Icma.az
close
up
RU
Ermənistan prezidenti özünü və ölkəsini inandırsın!

Ermənistan prezidenti özünü və ölkəsini inandırsın!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın sülh tələbi fundamental əsasa söykənir

“Ermənistan Azərbaycanı inandıracaq ki, konstitusiya sülh müqaviləsinin imzalanmasına mane olmur”. Bu fikri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində bildirib. Bəribaşdan deyək ki, İrəvan bunu bacarmayacaq. Ən azından ona görə ki, o ampluada deyil.

Əslində, məsələ Azərbaycanı inandırmaq məntiqindən uzaqdır. V.Xaçaturyan bilməlidir ki, bu məntiq ən sonda gəlir. Deyək ki, Ermənistan rəhbərliyi Azərbaycan hakimiyyətini hansısa təklifinin, yaxud ideyasının səmərəliliyinə inandıra bilər. Amma ilk növbədə, təklif irəli sürmək üçün etimad və mənəvi haqq qazanmalıdır. Konstitusiya dəyişikliyi həmin etimadın qazanılması yolunda mühüm halqadır. Yaxşı olar ki, təkcə Xaçaturyan deyil, digər erməni rəsmiləri də bunu nəzərə alsınlar. Nə qədər tez nəzərə alsalar, bir o qədər yaxşıdır.

Ermənistan prezidenti bildirir ki, təmsil olunduğu komandanın konstitusiyaya dəyişiklik arzusu çoxdanın söhbətidir. Bu, həqiqətən belədir. Çünki Nikol Paşinyan 2018-ci ildə baş nazir səlahiyyətlərinin icrasına başlamasından dərhal sonra mövcud istiqamətdə fəaliyyətə başladı. Həmin vaxt, hətta müvafiq komissiyanın yaradılmasına da nail oldu. Xaçaturyan isə vurğulayır ki, məsələnin sülh müqaviləsi ilə heç bir bağlılığı yoxdur. Olsun. Amma...

“Onsuz da konstitusiyanı dəyişməyə ehtiyac var idi. Çünki indi işlədiyimiz konstitusiya əslində, bir nəfərin ideyasına əsaslanaraq yaradılıb. Baş nazirin, özü də baş nazir olmalı olan şəxsin”, - deyən V.Xaçaturyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı nəzərdə tutur. Sarkisyandan söz düşmüşkən, 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra konstitusiyada dəyişiklik ideyasını ölkədə məhkəmə-hüquq islahatlarına zərurət kontekstində irəli sürmüşdü. Baş nazir bildirmişdi ki, S.Sarkisyanın dövründə qəbul olunmuş 2015-ci il konstitusiyası siyasi balansı pozub və korrupsioner elitanın maraqlarına uyğun hazırlanıb. Başqa sözlə desək, 2015-ci il konstitusiyası Ermənistanı prezident üsul-idarəsindən parlamentli respublika ilə əvəzləyirdi, amma sistemin balansı pozulur, hakimiyyət qolları arasında tarazlıq təmin olunmurdu. Yəni lap əvvəldən sənədə dəyişiklik zərurətinin bundan qaynaqlandığı bildirilirdi.

2020-ci ilin əvvəlində Nikolun rəhbərlik etdiyi hökumət referendum keçirilməsini planlaşdırmışdı. Baş nazir prosesdə başlıca məsələnin həm də Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə yenidən baxmaq olduğunu vurğulamışdı. Amma 2020-ci ilin martında COVID-19 pandemiyası, daha sonra İkinci Qarabağ müharibəsi nəzərdə tutulanların reallaşdırılmasına imkan vermədi. 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən sonra Ermənistanda yaranan siyasi böhran səbəbindən isə konstitusiya dəyişikliyi məsələsi, demək olar, tamamilə gündəmdən çıxdı.

O da məlumdur ki, Paşinyan artıq bir ilə yaxındır “yeni Ermənistan üçün yeni Konstitusiya” şüarını irəli sürüb. Sözümüz ondadır ki, V.Xaçaturyan konstitusiya dəyişikliyi məsələsinin çoxdanın söhbəti olduğunu deməkdə və bildirdiklərini əsaslandırmaqda haqlıdır. Amma onun hazırkı ana qanunun Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olmadığını vurğulaması, yumşaq desək, yerində deyil. Fikrimizin sübutu üçün bir neçə nüansa nəzər salaq.

N.Paşinyan bu ilin aprelində ölkənin yeni konstitusiyasının mətnində “Dağlıq Qarabağ”ın adının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın yolverilməzliyindən söz açmışdı. Nikol mövqeyinin qətiliyini vurğulamış və məsələ barədə dəfələrlə, o cümlədən bəyannamənin qəbulu günü ilə bağlı mesajlarında söz açdığını xatırlatmışdı: “Müstəqillik Bəyannaməsinin mətnini öyrənərək dedim ki, mənim fikrimcə, söhbət ondan gedir ki, müstəqil Ermənistan Respublikası və ya Ermənistan dövlətçiliyi ola bilməz. Bu, sadəcə olaraq mümkün deyil. Əgər mən bunu deyirəmsə, bu o deməkdir ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olması lazım olduğunu deyə bilmərəm. Əksinə, deyə bilərəm ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Amma buna Ermənistan xalqı qərar verəcək”.

Azərbaycanın da tələbi budur ki, Ermənistan konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə, başqa adla desək, İstiqlaliyyət Bəyannaməsinə istinad yer almasın. Yeri gəlmişkən, Paşinyan özü də sözügedən istinadın bilavasitə sülhə maneçilik törətdiyini vurğulayıb. Deməli, Xaçaturyan fikir bildirərkən, bütün bunları da nəzərə almalı və ölkəmizin tələbinin haqlı olduğunu, prinsipial mahiyyət daşıdığını nəzərə almalıdır.

Digər tərəfdən, yaxşı olar ki, nə Xaçaturyan, nə də erməni hakim komandasında təmsil olunan kimsə “hazırda heç bir referendum olmayacaq” şəklində bəyanat səsləndirsin. Bu sayaq bəyanatlar erməni iqtidarında müqavimət formalaşdırmır, əksinə, ona gələcəkdə çətinlik yaradır. Necə çətinlik yaradır, aydınlıq gətirək və bildirək ki, Ermənistan hakimiyyətinin konstutisiya dəyişikliyinin Azərbaycanın tələbi olmadığını vurğulaması onun öz işidir. Aydındır ki, bu sayaq deyimlər daxili ictimai rəyə hesablanıb. Paşinyan iqtidarı, öz aləmində, prinsipial davrandığını, guya, Bakının təzyiqlərinə boyun əymədiyini göstərmək istəyir.

Amma Nikolun rəhbərlik etdiyi komanda, o cümlədən, prezident Xaçaturyan Azərbaycan hakimiyyətinin təzyiqlərinə boyun əymirmiş kimi davranaraq referendum məsələsini ikinci plana atan qiyafəsində görünməməlidir. Çünki belə təəssüratın mövcudluğu Ermənistandakı revanşist və şovinist kəsimin ağzını yalnız müvəqqəti yumur. Həmin kəsim onsuz da iqtidarın üzərinə yerimək üçün əsas tapacaq. Yəni, hər bir halda bildirəcək ki, Ermənistan hakimiyyəti Azərbaycan qarşısında acizdir. Bu ritorika İrəvan üçün 2018-ci ildən bəri irəli sürülmüş konstitusiya dəyişikliyinin zəruriliyi tezisi üzərində üstünlük qazanmamalı, gedilməli yol hər bir halda gedilməlidir.

Bəli, indiki durumda Xaçaturyanın “referendum olmayacaq” iddiası təkcə Azərbaycanın tələbinin yerinə yetirilməsinə etinasız yanaşma yox, həmçinin, rəsmi İrəvanın müəyyənləşdirdiyi prioritet vəzifənin gerçəkləşməsinin qarşısına sədd çəkir. Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyinə gedəcəksə, gərək, durumu zəruriləşdirən və yuxarıda haqqında söz açdığımız məqamları təbliğ etsin, müvafiq əsaslandırmalar aparmaqla, ictimai rəyi prosesin vacibliyinə inandırsın.

Məsələn, Ermənistan hakimiyyəti cəmiyyəti inandırsın ki, bir ölkənin əsas qanununun istinad etdiyi sənəddə başqa ölkənin ərazisində mövcud olmuş ərazi vahidinin adına rast gəlinməməlidir. Təsəvvür edin, İstiqlaliyyət Bəyannaməsinə görə müasir Ermənistan həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası deyilən saxta orqanın qondarma qərarına əsasən təşəkkül tapır. Azərbaycan öz ərazisindəki DQMV-ni ləğv edibsə, deməli, obrazlı desək, indiki Ermənistanı saxlayan sütunlardan biri, hətta başlıcası yoxdur. Belə nəticəyə gəlmək olar ki, hazırkı erməni dövləti, bir növ, havada asılı vəziyyətdədir.

Hər halda, həm Xaçaturyanın, həm də digər erməni rəsmilərinin, elə revanşist və şovinistlərin də vurğuladığımız reallığa özlərini inandırmaları lazımdır. Lazımdır ki, sülhə fundamental yanaşma olsun. Azərbaycan da Ermənistan konstitusiyasının dəyişməsi tələbində məhz fundamental yanaşmanın tərəfdarıdır. Ölkəmiz sülhün dayanıqlılığı üçün çalışır. İstəyir ki, düşmənçilk motivləri tamamilə sıradan çıxsın. Bu motivlərin sıradan çıxması isə niyyət məsələsidir. Təkcə Ermənistan hakimiyyəti yox, bütövlükdə erməni cəmiyyəti referenduma gedərək xoş niyyətini göstərməlidir.

Sonda onu da bildirək ki, erməni cəmiyyəti konstitusiya dəyişikliyinə getməklə, ölkənin əsas qanununu ərazi iddiası məntiqinə söykənmiş İstiqlaliyyət Bəyannaməsinə istinad buxovundan qurtarmaqla, nəinki 30 ildən artıq davam etmiş düşmənçilik səhifəsini, o cümlədən əsası 200 il əvvələ gedib çıxan ixtilafa son qoymuş olacaq. Bu, sülh, yaşadığımız Cənubi Qafqazın gələcəyi, region xalqlarının rifahı və əmin-amanlığı naminə həyati əhəmiyyət daşıyan vəzifədir. Erməni iqtidarından, habelə prezident Xaçaturyandan gözləntimiz məhz bu məqamı nəzərə alaraq fəaliyyət göstərmələridir. Bu yolda hansısa siyasi mahiyyət daşıyan manevrlər keçərli deyil. Cəsarətli davranıb başlıca mahiyyətin üzərinə getmək lazımdır, onun ətrafında gəzişmək yox. Ümid edək ki, erməni hakim komandası bizi özünün kiçik həqiqətlərinə inandırmağa çalışmaqdansa, özü böyük həqiqətləri anlamağa cəhd göstərəcək.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri