Icma.az
close
up
RU
Ədəbiyyat tarixinə yeni baxış

Ədəbiyyat tarixinə yeni baxış

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Professor Bədirxan Əhmədlinin 3 cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi üzərinə

XX əsr Azərbaycan ədəbiyyatı tarixinin XXI əsrdə, daha dəqiq desək, müstəqillik illərində yenidən öyrənilməsi tarixi hadisələrə, ayrı-ayrı tarixi şəxsiyyətlərin, yaradıcı insanların həyatına, onların əsərlərinə, müxtəlif çeşidli, müxtəlif məzmun və formalı, müxtəlif janrlı, fərqli bədii səviyyəli çoxsaylı mətnlərə istinadən, yeni milli ideologiya və metodologiya, ədəbiyyatşünüslıq elminin müasir tələbləri, eləcə də xalqın maraq və istəyi nəzərə alınmaqla yazılması keşməkeşli, ziqzaqlı bir yüzilliyin tarixi mənzərəsini daha dolğun əks etdirilməsinə zəmin yarada bilər. Ona görə ki, bir tərəfdən ədəbiyyatın tarixi də xalqın tarixi kimi yeni faktlarla zənginləşir, digər tərəfdən keçmişlə bağlı yeni maraqlı faktlar üzə çıxır. Ancaq bu istəyi reallaşdırmaq o qədər də asan məsələ deyil. Bunun üçün həm peşəkarlıq, həm zəhmətsevərlik və milli təəssübkeşlik, həm də elmi erudisiya, nəzəri dəyərləndirmə hissinin yüksək səviyyədə olması çox vacibdir. Bu baxımdan yanaşdıqda filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin təxminən iki min səhifəlil üç cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, Qanun, 2024) adlı dərsliyi çox böyük əhəmiyyət kəsb edir. Uzun illər ədəbiyyat tariximizin ayrı-ayrı mərhələlərini, dönəmlərini yorulmaq bilmədən, sevgi ilə tədqiq edən bir alimin həm də ali məktəbdə mühazirələr oxuması onun dərslik yaratmaq istəyini reallaşdıran bir amilə çevrilmişdir.

Bu danılmaz, inkarolunmaz faktdır ki, tarixin ayrı-ayrı dönəmlərindəki ziqzaqlı hadisələri bu və ya digər şəkildə özündə əks etdirən zəngin ədəbiyyat tariximiz vardır. Bu tarixin müxtəlif dövrlərinin öyrənilməsi, tədqiqi, sistemləşdirilməsi  olduqca çətin bir məsələdir. Uzun illərdən bəridir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmı əməkdaşları, eləcə də ölkəmizin digər elmi müəssisələrində və ali məktəblərində çalışan ədəbiyyatşünaslar bu sahədə yorulmaq bilmədən fəaliyyət göstərir, öz araşdırmalarını davam etdirirlər. Necə deyərlər, bizim zəngin ədəbiyyatımız olduğu kimi, zəngin də ədəbiyyat tarixçiliyi ənənələrimiz var. 

Məlumdur ki, Azərbaycan ədəbiyyatşünaslığı təzkirələrdən ədəbiyyat tarixinə qədər zəngin bir inkişaf yolu keçmiş, ayrı-ayrı vaxtlarda bir sıra maraqlı əsərlər yazılıb nəşr olunmuşdur. Yusif Vəzir Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” (1921), Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatının tarixi materialları” (1925), Salman Mümtazın “Azərbaycan ədəbiyyatı və el şairləri” (1925), Mehmet Fuad Köprülüzadənin “Azəri ədəbiyyatına aid tədqiqlər” kitabında (1926), Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” (1927), Əli Nazimin “Azərbaycan ədəbiyyatı” (1927), İsmayıl Hikmət Ertaylanın 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 1928), Hənəfi Zeynallı, Abdulla Şaiq və Atababa Musaxanlının “Ədəbiyyatdan iş kitabı” (1928), Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanan iki cildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (1943-1944), üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (III cild 1957; I-II cildlər 1960), Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” (1947, 1956, 1966), Cəfər Xəndan Hacıyevin “XX əsr Azərbaycan ədəbiyyatı” (1951),  iki cildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”, “Azərbaycan sovet ədəbiyyatı” (1966), iki cildlik “Müasir Azərbaycan ədəbiyyatı” (2007), Mir Cəlal və Firidun Hüseynovun “XX əsr Azərbaycan ədəbiyyatı” (1969), Əliyar Səfərli və Xəlil Yusiflinin “Azərbaycan ədəbiyyatı” (2008), Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi” (2018)   və sair kitabların yazılıb nəşr edilməsi  ədəbiyyat tarixçiliyimizin inkişaf yolunun göstəricisidir. Həyat davam elədiyi kimi ədəbiyyat, o cümlədən ədəbiyyat tarixçiliyi də inkişaf edir, həm yeni-yeni faktlarla zənginləşir, həm də köhnəni yeni meyarlarla dəyələndirmək zərurəti yaradır. Bu baxımdan professor Bədirxan Əhmədlinin üç cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabının yazılıb nəşr olunmasını bu sahədə atılan yeni uğurlu addımlar kimi dəyərləndirmək olar. Tədqiqatlar əsasında ədəbiyyat tariximizin dərslik formatında hazırlanıb təqdim olunması təkcə elmi yox, həm də praktik-təcrübi əhəmiyyət kəsb edir.

İndi internet əsrində yaşayan yeni nəslin dünya ədəbiyyatını oxumaq imkanı böyükdür. Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən problemlər yaradır. Özgələrə aludəlik özümüzü unutmağa, manqurtlaşmağa zəmin yaradır. Ona görə ədəbiyyat tariximizlə bağlı dərsliklərin yazılıb çap olunması olduqca vacib bir məsələdir. Tələbə gənclərimizin öz yazıçılarımızın həyat və yaradıcılıq yolu ilə tanışlığı onların soykökümüzə məhəbbət ruhunda tərbiyə olunmaları üçün çox vacibdir. Bu baxımdan Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı xüsusi əhəmiyyət kəsb edir. Kitabda XIX əsrin sonlarından bügünümüzə qədər yaranan ədəbiyyat nümunələri, müxtəlif janrlı bədii əsərlər ümumiləşdirmələr yolu ilə təhlil olunur, bu əsərləri yaradan müxtəlif əqidəyə, dünyagörüşünə, eləcə də fərqli ədəbi üsluba malik sənətkarların ömür yolu haqqında yığcam, dərsliyin tələblərinə uyğun şəkildə  təhlillər edilir.

Nəinki dərsliyin üç cildindəki icmalları, portret məqalələri oxuyanda, hətta hər cildin önündə verilən mündəricatı oxuyanda belə həmin dövrün ədəbi mənzərəsi, onun rəngarəngliyi, ədəbi prosesin müxtəlif istiqamətləri haqqında dolğun təsəvvür yaranır. Məsələn, “Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü” adlanan birinci fəsildə milli hərəkatın mənbə və qaynaqları, ictimai həyatın həmin dövrün ədəbi prosesinə təsiri məsələlərinin şərhi ön planda dayanır. Müəllif mətbuatın publisistikanın inkişafına zəmin yaratmasını, ayrı-ayrı ədəbi məramlı mətbuat orqanlarının və onların yaradıcı heyətinin ədəbi və ictimai məramları haqqında faktlara istinadən icmal formasında məlumat verir. 

“Füyuzat” və füyuzatçılar, “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər, satirik və proletar  mətbuatı haqqında icmallar o dövrün mətbuatı, onların səhifələrində müntəzəm surətdə dərc olunan fərqli ədəbi və ictimai məramlı yazılar haqqında geniş təsəvvür formalaşdırılır. O dövrün hadisələrinin müxtəlif rakurslardan təsviri ədəbi prosesin ümumi mənzərəsini dolğunlaşdırır, onun rəngarəngliyinin göstəricisinə çevrilir. Əhalisi o qədər də çox olmayan bir ölkədə konkret zaman kəsiyində saysız-hesabsız mətbuat orqanının fəaliyyət göstərməsi xalqın səviyyəsi haqqında az söz söyləmir. Mətbuat tariximizdə “Şərqi-Rus” “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”. “Tazə həyat”, “Tərəqqi”, “Dəbistan”, “Təkamül”, “Bəhlul”, “İttifaq”, “Zənbur”, “Rəhbər”, “Həqiqət”, “Yeni həqiqət”, “Günəş”, “Məlumat”, “Yeni irşad”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz”, “İşıq”, “Haqq yolu”, “Kəlniyyət”, “Şəlalə”, “Məktəb”, “Bakı həyatı”, “Yoldaş”, “Səda”, “Sədayi vətən”, “Sədayi Qafqaz”, “Hilal”, “Şəhabi saqib”, “Yeni füyuzat”, “Nicat”, “Dirilik”, “Bəsirət”, “Babayi Əmir”, “Doğru söz”, “Qurtuluş”, “Hümmət” və s. qəzet və jurnalların nəşri çox böyük hadisə idi əslində. Dərslik müəllifinin məhz bunları şüurlu şəkildə diqqət mərkəzinə çakməsi ədəbiyyat tariximizi formalaşdıran mühit haqqında məlumat vermək arzusundan qaynaqlanır. Özü də monoqrafik tədqiqatın dəyərini artıran ən yaxşı cəhət ondan ibarətdir ki, müəllif bu faktların hamısını günümüzün rallığı, yeni milli ideologiyanın tələbləri baxımından şərh edir.

Təkcə mətbuatın bolluğu deyil, o dövran ədəbi-ictimai həyatında çox mühüm rol oynayan müxtəlif ədəbi və ictimai məramlı şəxsiyyətlər haqqında verilən portret məqalələr icmallardakı fikirləri, tezisləri bir qədər də konkretləşdirir. Məhəmmədağa Şahtaxtlı, Əhməd Bəy Ağaoğlu (Ağayev), Ömər Faiq Nemanzadə, Haşım Bəy Vəzirov;  Əli Bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Əliabbas Müznib, Səməd Mənsur, Əlipaşa Səbur, Əbdülxalid Cənnəti;  Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Əli Nəzmi, Üzeyir Bəy Hacıbəyli; Nəriman Nərimanov, Süleyman Sani Axundov, Əhməd Cavad haqqında portret məqalələrin informasiya tutumu zəngindir. Gör həmin dövrdə kimlər yazıb yaradırmış? Bu baxımdan ayrı-ayrı bölmələrdə verilən oçerklər maraqlı olduğu kimi, ədəbiyyatımızın o dövrkü tarixi haqqında geniş təsəvvür də yaradır.  Özü də adı çəkilən müəlliflərin bir qismi haqqında əvvəlki dərsliklərdə məlumat verilməyib. Sovet hakimiyyəti illərində heç bu mümkün də deyildi.

Ən təqdir olunası cəhətlərdən biri Cümhuriyyət dövrü ədəbiyyatı, həm də Cənubi Azərbaycanda yaşayıb yaradan müəlliflərin də həyat və yaradıcılığı haqqında təhlillərin verilməsidir. O mənada ki, ölkəmizi coğrafi baxımdan bölsələr belə, dil, ədəbiyyat, mənəviyyat, düşüncə, əxlaq birliyi danılmaz faktlar sırasındadır. 

Dərsliyin ikinci cildində  proletar hegomoniyası dövründə yaşayıb yaradan şair və yazıçıların həyat və  yaradıcılığından bəhs olunur. İctimai-siyasi hadisələrin ədəbiyyata təsiri məsələsi faktlara istinadən lazımi səviyyədə, dərsliyin tələblərinə uyğun şəkildə şərh olunur, əsasən icmallar vasitəsilə həmin dövrün ədəbi prosesi haqında təsəvvür formalaşdırılır. 1920-1960-ci illərdə yaranan əsərlərin bu günün reallığı prizmasından təhlili qənətbəxşdir,  ictimai həyatın ədəbi prosesə təsiri düzgün dəyərləndirilir. Poeziya, nəsr haqqında icmallar o dövrün ədəbi prosesinin mahiyyətini anlamağa imkan verir. Əvvəlki dərsliklərdə yaradıcılıqları bir qədər diqqətdən kənar qalan Hacı Kərim Sanılı, Seyid Hüseyn, Tağı Şahbazi Simürğ kimi qələm sahibləri haqqında portret oçerklərin verilməsi də yaxşıdır, tələbələrin, magistrantların tələblərini lazımi səviyyədə ödəyə bilər.

“Ədəbiyyatın yeniləşmə mərhələsi” adlanan, 60-70-ci illəri əhatə edən  birinci fəsildə ədəbiyyatın yeni istiqamətdə inkişafını şərtləndirən ictimai-siyasi amillər dərsliyin tələblərinə uyğun şəkildə şərh olunur. Bədii faktlara, yaranan əsərlərə istinadən altmışıncılar nəslinin yaradıcılıq axtarışlarından, onların uğurlarını şərtləndirən amillərdən,  eləcə də bədii nəsrdə tarixi hadisələr və şəxsiyyətlərin həyat və yaradıcılığından söhbət açılır, konkret müəlliflərin və onların əsərlərinin adı çəkilir.   İcmallarda o dövrdə yaşayıb yaradan ayrı-ayrı müəlliflər, onların əsərləri haqqında məlumat verilir, ədəbiyyatın ümumi inkişaf istiqaməti müəyyənləşdirilir. Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Vəliyev, İlyas Əfəndiyev kimi yazıçıların nəsr əsərlərində yeni meyillərin əmələ gəlməsindən danışılır.  Eyni zamanda, həmin dövr tarixi roman janrının yaradılmasında ən məhsuldar və yeni mərhələ kimi dəyərləndirilir. İsa Hüseynovun “Məhşər”, Çingiz Hüseynovun “Fətəli fəthi”, Əzizə Cəfərzadənin “Vətənə qayıt”, “Aləmdə səsim var mənim”, “Yad et məni”, “Bakı─1501”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, Əlisa Nicatın “Qızılbaşlar”, “Nəğməyə dönmüş illər”, Mahmud İsmayılovun “Xaqani” və s. tarixi əsərlərin bədii məziyyətlərindən bəhs olunur.

Poeziyaya həsr olunan “Poeziyanın inkişaf yolları və mərhələləri”, “Assosiativ poeziya və onun imkanları” bölmələrində ayrı-ayrı fərdi yaradıcılıq üslubuna malik şairlərin – Əli Kərim, Nəriman Həsənzadə, Cabir Novruz, Məmməd Araz, Musa Yaqub, Tofiq Bayram, Arif Abdullazadə, Fikrət Sadıq, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Ələkbər Salahzadə, İsa İsmayılzadə və başqalarının poetik əsərləri, onların mövzu və problematikası, eləcə də sənətkarlıq məsələləri  bədii təhlilin mərkəzinə çəkilir.  O dövrdə yaranan poetik nümunələr araşdırma predmetinə çevrilir, ümumi nəticələr çıxarılır.

Həmin illərdə yaranan nəsr əsərlərindəki yeniləşmə prosesi də ədəbi faktlara istinadən ümumiləşdirilir. Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır”, İlyas Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”. İsmayıl Şıxlının “Dəli Kür”, İsa Hüseynovun “İdeal” romanları bədii nəsrdə tarixilik və müasirlik prizmasından dəyərləndirilir. 

Ədəbiyyatımızın aparıcı sahələrindən biri olan dramaturgiyanın, həmin dövrdə yaranan səhnə əsərlərinin məziyyət və nöqsanları “Dramaturgiyada konflikt və xarakter problemi", “Dramaturgiyada sosial psixologizmin təzahürləri” başlıqları altında şərh olunur. Problemin düzgün qoyuluşu bədii təhlilərə də bir sistematıklik gətirir. Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, İmran Qasımov, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Anar, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov və başqalarının əsərlərindəki ideya-bədii xüsusiyyətlər düzgün müəyyənləşdirilir. Təhlillər əsərlərin mahiyyətini daha yaxşı başa düşməyə yardımçı olur.

Nəsr bölməsində icmaldan sonra İsmayıl Şıxlı,  İsa Hüseynov, poeziya bölməsində Əli Kərim, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəbi Xəzri, dramturgiya bölməsində isə  İlyas Əfəndiyev haqqında portret oçerklər verilir. 

Professor Bədirxan Əhmədli doğru olaraq 1980-ci illəri və 1990-cı illərin ortalarını Azərbaycan ədəbiyyatında milli özünüdərk mərhələsi adlandırır. Bu dövrdə müxtəlif janrlarda yaranan əsərlərə istinadən müəllif öz fikirlərini əsaslandırmağı bacarır. Dolğun məzmunlu, o dövrün ədəbi prosesindəki ümumi mənzərəni əks etdirən icmallardan sonra ayrı-ayrı şairlər, nasirlər və dramaturqlar haqqında yığcam oçerklər verilir. Bu baxımdan Əzizə Cəfərzadə, Əkrəm Əylisli, Anar, Sabir Əhmədli, Yusif Səmədoğlu,  İsi Məlikzadə, Elçin, Sabir Azəri, Mövlud Süleymanlı haqqında yazılar diqqəti cəlb edir.

Üçüncü fəsil bütünlükdə Azərbaycan ədəbiyyatının müstəqillik mərhələsinə həsr olunub. Burada  əsas məsələlər haqqında dolğun təsəvvür yaratmaq məqsədiylə icmallara daha çox üstünlük verilir, həmin dövrdə fərqli janrlarda yaranan ən önəmli əsərlər xatırlanır. Bu dövrdə yaşayıb-yaradan qələm sahibləri haqqında verilən oçerklərin informasiya tutumu da normaldır. Ümumiyyətlə, dərslikdə barələrində yığcam məlumat verilən digər müəlliflər bunlardır:  Musa Yaqub, Arif Abdullazadə, Xəlil Rza Ulutürk,  Nəriman Həsənzadə, İsa İsmayılzadə, Ramiz Rövşən; Ağarəhim, Afaq Məsud. Kamal Abdulla, Nəriman Əbdülrəhmanlı,  Vaqif Səmədoğlu, Zəlimxan Yaqub və Firuz Mustafa.

Göründüyü kimi, dərsliyin üçüncü cildində altmışıncı illərdən ikimininci ilə qədər, həmçinin müstəqillik illərində ədəbi prosesdə gedən yeniləşmə prosesi izlənilir. Ədəbi hadisələr və yaradıcı şəxsiyyətlər haqqında mülahizələr yeni düşüncə tərzi prizmasından tədqiqata cəlb olunur və dəyərləndirilir. Müəllif ümumiləşdirmələr vasitəsi ilə həmin dövrün elmi-ədəbi mənzərəsini yarada bilir. Dövrə uyğun düzgün qoyulan nəzəri problemlər tədqiqatın istiqamətini müəyyənləşdirir ki, bu da əsərin ümumi məzmununa əhəmiyyətli dərəcədə təsir göstərir.

Məlumdur ki, XX əsr çox keşməkeşli bir dövr olmuş, bu yüzillikdə müxtəlif çeşidlı, müxtəlif janrlı, müxtəlif bədii səviyyəli əsərlər yaranmışdır. Hər dövrün özünə görə çox görkəmli, nüfuz qazanan sənətkarlarının olması da danılmaz faktdır. Əlbəttə, onların hamısının həyat və yaradıcılıq yolunu dərslik səviyyəsində əks etdirmək  o qədər də asan məsələ deyil. Elə buna görə də istər yaşlı, istər orta, istərsə də yeni nəsli təmsil edən yazıçılardan o qədər unudulan, adları “və başqaları” sırasında gedən istedadlı yazıçılar, şairlər var ki... Onların yaradıcılığından da bəhs olunsa, əsərlərinin adı çəkilsə, ədəbiyyat tariximizin ümumi mənzərəsi daha dolğun, daha aydın görünərdi. Çünki bu  danılmaz faktdır ki, tarix qazanılan uğurlar və uğursuzluqları ilə, qələbələri və məğlubiyyətləri ilə  birlikdə tarix olur. Bu, ədəbiyyatımızın tarixinə də aiddir.  Həmin nəzər nöqtəsindən yanaşdıqda sovet dövrü klassikasının görkəmli nümayəndələri haqqında da yığcam oçerklər verilsə, çox yaxşı olardı. 

Ümumiyyətlə götürsək, Bədirxan Əhmədlinin üç cilddən ibarət “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi həm həcmi, həm informasiya tutumu, həm də praktik əhəmiyyəti  baxımından son dərəcə faydalı bir əsərdir. Material bolluğu, şair və yazıçıların, onların qələmindən çıxan əsərlərin çoxluğu dərslik müəllifinin işini qat-qat çətinləşdirən amillər sırasındadır. Nəinki sanballı bir tədqiqat əsəri yazmaq, eləcə də o qədər şairin, nasirin, dramaturqun saysız-hesabsız əsərlərinin oxunması belə son dərəcə ağır, vaxt və hövsələ tələb edən bir işdir. Həm də nəzərə alınası bir vacib məsələ də ondan ibarətdir ki, professor Bədirxan Əhmədli bir institutun uzun illər boyu görə biləcəyi ağır bir işi təkbaşına görmüş, belə dəyərli bir əsər yarada bilmişdir.

Ədəbiyyatımızın, ədəbiyyat tarixçiliyimizin yaşı çox qədimdir. Kim fədakarcasına həyatını ədəbiyyatın yaranmasına, tədqiqinə, təbliğinə, tədrisinə həsr edirsə, elə həmin şəxsin özü də fizioloji baxımdan olmasa da,  mənəvi baxımdan uzunömürlülük qazanır. Üç cilddən ibarət sanballı bir ədəbiyyat tarixi dərsliyinin müəllifini, filologiya elmləri doktoru, professor Bədirxan  Əhmədlini bu monumental əsərinə görə təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram.

Rafiq Yusifoğlu,

şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Millətlər Liqası: Niderland İspaniya ilə bacarmadı, İtaliya evdə, Fransa səfərdə məğlub oldu

21 Mart 2025 01:54see245

Tarixdə ilk dəfə Ay üzərində gün batımının şəkilləri çəkildi

20 Mart 2025 06:02see137

“Ermənistanın məqsədi iddialarına “əsaslar” yaratmaqdır”

20 Mart 2025 10:06see131

İnstitutun keçmiş əməkdaşı ölüm cəzasına məhkum edilib

20 Mart 2025 23:26see128

“Yalı çapkını”nın son bölümlərində onları yenidən görəcəyik

20 Mart 2025 23:29see119

Motosikletlə qapı daşıdılar! Faciədən döndülər

21 Mart 2025 03:15see119

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

20 Mart 2025 23:40see117

Rusiyadan ABŞ nin Ermənistana hərbi texnika yerləşdirməsi xəbərinə REAKSİYA

20 Mart 2025 19:28see117

13 ildən sonra səfirlik yenidən açıldı

20 Mart 2025 21:19see116

Nikol təəccübləndi: Ölkənin ərazisi çoxlarına tanış deyil

20 Mart 2025 10:38see116

Telegram da yenilik var

21 Mart 2025 03:05see115

Rahid Əmirquliyev: “O stadionda futbol oynamaq günahdır”

20 Mart 2025 20:41see113

“Yalan söhbətdir, uşağı yedirib içirib çıxmışam” VİDEO

21 Mart 2025 22:12see113

AB ilə ciddi problemlərimiz var, lakin... Kobaxidze

20 Mart 2025 11:53see113

“ABŞ Rusiya ilə əlaqələr qurmalıdır” Tramp

20 Mart 2025 10:46see112

Bloger keçmiş ərinin adını instaqramdan qəsdən silmir?

21 Mart 2025 22:57see111

Ermənistan hökumətinin verdiyi qərarın detalları məlum oldu Xəbərlərin 20:00 buraxılışı

20 Mart 2025 20:01see111

İran XİN: Trampın məktubu təhdid xarakterlidir

21 Mart 2025 02:00see110

Özündən 30 yaş kiçik əcnəbi ilə evlənən 74 yaşlı nənə intim həyatı ilə öyündü

20 Mart 2025 18:10see110

Benzia millidə növbəti oyuna çıxdı

22 Mart 2025 00:03see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri