Icma.az
close
up
RU
Efirimizdəki nöqsanlar adiləşərsə...

Efirimizdəki nöqsanlar adiləşərsə...

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tofiq ABDULLAYEV,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Televiziya və radiolar, sosial şəbəkələr, keçirilən tədbirlər geniş kütlə ilə daimi təmasda olmağın mühüm vasitələridir. Ona görə də bu tribunalardan istifadə edənlərin peşəkarlığı, nizam-intizamı, bilik və savadı, dünyagörüşü, səriştəsi, təcrübəsi, milli-mənəvi yetkinliyi (bu şərtləri daha da artırmaq olar) çox vacibdir. Bütün bunlarla yanaşı, nitq və efir mədəniyyəti, ədəbi dil normalarına, üslub qaydalarına müntəzəm əməl olunması da bu sahədəki neqativlərdən xilas olmağın çıxış yollarındandır.

Canlı ifa qorxusu

Bəzi zəruri halları, istisnaları çıxmaqla fonoqram ifalarından heç xoşum gəlmir və mən bu cür ifaları sənət hesab eləmirəm. Əgər ifaçı fonoqram arxasında gizlənirsə və bunu vərdişə çevirirsə, vay onun halına. El arasında buna "xaltura" deyirlər. Hətta yarızarafat-yarıciddi belə deyənlər də olur: "Fonoqramla nənəm də oxuyar. Hünəri varsa, canlı oxusun".

Bir var, hansısa bir verilişdə formata və məzmuna, həm də vəziyyətə uyğun olaraq ifaçının lent yazısına və fonoqrama qulaq asasan, bir də var ifaçı necə deyərlər, "bəh-bəh"nən efirə dəvət olunur və aparıcı da "böyük sevinclə" onun "sənətkarlığını" nəfəs dərmədən, dil-boğaza qoymadan o ki var tərifləyir, "buyur-buyur"la onu oxumağa dəvət edir. Aparıcının canü dillə təqdim etdiyi bu "sənətkar" da özündənrazı halda görüntü xatirinə əlinə mikrofon alıb "mahnını verin gəlsin" deyir və "göndərilən" (?!) mahnının ritminə, ahənginə uyğun olaraq başlayır ağzını açıb-yummağa. Vəssalam... Fonoqramla "ifa" olunan mahnı sona yetir, aparıcı əl çala-çala yenə başlayır "ifaçını" möhkəmcə tərifləməyə. Aparıcının təbrincə desək, bu oldu "gözəl ifaçı", "gözəl səs sahibi", hətta "parlayan ulduz". Aparıcının dönə-dönə dediyi "sağ ol"lar əslində ifaçıya yox, ifaçının "yükünü" daşıyan fonoqrama düşür.

Elə bu yerdə deməliyəm ki, sağ olsun xanəndə Zabit Nəbizadə, televiziya verilişlərinin birində belə bir təklif elədi: "Yaxşı olar belə şərt qoyulsun ki, efirə gələn hər bir ifaçı fonoqramsız, canlı oxusun".

Gözəl təklif idi. Bu sözü təkcə Zabit müəllimdən yox, digər bir neçə istedadlı xanəndədən, başqa müğənnilərdən də eşitmişəm. Hətta aparıcılardan da bu sözü deyən olub: "Elə ifaçılar var ki, onları efirə dəvət edirik, amma tələbimiz canlı ifa olduğuna görə gəlmirlər, daha doğrusu, gəlməyə ürək eləmirlər".

Aparıcının gileylənməsi məni sevindirdi, öz-özümə dedim: "Çox şükür ki, gəlmirlər. Təki, belə olsun, canlı oxuya bilməyənlər, yalnız fonoqramın ətəyindən yapışanlar efirə gəlməsələr, yaxşı olar. Heç olmasa, yorucu, bezdirici, döyənək ifalardan qulağımız bir az dincələr, efirlər də rahat nəfəs alar..."

Ümumiyyətlə, sənət meydanı səsinə, istedadına, peşəkarlığına güvənənlərin yeridir. Burada başqalarını "at oynatması"na imkan vermək olmaz.

"Əlləri görmürəm... əllər...əllər..."

Bu sözləri tamaşıçılara, dinləyicilərə yalvarıb onlardan alqış istəyən bəzi ifaçıların dilindən tez-tez eşidirik. Bu yerdə ustad Aşıq Şakir haqqında vaxtilə xanəndə İslam Rzayevdən aldığım bir müsahibə yadıma düşdü. Həmin müsahibənin lent yazısını bu gün də əziz bir xatirə kimi saxlayıram. İslam Rzayev deyirdi: "Mən aşıq Şakir sənətinin vurğunu olmuşam. Onun səsini, ifalarını həmişə xoşlamışam. Bir gün eşitdim ki, Filarmoniyada aşıq Şakirin iştirakı ilə konsert var. Sevinə-sevinə getdim. Zal tamam dolmuşdu. Bir dənə də boş yer yox idi. Yuxarı tərəfdə bir yer tapıb oturdum. Ayaq üstə duranlar zalın divarları boyunca yan-yana düzülüb dayanmışdılar. Şakirdə Şakir idi də. Boy-buxun, yaraşıq, nurlu çöhrə... səs də ki, Allah vergisi. Qulaq asdıqca doymurdun. Bir-birindən gözəl ifalar adamı valeh edirdi. Şakiri həm ayaq üstə alqışlayır, həm də səhnədən getməyə qoymurdular. Sayırdım, onu dalbadal düz 7 dəfə səhnəyə qaytardılar. Tamaşaçıların əl çəkmədiyini görən konsertin aparıcısı səhnəyə çıxıb tamaşaçılara yalvardı ki, "Siz Allah, daha bəsdir, insafınız olsun, adamı bu qədər yormaq olmaz, xahiş edirəm əl çalmağı saxlayın..."

İslam Rzayevin Aşıq Şakir haqqında olan bu söhbətini yada saldıqca düşünürdüm: Bax, əsl sənət, əsl sənətkar, əsl tamaşaçı sevgisi, halal tamaşaçı alqışı belə olar. Yoxsa bəziləri kimi "Əlləri görmürəm" deyib tamaşaçıdan alqış umasan?!

Yaxşı sənət nümunələri, yaxşı ifalar, peşəkarlıqla ərsəyə gətirilən mahnılar heç vaxt diqqətdən yayınmır. Belə olanda alqışlar özü ifaçını tapır.

Xəbərlərin təqdimatında üslub səhvləri

Təəssüflər olsun ki, bu səhvlər artıq ənənə halına çevrilib. Belə ki, xəbər çatdırılarkən səhv olaraq əvvəlcə xəbərin mətni, sonra isə xəbər müəllifinin, yaxud xəbərin istinad edildiyi mənbənin adı deyilir. Amma əksinə olmalıdır. Yəni xəbəri verən müəllifin və ya mənbənin adı əvvəldə deyilməli və bundan sonra xəbərin mətni çatdırılmalıdır. Əks halda dinləyicidə çaşqınlıq yaranır. Dinləyici diqqətini həmin anlarda müvafiq hədəf üzərində cəmləşdirə bilmir, fikri əsas mətləbdən yayınır. Təəssüf ki, bir çox rəsmi xəbərlər də səhv olaraq bu şəkildə verilir. Nə vaxtsa və kimlərsə tərəfindən ilk dəfə edilmiş üslub xətaları sonradan "inkişaf" edərək xoşagəlməz "ənənə"yə çevrilib. Efirdə və yaxud hansısa tədbirlərdə görürük ki, bəziləri danışanda cümlədə sözlərin yerini fərqinə varmadan, laqeydcəsinə dəyişdirir. Buna görə də fikir dolaşıqlığı yaranır, cümlənin mənası itir. Məsələn, şərti olaraq belə bir cümlə deyək: "İdarənin bugünkü tədbirinə xeyli adam toplaşmışdı". Təəssüf ki, həmin xəbəri çatdıran şəxs qeyd edilən cümləni belə ifadə edir: "Bugünkü idarənin tədbirinə xeyli adam toplaşmışdı". Göründüyü kimi, "idarənin" sözü ilə "bugünkü" sözünün yerlərinin dəyişdirilməsi fikir dolaşıqlığına səbəb olub.

Danışıq zamanı, məsələn, "cəmiyyətdə bəzi adamlar" əvəzinə "bəzi cəmiyyətdə adamlar", "Şərqin bir çox ölkələri" əvəzinə "bir çox Şərqin ölkələri","şəhərimizin o zamankı həyatı" əvəzinə "o zamankı şəhərimizin həyatı", "sərginin bugünkü qonaqları" əvəzinə "bugünkü sərginin qonaqları" və sair bu kimi dolaşıq cümlə quranlarıda, bəzi verilişlərdə addımbaşı şəstlə "okey" deyən aparıcıları da görürük.

Üslub və nitq mədəniyyəti baxımından təəssüf doğuran belə misalların sayı çoxdur.

Yerinə düşməyən ifadələr

Xəbər çatdırılarkən tez-tez istifadə olunan "baş tutdu" ifadəsi əksər hallarda yerli-yerində, mənasına və mahiyyətinə görə işlədilmir. Məlumdur ki, həlli çox çətin və əlçatmaz olan, uzun müddət həsrətlə gözlənilən, düzələcəyinə ümid olmayan hər hansı bir iş və ya tədbir, nəhayət, düzəlibsə, bu barədə xəbər verilərkən bu halda burada "baş tutdu" ifadəsi yerinə düşür. O ki qaldı, xoş məramla, xoş niyyətlə, heç bir çətinlik-filan olmadan çox asanlıqla həyata keçirilmiş bir iş və ya tədbir barədə xəbər verilirsə, burada "baş tutdu" ifadəsini işlətmək tamamilə yersizdir. Çox təəssüf ki, xəbər verilən zaman bəzi hallarda bu ciddi fərqlər nəzərə alınmır.

Dediyimə aid olan belə bir şərti misal gətirək: "Xeyli vaxt idi ki, aramsız yağışlar, güclü sel və daşqınlar çayın üzərində körpü salmağa, tikinti işləri aparmağa heç cür imkan vermirdi. Amma neçə gündən sonra daşqınlar səngidi və burada tikinti işləri, nəhayət, baş tutdu. "Göründüyü kimi, həmin cümlədə "baş tutdu" ifadəsi yerinə düşür. İndi misal gətirəcəyim şərti cümlədə isə "baş tutdu" ifadəsi yersiz işlədilib: "Yeni dərs ili gəlib çatdı. Müəllim və şagirdlərin məktəbə gəlişi baş tutdu". Və yaxud: "Həmişə olduğu kimi, bu dəfə də tamaşaçıların sərgiyə gedişi baş tutdu".

Təəssüf ki, bir çox ifadələr öz təyinatı üzrə deyilmir. Bu baxımdan bəzi aparıcılar, verilişin qonaqları, eləcə də müxtəlif tədbirlərdə çıxış edənlər bir çox sözlərin mənasını və təyinatını bilmədiklərinə görə danışıqlarında səhvə yol verirlər. Burada "dərc" və "nəşr" sözlərini misal göstərmək olar.

Məlumdur ki, qəzetlər, kitablar nəşr, məqalələr və digər janrlı yazılar isə dərc olunur. Amma bəziləri səhv olaraq məsələn: "Filan qəzet və ya kitab dərc olunub", "Filan qəzetdə məqalə nəşr olunub" deməklə "dərc" və "nəşr" sözlərini qarışıq salırlar. Axı, məqalə nəşr olunmaz, dərc olunar. Yaxud kitab dərc edilməz, nəşr edilər. Təəssüf ki, bu sözləri ayırd edəbilməyən bəzi ziyalılar da var. Təkcə bu deyil. Danışıq zamanı "azarkeş"i "azərkeş", "riayət"i "rayət", "rəiyət", "mədəni"ni "məəədəni", "nekroloq"u "nekrooloq", "monoloq"u"monooloq","ayaq üstə dayanmaq"ı, "ayaq üstədurmaq"ı "ayaqda dayanmaq", "ayaqda durmaq" və sair kimi deyənləri də görürük.

Danışıqda "qarşı" sözü də çox vaxt deyilən fikrə uyğun olaraq işlədilmir və buna görə müsbət bir fikir istər-istəməz öz-özünü inkar edir. Şərti olaraq bu cümlələri nümunə göstərək: "Mən sənə qarşı əlimdən gələn yaxşılığı edəcəm"; "Onun mənə qarşı böyük hörməti var"; "Sənə qarşı olan yüksək diqqət azalmır". "Qarşı" sözünün lazımsız olaraq "yapışdırıldığı" belə cümlələrin sayını xeyli artırmaq olar. Göründüyü kimi, həmin cümlələrdə "qarşı" sözünə qətiyyən ehtiyac yoxdur.

Fikrimi şərti olaraq misal gətirdiyim bu iki cümlə ilə çatdırsam, daha aydın olar: "O, haqsızlığa qarşı öz səsini ucaldır"."Onun el-obaya qarşı böyük hörməti var". Hər iki cümlədə "qarşı" sözü işlədilib. Amma 2-ci cümlədəki "qarşı" sözü qondarma olmaqla yersizdir.

Qulaqları dəng eləyən "sıfır-sıfır"lar

Efirlərdə hər saatın tamamını və ya anonslarda, reklam çarxlarında vaxtı bildirən rəqəmlərin yanında "sıfır-sıfır" ifadəsinin təkrar olaraq dönə-dönə işlədilməsi tamamilə yersiz olmaqla həm də çox yorucu səslənir. Qulaqları dəng eləyən bu "sıfır-sıfır"lar kimin və ya kimlərin "kəşfidir", kimlərin "icadıdır", efirə kimlər tərəfindən gətirilib, bilmirəm ,amma onu bilirəm ki, daim yersiz işlədilən bu "sıfır-sıfır"lar dillərə, ağızlara düşmüş bir bəladır ki, hər dəfə səslənəndə adamı o ki var bezdirir.

Məsələn, təxminən belə deyirlər:"Saat 19 sıfır-sıfırda filan veriliş olacaq". "Yarışlar saat 16 sıfır-sıfırda başlanacaq", "Konsertin vaxtı saat 21 sıfır-sıfıra kimi uzadılıb", "Tədbirə saat 10 sıfır-sıfırdan 15 sıfır-sıfıra kimi gəlmək olar" və sair. Məgər "saat 19-da", "saat 16-da", "saat 21-ə kimi", saat "10-dan 15-ə kimi", yəni rəqəmləri "sıfır-sıfır"larsız demək olmazmı? Həmin yorucu "sıfır-sıfır"ları rəqəmlərin yanına düzməyə nə ehtiyac var?

Günümüzün narahatlıq doğuran müxtəlif problemləri içərisində bu sadaladığım məsələlər, ola bilsin, elə də mühüm görünmür. Ancaq onlara vaxtında diqqət yetirib aradan qaldırmasaq, həmin qüsurlar adiləşib daha geniş yayılsa, bir müddət sonra qat-qat ciddi problemlərlə də üzləşəcəyimiz şübhəsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see209

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see155

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see137

Yaponiya klubu Bakıya gəlir

07 May 2025 14:16see132

Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür

07 May 2025 15:08see131

“İnter”in tarixində 7 ci final

07 May 2025 08:55see126

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see125

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see125

Selin Dion 37 ildən sonra Avroviziya da səhnə ala bilər

07 May 2025 13:11see124

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see123

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see123

Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib

07 May 2025 17:21see123

Türkiyədə zəlzələ oldu

07 May 2025 09:41see122

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see120

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir

07 May 2025 06:18see119

Daha bir hava XƏBƏRDARLIĞI Leysan yağacaq, sel keçəcək

07 May 2025 16:18see119

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

07 May 2025 09:42see118

Analitik: Rusiya Paşinyanı devirməkdə maraqlıdır

07 May 2025 08:48see116

Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib

07 May 2025 14:37see115

Real Barselona dan nəyin qisasını almaq istəyir?

07 May 2025 17:18see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri