Icma.az
close
up
RU
Elmə və təhsilə həsr olunan ziyalı ömrü

Elmə və təhsilə həsr olunan ziyalı ömrü

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun”. Ulu Öndər Heydər Əliyev Azərbaycan təhsili haqqında bu fikirləri söyləyərkən alimin, ziyalının, təhsil işçisinin ilk növbədə xalqına və dövlətinə, milli ənənələrinə sadiqliyini önə çəkirdi. 

Həqiqətən də cəmiyyətin inkişafında elm-təhsil ocağı məbədgah, müəllim, alim və aydınlar isə bu müqəddəs məbədgahın ziyasıdırlar. İnsanın kamilləşməsi, əqlinin və dünyagörüşünün inkişafı onun aldığı təhsil-tərbiyədən və bu prosesi həyata keçirən müəllimlərdən asılıdır. Müəllim təlim-tərbiyəsi ilə məşğul olduğu insanın qəlbinə elə bir işıq salır ki, o, haqqı nahaqdan, yaxşını pisdən ayıra bilir.Gənc nəslin elmi intellektual səviyyəsini inkişaf etdirmək, əsl vətənpərvər insan formalaşdırmaq müəllimdən yüksək intellekt və modern elmi dünyagörüşü tələb etməklə bərabər, xüsusi mənəvi keyfiyyətlər, vətənə və millətə, müqəddəs dəyərlərə sadiqlik tələb edir.

Sadalanan keyfiyyətlərə malik olan və müasir təhsil sistemində özünəməxsus dəsti-xətti ilə seçilən görkəmli ziyalılarımızdan və dəyərli alimlərimizdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovdur.Dahi şəxsiyyətlər vurğulayıblar ki, “bir müəllim bir nəsil deməkdir”.Professor Cəfər Cəfərov hələ 90-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetində çalışdığı müəllimlik fəaliyyəti dövründə tələbələr arasında müstəqillik məfkurəsinin aşılanmasında, milli-mənəvi dünyagörüşün formalaşmasında faydalı işlər görərək böyük bir nəsil yetişdirib. Hələ o dövrdə onun yetişdirdiyi tələbələr bu günün böyük alimləridir, müxtəlif müəssisələrdə, elm və təhsil ocaqlarında fəaliyyət göstərirlər.

Cəfər müəllimin Azərbaycan təhsil sisteminin inkişafında, müasir və modern təhsilin tətbiqində gördüyü işlər,əlbəttə ki, danılmazdır.Onun Azərbaycanda QHT sektorunun inkişafında göstərdiyi əhəmiyyətli xidmətlər, elm və təhsil sahəsində həyata keçirilən layihələrdə rəhbərlik missiyası, Azərbaycan Turizm və Menecment Universitetinə rəhbərlik etdiyi illərdə Universitetdə təhsil sisteminə gətirdiyi yeniliklər olduqca təqdirəlayıqdir.

Bu gün professor Cəfər Cəfərovun rəhbərlik etdiyi,ölkəmizdə müəllim kadrlarının yetişdirildiyi əsas mərkəz hesab olunan Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirdiyi fundamental islahatlar Azərbaycan təhsil sisteminə verilən ən dəyərli töhfələrdəndir.

Cəfər müəllim müsahibələrinin birində deyib: “Təhsil hər bir fərdin və cəmiyyətin həyatında olduqca mühüm rol oynayan zəruri resursdur. Cəmiyyətin təhsil səviyyəsi o xalqın həyat tərzini, bəşəri sivilizasiyada qazandığı uğurları, tərəqqiyə verdiyi töhfələri və çağdaş inkişafda tutduğu yeri şərtləndirən amildir. Təhsil millətin gələcəyə etdiyi ən dəyərli və gəlirli yatırım, özünün varlığı və inkişafının qarantıdır”. Əlbəttə, elə bu kontekstdən o,təhsil prosesinin mərkəzində rol alan fiqur kimi müəllimlik peşəsinin ön plana çıxdığını vurğulayır. Cəfər  müəllim bildirir ki,məhz müəllimlərin gərgin əməyi və səyi nəticəsində yetişən nəsillər yeni-yeni bilik və bacarıqlara yiyələnir, onlarda milli vətənpərvərlik ruhu, eyni zamanda, ümumbəşəri humanist və əxlaqi dəyərlər daha dərindən təşəkkül tapır. O, haqlı olaraq cəmiyyətin ümumi inkişafını, bütün sahələrdə tərəqqini ilk növbədə güclü və keyfiyyətli təhsil sistemindən asılı olduğunu qeyd edir.Müəllim hazırlığı məsələsini təhsilin təməlini təşkil etdiyini vurğulayır və bu amalla da beynəlxalq tədqiqatlara əsaslanaraq qeyd edir ki, müasir dövrdə yalnız maddi-texniki baza və maliyyə imkanları deyil, tədris prosesinin əsas icraçıları olan müəllimlərin səriştə və peşəkar bacarıqları həlledici rol oynayır.

ADPU Elmi Şurasının iclaslarında, struktur rəhbərləri ilə ğörüşündə Cəfər müəllim keyfiyyətli müəllim kadrların hazırlığı məsələsinə xüsusi önəm verir. O, bildirir ki, müasir dövrdə müəllim yalnız bilik ötürən deyil, öyrətməyi öyrədən, istiqamət verən, motivasiya yaradan əsas qüvvədir. Artıq təkcə faktları ötürmək deyil, qabaqlayıcı təlim bacarıqlarına sahib olmaq, fasilitator kimi çıxış etmək və yumşaq səriştələri mənimsəmək müəllim peşəsinin ayrılmaz hissəsi olduğunu söyləyir. Diqqətə çatdırır ki, yenilikçi müəllim hazırlığı olmadan keyfiyyətli təhsildən danışmaq mümkün deyil. Deməli, gələcəyin qurucuları olan müəllimlərimizi necə yetişdirəcəyimiz, onları hansı bilik və bacarıqlarla “silahlandıracağımız” birbaşa cəmiyyətimizin inkişafına təsir edəcək ən vacib məsələlərdən biridir.

C.Cəfərov Ulu Öndərin bir fikrini tez-tez xatırlayır:Ulu öndər vaxtilə Pedaqoji Universitetin professor-müəllim heyəti ilə görüşündə belə bir fikir ifadə etmişdi: “Müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda, ikiqat məsuliyyətli işdir”. Əlbəttə,bu faktın özü də bu yaxınlarda 104 yaşını qeyd edəcək qocaman təhsil müəssisəsində fəaliyyət göstərməyin necə böyük məsuliyyət tələb etdiyinin bir daha göstəricisidir.

Pedaqoji Universitetdə son dövrlərdə aparılan islahatlar, tədris proqramlarının yenilənməsi, infrastrukturun təkmilləşdirilməsi, eləcə də praktik-laborator imkanların artırılması həm yüksək nəticə göstərən tələbələrin universitetə cəlb olunmalarında, həm də Pedaqoji Universitet məzunlarının MİQ imtahanlarında yüksək nəticələr əldə etmələrində özünü göstərir. İmtahanlarda yüksək nəticə göstərənlər arasında ADPU-nu son illərdə bitirən gənc müəllimlərin üstünlük təşkil etməsi universitetimizin uğurlu göstəricilərindən sayıla bilər ki, bu da Cəfər müəllimin gərgin əməyinin bəhrəsidir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bu gün dünya Univertsitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığının qurulmasında, Türk dövlətlərinin Ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələrinin güclənməsində və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində onun böyük əməyi olub.
Professor Cəfər Cəfərovun rəhbərliyi ilə“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ADPU-nunABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə ikili diplom magistr proqramı, ADPU-nun Strateji İnkişaf Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə icra etdiyi, dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan və ya çalışmaq arzusunda olan pedaqoji kadrların idarəetmə ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsinə dəstək göstərən peşəkar inkişafa yönəlmiş “Məktəb liderliyi” proqramı bu baxımdan örnək göstərilə bilər. Eləcə də universitetdə magistratura səviyyəsində son illər kadr hazırlığına başlanılmış “Təlim və təhsilin təşkili və metodikası (SABAH)”, “Menecment (təhsilin təşkili və idarə olunması)”, “Menecment (ali təhsilin təşkili və idarə olunması)”, eləcə də MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Marketinq (təhsil üzrə marketinqin təşkili və idarə olunması)” kimi yeni ixtisaslamalar Universitetdə icra olunan kompleks və ardıcıl fəaliyyətə misaldır.

Cəfər müəllimin rəhbərliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetibeynəlxalq reytinqlərdə yer almaqla yanaşı, kompleks şəkildə özünü inkişaf etdirmək, dünyanın qabaqcıl tədqiqat-innovasiya universitetləri arasında özünə yer tutmaq, Azərbaycan elm və təhsilini dünya miqyasına çıxarmaq kimi  ən ümdə vəzifələri qarşıya qoyub. Bu sırada ən mühüm meyarlardan biri kimi, professor-müəllim heyətinin tədiqiqatlarının nəticələrinin beynəlxalq elmmetrik bazalarda indekslənən nüfuzlu jurnallarda dərc olunmasını təmin etmək üçün müəyyən təşkilati-texniki və stimullaşdırıcı tədbirlər həyata keçrilir.

Təhsil sisteminin daim yenilənməsi və sürətli dəyişikliklərə uyğunlaşması Pedaqoji Universitetdə prioritet məsələlərdən biridir. Xüsusilə müəllim hazırlığında innovativ yanaşmaların tətbiqi Universitet rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərdəndir. Çünki təhsilin keyfiyyəti birbaşa olaraq müəllimin peşəkarlığından asılıdır.Müəllimlər isə keyfiyyətli gələcəyin qurucularıdır. Biz bu gün sabahın savadlı, vətənpərvər, dövrün çağırışlarına cavab verən, innovativ düşüncəyə malik müəllimlərini yetişdirməklə daha keyfiyyətli bir gələcəyə körpü qururuq. Bütün bunlar Cəfər müəllimin fəaliyyətində yol xəritəsidir.

Professor Cəfər Cəfərov elmi müstəvidə olduqca əhəmiyyətli tədqiqatlar aparıb və müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı bir sıra elmi əsərlərin müəllifidir.

Cəfər müəllim eyni zamanda cəmiyyətdə sadəlik və təvazökarlıq örnəyi kimi xarakterizə olunur. Onun istər müəllimlik həyatında, istərsə də rəhbərlik etdiyi qurumlarda kollektivlə ünsiyyəti, cəmiyyətə pozitiv münasibəti, demokratik düşüncə tərzi və idarəçilik sistemində demokratik dəyərlərə və hüququn aliliyinə önəm verməsi müasir təhsil sistemində mühüm nümunədir.

Təsadüfi deməyiblər ki, gələcək gənclərin, gənclər isə müəllimin əsəridir. Bu anlamda Cəfər müəllim kimi dəyərli alimlərimizin yaratdığı və bu gündə şərəflə, ləyaqətlə dövlətinə, millətinə xidmət edən yüzlərlə, minlərlə kadrları – canlı əsərləri vardır. 

Bu gün Cəfər Cəfərovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetində müasir tələblərə cavab verən təhsil sisteminin formalaşması istiqamətində həyata keçirilən tədbirlərlə bərabər, tələbələrə azərbaycançılıq ideologiyasının elmi və konseptual şəkildə təbliğ olunması, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması istiqamətində davamlı işlər həyata keçrilir.

Dəyərli alim, əsl ziyalı,hörmətli professor Cəfər Cəfərovu 65 illik yubileyi münasibətilə ADPU-nun Azərbaycan tarixi kafedrasının professor-müəllim heyəti adından səmimi qəlbdən təbrik edir, ona möhkəm sağlamlıq, yüksək təşkilatçılıq və idarəçilik fəaliyyətində, həmçininelm və təhsil yaradıcılığında yeni-yeni uğurlar diləyirik”.  

Naibə Əhmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, tarif üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Aprel 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri