canlılara sevgidən yaranmış bir nağıldır. Nağıl çox xoşa gəldiyindən Təbrizdə nəşr edilib. Ana xalçanı toxuyur, onu bazara aparanda qızına deyir: “Mən qayıdana qədər evləri təmizlərsən, divardakı hörümçək torunu da süpürgə ilə dağıdarsan. Ana qayıdanda görür hörümçək toru yerindədir, qızına irad tutur. Qızı isə səbəbini elə rəhmli şəkildə anasına deyir ki, ana daha bir söz demir qızına. “Ana, nə olar, dağıtmayaq hörümçək torunu, orda balaca hörümçəklər gəzir”. Sən demə, hörümçəklər sehrli imiş, bir gün qız dara düşəndə ona böyük bir yaxşılıq etmiş olurlar.
“Sehrli qız” fantastik hekayəsi müasir dövrə aiddir. Nigar ilk dəfə dərsə gedəndə yolda kirpi görür, onu maşının qabağndan götürür ki, maşın vurmasın. Sürücü hirslənir. Amma buna baxmayaraq Nigar sevinir ki, kirpini xilas edib. Onu özü ilə məktəbə aparır. Kirpinin tikanının biri yerə düşəndə onu götürüb kaktusun dibçəyinə atır. Sehrlər də bundan sonra başlayır. Sinifdə kim Nigarın xətrinə dəyirsə, dilinə, üzünə kaktus tikanı batır. Kaktusu götürüb məktəbin həyətində əksələr də, kaktusun, kirpinin sehri Nigarı həmişə pisliklərdən qoruyur.
“Şirin yuxu” – hekayəsi pişiklərin qayğısına qalmaq haqqındadır. Bir gün həyətdəki pişik Məsinin beş balası olur. Elxan həmişə pişiyin qayğısına qalırdı. İndi onun balalarına südü də o verdi. Balalara isti yer düzəltdi. Balalar çox qəşəng idi. Elxanın dostu Nərgiz balaları çox xoşladı. Bunu görən Elxan balalardan birini Nərgizə verdi. Nərgiz sevincək onu evlərinə apardı. Bundan sonra Məstan pişik nə yemək yedi, nə süd içdi. Uşaqlar səhvlərini başa düşüb, balanı qaytarıb yerinə qoyandan sonra Məstan uşaqlarla barışdı, yeməyini yedi.
Gülzar İbrahimovanın yeniyetmələr üçün yazdığı “Çin hekayəti” adlı fantastik hekayəsi Çində baş vermiş tarixi faktdan yazılıb. Ata işinə görə Çinə - Şanxaya getməyə hazırlaşır. Oğlunu da özü ilə aparır ki, yay tətilində gəzdirsin. Oğlu sevincək ata ilə yola düşür. Çində atasının əməkdaşlıq etdiyi qoca ilə və onun nəvəsi To Aya ilə tanış olur. Uşaqlar yaşıd olduqlarından və hər ikisi ingilis dilində danışmağı bacardıqlarından az vaxtda dost olurlar. Bir gün oğlan raqadka (sapand) ilə sərçə vuranda qızın babası pis olur, hətta onun ürəyi sancdığından təcili yardım çağırırlar. Oğlan elədiyinə peşman olur. Sonra qoca babadan bunun səbəbini soruşanda qoca baba ona keçmişdə baş vermiş qəribə və dəhşətli bir hadisə danışır. O deyir: “Bir zamanlar Çinin rəhbəri əmr verdi ki, ölkədə taxılı yeyib məhv etdiklərinə görə bütün sərçələr qırılsın. Kim çox sərçə öldürürdü, ona tərifnamə və mükafat verirdilər. Beləliklə, ölkədə sərçə demək olar ki, qalmadı. Növbəti il həşəratlar, ziyanverici böcəklər taxılı elə hala saldı ki, taxıl tamam məhv oldu. Həmişə taxılın bir hissəsini sərçələr yeyirdi, çox hissəsi qalırdı. İndi isə ziyanvericilər taxılı yeyirdilər, qalanına isə yumurta qoyub məhv edirdilər. Həmin həşəratları yeyən sərçələr isə yox idi. Beləliklə, taxıl olmur, çörək qıtlaşır, ölkədə elə aclıq başlayır ki, 30 milyon insan acından ölür. Bu rəhbərliyə dərs olur, onlar həyəcanla qonşu ölkələrdən vaqonlarla sərçə almağa başlayırlar. Ən çox da Rusiyadan alırlar. Beləliklə də, ölkə sərçələrin hesabına aclıqdan qurtulur. Hekayənin sonunda yazıçı koronavirus haqda da yazıb. Yarasalarla aparılan eksperiment haqda danışıb. Nəticənin çox acınacaqlı olduğunu vurğulayıb. Bu fəlakətdə də milyonlarla insan öldüyü böyük təəssüflə yazılıb.
“Çin hekayəti”ni yazıçı Gülzar İbrahimova çox asanlıqla yazmayıb. Əvvəlcə tarixi faktları araşdırıb, sonra yazıb. Tarixi faktlar olmadan tarixi hekayəni yazmaq omaz. Bu əsəri yazmaqla yazıçı insanlara bildirmək istəyir ki, təbiət çox böyük, ağıllı bir plan üzərində qurulub. Onun çayları da, dənizləri də, öz axarını yaxşı bilir. Təbiətin canlıları isə harda yaşamaq lazımdır, necə yaşamaq lazımdır, onlar hansı yolla artıb-çoxalmalıdırlar – bütün bunları dünya alimlərindən çox-çox yaxşı bilirlər. İnsanlar təbiətin işinə qarışmaqla, yalnız onu korlaya bilir. Təbiətin balansı pozulduqda isə bu yalnız fəlakətlərə səbəb ola bilir.
Yazıçı təbiətlə ehtiyatlı olmağı öyrədərək, tövsiyə edir ki, insan təbiətin gözəllikləri ilə sevinməli, onunla fəxr etməlidir. Təbiətin gözəl canlılarını qorumalı, onların rahat yaşayışlarına mane olmamalıdır. Yoxsa təbiət qəzəblənir, o da insanların gözəl yaşamasına mane olur.
“Küsüb getmiş uşaqlıq sevinci” hekayəsi ilə Gülzar İbrahimova bir tut ağacının kəsiləməsini bütün məhəllə uşaqlarının da sanki sevincinin kəsilməsinə bənzədib. Yazıçı bu hekayəsini təbiətə -yaşıllığa laqeyid münasibəti böyük ürək ağrısı ilə yazıb. Əsər bir uşağın dili ilə yazılıb: “Binamızın arxasında böyük tut ağacı vardı. Ağacda iki quş yuvası vardı. Quşlar bütün günü cəh-cəh vururdu. Tut ağacının altından qış-yay uşaqların, quşların səsi gələrdi. Uşaqlar tutun altına yığışanda, elə bil quşlar sevinir, daha bərk oxuyurdular.
Ağacın altında iri, gövdəli bir ağac kötüyü var idi, üstündə çoxlu uşaq otura bilirdi.
Çox vaxt biz məhəllə uşaqları tutun altında, söhbət edər, deyib-gülərdik. Kiminsə ad günü olanda çalıb-oynayardıq. Gizlənpaç oynayanda gözümüzü tut ağacının gövdəsində yumardıq. Qışın qarına burda sevinərdik. Payızın yağışından burda gizlənərdik. Baharı burda qarşılar, Novruz sovqatını burda bölüşərdik.
Tut vaxtı ağacdan düşməzdik. Ağacın iri tutu elə şirin olardı, dadından doymazdıq...
Məhəllə uşaqları tutun altına yığışmağı, söhbət etməyi xoşlardı.
Bir gün yaxınlıqda bir dəzgah emalatxanası açıldı. Orda taxtadan maraqlı şeylər düzəldirdilər. Axşamlar uşaqlar evlərinə gedəndən sonra emalatxana müdiri gəlib skamyada oturar, çayını orda içərdi. Bir gün o bizə dedi:
- İstəyirsiz tutu kəsib sizə rəngli, qəşəng skamya, stol düzəldək.
Sevindik. Çox çəkmədi skamya da, stol da hazır oldu. Çox gözəl alınmışdı. Düzdür, bir-iki dəfə bir yerə yığışdıq, amma stol, skamya nə qədər gözəl olsa da, uşaqlar daha əvvəlki kimi bir yerə yığışıb şənlənmirdi. Quşlar uzaqlara uçub getdi. Onların cəh-cəhi həmişəlik kəsildi. Görüşlərimiz əvvəlki kimi gülüş dolu, zarafat dolu olmurdu. Sanki bizim şirin, uşaqlıq xatirələrimiz tut ağacı ilə birgə kəsilmişdi. Ağacın şirin tutlarının dadı ağzımızda qalmışdı. Sevncimiz quşlarla uçub, harasa, çox uzaqlara getmişdi”.
Yazıçı tut ağacının kəsilməsindən kədərlənir, gözəlliyi məhv etdiyinə görə emalatxana müdirinin hərəkətini pisləyir. Gülzar xanım “Küsüb getmiş uşaqlıq sevinci” hekayəsi ilə sübut etməyə çalışır ki, təbiətə belə qəddar münasibət insanları gözəllikdən, sağlam həyatdan uzaqlaşdırır, təbiətin canlılarını isə məhvə aparır. Bu yanlış yoldan insanlar çəkinməlidirlər, deyir.
Gülzar İbrahimova həm də şairdir. Onun yüzlərlə şeirləri və iyirmidən çox sözlərinə yazılmış mahnılar var. Şairin “Su pərisi və balıqçı” şeir-poeması yazıçının təsis etdiyi “Sehrli Dünya” Youtube kanalında milyondan çox baxış toplayıb. “Sehrli Dünya” kanalına isə abunəçi sayı 96 mindən çoxdur.
“Su pərisi və balıqçı” əsərində Gülzar xanım təbiətin canlılarına sevgi ilə yanaşmağı, qorumağı, eyni vaxtda onlara rəhm ilə davranmağı təbliğ edir. Nağıl poemanın qısa məzmununu təqdim edirik: “Bir sehrli dəniz olur. Dənizdə gözəl Su pərisi yaşayır. Atası Su sultanı qızına həmişə öyüd-nəsihət verir ki, heç vaxt insanların gözünə görünməsin. Qızı həmişə atasının sözünü eşidər, sahilə yaxın düşməzdi. Amma bir gün elə bir hadisə baş verir ki, dənizdə tufan baş qaldırır, gənc bir balıqçı az qalır boğulsun. Ürəyi yumşaq Su pərisi oğlanın dadına çatır, onu ölümdən xilas edir:
Elə ki xəbəri Pəri eşitdi,
O üzərək gəncin dadına yetdi.
Tanrıdan cavana ömür dilədi,
Oğlanı ölümdən xilas elədi.
Ölümdən qurtulan oğlan yavaş-yavaş gözünü açır, Su pərisinin gözəlliyini görəndə ağlı başından çıxır, bir könüldən min könülə qıza aşiq olur.
Bu minvalla oğlan tez-tez sahilə gəlib Su pərisi ilə görüşür. Bir dəfə də görüşə gələndə özü ilə bir quzu ceyran gətirir. Oğlan qəfildən bala ceyranın başını kəsəndə qız dəhşət içərisində oğlana deyir:
Nə ürəklə ona qılınc qaldırdın?
Bir balanı bir anadan ayırdın...
Onun da istəyi arzusu vardı,
Böyüyüb bir gözəl ceyran olmaqdı.
Bəlkə sən Tanrısan, Ya, Yaradansan?
Bəlkə Əzrayılsan, ya Canalansan?
Bəlkə o canlıya sən can veribsən,
Bəlkə damarından al qan veribsən?
Tez ol, diz üstə çök, yalvar Allaha,
De ki, sən batmısan, böyük günaha,
Şeytan səni düz yolundan azdırıb,
Səni başdan edib, yoldan çıxarıb.
Cavan görəndə Pəri çox hiddətlənib, çalışır qızın ürəyini ovutsun, ona belə deyir:
Burda nə var ki mən günaha batam,
Şeytan əməliylə yolumdan azam.
Ov ovlamaq bizdə günah sayılmaz,
Ox atmayan cavan igid ər olmaz!
Pəri bi an göz yaşını unutdu,
Üzün göydəki Tanrıya tutdu:
“Dedi Ey Allahım, nə üçün, nədən,
Rəhmini insana çoz az vermisən”...
Beləliklə, Gülzar İbrahimovanın yazdığı “Su pərisi və Balıqçı” nağıl-poeması həm maraqlı, həm də çox təsirlidir. Həm də poema elə bir üslubda yazılıb ki, əminliklə demək olar ki, yazıçı, şair Gülzar xanım, dahi Nizami Gəncəvinin əsərləri ilə bəhrələnib. Yazıçı özünün “Cavan və şah” əsərini də dahi Nizami Gəncəvi dəsti xəttinə bənzətməyə çalışıb. Ona görə hər iki əsər uğurlu alınıb.
Dünyamızın qlobal istiliyə doğru gedişatında Dünya ekologiyasının qorunmasından yazılmış əsərlərə bu gün daha çox ehtiyac var. Bu baxımdan Gülzar İbrahimova kimi yazıçıların əsərləri çox qiymətlidir. Müasir dövrdə belə əsərlər çox yazılmalı və yayımlanmalıdır. İnsanlar ayılmalı, təbiəti məhv etmək istəyənlərə və yavaş-yavaş məhv edənlərə qarşı mübarizə aparmalıdırlar. Çünki, nə qədər əmrlər verilsə, qaydalar yazılsa, cərimələr tətbiq olunsa da, yenə də pul qazanmaq məqsədilə acgöz iş sahibləri təbiəti yavaş-yavaş məhv etməkdə davam edirlər.
Hər dəfə şəhərdə bir bina tikiləndə yüzlərlə ya ağac, ya da ağac yeri məhv edilir. Bu gün təmiz nəfəs almaq üçün, təbiətin havasını saflaşdırmaq üçün nə qədər yaşıllığa ehtiyacımız var. Hər şənbə-bazar minlərlə şəhər camaatı təmiz hava axtarışında rayonlara üz tutur. Bu hamımıza dərs olmalı, təbiətin qayğısını çəkməli, onu evimizin də, ürəyimizin də içi kimi qorumalıyıq.
Sona Ədilzadə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


