Icma.az
close
up
RU
Düşüncənin evi 4

Düşüncənin evi 4

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ana dili, təhsil və dil imperializmi haqqında

4-cü yazı

Müqayisəli Təcrübə Qatı: Finlandiya, Yaponiya, Estoniya

Bir mif var. Möhkəm, davamlı, özünü elmi kimi göstərən bir mif. Bu mifə görə inkişaf etmək üçün xarici dildə düşünmək lazımdır. Böyük olmaq üçün başqasının dilini içinə almaq lazımdır. Texnologiya, elm, modernlik – bunlar xaricdən gəlir, buna görə onların dili də xarici olmalıdır.

Bu mif Azərbaycanda rus bölməsinin əlindəki əsas “kartlardan” biridir. 

Lakin bu mif universal iddia irəli sürür. Universal iddiaları isə universal faktlarla yoxlamaq lazımdır.

Faktlara baxaq.

Finlandiya.  1970-ci illərdə Finlandiya təhsil sistemini kökündən yenidən qurdu. Seçim sadə və qətiyyətli idi: ibtidai mərhələdə tam ana dili mühiti. Fince və yalnız fince. Xarici dil öyrənmə ikinci mərhələdə başlayır, möhkəm ana dili özülünün üstündə. İkinci dil köməkçi interfeys kimidir, heç vaxt əsas dil deyil.
Nəticə nə oldu? 

– Bu gün Finlandiya PISA reytinqlərinin ən yüksək sıralarındadır;

– Finlandiya şagirdləri oxu, riyaziyyat və təbiət elmləri üzrə dünyanın ən yaxşı nəticələrini göstərir; 

– Finlandiya universitetlərindən çıxan mühəndislər, dizaynerlər, texnoloqlar qlobal şirkətlərdə liderlik edir;

– Nokia bir dövrün simvoluna çevrildi ki, o simvol fincə düşünən beyinlərdə doğuldu.

Lakin ən vacib fakt statistikada deyil, fəlsəfədədir. Finlandiya təhsil islahatının baş memarlarından biri olan Pasi Sahlbergin yazıları bu sistemin mərkəzindəki prinsipi ortaya qoyub:

Uşaq ilk növbədə öz dilində dərindən düşünməyi öyrənməlidir. Xarici dil bu özülün üstündə, sonradan, interfeys kimi qurulur. Sahlbergin "Finnish Lessons" əsərindən keçən onilliklərin müqayisəli təhsil araşdırmalarına qədər bu prinsip dəyişməz qalır: ana dilinin toxunulmazlığı Finlandiya modelinin neyro-koqnitiv özülüdür, siyasi simvolu deyil. 

Finlandiya bu prinsipi siyasətə çevirdi. Siyasət isə onu praktika ilə nəticələndirdi.

"İnkişaf üçün xarici dildə təhsil şərtdir" mifi Finlandiya nümunəsi qarşısında cavab verməyə acizdir. Çünki Finlandiya öz dilini toxunulmaz saxlayaraq inkişaf etdi.

Digər önəmli bir xüsus da bundan ibarətdir ki, Finlandiya ikinci dil ingilis dilidir. Və finlər ingilis dilini yaxşı bilməyə görə Avropada ilk sıralardan birindədir.

Yaponiya.  Bu nümunə daha kəskindir, daha birmənalıdır, daha sarsıdıcıdır.

Yaponiya dünyanın ən yüksək texnoloji sivilizasiyalarından birini qurdu. Roboti texnologiyaları.  Optika. Elektronika. Avtomobil mühəndisliyi. Yarımkeçiricilər. Bu sahələrin hər birində Yaponiya onilliklər boyu dünyanın ən önündə olmuşdur. Toyota, Sony, Panasonic, Canon, Honda – bu adlar texnoloji üstünlüyün simvollarıdır.

Yapon universitetlərinin tədris dili nədir?
Yaponca.

Yapon elmi ədəbiyyatının əsas dili nədir?
Yaponca.

Yapon mühəndisinin laboratoriyasındakı iş dili nədir?
Yaponca.

Bəli, son onillikdə Yaponiya qloballaşma dalğasına cavab olaraq xüsusi ingilisdilli proqramlar açmışdır – bu tendensiya mövcuddur və inkar edilməz. Lakin bu proqramlar sistemin kənarında, qlobal interfeys üçün əlavə edilmiş bir qatdır. Fundamental elm, mühəndislik və sənaye tədqiqatının alqoritmi yaponca işləməyə davam edir. Düşüncənin özü – problem həlli, innovasiya, yaradıcı sintez yapon dilinin dərinliyindədir. Dünya bazarına çıxış üçün interfeys sonradan əlavə olunur. Lakin çıxacaq məhsulu yaradan alqoritm öz dilindədir.

"İnkişaf üçün xarici dildə düşünmək lazımdır" mifini yaponlara söyləyin. Cavab olaraq “Toyota”nın istehsal fəlsəfəsini – Kaizen sistemini alacaqsınız. Kaizen yaponca sözdür. "Davamlı təkmilləşmə" deməkdir. Bu fəlsəfə yaponca düşüncənin məhsuludur. Dünya onu ingilis dilinə tərcümə etdi, çünki öyrənmək istədi.

Estoniya. Bu nümunə coğrafi, tarixi, postsovet konteksti baxımından Azərbaycan üçün ən yaxşı analogdur. Onu daha diqqətlə incələyək.

Estoniya müstəqilliyini 1991-ci ildə elan etdi. O vaxt dilinin vəziyyəti necə idi? Onilliklər boyunca Sovet sistemi rus dilini dominant etmişdi. Eston dilinin elmi terminologiyası zəif idi. İş mühitinin böyük hissəsi rusca işləyirdi. Əhali içərisində rus dilini işçi dil kimi qəbul edənlər az deyildi.

Estoniya bir çox postsovet ölkələri kimi seçim qarşısında qaldı. Bu seçim çox da çətin deyildi: ya rus dili ilə davam ediləcəkdi – infrastruktur hazır, əhali isə alışmışdı, ya da eston dilinə keçiləcəkdi – çətin, bahalı, uzun müddətli bir proses olacaqdı.

Estoniya ikinci yolu seçdi. Kompromissiz.

Bu, romantik bir seçom deyildi, riyazi idi. Estoniya başa düşdü ki, linqvistik kapital olmadan iqtisadi kapital qurulmayacaq. Dövlət dilini iş, hüquq, elm, idarəetmə dili etmədən, yəni eston dilini həqiqi iqtisadi gəlirə çevirmədən valideynləri, gəncləri, mühəndisləri o dildə düşünməyə inandırmaq mümkün deyil. Buna görə Estoniya paralel proses başlatdı: eston dilini eyni zamanda həm təhsilin, həm biznesin, həm dövlət idarəçiliyinin yeganə dili etdi.

Nəticə? 

Bu gün Estoniya PISA reytinglərində Avropanın ən yüksək nəticə göstərən ölkələrindən biridir. "Rəqəmsal cəmiyyət" kimi tanınan Estoniya e-dövlət, elektron seçki, rəqəmsal rezidentlik kimi innovasiyaları eston dilindəki universitetlərdən, eston dilindəki laboratoriyalardan çıxarmışdır.

Və bir konkret nümunə: Skype. Bu platformanın ideya müəllifləri isveçli Niklas Zennström və danimarkalı Janus Friis idi. Lakin platformanın texniki mühərriki, kod arxitekturası, proqram təminatının əsas konstruksiyası eston mühəndisləri Ahti Heinla, Priit Kasesalu və Jaan Tallinn qurdular. Onlar eston dilindəki məktəblərdə, eston dilindəki texniki mühitdə formalaşmış beyinlər idi. Qlobal layihənin intellektual əzələsi eston dilinin yetişdirdiyi mühəndis düşüncəsiydi. Bu, kiçik bir dilin böyük texnologiyanın içindəki görünməz, lakin həlledici rolunun sübutudur.

İndi postsovet xəritəsinə baxaq.
1991-ci ildə eyni tarixi nöqtədə dayanan ölkələr var idi. Sovet dil siyasətinin eyni irsini daşıyan, eyni çətinliklərlə üzləşən ölkələr. Hər biri bir seçim etdi.

Estoniya, Latviya, Litva öz dillərini qətiyyətlə bərpa etdi. Gürcüstan gürcü dilini dövlət və təhsil dili kimi möhkəmləndirdi. Bu ölkələrin bu günkü PISA nəticələri, iqtisadi inkişaf göstəriciləri, Avropa inteqrasiyası paralel seçimin paralel nəticəsidir.

Digər postsovet ölkələrinin bir hissəsi rus dilinin dominant rolunu müxtəlif formalarda qorudu. Bəzən rəsmi siyasətlə, bəzən sosial inersiyanın təzyiqi ilə. O ölkələrin bugünkü vəziyyəti müqayisənin digər tərəfini göstərir.
Azərbaycan bu xəritənin ortasında durur. Azərbaycan dili dövlət dilidir. Lakin sosial reallıq, yəni şəhər məktəblərindəki rus bölmələri, iş mühitindəki qeyri-rəsmi standartlar, valideynin şüuraltı seçimi… acınacaqlıdır. 

Xəritədə hər iki tərəfə gedən yol görünür. Estoniya bir istiqaməti göstərir. Digər postsovet təcrübəsi başqa istiqaməti.

Seçim hələ tam edilməyib.

Bu üç nümunənin ortaq məntiqi var və o məntiq miflə faktın arasındakı məsafəni bir daha ölçür.

Finlandiya inkişaf etdi – öz dilini toxunulmaz saxlayaraq!

Yaponiya texnologiya nəhəngi oldu – yaponca düşünərək, qlobal interfeysi isə sonradan, köməkçi olaraq əlavə edərək!

Estoniya Sovet irsindən çıxdı – eston dilini bərpa edərək, o dildə düşünən mühəndis beyinlərini isə dünyanın ən böyük texnoloji layihələrinin içinə yerləşdirərək!

Üç fərqli coğrafiya. 
Üç fərqli tarix. 
Üç fərqli başlanğıc nöqtəsi. 
Bir ortaq nəticə: alqoritm ana dilindədir. 
Xarici dil interfeysin – “qapıdan çıxmaq” vasitəsidir. Lakin qapıdan çıxacaq bir şeyin olması üçün əvvəlcə içəridə bir şey qurulmalıdır.

İçəridə qurulan şey ana dilindədir.

Bütün müqayisəli təcrübə bunu deyir. 
Neyroelm bunu deyir. 
Linqvistika bunu deyir. 
Statistika bunu deyir.

Mif isə hələ danışır. Çünki mifin arxasında elmdən güclü bir şey dayanır – arzu. Başqası olmaq arzusu. Başqasının dilini danışaraq başqası olmaq arzusu.

(davamı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://ayna.az
archiveBu xəbər 18 Sentyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see280

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see277

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see272

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see265

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see252

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see250

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see247

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see242

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see242

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see236

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see229

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see219

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see217

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see216

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see207

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see198

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see186

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see171

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri