Ekspert: Yol nişanlarının əllə, istərsə də müasir texnoloji avadanlıqlarla çəkilməsinin fərqi yoxdur, əsas odur ki, düzgün çəkilsin
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Bakıda yol nişanlarının əllə çəkilməsi ilə bağlı görüntülər tənqid edilib. Bildirilib ki, dövlət tərəfindən yol infrastrukturunun inkişafına kifayət qədər vəsait ayrıldığı halda, texniki vasitələr yerinə işçilərin fiziki əməyi hesabına yol nişanlarının çəkilməsi düzgün deyil. Müzakirələr fonunda avtomobil yollarına nişanların çəkilməsində istifadə olunan boyaların keyfiyyətsiz olması, günəş, yağış suyu təsirindən tez silinməsi məsələsinə də diqqət çəkilib.
Nəqliyyat məsələləri üzrə ekpsert Yasin Mustafayev isə Pravda.az-a açıqlamasında deyib ki, yol nişanlarının əllə, istərsə də müasir texnoloji avadanlıqlarla çəkilməsinin fərqi yoxdur.
“Əsas odur ki, yol nişanı doğru-düzgün çəkilsin. İndi müasir üsullar da var. GPS-lə təmin olunmuş avadanlıqlar avtomatik rejimdə yol nişanlarını çəkir. Heç bir əl müdaxiləsi edilmir. Görüntülərdəki əməkdaş isə nişanı düzgün çəkir. Burada irad bildiriləsi nəsə yoxdur. Öz bacarığı hesabına çəkə bilirsə, lap yaxşı. Hər hansı avdanlıq, trafaret, şablonlar - bunlar əlavə vəsaitdir. Yol nişanı tozlu, çirkli zəminə çəkilməməlidir. Boyanın keyfiyyəti, tələbləri kimi standartlara əməl olunmalıdır. Hər boyanı yol nişanına, üfüqi nişanlanmaya çəkmək olmaz. Əsas budur, yol nişanları keyfiyyətli materiallarla çəkilsin, texnoloji ardıcıllığa əməl olunsun”, - o bildirib.
Aytəkin Qardaşova


