Icma.az
close
up
RU
Dünyanı zəbt eləyən yumşaq güc

Dünyanı zəbt eləyən yumşaq güc

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransua Moriakın “İlan yumağı” romanı haqqında

Əvvəli ötən sayımızda

Bundan sonra qəhrəmanla arvadı, övladları arasında açılmış çatlar bir az da dərinləşir. Qeydlərində o özünü qızılpərəst adlandırır, hesab eləyir ki, bu xasiyyəti ona kəndçi qızı anasından keçmədir. Luiyə həmişə elə gəlib ki, arvad-uşağını yalnız var-dövlət hesabına özündən asılı vəziyyətdə saxlayıb istədiyi səmtə yönəldə bilər. Var-dövləti ondan ötrü hakimiyyət aləti; cüzdanı, pul-parası - qışlası, qoşunu; qızıl-gümüş mücrüsü - topu-topxanası olub. Gündəliyində ailəsinə müraciətlə yazır ki, qızıl sizi şirnikləndirir, məni isə qoruyur. Ordusunu döyüş hazırlığına gətirmiş qəhrəman fikrində həm arvadıyla, həm də oğlu-qızıyla böyük kapital savaşına çıxır, öləndən sonra sərvəti onlara qismət olmasın deyə cürbəcür hüquqi yollar axtarır, yuridik fəndlər düşünüb tapır. Arvadı despot ərindən çəkinir, övladları xəsis atalarından həm qorxur, həm də ona nifrət bəsləyirlər. Bir sözlə, ailə xalis cəhənnəm batalyonu, ev də qır qazanıdır.

Təhkiyəçi arvadını bir də bunda qınayır ki, qadın əvvəlcə ömrünü bütünlüklə övladlarının, sonra da nəvələrinin qayğılarına həsr eləyib, onu - ərini isə qapı dalında qoyub, həyatının bir küncündə ona yer ayırmayıb, onu duymağa, onu başa düşməyə əsla maraq göstərməyib. Ondan da, övladlarından da ötrü evin kişisi yalnız pul dağarcığı funksiyasını yerinə yetirib. Arvadı özünü inanclı adam sayır, uşaqlarını yanına salıb hər bazar kilsəyə gedir, bütün dini ritualları yerinə yetirir. Əri hərdən onu dini söhbətlərə çəkəndə qadının etiqadının nə qədər üzdə olduğu, yaşayışının inancına uyuşmadığı dərhal özünü göstərir. Uşaqlarının da dindarlığı zahiri ayinlərə əməl eləməkdən uzağa getmir.

Bir sözlə, ana da, balaları da dinə, kilsəyə yalnız Tanrının bəlalardan sığınacaq yeri kimi pənah aparırlar. Nə İzada, nə qızı Jenevyevada, nə də oğlu Güberdə xristian sevgisindən, itaətkarlıqdan əsər-əlamət yoxdur. Kilsə onlara yalnız öz sağlamlıqlarını, rifahlarını, sərvətlərini sığortalamaq üçün ilahi kontor kimi gərəkdir.

***

Lui uşaqlarından yalnız sonbeşik qızı Mariyə mehrini salır. O zavallı qızcığaz da həm ata-anasının, həm də yerli həkimin səhlənkarlığı ucbatından uşaqkən xəstələnib ölür. Atası bu zərbəyə çətinliklə davam gətirir, əsər boyu qızını tez-tez yadına salır, Marinin xatirəsi, o dünyadan axıb içinə dolan hənirtisi ona həyan durur, ona, özünün dediyi kimi, canavar sürüsünün arasından sağ çıxmaqda böyük kömək göstərir.

Baldızı öləndən sonra onun övladlığa götürdükləri oğluna da Lui ürəkdən bağlanır, doğma balalarından fərqli olaraq bu uşaq da onda atalıq duyğusu oyadır. Qəhrəman səmimi, şən, açıq könüllü Lyuka sevgisinin səbəbini o gözütox uşaqda özünə, öz belindən gəlmiş balalarına bənzər heç nə olmamasına bağlayır. Xatırlayır ki, Lyuk xalası uşaqlarıtək pul hərisi deyildi, tamah nədir bilməzdi, onunla həmişə sərbəst, açıq danışardı, doğmaca balalarından fərqli olaraq ondan qorxub çəkinməz, atalığına xoxantək baxmaz, ona altdan-altdan nifrət bəsləməzdi. Bir sözlə, Lyuk bu evdə Maridən sonra ona bənzəməyən tək məxluq olub. Yəqin riyakar, tamahkar balalarına oxşamadığına görə xalasının sevmədiyi Lyuk əsgərlik yaşı tamam olar-olmaz könüllü cəbhəyə yollanır, bir də geri qayıtmır.

Sonralar bir müddət evin daimi qonağına, daha doğrusu, sakininə çevrilən abbat Arduen də advokat Luinin təskinlik yerinə çevrilir. Keşiş sadə, ancaq müdrik sözləriylə onun qəlbinə su səpir, onun beynində tüğyan eləyən fırtınaları yatırmağa çalışır. Arvad-uşağından yalnız biganəlik görmüş vəkil Lui abbat Arduenin ürəyə məlhəm kimi yaxılan sözlərindən, onu xeyirxah adam saydığını deməsindən sonra mərdimazarlıq eləməkdən, ədalətsiz davranmaqdan çəkinir, özünə bir ayrı gözlə baxmağa, özünü tanımağa başlayır.

Bu yeni baxış yavaş-yavaş tövbə qapısını da onun üzünə açmaqdadır. Ürəyinin qapıları, bacaları, pəncərələri tam açılandan sonra qəhrəman əlinə qələm alıb həyatına dalacaq. Yadına düşəcək ki, İzanı aldatmaq üçün yox, saxta sevgisinə görə ondan qisas almaq üçün, qanayan yarasına kül basıb ağrısını kiritmək üçün ayğırını sağa-sola çox çapıb, çox çəpərlər basıb qapılar qırıb. Bəzən də yürüşlər davamlı olub, belə yürüşlərin biri bic oğlan uşağının dünyaya gəlməsiylə sona çatıb. Oğlanın anası hüquq müdafiəçisinin despotizminə dözmədiyinə görə uşağını da qoltuğuna vurub Parisə köçüb. Lui onları daha görməsə də, pullarını vaxtlı-vaxtında göndərib.

***

Atalarının get-gedə qəlizləşməsi, nifrətini bütün gücüylə işə salıb dözülməz xarakter alması vəkilin oğlunu, qızını, gəlinini, kürəkənini, nəvəsini, nəvəsinin ədabaz ərini, bir sözlə, hamını həyəcan içində saxlayır. Uşaqları maraqlandıran budur ki, görəsən o dünyanın astanasında olan ataları öz sərvətini necə bölüşdürəcək, kimə nə vəsiyyət eləyəcək. Bir axşam onlar bağda toplaşıb məşvərət məclisi qururlar, atalarını ruhi xəstə adıyla dəlixanaya basdırmağın yollarını axtarırlar. Bundan təsadüfən xəbər tutan Luinin ürəyi bir-birinə sarmaşan zəhərli ilanların sarındığı yumağa dönür. Doğmaca övladlarının bunca allahsız, əclaf olduqlarını bütün qəzəbinə, nifrətinə baxmayaraq o yenə gözləmirmiş.

Lui qərara alır ki, Parisə gedib bütün sərvətini nikahdankənar oğluna bağışlasın. Yola düşənə yaxın arvadıyla sonuncu dəfə mükaliməyə girir. Heç gözləmədiyi halda ona əyan olur ki, arvadı uzun illər onun üzündən iztirab çəkib, gecələr əri yatağına girər deyə uşaqları yanında yatırmayıb. Ürəyində bir qığılcım çırtlasa da, Lui səfərindən daşınmır.

Parisdə o, təsadüfən oğlu Güberlə kürəkəni Alfredi görür. Anlayır ki, planını pozmaq üçün onun izinə düşüblər. Paytaxtda qaldığı müddətdə Lui İzanın öldüyü haqda teleqram alır, çətinliklə də olsa özünü dəfnə çatdırır. Artıq İza onun məktubunu oxumayacaq, gündəliklərini varaqlamayacaq, halbuki bu əziyyətə Lui arvadına görə qatlaşmışdı, ürəyini məhz ondan ötrü açıb tökmüşdü. Amma İza bu dünyadan onu tanımadan köçdü, onu yalnız zalım sandı, cəllad bildi, onun içindəki aləmdən, ruhundan, düşüncəsindən xəbərsiz getdi. Artıq dizə döyüb ağlamağın faydası yoxdur.

***

Atayla övladları arasında çoxdan gözlənən ağır söhbət, nəhayət, baş tutur. Qəhrəman oğluna-qızına izah eləyir ki, öz evində özünü bir sürü qanıq canavarın arasına düşmüş xəstə qoca kimi hiss eləyir. Güberlə Jenevyeva atalarını inandırmağa çalışırlar ki, onların hərəkətləri ona qarşı düşmənçilik yox, vur-tut qanuni özünümüdafiə xarakteri daşıyıb.

İçindən çölə dartınan ruhunun beynini, vücudunu başdan-başa qapsaması nəticəsində, qəlbindən daşıb kainata püskürən sevginin, mərhəmətin təsiri, balalarının heyrətli baxışları altında xəsis advokat Lui qəfildən milyonluq var-dövlətini övladlarına bağışlamaq qərarına gəlir, nikahdankənar oğluna isə ömürlük renta ayırır. Bundan sonra təhkiyəçi çiynindən ağır bir yük atılmış kimi, ayaqlarından kündə açılmış kimi yüngülləşdiyini, rahat nəfəs aldığını söyləyir. Etiraf eləyir ki, ömrü boyu ehtirasların əsiri olub, fəqət həmin ehtiraslar varlığına şəriksiz yiyələnə bilməyib. Yalnız altmış səkkiz yaşında qara yuxudan ayılıb bu zirzəmidən çıxmaq, ölümqabağı doğulmaq ona nəsib olur.

Zəncirlərindən xilas olandan sonra Luinin qalan ömrü ilahi sevinc qoynunda sakit, firavan keçir. Sarsaq, ədabaz əri Filinin atıb getdiyi nəvəsi Yanina da öz körpəsiylə babasının evində məskunlaşır. Qocanın dizindən tutub dikələn nəticəsinin yumşaq saçına, toppuş yanağına sığal çəkəndə Lui heç vaxt duymadığı qədər rahatlıq tapır, Marini, Lyuku, abbat Ardueni xatırlayır; öz növbəsində özü də Jan Valjanı (Hüqo), Dombi atanı (Dikkens), Raskolnikovu (Dostoyevski), Nexlyudovu (Tolstoy) - gəlmiş-getmiş, tanıdığımız-tanımadığımız bütün ölümdən qayıtmışları, dirilmişləri xatırladır. Köksünə inam, etiqad havası dolandan sonra Lui anlayır ki, onun ailəsinin güzəranı gerçək xristian həyat tərzinə yalnız parodiya, karikatura olub. Beləcə, qəhrəmanın sinəsində yuva qurmuş zəhərli ilanlar sarmaşıq mövsümünü başa vurub öz cəhənnəminə qayıdır, ilan yumağı çözülür.

***

Əsər, dediyimiz kimi, iki məktubla yekunlaşır. Bacısı Jenevyevaya yazdığı məktubda Güber atalarının ölümünü xəbər verməklə yanaşı onun qeyd dəftərindən, gündəliklərindən söz açır, ömrünün sonlarında mərhumun dinə, Tanrıya tapınmasını psixi xəstəlik əlaməti kimi yozur:

“Sənin qızının sözləri yalnız indi mənə aydın olur, mən bunu xəstə təxəyyülün uydurması kimi qavrayıram. O deyir ki, babam həyatda gördüyüm yeganə gerçək dindardır. Zavallı Yanina bu sinir xəstəsinin dumanlı xülyalarını, arzularını ciddi qəbul eləyib. Öz doğmalarının düşməni, hamının nifrət bəslədiyi, heç vaxt dostu-sirdaşı olmamış adam, oxuyanda özün də görəcəksən, sevgidən yarımamış (burada gülməli təfərrüatlar var), öz arvadına qızlıq işvəsini bağışlaya bilməyən qısqanc divanə necə oldu ki, ömrünün sonunda birdən-birə dində-imanda təskinlik aramağa başladı? Mən belə bir çevrilişə dünyasında inanmaram. Oxuduqlarımdan çıxardığım nəticə budur: açıq-aydın görünən əqli sapıntı, izlənmə maniyası örnəyi, bir dəlinin dini dona bürünmüş xəstə mühakimələri. Sən düşünə bilərsən: doğrudanmı burada saf xristian etiqadından əsər-əlamət olmayıb? Yox. Bunu tam əminliklə söyləyirəm, çünki belə məsələlərdən yaxşı baş çıxarıram, bu cür möminliyin, dindarlığın da nələrə başa gəldiyini bilirəm. Doğrusunu desəm, atamızın yalançı mistisizmi məndə ikrah doğurur.

Yəqin bir qadın kimi sən bu məsələyə fərqli yanaşacaqsan. Ancaq əgər atamızın qəfil dönüb dindar olduğuna inanmaq istəsən, yadında saxla ki, o, nifrət bəsləməyi çox gözəl bacarırdı, kimisə sevərdisə də, yalnız kiminsə acığına sevərdi. Öz tövbənaməsində o, qəlbini vəcdə gətirən dini duyğulardan dəm vurur, əslində isə həm birbaşa, həm də dolayı vasitələrlə anamızın uşaqlıqdan bizə aşıladığı prinsipləri gözdən salır. O, çılğın bir mistisizmə ona görə söykənib ki, ailəmizdə həmişə rəğbətlə riayət olunan ağıllı, mötədil dindarlığın dayaqlarına rahat balta çala bilsin. Halbuki həqiqət - tarazlıq deməkdir...”

Davamı növbəti sayımızda

F.UĞURLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyul 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see515

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see320

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see294

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see278

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see276

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see231

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see208

DÇ 2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz üzə gələcək

10 İyul 2026 12:08see198

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see194

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see193

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see172

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see170

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see170

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see163

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see161

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see159

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see157

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see150

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see149

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri