Icma.az
close
up
RU
Şərəfli ömür yolu Yusif Məmmədəliyev 120

Şərəfli ömür yolu Yusif Məmmədəliyev 120

Icma.az bildirir, 525.az portalına istinadən.

Güldanə MEHDİYEVA

"Mən onu şəxsən tanıyırdım, onunla dəfələrlə görüşmüşdüm və buna görə də mənim bu sözlərim kitablardan oxuduğum, yaxud kimdənsə eşitdiyim sözlər deyildir. Bunlar onunla şəxsi təmasdan aldığım təəssüratlardır. O, həddindən artıq mədəni və eyni zamanda çox təvazökar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi".

Ümummilli lider Heydər ƏLİYEV

Azərbaycan çoxəsrlik tarixi boyu dünyaya bir çox korifeylər və mütəfəkkirlər bəxş edib. Azərbaycan alimləri, elm adamları xalqımızın milli mənlik şüurunun inkişafında, intellektual potensialının güclənməsində parlaq izlər qoyublar. Onların hər biri öz tədqiqatları, kəşfləri, Vətən qarşısında töhfələri ilə milli elm tariximizin zirvəsinə yüksəliblər. Bu inkişaf mərhələsində Azərbaycan elmini inkişaf etdirən, dünya şöhrətli görkəmli alimlərimiz arasında kimyaçı, maarifpərvər alim, akademik Yusif Məmmədəliyev xüsusi yer tutur.

Kimya elmləri doktoru, Dövlət Mükafatı laureatı, akademik Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Ordubad şəhərində tanınmış din xadimi Heydər kişinin ailəsində dünyaya göz açıb. O, 1911-1917-ci illərdə Ordubadda şəxsi məktəbdə təhsil alıb, sonra orada yaradılan yeni tipli məktəbdə təhsilini davam etdirib.

1918-1920-ci illər də Təbrizdə ingilis dilli məktəbdə təhsil alıb. 1921-ci ildə Ordubadda gimnaziyanı "əla" qiymətlərlə bitirib, ibtidai məktəbdə müəllim işləyib. 1926-cı ildə Ali Pedaqoji İnstitutun təbiət fakültəsini müvəffəqiyyətlə bitirib. Bu ali təhsil ocağında Y.Məmmədəliyev görkəmli kimyaçı professorlarımız S.Hüseynov və M.Xanlarovdan dərs alıb.

1928-1930-cu illərdə Yusif Məmmədəliyev İrəvan Pedaqoji Texnikumunda müəllim işləyib. 1929-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin ikinci kursuna qəbul olunub. 24 yaşlı gənc təhsil almaqla yanaşı, dünya kimya elminin görkəmli alimlərindən olan akademik N.Zelinskinin laboratoriyasında elmi-tədqiqat işləri aparmağa başlayıb. Məşhur professorlar N.D.Zelinski və A.A.Balandinin tələbələri olan Y.Məmmədəliyev kimya fakültəsinin "Üzvi kataliz" ixtisası üzrə ilk məzunlarından biri olub.

1932-ci ildə vətənə qayıdan alim keçmiş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Üzvi kimya kafedrasına müdir təyin olunub. Bir ildən sonra Bakıdakı V. Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutunda (indiki AMEA Neft-Kimya Prosesləri İnstitutu) işə başlayıb. Onun əsas elmi fəaliyyəti bu institutla bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan akademikliyədək şərəfli yol keçib. Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılması, xlorlaşması, etilen və asetilenə çevrilməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidlə qarşılıqlı təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibdə istifadə olunmasına dair müvəffəqiyyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlər boyu müəmmalı qalan problemləri bu böyük alim həll edib - "qaynar lay" katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib.

1938-ci ildə Moskva Dövlət Universitetinin Elmi Şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumiləşdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik dərəcəsi verib. Bu da onun artıq istedadlı alim kimi özünü təsdiq etdiyini sübut edirdi.

Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. Bu təbii sərvətlərin yeni neft-kimya və neft emalı prosesləri üçün əvəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraraq sübut edib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər məhsullar alınıb. Həmin dərman preparatları minlərlə insanı yoluxucu xəstəliklərdən qoruyub. Digər birləşmələr isə xüsusilə aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb.

Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəkli maddələrin, o cümlədən etil spirtinin, süni kauçukun, süni liflərin və sair yeni alınma üsullarını işləyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə süni kauçukun istehsalına başlanılıb.

Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə müstəsna xidmətləri olub. Qələbənin yaxınlaşmasında əvəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin "Molotov kokteyli" yeni tərkibdə işlənib hazırlanıb.

Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır.

Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli yanacaq veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb.

O, aviasiya üçün yeni, yüksək keyfiyyətli yanacaq icad etmişdi. Məhz bunun sayəsində İkinci Dünya müharibəsi zamanı faşistlərlə gedən döyüşlərdə sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçirmişdi. Bununla əlaqədar o dövrün qəzetləri yazırdı: "Sovet aviasiyasının məşhur qəhrəmanlarından, igid qırıcı-təyyarəçilərdən soruşun, havada ağalıq etməkdə sizə kim kömək etdi? Bir ağızdan deyəcəklər: Məmmədəliyev. Məhz o, sovet təyyarəçilərinə hamıdan yüksəkdə, hamıdan uzağa uçmağa kömək etdi".

Akademik Y.Məmmədəliyevin bu sahədə kəşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Akademikin hazırladığı metod ilə alınan yüksək keyfiyyətli raket yanacaqlarından Yerin ilk süni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Böyük alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqarinin kosmosa ilk uçuşu münasibətilə təşkil olunan ali tədbirə dəvət olunub və orada ölkəmizi layiqincə təmsil edib.

Azərbaycanda Astrofizika Rəsədxanasının təşkilində Yusif Məmmədəliyev müstəsna rol oynayıb. Onun şəxsi nüfuzu və zəhməti bahasına Avropada ən böyük teleskop bu rəsədxanaya Almaniyadan gətirilib.

Nəinki kimya sahəsinin, hətta humanitar elmlərin, elm tarixinin mahir bilicisi olan akademik Y.Məmmədəliyev yüksək vətənpərvərlik hissi ilə Azərbaycanda hələ o dövrdə Əlyazmalar Fondunun yaradılması, Qobustan abidələrinin qorunub saxlanılmasına, qədim Azərbaycan eposu olan "Kitabi-Dədə Qorqud" dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə, "Nizamişünaslıq" elminin əsasının qoyulmasına, Böyük Şərq şairi və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin ucaldılmasına nail olub. Bununla yanaşı, alim o dövrdə Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və geniş istifadə edilməsi üçün heç nədən çəkinməyərək bütün qüvvəsi ilə çalışıb və bu istiqamətdə müstəsna rolu olub.

Akademik Yusif Məmmədəliyev tək tədqiqatçı alim deyil, həm də böyük maarifçi olub. O, ilk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Ordubadda, Gəncədə, Bakıda, İrəvanda və başqa yerlərdə müəllim işləyib. Onun maarifçiliyi müəllimlik fəaliyyəti ilə bitmir. O, Azərbaycan Dövlət Universitetində, Dövlət Neft və Kimya İnstitutunda, başqa institutlarda da, Moskva ali məktəblərində də müəllimlik edib. Azərbaycan maarifinin inkişaf etdirilməsində onun böyük xidmətləri vardır. Misilsiz və əvəzsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Bu illər ərzində elmimizin inkişafı və milli mədəni dəyərlərimizin qorunması uğrunda yorulmadan çalışıb, onlarla elmi-tədqiqat institutu, yeni istiqamətli laboratoriya, kafedra və elm ocağının yaradılmasına nail olub.

Akademik Yusif Məmmədəliyev xüsusən də böyük maarifçi kimi fəaliyyətinin ən parlaq səhifələri Azərbaycan Dövlət Universitetinə rektorluq etdiyi dövrə təsadüf edir. Görkəmli alim Azərbaycan Dövlət Universitetinə rəhbərlik etdiyi zaman çox işlər görüb, universitet daha da genişlənib, inkişaf edib, yeni kafedralar açılıb. Böyük alim universitetin elmi nüfuzunu yüksəldib. Dəqiq elmlər sahəsində son nailiyyətləri əhatə edən yeni tədris proqramları tərtib edib, universitetin keçmiş İttifaqda və xaricdə tanınmış ali məktəblərlə əlaqəsini möhkəmləndirib.

İkinci Dünya müharibəsinin qurtarması ərəfəsində SSRİ Elmlər Akademiyasının prezidenti V.L.Komarov Bakıya gəlir. İsmayiliyyə binasında Azərbaycan tarixində ilk Elmlər Akademiyasının yığıncağı keçirilir və həmin yığıncaqda M.C.Bağırov da iştirak edirdi. 40 yaşlı Yusif Məmmədəliyevin fəaliyyətini yüksək qiymətləndirən Komarov deyir: "Təkcə Yusuf Məmmədəliyevə görə Azərbaycanda Elmlər Akademiyası açılmalıdır".

Yusif Məmmədəliyevin Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətləri olub. O, heç də elmlə az məşğul olmayıb. Y.Məmmədəliyev böyük nüfuza, fitri təşkilatçılıq qabiliyyətinə malik alim idi. O, 1945-ci ildə kimya elmləri sahəsində müstəsna xidmətlərinə görə bu sahədə ilk akademik seçilib. Y.Məmmədəliyevin istər akademiyanın, istərsə də bir çox müəssisələrin açılmasında, elmimizi ucaldan alimlərin hazırlanmasında misilsiz xidmətləri olub.

Akademik Y.Məmmədəliyev neft kimyası, neft kimya sənayesi, neft emalı, polimer kimyası elmləri üzrə uğurlu kəşfləri ilə haqlı olaraq dünya şöhrəti qazanıb və gələcək nəsillər üçün zəngin irs qoyub. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan "Yusif Məmmədəliyev məktəbi"ni yaradıb.

Bütün bunlar isə bir daha onu göstərir ki, Yusif Məmmədəliyev dühası Azərbaycan elminin sərhədlərini çoxdan aşaraq bu gün də dünya elminə öz töhfələrini verməkdədir və xalqımız haqlı olaraq bu cür şəxsiyyətləri ilə fəxr edir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see204

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see172

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri