Icma.az
close
up
RU
Ermənistan BMT tribunasında: görüntü var, məzmun yox

Ermənistan BMT tribunasında: görüntü var, məzmun yox

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Son zamanlar Ermənistan müdafiə naziri Suren Papikyanın xarici səfərlərinin intensivləşməsi diqqəti çəkir. Papikyan son iki il ərzində Fransa, Yunanıstan, ABŞ kimi NATO-ya üzv ölkələrə intensiv səfərlər edib. Xüsusilə, Fransa ilə hərbi və hərbi-texniki əməkdaşlıq çərçivəsində silah alışına dair yeni razılaşmalar əldə edildiyi bildirilir.

Ermənistan müdafiə nazirinin səfərlərinin xronoloji ardıcıllığına baxdıqda onun 2023-cü ilin oktyabrında Fransaya, noyabrında Hindistana, 2024-cü ilin fevralında Almaniyaya, martında İrana, aprelində ABŞ-a və Belçikaya (NATO-nun mənzil-qərargahına), 2025-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün yenə Almaniyaya və mayında Yunanıstana səfər etdiyini görmək mümkündür.

Bu səfərlər bir neçə mühüm kontekstdə dəyərləndirilə bilər. Təbii ki, ilk növbədə, regional təhlükəsizlik konteksti diqqəti cəlb edir. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətdən və 2023-cü ilin sentyabrında keçmiş separatçı xunta rejiminin hələ də nəzarət etdiyi ərazilərdə baş tutan lokal xarakterli antiterror tədbirlərindən sonra Ermənistan bölgədə tamamilə yeni reallıqlarla üz-üzə qalıb. Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və bu, Ermənistanın təhlükəsizlik konsepsiyasına ciddi təsir göstərib. Papikyanın səfərləri də məhz bu kontekstdə – yeni hərbi-siyasi tərəfdaşlıqlar qurmaq və mövcud olanları gücləndirmək məqsədi daşıya bilər.

Digər tərəfdən, bu səfərlər Ermənistanın Rusiya ilə ənənəvi hərbi ittifaqdan uzaqlaşaraq Qərblə yaxınlaşmaq istəyinin göstəricisidir. Papikyanın son gedişləri həm də Ermənistanın, necə deyərlər, nüvəsində Rusiyanın dayandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmaq niyyətinin real əlamətləri kimi şərh olunur. Ermənistan son zamanlar KTMT-nin bəzi tədbirlərində iştirak etmir, təşkilatın büdcəsinə vəsait ayırmır. Mayın 9-da faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Moskvada keçirilən parada baş nazir Nikol Paşinyanın qatılmasına rəğmən təntənəli keçiddə Ermənistan hərbçilərinin iştirak etməməsi diqqətdən yayınmadı. Bütün bunlar göstərir ki, rəsmi İrəvan Rusiya və KTMT əvəzində alternativ təhlükəsizlik arxitekturası axtarır.

Eyni zamanda, İrəvanın Tehran və Nyu–Dehli ilə təmasları da diqqəti cəlb edir. Ermənistan son aylarda Hindistanla silah müqavilələri bağlayıb, həmçinin İranla müdafiə və sərhəd təhlükəsizliyi mövzusunda müzakirələr aparıb. Güman etmək olar ki, Papikyanın bu səfərləri regional balans yaratmaq məqsədi daşıyır.

***

Papikyanın səfərlər silsiləsinin növbəti dayanacağı yenə Almaniya olub. Mayın 12-də onun rəhbərlik etdiyi nümayəndə heyəti Berlinə işgüzar səfər edib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıblar. Ermənistan müdafiə naziri Almaniya paytaxtında BMT-nin sülhə dəstək üzrə nazirlər toplantısının rəsmi açılış mərasimində iştirak edib. Ölkənin dövlət informasiya agentliyi – “Armenpress”in məlumatına görə, görüş zamanı iştirakçı ölkələrin nümayəndələri BMT-nin sülhməramlı fəaliyyətində cari problemləri və sülhün qorunmasına yönəlmiş sülhməramlı prosesdə islahatların prioritetlərini müzakirə edəcəklər. Nazirlərin görüşündə iştirakçılar BMT çərçivəsində beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsinə dair öhdəliklərini təqdim edəcəklər. Ermənistan müdafiə nazirinin həmkarları ilə ikitərəfli görüşləri də planlaşdırılır.

Qeyd edək ki, BMT-nin sülhə dəstək üzrə nazirlər toplantısı sonuncu dəfə 2024-cü ilin aprel ayının 25-26-da keçirilmiş və beynəlxalq səviyyədə böyük maraq doğurmuşdu. Almaniya hökuməti tədbirə evsahibliyi etsə də tədbirin təşkilatçısı BMT idi. Bu konfrans BMT-nin sülhməramlı əməliyyatlarını daha effektiv etmək üçün tərəfdaş ölkələrdən konkret öhdəliklər almaq (maddi, texniki, hərbi), sülhməramlı missiyaların təhlükəsizliyini və səmərəsini artırmaq, qadınların iştirakı, iqlim dəyişikliklərinin təsiri, rəqəmsal texnologiyaların rolu kimi yeni çağırışlara diqqət çəkmək məqsədi daşıyırdı. Konfransın əsas mövzuları BMT sülhməramlı qüvvələrinin gücləndirilməsi, yeni texnologiyaların (pilotsuz uçuş aparatları, kommunikasiya sistemləri və s.) istifadəsi, qadınların sülhməramlı missiyalarda rolu, iqlim və təhlükəsizlik, habelə mülki əhalinin müdafiəsi idi.

Tədbirdə 80-dən çox ölkənin müdafiə və xarici işlər nazirləri, BMT Baş katibinin müavinləri, NATO, Avropa İttifaqı, Afrika İttifaqı kimi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Konfransın sonunda iştirakçı ölkələr yeni texnologiyaların istifadəsi və təlim üzrə öhdəliklər götürmüş, sülhməramlı kontingentlərin gücləndirilməsi üçün konkret planlar təqdim etmiş, BMT-nin “Sülhməramlı fəaliyyət+” təşəbbüsünə dəstəyini bir daha təsdiqləmişdilər.

Ermənistan müdafiə naziri S.Papikyan ötənilki tədbirdə də iştirak etmiş, çıxışı zamanı sülhməramlı əməkdaşlıq sahəsində ölkəsinin təkliflərini və BMT-nin fəaliyyətlərinə töhfəsini vurğulamışdı. Bu, Ermənistanın beynəlxalq təhlükəsizlik strukturuna daha sıx inteqrasiya cəhdinin bir hissəsi kimi qiymətləndirilirdi.

İrəvanın builki tədbirdə də iştirakı və bu tədbirə münasibəti onun dəyişən təhlükəsizlik və xarici siyasət strategiyası fonunda diqqəti cəlb edir. Bu, ilk növbədə yeni təhlükəsizlik platformalarına inteqrasiya cəhdidir. Başqa sözlə desək, Papikyanın Berlinə getməsi Ermənistanın Rusiya yönümlü KTMT çərçivəsindən uzaqlaşaraq qlobal və Qərb yönümlü təhlükəsizlik sistemlərinə inteqrasiya etmək cəhdinin tərkib hissəsidir. Bu, KTMT-dən narazılığın davam etdiyinin, alternativ təhlükəsizlik tərəfdaşları axtarışının göstəricisidir.

Eyni zamanda, İrəvan bununla sülhməramlı statusun möhkəmləndirilməsinə cəhd edir. Qeyd edək ki, Ermənistan hərbçiləri hazırda yalnız iki sülhməramlı missiyada (Kosovo və Livanda) iştirak edirlər. Bununla İrəvan özünü beynəlxalq ictimaiyyət qarşısında sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Papikyanın konfransda çıxışı zamanı Ermənistanın BMT sülhməramlı əməliyyatlarında daha geniş iştirak niyyətini, “sülhün təşviqinə töhfə vermək” istədiyini vurğulaması bir növ piar və imic siyasəti kimi də qəbul edilə bilər. Aydın görünür ki, Ermənistan beynəlxalq arenada etibarlı və “sülhsevər tərəfdaş” obrazı yaratmağa çalışır. Tədbirin Almaniyada keçirilməsi və Qərb ölkələrinin dominantlığı şəraitində iştirak Ermənistanın Avropa İttifaqı və NATO ölkələri ilə hərbi-siyasi münasibətlərini möhkəmləndirmək istəyi ilə də üst-üstə düşür. BMT-nin sülhməramlı platforması bu mənada Ermənistan üçün bir qapı rolunu oynayır. Bu, Rusiya asılılığından çıxmaq, eyni zamanda Qərblə bağlılıq yaratmaq üçün neytral və qəbulolunan çərçivədir.

Papikyanın bu tədbirdə iştirakı həm də Moskva üçün dolayı mesaj hesab olunur. Bu mesajı “əgər siz KTMT çərçivəsində bizi müdafiə etmirsinizsə, biz də alternativlərə baxırıq” şəklinfə formalaşdırmaq da mümkündür. Digər tərəfdən bu, Ermənistanın balanslı siyasət aparmaq yox, vektor dəyişmək niyyətində olduğunu göstərən addımlardan biridir. Ermənistan sülh danışıqları fonunda belə tədbirlərdə iştirakı həm də Azərbaycan qarşısında siyasi və diplomatik üstünlük qazanmaq vasitəsi kimi istifadə etməyə çalışır. İrəvan bununla sülh gündəmini dəstəklədiyini, qlobal müstəvidə müsbət imic formalaşdırmağa çalışdığını göstərmək istəyir. Beləliklə, Ermənistan üçün bu tədbir yeni xarici təhlükəsizlik formatlarına daxil olmaq, Rusiya təsirindən çıxmaq, Qərblə siyasi-müdafiə əlaqələrini möhkəmləndirmək, özünü “sülh tərəfdarı ölkə” kimi göstərmək məqsədlərinə xidmət edir. Bu səylər hazırda Ermənistanın postmünaqişə dövrü üçün yeni təhlükəsizlik arxitekturası qurmaq strategiyasının əsas sütunlarından biridir.

Ancaq bütün bu cəhdlərin nəinki regionda, heç Ermənistan daxilində də lazımı effekti görünmür. Ölkənin hökumətyönlü saytları, adətən, BMT-nin sülhməramlı konfransları kimi tədbirlərdə iştirakı müsbət, İrəvanın “sülh tərəfdarı siyasətinin göstəricisi” kimi təqdim etsələr də, müstəqil və müxalif yönümlü media orqanları bu cür iştirakçılığı çox vaxt şübhə və ya mənfi yöndən şərh edirlər. Müstəqil media və analitiklər bildirirlər ki, simvolik iştiraka həddindən artıq önəm verilir. Bəzi erməni siyasi analitikləri qeyd edirlər ki, Ermənistanın bu cür tədbirlərdə iştirakı real hərbi potensiala malik olmadan, sadəcə formal xarakter daşıyır. Onların fikrincə, rəsmilər xarici səfərlərlə ölkədəki real təhlükəsizlik boşluqlarını ört-basdır etməyə çalışırlar. Məsələn, Yerkir.am saytında yayımlanan şərhlərdən birində bildirilir ki, sülhməramlı tədbirdə iştirak bizi qorumur – sərhədlərimizdə hər gün atəşkəs pozulur, amma Papikyan Berlində şəkil çəkdirir.

Konfransda iştirakı Rusiyaya qarşı demarş kimi təqdim edənlər də var. Bu təbəqəyə görə, Ermənistanın Qərb tədbirlərində fəallaşması Moskvanı daha da qıcıqlandırır və KTMT-dən daha sərt reaksiya doğura bilər. “İravunk.com”un analitik məqaləsində qeyd edilir ki, sülh axtarmaq əladır, amma Rusiya ilə münasibətləri tam yandırmaq hesabına yox.

Bəzi tənqidçilər isə Papikyanın səfərlərinin və tədbirlərdə iştirakının şou xarakteri daşıdığını deyirlər. Onların fikrincə, təhlükəsizlik real deyil, görüntü xarakterlidir. Bildirilir ki, əgər Ermənistan real hərbi islahatlar aparmırsa, BMT tədbirlərində iştirakın praktik əhəmiyyəti yoxdur. Müxalifyönlü “Hraparak”, “Yerkir”, “İravunk” kimi saytlar Ermənistan rəhbərliyini “yalnız Qərbə xoş görünmək üçün addımlar atmaqda” ittiham edir. Bu ritorikaya görə, BMT tədbirləri Ermənistanın yanlış geosiyasi istiqamətinin nəticəsidir. Beləliklə, Papikyanın Berlindəki tədbirdə iştirakı effektsiz diplomatik jest, Rusiya ilə gərginliyi artıran addım və cəmiyyətin diqqətini real təhlükəsizlik problemlərindən yayındırma kimi təqdim olunur.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Ermənistan rəhbərliyinin bu cür beynəlxalq tədbirlərdə aktivliyi, xüsusilə Paşinyan hökumətinin “sülhsevər obraz” formalaşdırmaq cəhdi, əslində, ölkənin daxili və regional siyasəti ilə uzlaşmır. Papikyan Berlində BMT kürsüsündən sülhdən danışır, amma Ermənistan parlamentində revanşist çıxışlar səslənir. Ermənistan ordusu Qərbdən aldığı silahları hələ də sərhəd bölgələrinə cəmləşdirir. Ermənistanın bu tədbirdə iştirakı həm Qərbə loyal görünmək, eyni zamanda, Rusiya ilə məsafə saxlamaq məqsədi daşıyır. Lakin bu, ardıcıl və etibarlı siyasət deyil. Ermənistan KTMT-dən uzaqlaşaraq yeni təhlükəsizlik çətiri axtarır, amma nə NATO, nə də BMT-nin sülhməramlı mexanizmləri ona real hərbi zəmanət verə bilər.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri