Icma.az
close
up
RU
Ermənistan dövlətdir, yoxsa Vişi rejimi?

Ermənistan dövlətdir, yoxsa Vişi rejimi?

Yaxud ölkənin faşist mahiyyətini təsdiqləyən bəzi xatırlatmalar

Bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını deyən Prezident İlham Əliyev, eyni zamanda, bildirmişdi: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”. 

Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlər Ermənistanda, ölkə xaricində, ermənipərəst dairələrdə geniş rezonans doğurub. Görəsən niyə? Onlar nəyə görə narahatdırlar? Çünki Ermənistanın mahiyyətcə faşist dövlət olduğunu anlayırlar. Əks halda, hazırkı reaksiyalarına ehtiyac qalmazdı. Necə deyərlər, soğan yeməmisənsə, için niyə göynəyir?

Əlbəttə, Azərbaycan Prezidentinin bildirdiklərini həqiqi mənada təəccüblə qarşılayan, belə demək mümkünsə, neytral kəsim də var. Bu kəsimin təmsilçiləri üçün Ermənistanın faşist dövlət olduğuna dair real fikri eşitmək qəribə gəlir. Ona görə ki, belələrinin baxışlarında “faşizm” sözü klassik alman nasional-sosializmi kimi assosiasiya olunur. O nasional-sosializm ki, bütün Avropanın potensialı ona işləyirdi, kifayət qədər, güclü idi. Üstəlik, düşüncələrdə qaz kameraları, alman əsgərlərinin, ümumən hərbi rəhbərliyinin törətdiyi ağlagəlməz  cinayətlər də canlanır. Yenə bir atalar məsəlini yada salaq: “Allah dəvəyə qanad versəydi, dağıtmadığı dam qalmazdı”. Təkcə Azərbaycanın deyil, ümumən Cənubi Qafqazın, bütövlükdə yaşadığımız coğrafiyanın bəxti onda gətirib ki, hazırkı erməni dövləti güclü olmayıb. Heç şübhəsiz, alman faşizminin iqtisadi potensialının cəmi 10 faizi Ermənistanın əlində cəmləşsəydi, daha dəhşətli olaylar yaşanardı. Dövlətimizin başçısının fikirlərini təəccüblə qarşılayanlar bunu da bir kənara qoysunlar. Ancaq həm onlara, həm də erməni təəssübü çəkənlərə xatırladacağımız başqa mətləblər də var.

Azərbaycana və Türkiyəyə münasibətdə özünü göstərən klassik düşmənçiliyi bir kənara qoyaq. Bəs Gürcüstan? Gürcüstan ki, xristian dövlətidir. Necə olur ki, erməni millətçiliyi ona qarşı da ərazi iddiası irəli sürür? Hər halda, Axalkalakidə erməni separatizminin tüğyan etdiyi dövr hər kəsin yaxşı xatirindədir. Yəni, “Dənizdən dənizə böyük Ermənistan” xülyasının Gürcüstan hədəfi də diqqətdən kənara qoyulmamalıdır. 

Bilavasitə Azərbaycana gəldikdə, Prezident İlham Əliyev müsahibəsində 30 illik işğalı, xalqımızın əzablarını, Xocalı soyqırımını, dağıdılmış, viran qoyulmuş Qarabağı xatırladıb: “Bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq? Heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən “sülh göyərçini” düzəltmək istəyir. Amma baxın, görün, onun 2018–2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır”.

Bəli, Qərb aləmi buyurub Ermənistana gətirdiyi “demokratiya” ilə öyünsün. Əgər buna öyünmək demək mümkündürsə. Bir “demokrat” ki, Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verib, Şuşada Cıdır düzündə sərxoş halda yerə sərilib və bununla da başqa bir toplumun, yəni Azərbaycan xalqının heysiyyatı ilə oynayıb, buna başqa nə ad vermək olardı? Bir adam ki, özünün saxta demokrat obrazını işğalçılıq naminə sipərə çevirdi, onun rəhbərlik etdiyi ölkə barədə nə düşünəsən? Bir ölkənin liderinin komandasındakı şəxslər “yeni ərazilər uğrunda yeni müharibə!” şüarını irəli sürmüşdülərsə, həmin ölkəni “faşist dövlət” yox, başqa nə cür adlandırasan? 

İndi Prezident İlham Əliyevin söylədiklərinə ajiotaj pəncərəsindən baxanlar, təəccüblənənlər bütün bunları yada salsınlar. Axı heç nə elə-belədən deyil. Dövlətimizin başçısının nəinki hər fikri, hər cümləsi belə reallıqla dərin fiksasiya təbiətinə malikdir. Ölkəmizin liderinin heç bir fikri kontekstdən çıxarılmamalı, söz möhtəkirliyinə yol verilməməlidir. Çünki Prezident İlham Əliyevin Ermənistana, belə demək mümkünsə, yapışdırdığı “faşist dövlət” yarlığı, ən azı, son otuz ilin hadisə və proseslərindən gəlinmiş nəticədir. Elə isə dövlətimizin başçısının müsahibəsi zamanı xronoloji baxımdan daha əvvəl səsləndirdiyi məqamlara nəzər salaq: “Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur”. 

Hər kəs fərqinə varmalıdır ki, Azərbaycanın istədiyi sülhdür. Ermənistan otuz il müddətində torpaqlarımızı işğalda saxlamaqla barış tərəfdarı olmadığını sübuta yetirib. “Demokrat” Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gətirildi və o da eyni yolu tutdu. Nəticədə 44 günlük müharibə yaşandı. Halbuki, Nikolun yuxarıda səsləndirdiyimiz bəyanatı olmasaydı, savaş da baş verməyəcəkdi. Qərb aləmi niyə bunu yaddan çıxarır? Sualımız ritorikdir. Çünki heç nə unudulmur. Necə unudulsun? Axı Paşinyan müharibəyə rəvac verən fikirlərini elə-belədən dilə gətirməmişdi. Qərb çoxdandı bata bilmədiyi Azərbaycan hakimiyyətini “demokratiya” ilə yenməyə girişmişdi. İstəyirdi ki, “demokratik Ermənistan” “avtoritar Azərbaycanı” məğlubiyyətə uğratsın, nəticədə ölkəmizdə hakimiyyət dəyişikliyi reallaşsın, marionet hökumət qurulsun, xalqımızın sərvətləri xaricə rahat şəkildə daşınsın. Əvvəlki düzən Qərbi razı salmırdı, daha çoxuna iddialı idi. Bu gün də iddiasından qalmır... 

Bəli, Qərb bu gün də iddiasından qalmadığına görədir ki, Ermənistan ötən dörd il ərzində sülhə gəlməkdən boyun qaçırır. Baxın, N.Paşinyan Prezident İlham Əliyevin müsahibəsindən sonra yaydığı “sülh manifestində” “Dünyanın kəsişməsi” avantürasını ortaya necə atır. O avantüranı ki, Ermənistanı qlobal kommunikasiya habının açar nöqtəsinə çevirəcək. O avantüra ki, ölkənin ötən dörd ildə itirdiklərinin, bir növ, təzminatıdır və gələcəkdə erməni millətçiliyini, yəni erməni faşizmini gücləndirmək üçün mühüm siyasi və iqtisadi dividenddir. Azərbaycan buna imkan verərmi? Əsla yox! Ona görə də Prezident İlham Əliyev müsahibəsində bildirir: “Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”. 

Əlbəttə, Ermənistan dövlətinin tapındığı erməni faşizminin mövcudluğunu sübuta yetirən faktlar təkcə XX əsrin sonlarının məhsulu deyil. Ermənistan bütövlükdə XX əsrdə nəyi əldə edibsə, məhz bu xislətin sayəsindədir. Bir dövlət ki, başqa xalqın tarixi, əzəli torpaqları hesabına formalaşıb, ona “faşist dövlət” deməyib nə deyəsən? Ayrı-ayrı dövlətlərin içərisində xalqlar və etnik qruplar var. O zaman onlar hamısı yaşadıqları əraziləri dövlət eləməyə qalxsınlar, görək vəziyyət necə olur? Məsələn, Prezident İlham Əliyev 44 günlük müharibə dövründə verdiyi müsahibələrin birində bildirmişdi ki, Fransa ermənilər üçün belə can yandırırsa, o zaman kompakt məskunlaşdıqları Marseldə onlar üçün dövlət yaratsın. Aydındır ki, belə bir şey əsla mümkün deyil. O zaman nə üçün kimlərsə özlərinə rəva bilmədiklərini Azərbaycana şamil etmək barədə düşünürlər?

Söhbət faşizmdən və Ermənistanı ciddi-cəhdlə müdafiə edən Fransadan düşübsə, o zaman İkinci Dünya müharibəsi zamanı üçüncü Reyxin Fransanı işğal etməsi nəticəsində yaradılmış kollaborasionist kukla dövlətə – Vişi rejiminə nəzər salaq. Fransanın Vişi şəhərində formalaşdırılmış bu separatçı quruluş 1940-cı ilin yayından 1944-cü ilin sentyabrınadək hökm sürmüşdü. 

Belə ki, Fransa dövləti ilə üçüncü Reyx arasında 1940-cı il iyunun 22-də imzalanmış müqaviləyə əsasən, Fransa iki hissəyə bölünmüşdü. Razılaşmaya görə, bölgələrdən biri alman işğalı atında qalırdı, digəri isə kağız üzərində olsa da, Fransanın idi. Təsəvvür edin, işğal olunmamış və Parisin nəzarətinə verilən ərazilər ölkənin cəmi 40 faizini təşkil etmişdi. 

Görəsən, Vişi rejimi ilə silahlı qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində canını tapşırmış separatçı “Dağlıq Qarabağ Respublikası” arasında hansısa fərq varmı? Əlbəttə ki, yoxdur! Axı, bütövlükdə Ermənistan adlı dövlət Vişi rejimini xatırladan quruluşdur: “Hələ XIX əsr Rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da Rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər  əzab-əziyyət çəkib”.

Sual olunur: nəyə görə Avropada Prezident İlham Əliyevin fikirlərindən təəccüblənənlər, bunu işğalçılıq kimi qiymətləndirənlər var? Məgər İkinci Dünya müharibəsindən sonra həmin Avropa son dərəcə nümayişkaranə şəkildə alman faşizminin kökünü kəsməyə girişmədi? Girişdi, özü də ən sərt formada. Çünki bəşəriyyəti təhdid edən bəlaya qarşı mübarizə günün təxirəsalınmaz tələbi idi. Ona görə ki, “köhnə qitə” altı il ərzində, loru dildə desək, fazişmin əlindən zəncir gəmirmişdi. 

Azərbaycan xalqı XX əsr boyu eyni məşəqqətlə üzləşmişdi. Ən sonda ərazisinin 20 faizi işğal olunmuş ölkənin bir milyon vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum duruma düşmüşdü. Neçə-necə dinc azərbaycanlı çadır şəhərciklərində, bumbuz vaqonlarda ömür sürmüşdü. Buna ömür sürmək yox, çürümək, bütün həyat arzularından küsmək deyilir. Çadır şəhərcikləri, vaqonlar Azərbaycan xalqının ölmüş arzularının qəbiristanlığına çevrilmişdi. Həqiqətən, dəhşət yaşanmışdı. Görəsən, indi Ermənistanı müdafiə edənlər, Qarabağdan öz xoşları, daha doğrusu, Ermənistan rəhbərliyinin avantürist mahiyyəti səbəbindən köçmüş erməniləri etnik təmizləməyə məruz qalan toplum kimi qələmə verənlər, timsahsayağı göz yaşı axıdanlar o zaman nə üçün susurdular? 

Ümumən, suallarımız həddən artıq çoxdur. Ancaq bu suallara cavab veriləcəyinə inanacaq qədər sadəlövh deyilik. Öz yolumuz var, həmin yolda inamla addımlayırıq. Sözümüz – Prezident İlham Əliyevin bildirdiyi isə budur ki, kimlərsə yolumuza çıxıb, ayağımıza dolaşmasınlar! Kimlərsə erməni avantürizminə qaz verməyə qalxıb regionda yeni reallıqlar formalaşdırmağa cəhd göstərməsinlər! Belə hallar olacaqsa, dövlətimizin başçısının fikri son dərəcə qətidir: “Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik”.

Ə.CAHANGİROĞLU
 XQ

seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri