Icma.az
close
up
RU
Elm fədaisi, milli fəxrimiz Yusif Məmmədəliyev

Elm fədaisi, milli fəxrimiz Yusif Məmmədəliyev

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Mən onu şəxsən tanıyırdım, onunla dəfələrlə görüşmüşdüm və buna görə də mənim bu sözlərim kitablardan oxuduğum, yaxud kimdənsə eşitdiyim sözlər deyildir. Bunlar onunla şəxsi təmasdan aldığım təəssüratlardır. O, həddindən artıq mədəni və eyni zamanda çox təvazökar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi”.

Ümummilli lider Heydər Əliyev

Azərbaycan elminin inkişafına misilsiz töhfələr vermiş görkəmli alim, kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində dünyaya göz açıb. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib. 1918-1920-ci illərdə Təbrizdə ingilisdilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı “əla” qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib.

Yusif Məmmədəliyev 1928-1930-cu illərdə 1925-ci ildə yaradılmış İrəvan Pedaqoji Texnikumunda da müəllim işləyib.  Akademik Yusif Məmmədəliyev böyük maarifçi olub. O, ilk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Ordubadda, Gəncədə, Bakıda, İrəvanda və başqa yerlərdə müəllim işləyib. Onun maarifçiliyi müəllimlik fəaliyyəti ilə bitmir. O, Azərbaycan Dövlət Universitetində, Dövlət Neft və Kimya İnstitutunda, başqa institutlarda da, Moskva ali məktəblərində də müəllimlik edib. Azərbaycan maarifinin inkişaf etdirilməsində onun böyük xidmətləri vardır. Onun mühazirələri, tələbələrə verdiyi biliklər, göstərdiyi qayğı Yusif Məmmədəliyevin həqiqi mənada müəllim olduğunu nümayiş etdirib. Buna görə də yüksək elmi düha sahibi yetirmələrinin xatirində həm də böyük müəllim kimi yaşayır. Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub. 

Elmin Zirvəsində

Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut edib. Tədqiqatlarında hər zaman bu zəngin mənbədən istifadə etməyə üstünlük verib, bundan əhəmiyyətli məhsulların alınması üçün geniş işlər aparıb. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və sair yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanılıb.

Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibdə istifadə olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlərboyu müəmmalı qalan problemləri bu böyük alim həll edib – “qaynar lay” katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb.

1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi Şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib. Bu, Y.Məmmədəliyevin elmi işinin o dövr üçün xüsusi əhəmiyyət daşıdığını göstərirdi. Həm də onun artıq istedadlı alim kimi özünü təsdiq etdiyini sübut edirdi. Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə müstəsna xidmətləri olub.

Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır.

Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb. O, 1943-cü ildə doktorluq işini müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi və professor elmi adını alıb.

Akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Akademikin hazırladığı metod ilə alınan yüksəkkeyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi layiqincə təmsil edib. Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan nefti olmasaydı, faşizm üzərində qələbə çalmağın necə, hansı səviyyədə olacağını demək çətin olardı. O vaxt sovetlər ölkəsində hasil edilən neftin 70-80 faizi Azərbaycanda, Bakıda çıxarılırdı. Ancaq iş təkcə bu neftin çıxarılması deyildi, əsas məsələ bundan neft məhsulları alınması və o məhsulların keyfiyyəti idi. Bu sahədə Yusif Məmmədəliyevin xidmətləri həddindən artıq qiymətli idi və tarixi əhəmiyyət kəsb edirdi.

Tarixdə yanlışlıqlar da olur və bu səbəbdən bəzi alimlərin yaratdıqlarının bir qismi ya başqasının adına yazılır, ya da tam unudulur. Yusif Məmmədəliyevin İkinci Dünya müharibəsi zamanı yaratdığı və tarixdə “Molotov kokteyli” adı ilə tanınan partlayıcı qarışığın da taleyi belə olub. Məşhur siyasətçi Çörçill bu partlayıcı maddə haqqında ilk dəfə SSRİ xarici işlər komissarı V.M.Molotovdan eşitdiyindən ona bu adı vermişdi. Əslində, onun yaradıcısı Yusif Məmmədəliyev idi.

Yusif Məmmədəliyev həm də çox gözəl ailə başçısı idi. Həyat yoldaşını, qızlarını çox sevirdi. Xanımı Konservatoriyada oxuyurdu, yaxşı royal çalırdı. Yusif onu ilk dəfə dayısı, mikrobioloq, professor İsmayıl Axundovun evində görmüşdü. O vaxtlar Yusif Məmmədəliyev İsmayıl Axundovla birgə malyariyalı xəstələri sağaltmaq üçün dərman preparatı hazırlamaqla məşğul idi. Hətta onların evliliyinə çətinlik də yaranmışdı. O vaxt Azərbaycan Kommunist Partiyasına rəhbərlik edən M.Bağırov qohumları repressiya olunan qızlarla evlənməyə qadağa qoymuşdu. Yusif Məmmədəliyevin sevdiyi qızın isə üç dayısı repressiya olunmuşdu. Lakin bu qadağa Yusifi onunla evlənməkdən çəkindirə bilmədi. Bu, 1941-ci ilin aprelinə təsadüf edirdi. Yusif Məmmədəliyev o dövrdə strateji silahlar yaradılması üzərində tədqiqatlar aparırdı və ona nəzarət olduqca güclü idi.

Yusif Məmmədəliyev üçün övlad sevgisi də müqəddəs idi. Qızı Sevdaya məktubu bu fikri tam təsdiq edir: “Mənim gözəl qızım Sevda, bu gün sənin məktubunu aldım. Məni sevindirdiyin üçün təşəkkür edirəm. Tam bir həftə çayı qəndsiz içsəm, sənin məktubunun şirinliyi kifayət edər. Görürsən, iqtisadiyyat necə yaranır? Əgər məktubunu bundan uzun yazsaydın, mürəbbəyə bərabər olardı. İndi elə mürəbbə bişirmək vaxtıdır”. O, qızında xoş ovqat yaratmaq üçün məktubu kimya dilində şeirlə tamamlayır.

Yusif Məmmədəliyevin maraqlı hobbiləri vardı. Onlardan biri də şəkil çəkmək idi. Səyahətə gedərkən, şəhərdə gəzintiyə çıxarkən özü ilə fotoaparat götürər, şəkil çəkməyə xüsusi hazırlıq görərdi. Qızı Sevda xanım deyir ki, evdə Yusif müəllimin çoxlu fotoaparatları saxlanılır. Onun çəkdiyi şəkillərin lentlərini sayıb qurtarmaq olmaz. Həmin şəkillərin bəzilərini qaydaya salmaq mümkün oldu və onlar Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunarkən UNESCO-nun mənzil-qərargahında sərgidə nümayiş etdirildi və mütəxəssislərin, tamaşaçıların böyük marağına səbəb oldu.

Yusif Məmmədəliyev çox böyük vətənpərvər idi. Hər yerdə Vətəninin və xalqının şərəfini uca tuturdı.

Azərbaycan Elmlər Akademiyasının prezidenti olarkən ağır xəstələnir, üzərində ciddi cərrahi əməliyyat aparılması lazım gəlir. Lakin dostları, yaxın qohumları onu bu əməliyyat üçün Moskvaya getməyə razı sala bilmirlər. O, öz ölkəsinin həkimlərinin şərəfinə toxunmasın deyə, başqa şəhərdə əməliyyat olunmağa razılıq vermir. Bəlkə də onun bu qərarı dünyadan vaxtsız köçməsinə səbəb olur. Hər halda, o, öz əqidəsinə sadiqliyini nümayiş etdirmiş, 1961-ci il dekabrın 15-də Bakıda vəfat etmişdir.

200-dən çox elmi əsərin müəllifi olan, 45-dən çox elmlər doktoru və elmlər namizədi yetişdirmiş Yusif Məmmədəliyev birmənalı olaraq Azərbaycanda kimyaçılar elmi məktəbinin yaradıcısıdır.

Görkəmli alim heç vaxt unudulmayacaq, Azərbaycan xalqının tarixindəki yeri daim görünəcəkdir.

Leyla Babazadə

Kimya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see286

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see194

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see178

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see134

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see124

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri