Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“1994-cü ildə Heydər Əliyevin İrana rəsmi səfəri zamanı mən işləmirdim, işsiz idim. Rəhmətlik Heydər Əliyev Təbrizə getməyi xahiş eləmişdi. Amma onu nəinki Təbrizə apamadılar, yayın istisində Kiş adasına aparmışdılar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri 1998-2009-cu illərdə Azərbaycanın İranda səfiri olmuş Abbasəli Həsənovun “Yeni Sabah”a müsahibəsində deyib.
“Kiş adası İranın cənubunda, Fars Körfəzinin sahilində yerləşir. Yayda orda gündüz 50-55 dərəcə isti olur, həm də rütubəti çox yüksəkdir. Kim olur-olsun, səfir belə bir addıma yol verilməməli idi. Kiş Adasını səfər proqramına daxil etməzdən əvvəl o bölgə ilə bağlı mütaliə edilməli idi. Məsələn, bir sahədə çox mühüm istehsalatı var, onu göstərib deyirlər ki, sizin ölkədə də istifadə etsəniz, yararlana bilərsiniz. Kişdə istirahət mərkəzlərindən başqa bir şey yoxdur. Heydər Əliyevin səfər proqramına daxil edilən istirahət mərkəzi də dünyanın nadir bitkilərinin və quşlarlının gətirildiyi mənzərəli bir yer idi. Amma Heydər Əliyevin bunları görməsinə ehtiyac var idi? Heydər Əliyev kimi hər dəqiqəsi vacib olan dövlət başçısını oraya niyə aparmışdılar? Səfir buna yol verməməli idi, fikrini cənab prezidentə çatdırılmalı idi. Ona əli çatmırsa xarici işlər nazirinə deməli, iqlim şərtləri, dözülməz isti və rütubət olduğunu deməli idi. Bu bizim tərəfimizdən buraxılmış səhv idi”, – sabiq səfir qeyd edib.
O bildirib ki, 2001-ci il 18-20 sentyabr tarixlərinə Heydər Əliyevin İrana rəsmi səfəri təyin olunmuşdu:
“Bilirdim ki, o məqamda səfər reallaşsa, nəticəsi olmayacaq. Hətta istəyirdim, Bakıya gəlib məruzə edim ki, səfər hazır deyil. Elə oldu ki, səfərdən 3 gün qabaq bir təyyarə gəldi, səfərə hazırlıqla bağlı işçi qruplarının görüşü idi, mən də nümayəndə heyətinin rəhbəri təyin olunmuşdum. Üç gün boyunca gecə yarıya qədər danışıqlar aparıldı. İran tərəfi bir çox şeyləri qəbul etmirdi. İşçi qrupun danışıqları səfirliyimizdə gedirdi. Son gün gecə birin yarısında danışıqlar masasından qalxıb dedim ki, mən indi Prezidentimə zəng edəcəm və təklif edəcəm ki, səfər təxirə salınsın. Səbəbini də dedim ki, dünyada bir çox ölkələr bilmirlər ki, Azərbaycanla İran arasında fikir ayrılığı olan məsələlər var. Soyuqluq olduğunu bilsələr, bunu bir az da dərinləşdirəcəklər, bu da münasibətlərimizə ciddi xələl gətirəcək.
Bunları yavaş-yavaş yoluna qoymaq üçün illər lazım olacaq. Heç olmasa, səfər indi təxirə salınsın, səfər nə vaxt tam hazır olar, onda da həyata keçirilər. Mən masadan qalxanda İran heyətində olanlardan biri sanki “bizə xox gəlirsən” deyirmişcəsinə qımışdı. Bunu edə biləcəyimə – gecə birin yarısında prezident Heydər Əliyevə zəng edib, onunla danışa biləcəyimə inanmırdılar.
Keçdim iş otağıma. Oradan Vaqif Axundova (prezident Heydər Əliyevin təhlükəsizlik xidmətinin rəisi) zəng vurdum. Dedim ki, çox təcili bir məsələ var Prezidentə məruzə etməliyəm. Vaqif Axundov mənə dedi ki, saatdan xəbərin var? Dedim bəli, var. Amma prezidentlə indi danışmalıyam, bir saat sonra olmaz. Təxminən 20 dəqiqə gözlədim. Telefonu Heydər Əliyevə verdi. Məsələni bütün incəliklərinə qədər Heydər Əliyevə söyləyəndən sonra dedi, nə fikirləşirsən?
Dedim, səfər indi təxirə salınsın, çünki Heydər Əliyevin səfəri uğursuz ola bilməz! Nə vaxt səfər hazır olsa, onda həyata keçirilsin. 7-8 dəqiqə telefonda gözlədim. Əvvəlcə elə bildim ki, rabitə kəsilib. “Alo, alo” dedim. “Eşidirəm”, dedi. Onda başa düşdüm ki, rəhmətlik götür-qoy edir. Bir az da gözlədim. Sonra dedi “de ki, nə vaxt hazır olsa, Heydər Əliyev səfərə gələcək, Amma indi hələlik səfər təxirə salınır. Xudahafiz”.
Qayıtdım danışıqların getdiyi otağa. Səfərin təxirə salındığını onlara deyəndə, o anda gözləri hələ də gözümün qabağındadı. İmkanları olsa, məni tikə-tikə edərdilər. 2001-ci ilin sentyabrında nəzərdə tutulmuş o səfər təxirə salındı, 2002-ci il mayın 17-19-da tutdu. Bu müddətdə bütün məsələlər həll olundu”.
Baxış sayı:118
Bu xəbər 19 Yanvar 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















