Əhali niyə pulları yastıq altında saxlayır?
525.az saytına istinadən Icma.az xəbər verir.
"Ölkədə dövriyyədə olan manat kütləsinin 46 faizi nağd şəkildədir. Bu vəsaitlər əsasən əhalinin "yastıq altında" saxladığı pullar və biznesin kassalarıdır. Bu gün əhali nə az-nə çox, düz 10 milyard dolları "yastığın altında" saxlayır".
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, bu amil kapital bazarlarının inkişafı üçün məhdudlaşdırıcı faktor hesab olunur. Mərkəzi Bankın sədri əhalini vəsaitləri evdə saxlamaq əvəzinə banklara, bazara və ya investisiya vasitələrinə yönəltməyə çağırıb.
"Yastıq altındakı pullar" ciddi iqtisadi problemlərə səbəb olur
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, "Yasdıqaltı pullar" termini iqtisadiyyatda geniş yayılan, bir çox məsələləri izah etmək üçün istifadə edilən deyimdir: "Yastıqaltı pullar" dedikdə vətəndaşların pullarını banklarda və ya rəsmi maliyyə alətlərində deyil, evdə, adətən nağd şəkildə saxlaması nəzərdə tutulur. Bu anlayış xüsusilə inkişaf etməkdə olan ölkələrdə geniş yayılıb və həm fərdi, həm də ümumi iqtisadiyyat üçün mühüm nəticələr doğurur. Yastıqaltı pullar qısa müddətdə fərdi təhlükəsizlik hissi yaratsa da, uzunmüddətli perspektivdə həm vətəndaş, həm də dövlət üçün ciddi iqtisadi problemlərə səbəb olur. Pulların rəsmi maliyyə sisteminə cəlb edilməsi iqtisadi inkişafın və maliyyə sabitliyinin əsas şərtlərindən biridir".
İnsanlar öz vəsaitlərini investisiya kimi banklarda saxlaya bilmirlər
Natiq Cəfərlinin sözlərinə görə, vətəndaşın pulları yastıq altında saxlamasının əsas səbəbi bank sisteminə hələ də güvənməməsi, vəsaitini evində saxlamağa üstünlük verməsidir. Ölkədə ardıcıl olaraq banklarla bağlı böhran yaşandı. Nəticədə bir neçə bank bağlandı. Yəqin ki, həm də insanlar buna görə öz vəsaitlərini investisiya kimi banklarda saxlaya bilmirlər. Ümumiyyətlə, ölkədə investisiya şəraiti yoxdur ki, harasa investisiya qoysunlar, ona görə də pullarını evdə saxlayırlar: "Vətəndaş yatırım etməyə alət tapmır, yəni qiymətli kağızlar bazarı, gəlir alətləri aşağıdır. Bu gün əlində, yastığının altında pulu olan vətəndaş obyekt açmaq, iş qurmaq, yatırım etmək istəmir, dövlət orqanlarından qorxur. Düşünür ki, biznes qursa və ya, belə bir cəhd etsə, o vəsaiti itirə bilər".
Bu pullar adətən evdə saxlanılır
İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, keçmiş illərdə yaşanan maliyyə böhranları, bəzi bankların ləğvi və əmanətçilərin vəsaitlərinə çıxışda çətinliklər insanların yaddaşında qalaraq riskdən yayınma davranışı yaradıb: "Bundan əlavə, gəlirlərin qeyri-sabitliyi də mühüm amildir. Əhali sabit gəlirə malik olmadıqda, pulunu istənilən an istifadə edə bilmək üçün onu nağd şəkildə saxlamağa üstünlük verir. Bank əmanətlərinin müəyyən müddətə bağlanması isə bu elastikliyi azaldır. Maliyyə savadlılığının aşağı səviyyədə olması da bu tendensiyanı gücləndirir. Bir çox vətəndaş bank əmanətlərinin, sığortalanma mexanizmlərinin və digər maliyyə alətlərinin üstünlükləri barədə yetərli məlumata malik deyil. Digər vacib faktor isə kölgə iqtisadiyyatının mövcudluğu və nağd hesablaşmalara üstünlük verilməsidir. Rəsmi dövriyyədən kənar gəlirlər bank sisteminə cəlb olunmur və bu pullar adətən evdə saxlanılır. Nəhayət, inflyasiya və valyuta riskləri də əhalinin davranışına təsir edir. İnsanlar bəzən pullarını bankda saxlamaqdansa, nağd şəkildə və ya xarici valyutada saxlamağı daha təhlükəsiz hesab edirlər".
Bu pulların banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür
Millət vəkili Vüqar Bayramov hesab edir ki, "Yastıq altında" böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Çünki potensial olaraq həmin pulların çox hissəsinin banklar vasitəsi ilə iqtisadiyyata yönəldilməsi mümkündür. "Evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir. Bu kontekstdən, zəif bankların bağlanması deyil, onların konsolidasiyası, yəni birləşdirilməsi mexanizminə ehtiyac var. Bu nağd vəsaitlərin banklar vasitəsi ilə real sektora yönəlməsinə gətirib çıxara bilər. İnsanlar iqtisadi qeyri-müəyyənliyə qarşı cox həssas və ehtiyatlı yanaşırlar. Ona görə də bankların ləğvetmə prosesində qeydə alınan nöqsanlar aradan qaldırılmalıdır ki, sağlamlaşdırma tədbirləri görülərkən belə banklara və bank sektoruna inam sarsılmasın".
Qəfildən qapını döyüb pulların mənbəyi ilə maraqlana bilərlər
İqtisadçı ekspert Əkrəm Həsənovun dediyinə görə, bəzi vətəndaşlar pullarının bir hissəsini banklarda saxlasalar da, əksər hissəsini "yastıq altı"nda gizlədirlər. Vətəndaşlar qorxurlar. Qəfildən qapını döyüb pulların mənbəyi ilə maraqlana bilərlər. Onlardan soruşa bilərlər ki, bu qədər pulu hardan qazanmısan? Buna görə də vətəndaş pullarını banka qoymaqdan çəkinir.
Bu qorxu əsasən gəlirlərin bir hissəsinin rəsmi sənədlərlə təsdiqlənməməsi ilə bağlıdır. Xüsusilə qeyri-rəsmi məşğulluq, gündəlik qazanc, ailədaxili pul dövriyyəsi və ya illər ərzində yığılan nağd vəsaitlər bank sisteminə daxil edilərkən vətəndaş özünü risk altında hiss edir.
Digər tərəfdən, vergi və maliyyə nəzarəti mexanizmləri ilə bağlı yanlış təsəvvürlər də bu narahatlığı artırır. Vətəndaş düşünür ki, banka yatırdığı vəsait avtomatik olaraq vergi orqanlarının diqqətini cəlb edəcək və əlavə yoxlamalara səbəb olacaq.
Əslində bankların əsas məqsədi vəsaitin çirkli pulların yuyulmasına qarşı qanunvericiliyə uyğunluğunu təmin etməkdir və bu sorğular adi vətəndaş üçün birbaşa cəza riski yaratmır. Lakin bu mexanizmlər barədə ictimaiyyətə yetərli izahat verilmədiyi üçün psixoloji baryer formalaşır.
Bu qorxunun aradan qaldırılması üçün dövlət qurumları və banklar tərəfindən daha açıq kommunikasiya aparılmalı, vətəndaşlara hansı hallarda və nə səbəbdən izahat tələb oluna biləcəyi aydın şəkildə izah edilməlidir. Bu, yastıqaltı pulların bank sisteminə cəlb olunmasına ciddi töhfə verə bilər.
Ekspert vurğulayıb ki, bu gün banklara etibar edilən pullarla bağlı 3 təhlükə var. Birincisi, bank bağlana bilər, ikincisi, müəyyən dairələrdən gəlib pulun hesabını soruşacaqlar, üçüncüsü, evdə qalsa da, təhlükə daha çoxdur, oğrular apara bilər.
Səbəb inamsızlıqdır
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, banklardankənar pul kütləsinin artması arzuolunan hal deyil: "İki il öncə bir neçə bankın bağlanması qərarları banklara olan inamın nisbətən azalmasına, əmanətlərin həcminin artma sürətinin düşməsinə gətirib çıxarıb. İnsanlar bu gün banklara pul qoymağa ehtiyat edir və pulunu evində saxlamağı üstün tutur. Bunun səbəbi inamsızlıqdır".
Ekspertin sözlərinə əsasən, əmanətlərin artım sürətindəki zəiflik bankların əllərində olan likvid vəsaitləri yerləşdirməyə şərait olmamasından irəli gəlir: "Uzun müddət boyunca banklar malik olduqları yüksək həcmdə likvid vəsaitləri yerləşdirməyə çətinlik çəkdilər. Bankların əllərində likvid vəsait varsa, nədən stimullaşdırıcı vasitələrlə əlavə əmanətlər cəlb etsinlər ki? Mərkəzi Bank bu izafi likvidliyi aradan qaldırmaq üçün xeyli addımlar atdı, nəticədə bu ilin əvvəlindən bank əmanətlərinin cəlbediciliyi artdı. Lakin hesab edirəm ki, burada əsas stimullaşdırıcı real iqtisadiyyatın artımıdır. Real iqtisadiyyat inkişaf edərsə, banklar likvid vəsaitləri rahatlıqla və güvənlə yerləşdirə bilərsə, onda əmanət şərtləri getdikcə daha cəlbedici olacaq, beləliklə də, nağd pul kütləsi azalacaq. Burada həmçinin bank sektorunun özündə sağlam rəqabət mühitinin formalaşdırılması amili də mühüm rol oynayır".
Əhali əlinə keçən pulu niyə evdə saxlayır?
İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, əhalinin öz pullarını banklara əmanət etməsinə nail olmaq üçün bır sıra işlər görülməlidir: "Bu gün banklara əmanət yerləşdirilməsi sahəsində stimullaşdırıcı amillər qənaətbəxş səviyyədə deyil. Ölkədə bank sektoruna əhalinin inamı və etibarı tələb olunan səviyyədə deyil. Son illər ərzində bu sahədə vəziyyət hələ xeyli yaxşılaşıb. Bununla belə, sektorda həddindən artıq təmərküzləşmə, ölkədə fəaliyyət göstərən bankların 5-6-sı istisna olmaqla, hər an bağlanma təhlükəsinin olması və sair, etibarı azaldır. Bundan əlavə, manatın dəyərinə də inam möhkəm deyil, devalvasiya gözləntisi həmişə söhbət mövzusu sayılır bizdə. Hərçənd son illər ərzində manatın dəyərinə də inam xeyli dərəcədə yaxşılaşıb. Ancaq bu inam kövrək xarakter daşıyır. İkincisi, inflyasiyanı da nəzərə almaq lazımdır. Manatın alıcılıq qabiliyyətinin ildən-ilə enməsi də banklara vəsait yerləşdirilməsinə maraqsızlıq yaradan səbəblər sırasındadır. Şərt o deyil ki, devalvasiya baş versin. Bank depozitləri də inflyasiyaya uğrayır. Yəni demək istədiyim odur ki, banklardan kənarda olan manatın həcminin artmasında bunun da rolu var".
Bank sektorunda real və azad rəqabət mühitinin yaradılmasına ehtiyac var
Ekspert qeyd edib ki, banklar dollarla əmanətlərə çox az faiz təklif edir: "Buna görə də əhali əlinə keçən pulu dollara çevirib evdə saxlamağı, yaxud daşınmaz əmlaka yatırmağı daha üstün tutur. Bu vəziyyəti dəyişmək üçün həssas davranış tələb olunur: bir tərəfdən əmanət faizlərini artırmaq kredit faizlərini də artıracaq, digər tərəfdən, dollarla əmanətləri stimullaşdırmaq başqa bir təhlükə yaradacaq. Bu baxımdan, bankların bağlanmasını dayandırıb, onların fəaliyyətinin sağlamlaşdırılmasına, bank sektorunda real və azad rəqabət mühitinin yaradılmasına ehtiyac var".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 18 Dekabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















