Dünya sənin, dünya mənim... Hüseynbala Mirələmovun yeni hekayəsi
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Kulis.az “Hekayə müzakirəsi” layihəsində yazıçı Hüseynbala Mirələmovun "Dünya sənin, dünya mənim..." hekayəsini təqdim edir.
Toy salonuna girəndə səs-küydən qulaq tutulurdu. Musiqi Bakının küləyi kimi adamın üzünə çırpılırdı. Gülüş sədaları, cəngəl-bıçaq taqqıltısı, tamadanın səsi bir-birinə qarışmışdı. Qonşum Valehin oğlunun toyu idi. Bir müddət əvvəl yüksək vəzifədən azad ediləndən sonra bu, getdiyim ilk toy idi. Məclis çoxdan başlamışdı, mən bir az gecikmişdim. Toy sahiblərinin yaxınlarından biri qapıdaca qarşıladı, təbrikimi çatdırdım, məni oturacağım stola doğru ötürdü. Masaların arası ilə yerimə doğru irəlilədim, səhnədəki müğənninin məlahətli səsi də məni müşayiət edirdi:
Nə dedim xətrinə dəydi,
Üzün məndən niyə döndü?
Kimsə mahnıya qoşulub oxuyurdu, kimsə ritmə uyğun çırtıq çalırdı, ortada bir dəstə gənc deyə-gülə rəqs edirdi, bir sözlə, hamı istədiyi kimi cani-könüldən əylənirdi. Qadınlar bir-birinə tərəf əyilib nəsə pıçıldayır, sonra ucadan gülüşürdülər.
İsti yeməklərin buxarı ilə bahalı ətirlərin qoxusu bir-birinə qarışmışdı, hamı bu şənliyin bir parçasına çevrilmişdi. Kimi telefonunu yuxarı qaldırıb bu anları yaddaşa köçürür, kimi köhnə tanışla rastlaşıb hal-əhval tutmağın sevincini yaşayırdı. Uşaqlar stolların arasında ora-bura qaçır, böyüklərin danlağını eşidib bir anlıq dayanır, sonra yenə şıltaqlıqla gülüşə-gülüşə gözdən itirdilər.
Səhnədən gələn səs gah ucalır, gah alçalır, salonun hər küncünə toxunub qayıdırdı. Bu səslər təkcə qulaqlara yox, adamların ovqatına, xatirələrinə də yol tapırdı. Mən isə bu gurultunun içində asta addımlarla irəliləyir, hər tərəfdən üzümə dəyən səs-küyü və işığı izləyirdim.
Masaya yaxınlaşanda ətrafındakı insanların əksəriyyətinin tanışlar, yaxınlar olduğunu gördüm. Hələ vəzifədə işlədiyim vaxt demək olar ki, masadakıların elə hamısına yardımım toxunmuşdu. Hansısa kömək üçün müraciət edəndə “əl tutmaq Əlidən qalıb” prinsipi ilə bacardığımdan da artıq yardım etməyə çalışmışdım. Bunu hansısa təmənnam olduğuna görə eləməmişdim, xarakterim belə idi. Düşünürdüm ki, Allah mənə ruzi verirsə, onu ehtiyacı olanla bölüşmək, kömək etmək savabdır. Məni belə böyüdüb tərbiyə eləmişdilər.
Masada mənim üçün ayrılmış yerimə oturanda stolda hamının başı qarışıq idi. Ayağa qalxmışdılar, deyilən sağlığa içəcəkdilər. Sağlıq deyəni tanıyırdım, iki il əvvəl övladının əməliyyatı üçün əlimyandı borc axtarırdı, lazım olan qədər pul vermişdim, sonra heç istəməmişdim. Demişdim - "təki, balası sağalsın".
Onun səsi aydın, tonu arxayın idi:
– Əziz dostlar, bunu da içək kişiliyin, mərdliyin sağlığına! Şərəfin, sədaqətin sağlığına!
Stullar bir-birindən aralandı, hamısı əllərində qaldırdıqları qədəhlərlə irəli əyildilər. Şüşə qədəhlər cingiltili səslə bir-birinə dəydi. İçkilər birnəfəsə içildi. Yer-yerdən “var ol, sağ ol”, “afərin”, “halal olsun” sədaları ucaldı.
Məni hələ görməmişdilər. Sonra yerlərinə oturub yeməyə davam etdilər. Baxışları mənə sataşanda ağızucu salam verən də tapıldı, özünü görməməzliyə vuranlar da oldu. Qəribə, son dərəcə laqeyd bir soyuqluq dalğa-dalğa masaya yayılırdı. Sağlıqdan sonra hamısının başı guya yeməyə və söhbətə qarışmışdı.
Mən də ortadakı qabdan qabağımdakı zərli nimçəyə kabab çəkdim, ofisianta şərab tökməsi üçün işarə elədim. Bir azdan fərqinə vardım ki, 8-10 nəfərlik stolda seyrəklik yaranıb. Əksəriyyəti nə vaxt durub getmişdilər, heç fikir verməmişdim.
Masada qalan boş stullar sanki bir az əvvəl deyilən gurultulu sözlərin, qaldırılan tostların səssiz şahidinə çevrilmişdi. Kimsə təcili zəng gəldiyini bəhanə etmiş, kimsə başqa stola baş çəkmək adıyla çəkilib getmişdi. Səbəblər müxtəlif idi, amma nəticə eyni - ətrafımda yaranan boşluq aydınca nəzərə çarpırdı. Bir vaxtlar kömək üçün qapımı döyən üzlər indi ya ürkək baxışlarla məndən yayınır, ya da salonun o başından mənə yad bir adam kimi nəzər salırdılar.
Şərab qədəhimdə asta-asta titrəyirdi, elə bil masadakı bu ani dəyişikliyi o da hiss edirdi. İçimə ağır, izahsız bir hiss çökmüşdü, bu nə qəzəb idi, nə də inciklik. İnsanların gerçək üzü ilə tanış olanda yaranan o tanış, acı ayıqlıq hissi idi. Mən sakitcə yeyir, arabir başımı qaldırıb ətrafı seyr edirdim. Oturduğum bu masa təkcə toy süfrəsi deyildi, həm də illərlə qurduğum münasibətlərin səssiz hesabat yerinə çevrilmişdi.
Masanın arxasında qalan 3-4 nəfər də nə barədəsə öz aralarında pıçıldaşdılar. Biri cibindən telefonunu çıxarıb qurdalanmağa başladı, sonra da guya zəngə cavab vermək adıyla masadan uzaqlaşdı. O birisi hava almaq bəhanəsilə sivişdi. Üçüncüsü stulunu çəkib ayağa durdu, heç sağollaşmadan məclisdən çıxdı. Durub gedəndə heç biri nə üzümə baxdı, nə də xudahafizləşdi. Elə bil hamısının yarımca saatın içində işi çıxmışdı, tələm-tələsik toydan getmişdilər.
Yalnız bir nəfər qalmışdı, o da stolun üstündəki ləbləbidən bala-bala ötürür, ortada canfəşanlıqla oynayanlara tamaşa edirdi. Bir anlıq baxışlarımız rastlaşdı, yüngülcə gülümsündü, bir-birimizi tanımırdıq.
Ətrafı boşalmış masaya göz gəzdirdim, boşqablarda yarımçıq tikələr gözə dəyirdi. Bir az əvvəl kişiliyin və sədaqətin sağlığına içilmiş qədəhlər stolun üstündə sahibsiz qalmış əşyalara bənzəyirdilər...
Bu vaxt stolun ayaq tərəfində oturmuş yaşlı, ortaboylu, dolubədənli həmin kişi başını mənə tərəf çevirdi. Elə bil çoxdan nəsə demək istəyirdi, amma münasib anı gözləyirdi. Qalın qaşlarının altından diqqətlə baxdı, sonra sakit səslə dilləndi:
– Deyəsən, ikimiz qaldıq.
Səmimiyyətlə gülümsədim:
- Hə, elədir...
O, durub gəlib lap yanımda əyləşdi. Bayaq uzaqdan başımızla salamlaşmışdıq, indi isə əl uzatdı.
Tanışlığımızdan sonra bildim ki, Əbülfəz kişi qonşumun rayonların birindən gəlmiş uzaq qohumudur. Elə uzun illərdir orada tarix müəllimi işləyir. Təbəssümlə qədəhlərimizi toqquşdurub içdik. Tarix müəllimi başı ilə masaya işarə edib dedi:
- Nə tez durub dağılışdılar bunlar, heç sağollaşmadılar da...
Hiss etdim ki, Əbülfəz müəllimin bu sözündən sonra qeyri-ixtiyari acı, istehzalı təbəssümüm dalğa-dalğa üzümə yayıldı. O da bunu sezdi.
Sakitcə dilləndim:
- Əbülfəz müəllim, mənə görə durub getdilər burdan. Bu insanların hamısına vaxtilə yaxşılığım dəyib. Vəzifədə olanda hamısına əl tutmuşam, irəli çəkməyə çalışmışam. Bir vaxtlar hamısı ilə eyni süfrədə çörək kəsmişəm, araq içmişəm. Elə gün olub ki, dərdlərini mənə deyiblər. İndi isə elə davranırlar ki, guya məni heç tanımırlar. İnsan elədiyi yaxşılığı əlbəttə ki, dilə gətirməz, müəllim. Amma adamlar çox vaxt onlara edilən yaxşılıqlara üstlərinə düşən kölgə kimi baxırlar; zaman keçdikcə o kölgənin varlığından narahat olurlar.
Tarix müəllimi təsdiq mənasında başını yellədi və səmimi səs tonu dilləndi:
- Bilirsən, niyə qardaşoğlu? Çünki daxillərində o yaxşılığa cavab verəcək adamlıqları olmur. Bayaq gördüm, elə sən gələn vaxt kişiliyin sağlığına içirdilər. Mərdlik, sədaqət haqqında danışmaq da, bu sağlığa içmək də asandır, amma bu anlayışları kişi kimi yaşaya bilmək hər adamın işi deyil. Bəzi adamların sədaqət, mərdlik anlayışı insana, insanlığa yox, mövqeyə bağlıdır.
Diqqətlə Əbülfəz kişini dinləyirdim. Danışığından hal əhlinə oxşayırdı.
Sözünə qüvvət kimi dedim:
- Müəllim, keçmişdə kişilər dost üçün candan keçirdilər, düşmənçiliyi də mərd-mərdanə aparırdılar. Bir kitabdan oxumuşdum, bir kişi qan düşmənini öldürmək üçün gecə vaxtı alaçığa girir. Amma düşməninin arvadı ilə birgə yatdığını görüb qadının yanında onu öldürməyi kişiliyinə sığışdırmır, sinəsinin üstünə iki patron qoyub gedir. Yəni, öldürə bilərdim, amma arvadının yanındasan deyə öldürmürəm... Köhnə kişilərin yazılmamış əxlaq, şərəf, mərdlik, kişilik qanunları idi bunlar... Amma indi... Ehhh...
Əbülfəz müəllim ərklə kürəyimə vurdu:
- Düz deyirsən. İndi elə bil insanlar pusquda durublar. Bir-birinin çatışmayan cəhətlərini qabartmaq, onları hamının qarşısında bəyan etmək üçün fürsət axtarırlar. Başqasının sarsılmasından, zəifləməsindən, səhvlərindən ləzzət alırlar. İnsan vəzifədə olarkən ətrafındakılar nəinki sual verməyə, hətta şübhə etməyə belə cəsarət etmirlər, çünki onlar insanın özünə yox, onun tutduğu kürsüyə baxırlar. Vəzifən əlindən alındığı an onlar təkcə simalarını yox, elə yaddaşlarını da itirirlər. Onlara edilən yaxşılığı da tapdayırlar, adama da arxa çevirirlər. İnsanla deyil, onun verdiyi imkanlarla bağ quranlar imkan bitən kimi bağlarını qoparıb qaçırlar...
Onun fikrini təsdiqlədim:
- Çünki, düşünürlər ki, mövqeyini itirən insandan uzaqlaşsalar, özlərini güvəndə hiss edərlər. Rəhmətlik atam deyərdi ki, nankorluqla nakişilik eyni şeydir, nanəciblik də, namərdlik də, naxələflik də... Vəzifədə olanda Mustafa adlı bir dostumu özümə müavin götürmüşdüm. Hansısa universitetin lazımsız bir ixtisasını bitirəndən sonra illərlə işsiz qalmışdı, elə o ərəfədə insanlığına, yaxşı işləyəcəyinə güvənib müavin vəzifəsinə gətirmişdim. İşsiz vaxtlarında evinin təmirinəcən kömək eləmişdim, imkanım çatdığı qədər korluq çəkməyə qoymamışdım. Axı onu dostum bilirdim, dostu dar ayaqda çətin vəziyyətdə qoymamağı öyrədib atam mənə uşaqlıqdan... Mustafa kabinetimə girəndə sual işarəsinə dönürdü, söz deyəndə də “bəli, baş üstə”. Çox vaxt başını da heç yuxarı qaldırmırdı. Otaqdan çıxanda arxa-arxaya çıxırdı. Mən bütün bunları hörmət sanırdım. Çünki mən də ona hörmət edirdim. Adam bəzən qarşısındakının əsl niyyətini sezə bilmir, hamını öz ürəyinin arşını ilə ölçür. Sonra məni vəzifədən azad etdilər. Yerimə təyin olunmuş yeni namizədin təqdimatında mən də var idim. Başını yerdən qaldırmayan və qarşımda həmişə sual işarəsi kimi duran Mustafa həmin iclasda çıxış eləyəndə vəzifədən çıxarılmağımla bağlı dediyi nitqdən bir cümlə ömürlük yaddaşıma həkk olundu: “Bu, çox gözəl, lakin gecikmiş qərardır...”
Əbülfəz müəllim stula kürəyini söykəyib fikirli-fikirli başını buladı, təmkinlə mənə cavab verdi:
- Tarixdə də belə nankorluqlar çox olub... Yuli Sezar eramızdan əvvəl Romanın taleyini əlində saxlayan ən qüdrətli şəxsiyyətlərdən biri idi. Hakimiyyəti dövründə saysız-hesabsız xəyanət görmüşdü, düşmən hiylələrinə dəfələrlə sinə gərmişdi. Lakin bir dəfə baş verənlər onun təsəvvürünə belə sığmırdı. Çünki qanına suayanlar yad adamlar yox, etibar etdiyi, çiyin-çiyinə döyüşdüyü yaxınları idi. Senatorlar taxtındaca ona hücum etmişdilər. O, bədəninə ard-arda enən zərbələrdən yayınmağa çalışır, qan içində çırpınırdı. Güclə dizləri üstə qalxdığı an isə gözləri onun üstünə xəncər qaldıranlardan birinə sataşdı. Bu adam onun ən sadiq silahdaşı, ən güvəndiyi şəxs – Brut idi. Elə həmin an Sezarın dodaqlarından acı və təəssüflə yoğrulmuş sözlər süzülmüşdü: “Sən də, Brut?” Lakin Brut bu sözlərə qulaq asmadı. O, heç bir tərəddüd göstərmədən xəncəri yenidən Sezarın bədəninə endirmişdi. Sonradan aydın olmuşdu ki, həmin gün Sezarın bədəninə iyirmi üç xəncər zərbəsi vurulub.
Hərdən fikirləşirəm ki, Sezarı xəncər yarasından çox, bəlkə də silahdaşlarının, xüsusilə də ən yaxını hesab etdiyi Brutun nankorluğu öldürüb. Bax, bəzən inandıqlarımız, vaxtilə güvəndiklərimiz bizə beləcə, xəyanət edə bilirlər... Amma nə nankorluq, nə xəyanət heç vaxt cavabsız qalmır. Allah səbirlidir, bir gün mütləq bunun cavabını verir. Maraqlısı bilirsən nədir? Yuli Sezarı öldürən Brut xəyanətdən sonra arzuladığı azadlığı da, rahatlığı da tapa bilmədi. Əksinə, onun həyatı da faciəvi şəkildə sona çatdı. Sezarın ölümündən sonra Roma sakitləşmədi, əksinə, vətəndaş müharibəsinə sürükləndi. Sezarın tərəfdarları qisas almaq üçün ayağa qalxanda Brut və digər sui-qəsdçilər Romadan qaçmağa məcbur olmuşdular. Sonra da Yunanıstanda baş verən məşhur döyüşlərdə Brutun ordusu məğlub oldu. Və Brutun intihardan başqa yolu qalmadı. Rəvayətə görə, o, ölüm anında belə Sezarın ruhunu gördüyünü söyləyib, silahdaşına qarşı etdiyi bu xəyanətin, nankorluğun onu rahat buraxmadığını etiraf etmişdi. Beləliklə, Sezarı öldürən Brut nə xalqın sevgisini qazanmışdı, nə də tarixin mərhəmətini... Brut sağ ikən vicdanın zərbələri altında əzildi, ömrü isə faciəylə başa çatdı. Tarix onu qəhrəman kimi deyil, ən çox xatırlanan xəyanət simvollarından biri kimi yadda saxladı...
Başımla onun sözlərini təqsdiqlədim. Növbəti dəfə sakitcə, sağlıq demədən qədəhlərimizi toqquşdurub içdik. Bu söhbət məni xeyli tutmuşdu. Elə bil yanan ürəyimə su səpilmişdi.
Salonda hamı rəqs edirdi. Tarix müəllimi yaşlı olsa da, gümrah adam idi. Müğənninin şövqlə oxuduğu mahnının sədalarına çiyinlərini şuxluqla oynatdı və sonra ərklə biləyimdən yapışıb məni rəqsə dəvət etdi.
“Tərəkəmə”nin damarda qan coşduran sədaları altında rəqs eləməyə başladıq. Az keçməmiş başqa mahnı səsləndi. Şövqlə oynamağa davam edirdik. Salon boyunca müğənninin səsi əks-səda verir, qəlbimizin ən incə simlərinə toxunurdu:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya...
…Mahnının sədaları altında qol açıb oynadıqca hiss edirdim ki, sözləri birbaşa ruhuma nüfuz edir. Sanki hər təsirli not, hər dərin misra - xəyanətin, nankorluğun, sədaqətsizliyin illərlə içimizdə yığılıb qalan izlərini bir-bir silirdi. Musiqi bütün ruhumuzdan duru çay kimi axıb gedir, dalğa-dalğa üstümüzdən keçirdi. Nə qədər qaranlıq, ağrıdıcı xatirə vardısa, hamısını da öz axarına qatıb harasa bilinməyən istiqamətə aparırdı.
Əbülfəz müəllimlə ətraf aləmi unutmuşduq. Salon dolu idi, amma elə bil oradaca dost olduğum bu adamla birgə rəqs edəndə zaman sanki dayanmışdı. Addımlarımız musiqinin ritminə tabe olur, hər fırlanışda içimizdə gizlənmiş üsyanı havaya qalxmış qollarımızla dünyaya çatdırırdıq. Bu rəqs sadəcə bir əyləncə deyildi; bu, xəyanətə qarşı etiraz, nankorluğa meydan oxuyan duruş idi.
Musiqinin ritminə uyğunlaşdıqca həyatın yorğunluğu üzümüzdən-gözümüzdən silinir, yaşımızın süstlüyü yox olur, yerini gənclik təravəti alırdı.
Tarix müəllimi ilə bərabər ortada süzdükcə sanki illərin yükü üstümüzdən götürülürdü.
Və biz ortada süzə-süzə, sanki taleyin üzünə gülümsəyirdik, nankorluqlara, xəyanətlərə musiqinin dili ilə meydan oxuyurduq... Mahnı səslənməyə davam edirdi:
... Dünya sənin, dünya mənim, dünya heç kimin…
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 23 Yanvar 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















