Ədəbiyyat artıq yükü sevmir...
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müstəqillik dönəmində dramaturgiya sahəsində müəyyən vaxtlarda durğunluq nəzərə çarpsa da, bu sahədə əsərləri tamaşaçılar tərəfindən sevgi və rəğbətlə qarşılanan xeyli diqqətəlayiq, parlaq imzalar da formalaşıb. Həmin imzalardan biri də yazıçı-dramaturq Hüseynbala Mirələmovdur. "Ədəbiyyat artıq yükü sevmir. Ədəbiyyat süjetə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə xidmət etməlidir. Belə olanda əsərlər oxunaqlı, maraqlı və əgər pyesdirsə - səhnədə tamaşaçının qəlbini fəth edir" - fikirləri yazıçı, dramaturq Hüseynbala Mirələmovun ədəbiyyata baxışını lakonik və dəqiq şəkildə ifadə edir. Onun bu mövqeyi təkcə şəxsi estetik zövqün deyil, həm də müasir ədəbiyyatın və dramaturgiyanın tələblərinin ifadəsidir. Dramaturgiyasız milli teatr ola bilməz və bu sahənin dirçəlişi zərurətdir. Hüseynbala Mirələmovun pyeslərindən ibarət kitabına professor İslam Qəribli "Xarakterlər dramaturgiyası" adlı ön söz yazıb. Bu başlıq təsadüfi seçilməyib, çünki Hüseynbala müəllimin pyeslərində obrazlar sadəcə rollar deyil - onlar daxili aləmi olan, psixoloji dərinliyi ilə seçilən xarakterlərdir. Onun "Gəncə qapıları", "Pənah xan Cavanşir", "Xəcalət", "Vicdanın hökmü", "Ləyaqət", "Cəza quyusu", "Miras", "Axirətdən gələn zəng", "Gəlinlik paltarı" və "Sara xatun" kimi pyesləri həm ideya, həm konflikt, həm də səhnə həlli baxımından olduqca maraqlıdır. Bu əsərlərdə cəmiyyətin ağrılı mövzuları, insan münasibətləri, vicdan, ləyaqət, ailə və mənəviyyat kimi dünyəvi dəyərlər işıqlandırılır. Dialoqların qısa, tutumlu və mənalı olması, komik və dramatik vəziyyətlərin təbii axarda təqdim edilməsi rejissor və aktyorlar üçün də geniş imkanlar yaradır.
Hüseynbala Mirələmovun pyesləri istənilən teatr üçün hazır materialdır. Bu əsərlər üzərində əlavə işləməyə ciddi ehtiyac olmadan maraqlı, dərin və peşəkar səviyyəli tamaşalar hazırlamaq mümkündür.
Vaxtilə onun pyesləri Milli Akademik Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Gəncə, Lənkəran, Şuşa, İrəvan, Qazax və Qusar Dövlət dram teatrlarında uğurla səhnələşdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bəs son illərdə teatrların repertuarında niyə bu əsərlərə müraciət azalıb? Bu kimi suallarımıza cavab tapmaq üçün bu yaxınlarda Hüseynbala Mirələmovla həmsöhbət oldum.
- Xoş gördük, Hüseynbala müəllim, əhval-ruhiyyəniz necədir?
- Çox sağ olun, Ağalar müəllim. Diqqətinizə görə təşəkkür edirəm. Şükürlər olsun, əhvalım yaxşıdır. 2020-ci ildən etibarən Qarabağımız erməni işğalçılarından tamamilə azad edilib. 30 illik yurd həsrətindən sonra bu Zəfərin qazanılmasında başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, igid əsgərlərimizin misilsiz qəhrəmanlığı dayanır. Bu, mənim fikrimcə, Nadir şah dövründən - yəni 220 ildən sonra qazanılan ən böyük qələbədir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Arzum budur ki, müstəqil Azərbaycan daha da güclənsin, inkişaf etsin. Ulu öndərimiz Heydər Əliyevin xalqımız üçün arzuladığı bütün məqsədlər, inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləcək. Qarabağda bu gün aparılan genişmiqyaslı quruculuq işləri buna əyani sübutdur. Sevindirici haldır ki, artıq orada salınan müasir kənd və şəhərlərə soydaşlarımız böyük sevinc və həvəslə geri dönürlər. Mən də Qarabağda olmuşam, bu quruculuq işlərini öz gözlərimlə görmüşəm. Oradakı dəyişikliklər insana həm qürur verir, həm də gələcəyə inam aşılayır. Bir ziyalı kimi fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildirirəm. Çünki onlar bu bölgəni təkcə bərpa etmirlər, həm də tariximizi, mədəniyyətimizi, milli qürurumuzu yenidən ayağa qaldırırlar.
- Oxucular, əlbəttə, sizi tanıyırlar. Ancaq yenə də yaddaşı təzələmək yaxşı olardı.
- Əlbəttə. Mən lənkəranlıyam, orada 2 nömrəli orta məktəbi gümüş medalla bitirmişəm. Hələ üçüncü-dördüncü siniflərdə oxuyarkən, artıq respublika miqyasında tanınan "Azərbaycan pioneri" qəzetinin ştatdankənar müxbiri idim. Həmin qəzet həftədə iki dəfə, təxminən iki milyon tirajla çap olunurdu və ölkədə ən çox oxunan mətbu orqanlardan biri idi. Elə bir həftə olmurdu ki, orada mənim yazılarım dərc olunmasın. Bu, mənim ədəbiyyata marağımın əsas başlanğıcı oldu. O qəzetdə yazı, hekayə çap etdirmək müəllif üçün həm böyük uğur, həm də məsuliyyət demək idi. Mən artıq yeddinci sinifdə oxuyarkən hekayələr yazırdım. İlk yazdığım hekayə "Bir tikə çörək" adlanırdı. O dövrdə bu cür yazılar həm məzmun, həm də tərbiyəvi baxımdan yüksək qiymətləndirilirdi.
Allah rəhmət eləsin, bir gün məktəbimizin direktoru mərhum Aliya xanım Kələntərli məni kabinetinə çağırıb dedi ki, xeyir ola, səni "Leninçi" qəzetinin baş redaktoru Tofiq Həsənov çağırır. Mən də dedim ki, ora bir hekayə göndərmişəm. Yəqin ki, ona görə çağırıblar. Məktəb dostlarımdan birini də götürüb redaksiyaya getdim, inanın, onun kabinetinə girən kimi ayağa qalxdı. Mən də özümü təqdim etdim. Diqqətlə və maraqla üzümə baxdı, soruşdu: - Oğlum, həmin hekayəni sən yazmısan? - Bəli, Tofiq müəllim, mən yazmışam. Məhəbbətlə başımı sığalladı və dedi: - Oxudum. Xoşuma gəldi. Bu hekayəni çap edəcəyik. Çox maraqlıdır. Bundan sonra da belə hekayələr yaz və bizə göndər, biz də dərc edək.
Bax, görürsünüzmü, o vaxtlar elə insanlar vardı ki, mənim kimi yeniyetmələrə, ədəbi yaradıcılığa yenicə başlayan gənclərə bu cür yüksək qayğı göstərirdilər. Maraqlananlar Milli Kitabxanadan həmin sayı axtarıb tapa bilər: 7 noyabr 1961-ci il. Beləcə, "Leninçi" qəzetində çap olunan kiçik hekayə və məqalələrim mənim ədəbiyyata ilk cığırımı açdı.
Həmin vaxt Lənkəran cənub bölgəsinin mədəniyyət, ədəbiyyat, incəsənət və idman mərkəzi sayılırdı. Biz tez-tez Lənkəranda fəaliyyət göstərən Xalq Teatrının və Bakıdan, Gəncədən, Naxçıvandan gələn Dövlət teatrlarının tamaşalarına böyük həvəslə baxırdıq. Eyni zamanda yerli və paytaxtdan gələn məşhur müğənnilərin konsertlərinə də gedirdik. Bu tədbirlər sonradan dostlar arasında böyük həvəslə müzakirə olunurdu.
1973-cü ildə Lənkəran Dövlət Dram Teatrı yenidən fəaliyyətə başlayandan sonra demək olar ki, bütün yeni tamaşalara baxırdım. Həmçinin teatrın bədii rəhbəri və direktoru, dəyərli ziyalı, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə ilə yaxın dost idik. Onun teatrla bağlı maraqlı söhbətlərini diqqətlə dinləyirdim. Oradakı aktyorlar və rejissorlarla da səmimi münasibətim vardı. Yəqin ki, teatra olan bu bağlılıq gələcəkdə dram əsərləri yazmağıma böyük təsir göstərdi. Ali məktəbdə oxuyanda da teatr tamaşalarına gedirdim. Bu tamaşalar mənim həyata baxışımın formalaşmasına, dərin müşahidə aparmağıma böyük töhfə verirdi. Orta məktəbi bitirəndə jurnalist, ya da filoloq olmaq istəyirdim. Fizika müəllimimiz Dilruba xanım Camalova - sonralar Lənkəran rayonunun birinci katibi və İcra Hakimiyyətinin başçısı olmuşdu - istedadıma görə məni çox sevirdi. Mənə dedi, orta məktəbi bitirəndən sonra hara qəbul olmaq istəyirsən? Dedim - Azərbaycan Dövlət Universitetinin jurnalistika və ya filologiya fakültəsinə. O isə təklif etdi: - Sənin istedadın var, gələcəkdə yazılar da yaza bilərsən. Məsləhət görürəm ki, texniki və ya səhiyyə sahəsində təhsil al. Mühəndis və ya həkim ol. Bədii yaradıcılığı isə davam etdir. Beləliklə, onun təklifi ilə Azərbaycan Dövlət Politexnik İnstitutuna sənəd verdim. Orta məktəbi gümüş medalla bitirdiyim üçün iki "5" alıb qəbul oldum. Birinci kursun ikinci semestrində düşündüm ki, "Azərbaycan pioneri" mənim doğma qəzetimdir və gedib kollektivlə görüşüm. Baş redaktor Əmrah Əmrahov idi. Katibə ona dedi ki, ştatdankənar müxbir Hüseynbala Mirələmov gəlib. Elə həmin dəqiqə məni qəbul etdi, çox səmimi qarşıladı. O vaxt qəzetdə tanınmış jurnalistlər işləyirdi: Əmir Mustafayev - məktublar şöbəsinin müdiri, Svetlana Nəcəfova - elm və həyat şöbəsinin rəhbəri, Akif Quliyev - idman şöbəsində. Əmrah müəllim məni onlarla tanış etdi və dedi: - Hüseynbala Mirələmov indi Azərbaycan Dövlət Politexnik İnstitutunda oxuyur.
Sonra mənə sual verdi: "Bizim qəzetdə işləmək istəyirsənmi?" Açığı, bu sualı gözləmirdim. Dedim ki, Əmrah müəllim, mən gündüz şöbəsində oxuyuram.
- Eybi yoxdur. Ədəbiyyat şöbəsinin müdiri Hikmət Ziya şəkər xəstəsi olduğuna görə günortaya qədər işləyir, sonra gedir. Sən də dərsdən çıxandan sonra gəlib işi davam etdirərsən. Elə ordaca ərizəmi alıb, əmrimi verib məni işə qəbul etdi. Beləcə, "Azərbaycan pioneri" qəzetinin ədəbi işçisi oldum. Üç aydan sonra baş ədəbi işçi, ali məktəbi bitirəndən sonra isə ədəbiyyat şöbəsinin rəhbəri oldum. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyan tələbələr bizə təcrübəyə gəlirdilər, onlara xəbər və məqalə yazmağı öyrədirdim. Həmin şəxslər sonradan tanınmış jurnalistlər oldular. Beş il bu qəzetdə işlədim, yaradıcılığım püxtələşdi. Artıq təkcə məqalələr deyil, hekayələr, povestlər, romanlar və pyeslər yazmağa başladım. Həmin vaxt tanınmış müəlliflər əsərlərini mənə oxumağa verirdilər ki, oxuyub fikrimi deyim. Əmir Mustafayev romanlarını mənə oxumağa verirdi. Bir dəfə kitabından bir fəsli ixtisar elədim və bu barədə özünə dedim. Səhəri gün gələndə dedi ki, o fəsli kitabdan çıxarmaqla elə bil heç bir cümləni çıxartmamısan. O vaxt yazıçılara deyirdim: "Ədəbiyyat artıq yükü sevmir. Ədəbiyyat süjetə və ideyaya yüksək səviyyədə xidmət etməlidir". Beləliklə, həyat elə gətirdi ki, həm mühəndis, həm də yazıçı oldum...
- Son dövrlərdə yaradıcılığınızda hansı yeniliklər var?
- Mən özümü ədəbiyyatsız təsəvvür edə bilmirəm. İndi də təqaüddəyəm, demək olar ki, hər gün yazıram. Keçən il "Bəyaz buludlar üstündə" adlı romanım çap olunub, bu gün əldən-ələ gəzir. Bu il isə Cümhuriyyət dövrünün ilk daxili işlər naziri, daha sonra neft və qaz sənayesi naziri olmuş Behbud xan Cavanşir haqqında roman yazmışam. Son variantını redaktə edirəm.Ümid edirəm ki, kitab şəklində və ya ədəbi jurnallarda çap etdirəcəyəm. Bir vaxtlar yazdığım və çox maraqla qarşılanan "Gəlinlik paltarı" romanım əsasında sizin məsləhətinizlə bir pyes yazmışam. Lənkəran Dövlət Dram Teatrına təqdim etmişəm. Teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova bu pyesi səhnəyə hazırlayacaq. O, Qusar Ləzgi Dövlət Dram Teatrında mənim "Xəcalət" və "Vəsiyyət" pyeslərimə də uğurlu səhnə quruluşları vermişdi...
- Sizin romanlarınız, povestləriniz və hekayələriniz var ki, onları rejissorlar və dramaturgiyanı yaxşı bilən insanlar çox asanlıqla səhnələşdirə bilər. Bunlar əsasında kinossenarilər yaza bilərlər. Çünki sizin romanlarınızda, povestlərinizdə və hətta hekayələrinizin çoxunda çox ciddi konfliktlər, maraqlı hadisələr var. Mənimçün və oxucular üçün də çox maraqlıdır ki, sizin məhz dramaturgiyaya marağınız necə yarandı?
- Mən əvvəldə dediyim kimi, hələ orta məktəbdə və ali məktəbdə oxuyanda teatr tamaşalarına çox gedirdim və bu sahədə çalışan çoxlu dostlarımız vardı. Artıq torpaqlarımız işğal olunandan sonra qəlbimə qeyri-adi, ünvansız bir zərurət çökdü və öz-özümə dedim: "Hüseynbala, sən pyes yazmalısan. Bu pyeslər də teatrlarda oynanılmalı və xalqa ümid, inam aşılamalıdır". Beləliklə, ilk pyesim olan "Vicdanın hökmü" əsərini yazdım. Rəhmətlik Hüseynağa Atakişiyev həmin pyesi ilk dəfə Dövlət Gənclər Teatrında tamaşaya qoydu və böyük uğurla qarşılandı. Bu da məni yeni pyeslər yazmağa çox həvəsləndirdi.
- Yadımdadır həmin tamaşa. Hüseynağa mənim tələbə yoldaşım idi və 2001-ci ildən də mən onun hələ 1989-cu ildə yaratdığı Dövlət Gənclər Teatrında işləyirdim və həmin tamaşada da necə anşlaq olduğunun şahidi olmuşdum. Pyes də, rejissor işi də, aktyor oyunu da yaxşı idi...
- Xocalı işğal olunandan sonra mən "Xəcalət" adlı bir povest yazdım və sonra qərara gəldim ki, bu povesti səhnələşdirim və Milli Akademik Dram Teatrına təqdim edim. Bu pyesə də çox istedadlı rejissorumuz, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov Milli Akademik Dram Teatrında quruluş verdi. Həmin tamaşada oynayan Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Zərnigar Atakişiyeva, əməkdar artistlər Əlvida Cəfərov, Ələsgər Məmmədoğlu və başqaları da çox yüksək, peşəkar səviyyədə öz rollarını oynayırdılar. Nurəddin Mehdixanlı Vətən obrazını canlandırırdı. Bu obraz da Azərbaycanın simvolik obrazı idi. Bu tamaşa on dörd il həmin teatrda oynanıldı, üç dəfə yüksək dövlət mükafatına layiq görülüb - bunlardan ikisi "Qran-Pri", biri isə "Qızılgözlü mələk" mükafatı idi. Bu, "Qran Pri" dünya teatr aləmində çox böyük mükafat sayılır. Bir neçə Dövlət Dram Teatrları da bu tamaşaya quruluş verdi. Dünya şöhrətli, mənim dostum Çingiz Aytmatov da həmin tamaşaya Bakıda olanda baxmışdı. Tamaşadan sonra səhnəyə çıxıb hamını təbrik etdi və bu tamaşa haqqında çox maraqlı fikirlər dedi. Həmin tamaşadan məndə onun çoxlu şəkilləri var. Sonra da jurnalistlərə müsahibə verəndə belə dedi: "Hüseynbala ruhən mənə elə yaxındır ki, mən bu tamaşaya baxanda dəhşətə gəldim. Özümü unutdum. Elə fikirləşdim ki, bu əsəri mən özüm yazmışam. Bu tamaşada Hüseynbala müəllim altı nəfərlə böyük bir xalqın, böyük faciəsini elə gözəl yazıb ki, aktyorlar da rollarını çox yaxşı oynayırlar və tamaşanı tamaşaçılara çox yaxşı sevdirə bilirlər". Onun bu müsahibəsi çox geniş formada Azərbaycan Televiziyasının qızıl fondunda var. Ondan sonra da "Gəncə qapıları" pyesimi yazdım. Bu pyesim də Cavad xanın həyatındandır. Bu pyes də Milli Akademik Dram Teatrında oynanıldı. Sonra "Vəsiyyət" pyesimi yazdım və çox istedadlı rejissorumuz, Xalq artisti Firudin Məhərrəmov Milli Akademik Dram Teatrında tamaşaya qoydu. Bu tamaşa da anşlaqla gedirdi. Elə adam var ki, on dəfə həmin tamaşaya baxıb. İndi də insanlar məndən soruşurlar ki, niyə həmin tamaşalar oynanılmır? Mən də deyirəm ki, gedin Milli Akademik Dram Teatrının rəhbərliyindən soruşun... Sonra "Pənah xan Cavanşir" pyesimi Lənkəran teatrında Əməkdar incəsənət xadimi, həmin vaxt teatrın baş rejissoru olan rəhmətlik Baba Rzayev tamaşaya hazırladı. "Həyat eşqi" əsərimi də Bəhram Osmanov Gəncə Dövlət Dram Teatrında tamaşaya qoydu. Qusar Ləzgi Dram teatrında Laləzar xanım yuxarıda dediyim kimi, "Xəcalət" və "Vəsiyyət" tamaşalarıma quruluş verdi. Şuşa Dövlət Musiqili-Dram Teatrında "Güllələnmiş heykəllərin fəryadı" pyesimi Əməkdar artist Nazir Rüstəmov hazırladı. Qazax Dövlət Dram Teatrında oynanılan "Xəcalət" pyesimi də teatrın kollektivi on dörd il böyük anşlaqla oynadı. Bu tamaşanın da çox istedadlı rejissor, o vaxtlar teatrın quruluşçu rejissoru işləyən və artıq on bir ildir ki, teatrın baş rejissoru olan Əməkdar artist Musa Eyyubov hazırlamışdı. Onu da vurğulayım ki, son vaxtlar bu teatr respublikada özünün maraqlı tamaşaları ilə çox böyük hörmət və uğur qazanıb. Elə keçən ilin oktyabr ayının 27-dən noyabrın 3-nə kimi onların Qazaxıstanda oynadıqları qazax dramaturqu Roza Mukanovanın "Bir çətir altında-mən" tamaşasına görə orada böyük mükafat almalarını da mən mətbuatdan oxudum.
Beləliklə də, mən səhnəyə daha çox bağlandım. Yeri gəldiyinə görə sizə özümün subyektiv bir fikrimi deyirəm. Milli Akademik Dram Teatrı özünün ikinci intibah dövrünü Həsənağa Turabovun, Əliabbas Qədirovun və İsrafil İsrafilovun vaxtında yaşayıb. İsrafil İsrafilov haqqında öz ürək sözlərimi daha geniş demək istəyirəm. O, filologiya üzrə elmlər namizədi və sənətşünaslıq üzrə elmlər doktorudur. Deməli, həm ədəbiyyatı, həm də teatrı mükəmməl bilir. İsrafil müəllim pyesi oxuyan kimi bilirdi ki, bu pyesdən maraqlı tamaşa hazırlamaq olar, ya yox. Özü də çox obyektiv insan idi və heç kimin tapşırığına, ya da hansısa vəzifədə olmasına belə fikir vermirdi. Əgər pyes zəif idisə, dramaturqa deyirdi və pyesin bütün məziyyətlərini də açıqlayırdı. Dramaturq da onun bu fikirləri ilə tam razılaşırdı. Əslində bu gün teatrlara İsrafil İsrafilov kimi istedadlı filoloqlar, sənətşünaslar, teatrı dərindən bilən insanlar, çox istedadlı rejissorlar cəlb olunmalıdır.
- Siz ömrünün uzun illərini ədəbiyyata, dramaturgiyaya sərf eləyən mütəxəssis kimi, teatrlarımızı dirçəltmək üçün nələri təklif eləyərdiniz?
- Öncə onu deyim ki, teatrın direktoru və baş rejissoru ədəbiyyata dərindən bələd olmalı, dramaturgiyanı yaxşı bilməlidir. Zamanın, dövrün nəbzini yaxşı duymalıdır. Dünya teatr sənətindən yaxşı xəbəri olmalıdır. O, hər hansı bir pyesi oxuyanda onu yaxşı təhlil eləməyi bacarmalıdır. O, həmin pyesi oxuyandan sonra görməlidir ki, bu əsər teatra və tamaşaçılara nə verə bilər, bu əsər hansı dəyərlərə malikdir. Teatrın rəhbəri bu pyesi özü bəyənəndən sonra bədii şuraya təqdim etməlidir. Teatrın bədii şurasında çox tanınmış filoloqlar, tənqidçilər, tanınmış aktyorlar, rejissorlar, teatr sənətini yaxşı bilən insanlar olmalıdır. Əslində teatrda hər bir tamaşa çox böyük diskussiya, fikir mübadiləsində keçməli, orada iştirak edən insanların maraqlı fikirləri həm teatr rəhbərliyi, həm quruluşçu rejissor, həm də aktyorlar tərəfindən qəbul olunmalıdır. Mənimlə razılaşın ki, tamaşaçı rəyi də teatr tamaşalarında çox lazımdır və vacibdir. Axı teatr tamaşanı tamaşaçı üçün oynayır. Onu teatra cəlb etmək, onun ürəyinin dərin qatlarına təsir etmək üçün oynayır. Tamaşaçılar tərəfindən yaxşı qarşılanan dəyərli əsərlər repertuardan çıxarılmamalıdır, əsər müəlliflərinə də ədalətsiz davranılmamalıdır.
- Sizin demək olar ki, bütün əsərlərinizdə ədalətsizliklə, haqsızlıqla mübarizə motivləri güclüdür... Həyatda ədalətsizliklərlə çox rastlaşıbsınız?
- Maraqlı sualdır. Həzrəti Əbu Bəkr deyib ki, "Ədalət yer üzündə Allahın tərəzisidir". Hamı ədalətsizliklərlə qarşılaşır, mən də çox haqsızlıqlarla üzləşmişəm. Amma bu yaxınlarda mənə qarşı edilən bir ədalətsizliyi sizə deyim. Təqribən bir il bundan qabaq, xəbər verdilər ki, keçmiş Dövlət Tərcümə Mərkəzi tərəfindən İspaniyada mənim Viktor Andrianovla birlikdə yazdığımız görkəmli insanların həyatı (JZL) seriyasından olan "Heydər Əliyev" kitabımız ispan dilinə tərcümə edilib və orada da çap olunub. Ən maraqlısı budur ki, orada həmmüəllif kimi mənim adım yazılmayıb. Baxmayaraq ki, həmin kitabın çox böyük bir hissəsini mən yazmışam və o biri hissəsini də Andrianova yazmağı mən məsləhət bilmişəm. Bu xəbəri eşidəndə rəhmətlik dostum, uzun illər millət vəkili olan Hadı Rəcəbli ilə bir yerdə idik. O, mənim çox pərişan olduğumu gördü. Mən buna görə nəsə demədim, ancaq təbii ki, bu ədalətsizliyə görə incimişdim. Elə həmin dəqiqə Hadı müəllim Dövlət Tərcümə Mərkəzinin direktoru Afaq xanıma zəng vurub, onunla ciddi şəkildə danışdı. Hadı müəllimin reaksiyasından sonra həmin kitab məhdud nüxsə ilə yenidən mənim də adım qeyd edillməklə çap olundu. Gec-tez ədalət öz yerini tapsa da, insanın qəlbində ədalətsizliyin yarası qalır. Ancaq əlbəttə, həyat ancaq ədalətsizliklərdən ibarət deyil. Gözəl hadisələr də olur. Belə bir xoş xatirə Xalq şairi Qabillə bağlıdır. Bir dəfə xəbər verdilər ki, Qabil məni axtarır. Nömrə də verib ki, zəng edim. Düşündüm, yəqin hansısa əsərimi bəyənməyib. Zəng vurdum. Dəstəyi özü götürüb dedi ki, Hüseynbala, girişsiz deyirəm və sənə minnət qoymuram. Mən heç bir yazıçının əsərini oxumuram. Amma indi bizim evdə "Gəlinlik paltarı" romanını növbə ilə oxuyurlar. Ancaq mənim sənə bir iradım var. Təəccübləndim. Dedi ki, televiziyada çıxışında dedin, ədəbiyyat sənin hobbindir. Xahiş edirəm, ağsaqqal kimi tələb edirəm, belə demə. Sən de ki, mühəndislik, neft və qaz sənin hobbindir. Ədəbiyyat isə sənin peşəndir. O vaxtdan bu sözləri demirəm. Arada dilimə gələndə isə Qabil müəllimin səsi qulağımda səslənir və dərhal fikrimi dəyişirəm.
- Sonda söhbətimizə yekun olaraq nələri əlavə etmək istərdiniz?
- Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib, teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf edib. Böyük, ulu mədəniyyətə qovuşubdur". Ürəkdən arzulayıram ki, Azərbaycan ədəbiyyatı, dramaturgiyası, teatrı, kinosu dirçəlsin və bütün dünyada tanınsın, layiq olduğu ədalətli qiymətini alsın. Fikrimi cənab prezidentimiz İlham Əliyevin Azərbaycan teatrları ilə bağlı dediyi bu kəlamla tamamlamaq istəyirəm: "Azərbaycan, dövlət müstəqilliyinin bərpa edilməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır". Cənab Prezidentimiz indiyədək Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, teatrı və kinosunun inkişafı ilə bağlı yüzlərlə fərman və sərəncam imzalayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam, aşıq sənəti və mədəniyyətimizin bir çox sahələri ilə bağlı gördüyü əvəzsiz işləri də xüsusilə qeyd etmək lazımdır. Arzu edərdim ki, teatrlarımız və onların rəhbərləri də öz işlərində Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cahanşümul fəaliyyətlərini örnək alıb Azərbaycanda teatr sənətinin inkişafına öz töhfələrini versinlər. Bax, onda Azərbaycan ədəbiyyatı, mədəniyyəti yeni bir intibah dövrünə qədəm qoyar və biz də bununla fəxr edərik. Bu məqamda dahi Hüseyn Cavidin kəlamı tam mənada yerinə düşür: "Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"
Ağalar İDRİSOĞLU,
Yazıçı, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi

