Icma.az
close
up
RU
“Əkinçi”nin milli gerilik və erməni millətçiliyi ilə mübarizəsi

“Əkinçi”nin milli gerilik və erməni millətçiliyi ilə mübarizəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

1875-ci il iyul ayının 22-də Azərbaycan dilində nəşrə başlayan, 1877-ci il avqust ayının 18-də son nömrəsinin çapı ilə 25 aylıq fəaliyyətini dayandıran “Əkinçi” qəzeti milli mətbuatımızın özül tarixini yazdı. Bu qəzetin ilk milli mətbu nəşr kimi fəaliyyətə başlaması mədəni tariximizə onun təsisçisi və baş yazarı Moskva Universitetinin məzunu, Bakı gimnaziyasının təbiət müəllimi, 33 yaşlı maarifçi ziyalı Həsən bəy Zərdabinin həyat missiyasının ən yaddaqalan hadisəsi kimi daxil oldu.

Həsən bəy xalqımız üçün yeni başlanğıc olan bu işə – qəzet buraxılışına ana dilini öyrədən bir məktəb kimi baxırdı: “Qəzet və ya jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir”. “Əkinçi”nin meydana gəlməsində Həsən bəy Zərdabi ilə yanaşı, XIX əsrin ikinci yarısında Azərbaycanda intişar tapmağa başlayan maarifçilik mühitinin, onun yaranmasına təkan verən ictimai-siyasi proseslərin oynadığı rolu da qeyd etməyi lazım bilirik. Böyük maarifçi, türk-müsəlman xalqlarını əhatə edəcək əlifbanın nəinki ən qızğın təbliğatçısı, yeni əlifba layihəsinin müəllifi Mirzə Fətəli Axundovla başlanan, Azərbaycan ictimai şüurunda özünü hiss etdirən renesans mərhələsinin diqtə etdiyi məqamları unutmamağı vacib sayırıq.

Təhsil sahəsində, xüsusilə imperiya hüdudlarındakı xalqların təhsilə təşviqi ilə bağlı mərkəzi hakimiyyətin yürütdüyü işıqlı siyasətin nəticəsində məktəblərdə ana dilində tədrisin həyata keçirilməsi işi ləng də olsa olsa gedir, renesasnsın dayanıqlılığını təmin edirdi. Yeri gəlmişkən, Azərbaycan dilində fəaliyyətə başlayan dünyəvi məktəblərin ilk rüşeymləri ölkəmizdə məhz XIX əsrin 60-cı illərində gözə dəyirdi. Bütün bunlar milli burjuaziyamızın formalşma mərhələsini yaşayan Azərbaycanın dialektik inkişafında mühüm sayılan amillər idi. Buna görə də cəsarətlə milli mətbuatımın yaranmasını XIX əsrin ikinci yarısı üçün gözlənilən hadisə adlandıra bilərik. Ola bilər ki, o, 1875-ci ilin yayında deyil, bir, iki, hətta beş il tez və yaxud gec baş verəydi, o da tamamilə mümkün idi ki, həmin nəşrin təsisçisi Həsən bəy Zərdabi deyil, başqası da ola bilərdi. Amma reallıq odur ki, bu möhtəşəm hadisənin baş verməsi üçün zəmin yaranmışdı.

“Əkinçi”nin ilk nömrəsindəki baş məqalədə qəzetin təsisçisi və redaktoru Həsən bəy Zərdabinin yazdığı məqalədə nəşrin məramnaməsinə diqqət çəkilir, materialların “Daxiliyyə xəbərləri”, “Əkin və ziraət xəbərləri”, “Tazə xəbərlər”, “Elanlar” rubrikası altında gedəcəyi qeyd olunurdu. Qəzetin bir neçə nömrəsinin çapından sonrakı nömrələrində digər rubrikaya ehtiyac yarandı. Bu, “Məktubat” rubrikası idi və bu bölümdə verilən yazılarda nəhayətsiz görünən imperiya sərhədləri daxilində, əsasən soydaşlarımız yaşayan məkanlardan istənilən şəxs ictimi rəy üçün əhəmiyyət kəsb edən hadisələrdən və yaxud insanlarımızı tərəqqidən saxlayan məsələlərdən söz açılırdı.

“Əkinçi” qəzetində mövzuların rəngarəngliyinin artması ilə yanaşı, Azərbaycan jurnalistikasında ilkin ənənələr də ormalaşırdı. Bu prosesdə dramaturgiyamızın banisi böyük Mirzə Fətəli Axundov, şair Seyid Əzim Şirvani, Səid Ünsizadə, Nəcəf bəy Vəzirov, Qarabağ xanlarının nəslindən olan Əsgər ağa Gorani, Əhsənül Qəvaid və digər “Milləti – islami qəflətdən ayıltmaq istəyən”, bunun üçün özündə potensial görən və həmin potensialı cəmiyyətdə etiraf edilən azsaylı ziyalılarımız qoşulmuşdu.

“Əkinçi” meydana qədəm badığı məqamdan ancaq bir cəbhədə döyüşmürdü. Onun döyüşdüyü insanlar təkcə milləti buxovda saxlamağın elmsizlik, cəhalət olduğunu bilən və bunu aradan qaldıranlarla ölüm-qalım savaşına çıxanlar deyildi. Həmin əsrin 20-ci illərinin sonlarında Rusiya imperiyasının uzağagedən planlarına hesablanan və buna görə də Güney Qafqaza, xüsusilə İrəvan xanlığının ərazilərinə köçürülən erməni millətindən olan insanlar milli münaqişənin ocaqlarını yaratmaqda idilər. Oxşar proseslərdə olduğu kimi, bunun “tarixi kökləri”nin ideoloji əsasları yaradılırdı və bu işi erməni ziyalıları arasında görmək istəyənlər kifayət qədər tapılırdı.

Belə “millətsevərlərdən” biri, erməni millətindən olan, Moskvada doğulub böyüsə də, Tiflisdə qərarlaşan Qriqori Artsruni idi. Onun təsis etdiyi, özünün redaktorluğu ilə 1873-cü ilin fevral ayından nəşrə başlayan “Mşak” qəzetinin qəzetin 14-cü nömrəsində “Qandzak” (tarixən azərbaycanlılara aid olan Gəncə həmin yazıda belə təqdim edilirdi) sakinlərinin aborigen əhalisinin ermənilər olması ilə bağlı dərc edilmiş “araşdırma yazısı”nda mahalda əsasən ermənilərin yaşadığı iddia edilirdi: “Onlar öz ana dili ilə sıx bağlıdırlar, həm də qonşularının dilində yaxşı danışırlar; xalq öz kilsəsinə sadiqdir, kilsə adət-ənənələrini qeyrətlə qoruyur, milli xeyriyyə işlərini hərarətlə, səxavətlə dəstəkləyir”.

Millətçi redaktor sonra bildirirdi ki, burada türklərin sayı 1800 nəfərdir, ermənilərdən çoxdur, lakin təsir gücündə deyil. Onların həyat tərzi Asiya tayfalarına xasdır. Onların sosial dünyagörüşünü qiymətləndirmək artıqdır, lakin onların təhsil vəziyyətinin son dərəcə əlverişsiz olduğunu qeyd etmək lazımdır. Onların yeganə məktəbi məsciddir. Mirzə və ya molla bir neçə oğlanı başına yığıb kobud səslə yerdə oturan oğlanlara dərs keçirlər. Onlar nə öyrənirlər? Çox dəhşətli keyfiyyətlər...

Oxşar mövzuda yazılaraq qəzetdə dərc edilən məqalələr təkcə yazı müəlliflərinin, heç o yazıları sifariş verərək redaktə edən, nömrəyə qoyan redaktorun da deyil, ümumilikdə, Çar Rusiyası mərkəzi hakimiyyətinin siyasətini əks etdirirdi. “Əkinçi” və onun redaktoru Həsən bəy Zərdabinin “Mşak”ın fəaliyyətindən azından xəbərdar idi və dəfələrlə erməni publisisti kəskin məzəmmət və tənqid etmişdi.

“Əkinçi”nin 8 oktyabr 1876-cı il tarixli nömrəsində azərbaycanlılar barədə xarakterik olmayan rəy formalaşdırmağa çalışan ermənidilli mətbu orqanın paylaşdığı xəbər olduğu kimi təqdim olunur: “Ermənilərin "Mşak" qəzetinə Axalkalak şəhərindən yazırlar ki, müsəlmanlar oğurluğu zurna-qabal ilə eləyirlər. Bir dəstə adam gəlin aparırıq deyibən gedib gələni soyur”.

“Əkinçi”nin nömrələrini vərəqlədikcə millətimizə atılan daşları, edilən iftiraları cavablandıran gənc redaktorun qəlbində püskürən etiraz açıq-aydın görünməklə bərabər, onun səbr ilə verdiyi cavablara heyrət etməyə bilmirsən. Belə cavabların biri qəzetin 17 fevral 1877-ci il tarixdəki sayında, Həsən bəyin yazdığı məqalədə belə təqdim edilir: “Bizim qəzetin 24-cü nömrəsində qurban bayramının əsl mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan "Mşak" qəzeti erməni dilinə tərcümə elədib, basdırıbdır. Heç görülübdür ki, bizim zəmanədə elm oxumuş adam xalqı Məkkəyə getməyə təhrik edə və ittihadi-islam fikrinə düşə və ittihadi-islam heç məqdurdurmu? Xüləsa, bu tövr çox danışıb axırda deyir: neçə yüz ildir ki, İslam ətrafında olan erməni, gürcü və qeyri tayfaları güc ilə İslam edib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz... Yox, qaytarın bizə ki, bizim zəmanə elm zəmanəsidir və biz elm sahibiyik və elm təhsil etməyə qabiliyyətiniz var. Bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən İslam eləmisiniz, verin bizə”.

Həsən bəy Zərdabi Arsruni kimi “ziyalıların”, “millətsevərlərin” xalqını hara qədər aparacağını görür və onların bu təşviqinin elmli kəslər üçün ayıb olduğunu qələmə alır: “Ey cənab Arsruni (zikr olan qəzetin münşisinin adıdır), əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyb deyilmi ki, bizim aramızda ədavət salırsınız?!”

Zərdabinin 18 avqust 1877-ci il tarixli nömrəsində “Təzə xəbərlər” rubrikasında dərc etdirdiyi replikada bunu görmək mümkündür: “Mşak" qəzetinə Badkubədən yazırlar ki, bizim şəhərin erməniləri Üçkilsədə olan erməni patriarxına ərizə göndəriblər ki, cənab patriarx Rusiyada sakin olan ermənilərin adından padişahi-imperaturi-əzəmdən təvəqqe eləsin ki, Osmanlı dövlətinə tabe olan ermənilərin onlara olan zülmdən xilas etməkdən ötrü slavyan tayfasına alınan ixtiyarları onlar üçün də alsın və barədə "Mşak" qəzetindən iltimas ediblər ki, bu ərizəni çap edib, ermənilərə məlum eləsin ki, qeyri şəhərlərdə olan ermənilər də cənab patriarxa belə ərizə göndərsinlər”.

“Əkinçi” və onun yaradıcı heyəti, başda qəzetin redaktoru Həsən bəy Zərdabi olmaqla istər qəzetin nəşr olunduğu dövrlərdə, istərsə də qəzet maliyyə sıxıntısı səbəbindən çapını dayandırdığı zamanlardan sonrakı zamanlarda öz missiyalarını – Xalq və Vətənə xidmət etmək borcunu ömürlərinin sonuna qədər ləyaqətlə davam etdirdilər. Onlar atdıqları addımların dəyərinin illər keçəndən sonra veriləcəyinə o qədər əmin idilər bu əminliyə bütün zamanların oxucusunun heyrətlənmsi belə, heyrətamiz görünür.

Onlar keçdikləri yolu belə xarakterizə edir və gələcək nəsillərin qarşısında əbədi öhdəliyi səsləndirirdilər: “Ey qardaşlar, rəva deyil ki, bircə qəzetimiz var ki, "Əkinçi" olsun, sizə “Əlif Leyla” dərsi desin. Bu halda müsəlman milləti tufana düşmüş təkidir ki, hər ləpə onların bir hissəsinin aparıb qərq edir.... Qardaşlarınızın qərq olmağına baxa-baxa inək irəlidən yediyi xörəyi köyşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətilə fəxr edək və öz qərq olmağımıza əlac eyləməyək”.

Mahirə HÜSEYNOVA,
ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see142

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see132

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see126

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri