Icma.az
close
up
RU
Ərköyün uşaqlarla bədbəxt gələcəyə...

Ərköyün uşaqlarla bədbəxt gələcəyə...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Təəssüf ki, böyütdüyümüz uşaqların tərbiyəsinə heç də hamımız eyni düşüncə prizmasından baxmırıq. Aramızda buna daha çox diqqət edənlər də, uşağın nazı ilə oynayanlar da, onunla həddindən artıq qaba davrananlar da var. Birincini çıxmaq şərtilə digər iki yanaşma səhvdir və uşaqların gələcək həyatına mənfi təsir edən amillərdir. O amillər ki, bu gün verdiyimiz tərbiyənin sabah ağrısını çəkən də özümüz olacağıq. Belə isə nə üçün bunu bu gündən fikirləşmirik? Nə üçün uşaq tərbiyəsində bəzən bilə-bilə, bəzən də bilməyərəkdən, lakin öyrənmək də istəmədən səhvə yol veririk? Söhbətimizi bu mövzu ilə davam etdirək ki, bəlkə bəzi valideynlər gec olmadığını anlayıb, uşaqlarının gələcək bədbəxtliyinin qarşısını bu gündən ala bilsinlər...

Ev, ailə, uşaq...

Təbii ki, evlərimiz kimi, ailələrimiz də bir-birindən çox fərqlənir. Kimi kirayədə yaşayır, illərdir ki, bir ev almaq üçün cəhd edir, lakin hələ də bunu reallaşdıra bilmir. Kimi ortabab bir evdə ömür sürür, kimi isə 2-3 mərtəbəli gözəl həyətli evdə yaşayır. Kiminin evində ət çəkməyə bir maşını yoxdur, evin xanımı hələ də paltarları əlində yuyur, bir televizoru yoxdur ki, uzun gün ərzində onunla başını qatsın, digər bir xanım isə bütün günü televizorun qarşısındadır, bütün işlərini qulluqçular görür. Ətçəkən, paltaryuyan maşınının hansı markaya məxsus olduğundan xəbəri yoxdur. Bunlar kimi bir-biri ilə kəskin ziddiyyətdə olan onlarla misal çəkmək olar.

Lakin ailələrdə dünyaya göz açan uşaqların hər biri yaşadığı evlərdən, valideynlərinin fərqli vəziyyətindən asılı olmayaraq eynidir: məsum, körpə, təmiz və pak. Onlar Allah-təala tərəfindən bizə bəli, bu formada bəxş olunurlar. Uşaqların ailəmizə gəldiyi gündən etibarən tərbiyəsi, yetişdirilməsi, ona aşılananlar isə sırf valideynlərlə bağlıdır. Bu məsum körpələrin gələcək xoşbəxtliyinin də, bədbəxtliyinin də açarı valideynlərin əlindədir. Həmin gündən ata-ana tək valideynə-uşaq sahibinə deyil, həm də qoruyucuya, tərbiyə edənə, yetişdirənə çevrilirlər. Elə mövzumuz da budur. Bəs hər valideyn bunları bacara bilirmi? Övladını gələcək üçün mükəmməl yetişdirə, tərbiyə edə bilirmi? Yoxsa evlər, həyatlar, yaşayışlar kimi, uşaqlar da fərqli böyüyür?..

Ərköyünlüyün acı nəticəsi

Bəli, evlər, ailələr, həyatlar, yaşayışlar kimi, uşaqlarımız da fərqli böyüyür. Yəni bunu hər birimiz yaxşı görür və bilirik. Uşaqların ərköyün böyüdülməsi isə heç də ailənin varlı, kasıb olmasından irəli gəlmir. Təminatlı ailələr var ki, orada uşağa verilən tərbiyə çox mükəmməl şəkildə olur. Məsələn, illər öncə yaşadığım rayonda birinci katib vardı. Onun övladları ərköyünlükdən kənar uşaqlar idi. Biri bacımın, biri isə mənim sinif yoldaşım idi. Onlar o qədər mehriban, sadə uşaqlar idilər ki... O vaxt uşaq idik. Bütün bunları çox da yaxşı anlamırdıq. Bu günün prizmasından onların bizimlə birgə məktəbə getməsini, oynamasını, söhbətlərini xatırlayanda həqiqətən onların ərköyünlüyü, özlərini bizdən fərqli hesab etmələri ilə bağlı heç nə yada düşmür. Lakin valideynləri vəzifədə olan digər uşaqlar da məktəbimizdə təhsil alırdı. Onlar demək olar ki, sinif yoldaşları ilə danışmırdı. Geyimləri, çantaları ilə fərqlənirdilər. Onları həm də məktəbə maşın aparıb gətirirdi. Bax bu bir-birindən fərqli iki misal- həm də hər ikisinin imkanlı ailələrə məxsus olması iki ailənin övladlarının özlərini necə aparması ilə ümumilikdə ailələrin verdiyi tərbiyəni nümayiş etdirirdi.

Uşaqlar kiçik yaşlarından düzgün tərbiyə edilməlidir. Onlara hər istəyinin yerinə yetirilməsinin mümkün olmadığı ətraflı izah edilməlidir. Valideynlər var ki, uşaq nə istədisə, təcili şəkildə onu həyata keçirməyə başlayır. Bu isə uşaqda alışqanlıq yaradır. O, düşünür ki, nə istəsəm, o da olacaq. Bu günlərdə marketdə ata-ana və yanlarındakı 3-4 yaşlı oğlan uşağının timsalında xoşagəlməz bir mənzərə ilə qarşılaşdım. Uşağın qucağı dolu idi. Baxdım ki, əlinə keçəni götürür. Onun bu hərəkəti isə valideynlərinə sanki ləzzət edirdi. Elə bil uşaqları ilə qürur duyur, ona daha da yaxşı imkan yaradırdılar ki, nə istəyirsə, götürsün. Onlara sonadək baxmağı, nəticəni gözləməyi qərara aldım. Seyr etdikcə də yaxınlarda bir ana və qızla bağlı mənzərə də xəyalımda canlandı. Qızcığaz anasından gəlincik istəmişdi. İçdən, amma sakitcə ağladığını da görmüşdüm. Lakin anası onu o qədər astadan, qəlbinə toxunmadan başa salırdı ki... “Qızım, bu dəfə yox, növbəti gəlişimizdə alacağam. Axı sənə evdə demişdim ki, bu dəfə başqa şeylər almaq üçün gedirik. Sən yadından çıxardınmı evdəki söhbətimizi?” Uşaq anasını dinləyir, gəlincik istəyini də dəf edə bilmirdi. Odur ki, birdən anasının ayaqlarını qucaqlayıb necə hıçqırdısa, mənim kənarda ürəyim parça-parça oldu. Lakin tərbiyənin bu forması da ürəyimcə oldu. Yaxınlaşıb gənc anaya, “sənə hala olsun”,- dedim.

Marketdəki budəfəki ata-ana isə baxdım ki, uşağın götürdüklərini qoynundan əsla çıxarıb arabaya qoya bilmir. Uşağın götürdükləri qucağındaca kassaya yaxınlaşdılar. Orada isə zor-bəla ilə onları uşaqdan qoparıb pulunu ödəyib yenidən qucağına doldurdular.

Budur, gözlərim qarşısındakı hər iki hadisə “dil açıb” uşaqlara verilən tərbiyədən danışır. Ərköyün və ərköyünlükdən uzaq uşaqlardan söhbət açır. Bu gündən onların gələcəyini gözlər önünə gətirir.

Onu da vurğulamaq yerinə düşər ki, bütün etdiyi hərəkətlərə, söydüyü söyüşlərə görə valideynləri, nənə-babaları tərəfindən alqışlanan uşaqlar minlərlədir. Əmilər-dayılar var ki, uşaqlara söyüş öyrədir, sonra da onu danışdırıb gülürlər. Nənə-babalar var ki, uşağı başına çıxarır. Uşaqsa evə qonaq gələndə də nənə-babanın çiynindən, başından enmir, onlarsa bundan qürur duyurlar. Uşaq var ki, nə isə istəyəndə ayağını yerə çırpır, bir xeyli ağlayır, lakin sonda öz dediyi olur. Artıq ikinci-üçüncü dəfə sözsüz ki, yenə də uşağın dediyi olur, çünki artıq tərbiyənin təməli səhv qoyulmuşdur.

Lakin uşaqlar da var ki, ailəsinin imkanlı olmasına baxmayaraq düzgün tərbiyə edilir. Ona hədiyyələr hər gün yox, ad günündə, bayramlarda alınır. İstədiyi hər şey də alınmır. Ona mədəni şəkildə başa salınır ki, bu, sən istədiyin kimi deyil, bu cür olmalıdır. Lakin kasıb ailələr də var ki, uşağın istəklərini qonşudan-qohumdan borc pul almaqla həyata keçirir. Beləliklə, həm öz ailə büdcəsinə, həm də övladının gələcəyinə zərbə vurmuş olur. Valideynlər də var ki, uşaqla ümumiyyətlə, qaba davranırlar ki, bu da qətiyyən düzgün deyil.

Bütün bunların fonunda belə qənaətə gəlmək olar ki, uşağın ərköyün yetişdirilməsi heç də varlı-kasıb olmaqla deyil, düşüncə, təfəkkür məsələsi ilə tənzimlənir.

Bu gün güldürənlər sabah ağladacaq

Düşüncə və təfəkkürümüzün bəhrəsi olan tərbiyə metodunu tətbiq etməklə övladlarımızı bəzən doğru yetişdirmirik. Bu gün onların ərköyünlüyünə, şıltaqlığına gülürük, başımıza çıxarırıq. 2-3 yaşlı uşaq bizim seçdiyimiz paltarı geyinmir, ayağını yerə çırpır ki, mən öz istədiyimi geyinəcəm. Kiçikyaşlı uşaq bişirdiyimiz yeməyi yemir, ayağını yerə çırpıb öz istədiyini tələb edir. Oyuncaqları ilə aqressiv davranır, bizsə anlaya bilmirik ki, bu aqressivlik sabah onda başqa cür təzahür edəcək.

Uşağımız dərs oxumaq istəmir, biz də videosunu çəkib, sosial şəbəkələrdə paylaşırıq, gülüş toplayırıq. Bu gün azyaşlı övladımıza ərə getməklə bağlı nələrisə öyrədib, sonra da videosunu çəkib paylaşırıq. Camaatı özümüzə güldürürük. Fəxr edirik, qürur duyuruq ki, bizim övladımız hamını güldürür.

Yeməməsi, yatmaması, istəklərini, ayağını yerə döyməsini, başlarda, çiyinlərdə gəzməsini, marketdə başımıza açdığı oyunları, xoşuna gəlməyən hədiyyəni gözlərimiz qarşısında parçalamasını, istəmədiyi yeməyi boşqab ilə birlikdə yerı çırpmasını qonşulara, qohumlara fəxrlə, qürurla danışırıq, hansı ki, bunlar çox utandırıcıdır. Bunlar uşağımızın deyil, bizim nə olduğumuzu göstərən amillərdir. Hələlik o, uşaqdır. Onunla bağlı nə görünürsə, deməli, o, bizik. Bizim səviyyəmiz, bizim düşüncəmiz, bizim tərbiyəmizdir.

Sabah isə bizim olanlar övladımıza məxsus olacaq. Artıq sabah bütün bunlar bizi güldürməyəcək. Ərköyünlüyün, özbaşınalığın, şıltaqlığın nəticəsi olaraq uşağımız müftəxor, özünü bəyənən, yekəxana, qədirbilməz olacaq. Bu kimi xüsusiyyətlər isə bizə göz yaşından savayı heç nə verməyəcək. Böyüdükcə övladımızın qayğıları da böyüyəcək, istəkləri də artıq kiçikölçülü qalmayacaq. Bunları qarşılaya biləcəyikmi? Yenə də onun hərəkətləri bizi güldürə biləcəkmi?

Bu gün ərköyün etdiyimiz uşaqlar sabah məktəbdə müəllimin də başına çıxmaq istəyəcək, sinif yoldaşları ilə kobud davranacaq. Axı həmişə onun istədiyi olub, bağçada da, məktəbdə də, uşaqlar arasında da istəyəcək ki, onun dediyi olsun, səhv-düz, fərqi yoxdur. Bu gün istəkləri anında yerinə yetirilən uşaq bunun məktəbdə də belə olacağını istəyəcək. Lakin orada bu, belə olmayacaq axı.

Bugünkü istəklər sabah öz yerini daha bahalı geyimlərə, gəzməklərə, yeməklərə, əyləncələrə verəcək. Bu isə bəzən imkan xaricində olacaq, bəzənsə özünəməxsus problemlər yaradacaq. Belə olanda üzümüz güləcəkmi?

Ərköyün böyütdüyümüz uşaq sabah cəmiyyətdə özünü apara bilməyəcək. Dalaşacaq, kobudluq edəcək, qaba davranacaq, nəticədə söyüləcək, döyüləcək, həbs olunacaq. Bütün bunlar necə, bizi güldürəcək, yoxsa ağladacaq. Belə isə bunlar haqqında bu gün düşünmək lazımdır. Sabah gec olar.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see301

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see230

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see229

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see197

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see183

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see182

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see179

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see175

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see170

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see169

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see166

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see166

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see165

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see163

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see163

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see162

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see161

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see158

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see154

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri