39 il əvvəl Stalini cinayətkar adlandırdı, Bakıda qırğın törətdi
Icma.az bildirir, Konkret.az portalına istinadən.
39 il əvvəl – 1987-ci il noyabrın 2-də Mixail Qorbaçov sovet tarixində mühüm siyasi bəyanatla çıxış etdi. O, ilk dəfə açıq şəkildə Stalinin hakimiyyəti dövründə törədilmiş cinayətləri etiraf etdi, onun yaratdığı idarəçilik modelini isə “inzibati komanda sistemi” adlandırdı.
Qorbaçov bu fikirləri “Oktyabr və yenidənqurma: İnqilab davam edir” adlı məruzəsində səsləndirmişdi.
Məruzədən seçilmiş hissələri təqdim edirik:
“Keçmişi tarixi məsuliyyət hissi və tarixi həqiqət əsasında qiymətləndirmək lazımdır. Tariximizin bu dövrünə, eləcə də digər mərhələlərinə obyektiv qiymət vermək xüsusilə indi – yenidənqurmanın geniş vüsət aldığı bir vaxtda vacibdir. Məqsəd siyasi hesablaşma aparmaq və ya köhnə yaraları yenidən açmaq deyil, keçmişin səhvlərindən və yanlış qərarlarından dərs çıxarmaqdır.
1930-cu illərdə sərt mərkəzləşdirmənin universal səmərəliliyinə, komanda üsullarının istənilən problemin həlli üçün ən qısa və ən yaxşı yol olduğuna inanılırdı. Bu yanaşma insanlara və onların həyat şəraitinə münasibətdə də özünü göstərirdi.
Nəticədə ölkənin partiya-dövlət rəhbərliyində inzibati-komanda sistemi formalaşdı, bürokratizm gücləndi.
Tamamilə aydındır ki, sovet cəmiyyətində demokratiyanın lazımi səviyyədə inkişaf etməməsi həm şəxsiyyətə pərəstişin, həm qanun pozuntularının, özbaşınalığın, həm də 1930-cu illərin repressiyalarının baş verməsinə şərait yaratdı. Açıq danışsaq, söhbət hakimiyyətdən sui-istifadə zəminində törədilmiş əsl cinayətlərdən gedir. Partiya üzvləri və partiyasızlar arasında minlərlə insan kütləvi repressiyalara məruz qaldı. Yoldaşlar, həqiqət acıdır. Biz bunu açıq şəkildə etiraf etməliyik.
Hazırda Stalinin tariximizdəki rolu ətrafında çoxsaylı müzakirələr aparılır. Onun şəxsiyyəti son dərəcə ziddiyyətlidir. Biz həm onun, həm də ətrafındakı insanların yol verdiyi kobud siyasi səhvləri və özbaşınalıqları görməliyik. Xalqımız bunun bədəlini çox ağır ödəyib, həmin hadisələrin cəmiyyətimizin həyatına təsiri isə son dərəcə ağır olub.
Bəzən iddia edirlər ki, Stalin qanunsuzluq hallarından xəbərsiz olub. Lakin əlimizdəki sənədlər bunun əksini sübut edir. Stalin və onun ən yaxın ətrafının kütləvi repressiyalara və qanunsuzluqlara görə xalq qarşısında məsuliyyəti böyük və bağışlanmazdır. Bu, bütün nəsillər üçün ciddi dərs olmalıdır.
Şəxsiyyətə pərəstişin heç bir bəraəti yoxdur. Partiyanın XX və XXII qurultaylarında həm Stalinə pərəstiş, həm də onun ağır nəticələri qətiyyətlə pislənilmişdi. İndi bizə məlumdur ki, bir sıra partiya və dövlət xadimlərinə, çoxsaylı kommunistlərə və partiyasızlara, təsərrüfat və hərbi kadrlara, alimlərə, mədəniyyət xadimlərinə qarşı irəli sürülmüş siyasi ittihamlar və həyata keçirilmiş repressiyalar qəsdən törədilmiş saxtakarlığın nəticəsi idi.
Sonralar, xüsusilə partiyanın XX qurultayından sonra bir çox ittihamlar ləğv edildi, minlərlə günahsız insan tam reabilitasiya olundu.
Lakin ədalətin bərpası prosesi başa çatdırılmadı və faktiki olaraq 1960-cı illərin ortalarında dayandırıldı. İndi Mərkəzi Komitənin 1987-ci ilin oktyabr Plenumunun qərarlarına uyğun olaraq bu məsələyə yenidən qayıtmaq zərurəti yaranıb. MK Siyasi Bürosu müvafiq məsələlərə dair həm yeni, həm də əvvəllər məlum olan fakt və sənədlərin hərtərəfli araşdırılması üçün xüsusi komissiya yaradıb. Komissiyanın işinin nəticələrinə əsasən müvafiq qərarlar qəbul ediləcək.
Biz bunu etməliyik. Xüsusilə də ona görə ki, tarixin ağrılı səhifələrindən üz döndərmək, baş verənlərə susmaq, sanki heç nə olmayıbmış kimi davranmaq cəhdlərinə indi də rast gəlirik. Biz bununla razılaşa bilmərik. Belə yanaşma tarixi həqiqətə etinasızlıq, qanunsuzluq və özbaşınalığın günahsız qurbanlarının xatirəsinə hörmətsizlik olardı.
Bundan başqa, keçmişin obyektiv təhlili bugünkü problemlərimizin – demokratikləşmə, qanunçuluq, aşkarlıq, bürokratizmin aradan qaldırılması və bütövlükdə yenidənqurmanın qarşısında duran təxirəsalınmaz vəzifələrin həllinə də kömək etməlidir.
Məhz buna görə də bu məsələlərdə tam aydınlıq, dəqiqlik və ardıcıllıq nümayiş etdirməliyik”.
Dmitri Kazutinin “Moskovskiye Novosti” qəzetindəki məqaləsindən:
“Bu məruzə haqqında çoxdan danışılır, onu səbirsizliklə gözləyirdilər. Yadıma gəlmir ki, əvvəllər Oktyabr inqilabının ildönümünə həsr olunmuş məruzə belə böyük maraqla gözlənilsin. Hamı başa düşürdü ki, bu sənəd həyatın son dərəcə kəskin şəkildə gündəmə gətirdiyi bir çox suallara cavab verəcək.
Hətta məruzədə ən ağrılı problemlərə toxunulmasaydı, yaxud onlar ənənəvi cavablarla keçişdirilsəydi belə, bunun da öz təsiri olacaqdı. Belə bir vəziyyət yenidənqurmanın əsas məqsədlərinə çatmadan başa çatacağına hələ də ümid edənlərin mövqelərini gücləndirərdi.
Partiyanın aprel kursunu dəstəkləyənlərin, yenidənqurma uğrunda əməli mübarizə aparanların gözləntiləri özünü doğrultdu. Məruzə sözün əsl mənasında dövrün tələblərinə cavab verir. Onun intellektual və, belə demək mümkündürsə, enerji yükü olduqca yüksəkdir.
Böyük İnqilabın təcrübəsindən məhz bu gün ehtiyac duyduğumuz məqamlar götürülüb. Eyni zamanda, məruzə ictimai təfəkkürün müasir səviyyəsini, yenidənqurma prosesində əldə etdiyimiz düşüncə və şüur səviyyəsini də nümayiş etdirir.
Sabah bu səviyyə mütləq aşılacaq. Bu gün isə söhbət qabaqcıl ictimai fikrin 1985-ci ilin yazından bəri hansı nəticələrə nail olmasından gedir”.
Çox maraqlıdır ki, M.Qorbaçov öz murdar əllərini Azərbaycana da uzatdı və Bakıda böyük qırğın törətdi. 20 yanvar 1990-cı ildə sovet qoşunları Azərbaycan vətəndaşlarına divan tutdu.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Baxış sayı:124
Bu xəbər 03 Noyabr 2026 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















