Elçibəy ətrafında mübahisə alovlandı: 40 ilə yaxın davam edən qalmaqal niyə səngimir?
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Media Türk”ün efirində Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə siyasətçi Nemət Pənahlı arasında baş tutan debat Əbülfəz Elçibəy ətrafında illərdir davam edən mübahisələri yenidən alovlandırıb. Belə ki, Nemət Pənahlı bir daha meydanlarda xalq tərəfindən toplanan vəsaiti – təxminən 10 milyon manatı – Əbülfəz Elçibəyin mənimsədiyini iddia edib. Pənah Hüseyn isə ümumiyyətlə bu qədər vəsaitin yığılmasına inanmadığını bildirib. O, səslənən ittihamları əsassız sayaraq Nemət Pənahlının Elçibəyin ruhundan və Azərbaycan xalqından üzr istəməli olduğunu deyib.
Qarşılıqlı ittihamlar fonunda 40 ilə yaxındır davam edən bu mübahisənin niyə səngimədiyi və nə üçün hər il daha da sərtləşdiyi sualları yenidən gündəmə gəlib.
Maraqlıdır, bu yöndəki ittihamlar hər ötən il niyə artmaqda davam edir?
Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bu məsələnin əsas səbəblərindən biri Azərbaycan xalq hərəkatının bu günədək obyektiv və elmi şəkildə yetərincə araşdırılmamasıdır:
“Mövcud yanaşmalarda, xüsusilə siyasi kontekstdə, müstəqillik hərəkatına birmənalı münasibət sərgilənməyib. Zaman-zaman Rusiya ilə münasibətlər fonunda Azərbaycan müstəqillik hərəkatı və həmin prosesdə iştirak etmiş şəxslər barədə ziddiyyətli mövqelər ortaya qoyulub. Milli azadlıq hərəkatında iştirak etmiş bir sıra şəxslər müxtəlif ittihamlarla ləkələnib, onların siyasi proseslərdə iştirakına maneələr yaradılıb. Nemət Pənahlının Azərbaycan xalq hərəkatındakı rolu ilə bağlı irəli sürülən iddialar bu kontekstdə ayrıca müzakirə mövzusudur. Tarixi faktlara əsasən, o, Azərbaycan xalq hərəkatının lideri olmayıb. Onun əsas fəaliyyəti Meydan hərəkatı dövründə mitinqlərin aparıcısı funksiyasını yerinə yetirməklə məhdudlaşıb. Nemət Pənahlının ölkə miqyasında təşkilatlanma fəaliyyəti, bölgələrdə struktur qurması və ya kütlələri siyasi baxımdan yönləndirməsi ilə bağlı ciddi faktlar mövcud deyil. Onun fəaliyyəti əsasən çalışdığı müəssisə çərçivəsində formalaşmış kiçik qrupla məhdudlaşıb. Həmin dövrdə mitinqlərdə çıxış edən şəxslərin seçimi daha çox kütləyə emosional təsir göstərmək məqsədi daşıyırdı. Şeir deyə bilən, yüksək səslə danışan və auditoriyanı coşdura bilən şəxslər mitinqlərin aparıcısı kimi önə çəkilirdi. Bu baxımdan Nemət Pənahlının da müəyyən natiqlik bacarığının olduğu qəbul edilə bilər. Lakin bu amil onun xalq hərəkatının ideoloji və siyasi lideri olması anlamına gəlmir.
Ümumilikdə, həkim kimi deyə bilərəm ki, bu şəxsin özünü ön plana çıxarmaq meyli, psixi problemləri var və o, həqiqətən də özünü Azərbaycan Xalq Hərəkatının lideri olduğuna inandıra bilib. O, Azərbaycanın Müstəqillik Hərəkatını öz adı ilə bağlamağa çalışır. Halbuki, əgər həqiqətən hərəkatın lideri olsaydı, bu gün cəmiyyətdə ona ciddi hörmət göstərilərdi. Əbülfəz Elçibəy vəfat edərkən demək olar ki, bütün Azərbaycan onun dəfn mərasimində iştirak edirdi. İnanmıram ki, Nemət Pənahlı dünyasını dəyişəcəyi təqdirdə yaxın qohumlarından başqa geniş ictimaiyyət orada iştirak etsin”.
ADP sədri bildirib ki, Azərbaycan milli azadlıq hərəkatının ideoloji əsaslarını formalaşdıran və ona siyasi rəhbərlik edən şəxs Əbülfəz Elçibəy olub:
“O, hələ 1960-cı illərdən başlayaraq Azərbaycanın milli azadlığı və birləşməsi ideyalarını təbliğ edən, bu istiqamətdə ardıcıl fəaliyyət göstərən yeganə disidentlərdən biri idi. SSRİ dövründə Azərbaycanda birbaşa siyasi motivlərlə təqib və həbs olunan nadir şəxslərdən biri məhz Elçibəy olub. Digər siyasi fiqurlar müxtəlif ittihamlarla həbs edilsə də, o, məhz siyasi baxışlarına görə cəzalandırılıb. Sovet İttifaqının zəifləməsi ilə milli azadlıq hərəkatının rəhbərliyini üzərinə götürən Əbülfəz Elçibəy bu prosesdə həlledici rol oynayıb. Xalq hərəkatında bu və ya digər səviyyədə iştirak edən insanların böyük əksəriyyəti məhz onun ideyalarının təsiri altında bu mübarizəyə qoşulub. Zamanla fərqli siyasi mövqelər formalaşsa da, Elçibəyin milli hərəkat üçün ideoloji mayak olduğu faktı danılmazdır. O, sovet hakimiyyətinin ən güclü dövrlərində bu rejimə qarşı mübarizə aparıb, sonrakı mərhələdə isə həmin mübarizə kütləvi xarakter alıb. Bir şəxsin həm hərəkatın, həm də millətin lideri sayılması üçün cəmiyyət tərəfindən qəbul olunması vacibdir. Bu gün isə Nemət Pənahlı nə lider, nə də nüfuzlu ictimai-siyasi fiqur kimi qəbul edilir. Digər tərəfdən, o, Əbülfəz Elçibəy haqqında əsassız iddialar səsləndirməklə hökumətə yaxın görünməyə çalışır. Hamını agent adlandırsa da, özü Rusiyanın Azərbaycanda həyata keçirdiyi dövlət çevrilişində (1993-cü ilin 4 iyun tarixindəki hərbi qiyamı nəzərdə tutur-red.) fəal iştirak etmiş şəxslərdən biri olub. Bu baxımdan, seçilən yolun hansı xətt üzrə formalaşdığı aydın görünür.
Sərdar Cəlaloğlu
Tarixi təcrübə göstərir ki, heç bir xalq hərəkatı ayrı-ayrı şəxslərin fəaliyyəti nəticəsində yaranmır. Hərəkatlar kütlələrin sosial-siyasi fəallığı, ictimai narazılıq və ümumi tarixi zərurət nəticəsində formalaşır. Mitinq aparmaq, çıxış etmək və kütləni emosional baxımdan istiqamətləndirmək hərəkatın təşkil olunması, ona rəhbərlik etmək anlamına gəlmir. Minlərlə insanın, ziyalıların, fəhlələrin və digər sosial təbəqələrin gecə-gündüz apardığı fəaliyyət xalq hərəkatının əsas dayağını təşkil edib”.
Sərdar Cəlaloğlu qeyd edib ki, son dövrlərdə bu mövzunun yenidən və intensiv şəkildə gündəmə gətirilməsi təsadüfi görünmür:
“Bir neçə həftədir ki, ictimai müzakirələr əsasən Elçibəy və Azərbaycan xalq hərəkatı ətrafında cəmləşib. Halbuki ölkədə sosial-iqtisadi problemlər, qiymət artımı, regionda təhlükəsizlik riskləri, İran ətrafında baş verən proseslər, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Rusiya münasibətləri kimi daha aktual mövzular mövcuddur. Bu kontekstdə 40 il əvvəl baş vermiş hadisələrin davamlı şəkildə gündəmə daşınması ictimai diqqətin real problemlərdən yayındırılması cəhdi kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, bu mövzu ətrafında müzakirələrin böyüməsinə səbəb Nemət Pənahlının səsləndirdiyi iddialarla bağlıdır. O, Meydan hərəkatı dövründə toplanan 10 milyon vəsaitin AXC lideri, mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənildiyini iddia edib. Lakin Elçibəyin silahdaşı olmuş şəxslər bunu qəti şəkildə təkzib edirlər.
Ə.Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov bu iddiaları böhtan xarakterli açıqlamaların davamı kimi qiymətləndirib.
Meydan hərəkatının fəal iştirakçısı, sabiq baş nazir Pənah Hüseyn bildirib ki, pulun mənimsənilməsi məsələsində Nemət Pənahlının özünün qaranlıq əməlləri ola bilər.
Meydan hərəkatının ilk mitinqlərinin təşkilatçısı Ənvər Əliyev isə qeyd edib ki, Əbülfəz Elçibəy pul yığımının əleyhinə olub.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 28 Yanvar 2026 01:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















