Icma.az
close
up
RU
Ermənistanın çətin konstitusiya sınağı

Ermənistanın çətin konstitusiya sınağı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İrəvan sülh yolunda son maneəni də aşmağa məhkumdur

Ermənistanın qarşıdakı siyasi gündəliyində ən kritik məsələlərdən biri konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumdur. Referendum ölkənin daxili siyasi sabitliyi, regional inteqrasiyası və Azərbaycanla paraflanmış sülh müqaviləsinin taleyi ilə bilavasitə əlaqəlidir. Ermənistan hökumətinin gündəliyində sülhün əsas şərtlərindən biri kimi konstitusiyanın preambulasına düzəlişlərin edilməsinin önə çəkilməsi, həm də bu məsələnin parlament səviyyəsində müzakirə olunması göstərir ki, problem strateji xarakter daşıyır.

Burada mühüm siyasi ziddiyyət formalaşır: xalqın iradəsi ilə beynəlxalq öhdəliklər arasında balans necə qorunacaq? Sual, əslində, Ermənistan siyasətinin bütün sonrakı addımlarını müəyyən edəcək. Əgər xalq referenduma mənfi cavab verərsə, hökumət beynəlxalq tərəfdaşlara hansı arqumenti təqdim edə biləcək? Digər tərəfdən, əgər dəyişikliklər qəbul edilərsə, bu, Ermənistan cəmiyyətinin siyasi yaddaşında “tarixi güzəşt” kimi təqdim olunmayacaqmı?

Siyasi təhlil göstərir ki, Paşinyan hökuməti bu dilemmanı “sülhün alternativsizliyi” tezisi üzərində qurmağa çalışır. Yəni ictimaiyyətə mesaj verilir ki, dəyişikliklərin edilməməsi regional sülh gündəminin dalana dirənməsi deməkdir. Yenə sual doğur ki, hökumət sülh müqaviləsinin uğurunu yalnız konstitusiya dəyişikliyi ilə şərtləndirməklə daxili legitimliyini zəiflətmirmi? Cavab axtaranda görünür ki, Paşinyan siyasi manevr üçün çox dar məkan saxlayıb – referendumun nəticəsi nə olursa-olsun, siyasi məsuliyyət birbaşa onun üzərində qalacaq. Digər mühüm aspekt isə Ermənistan cəmiyyətinin parçalanmış vəziyyətidir. Bir tərəfdə “reallıqların qəbul edilməsi” tərəfdarları var; onlar hesab edirlər ki, konstitusiya dəyişikliyi regionda uzunmüddətli sabitliyin açarıdır. Digər tərəfdə isə “milli kimlik və tarixi yaddaş” məsələsini önə çəkən qüvvələr dayanır. Bəs Ermənistan ictimaiyyəti hansı seçimə üstünlük verəcək – milli romantizmə, yoxsa praqmatik siyasətə? Mövcud siyasi mühit göstərir ki, bu seçim təkcə Ermənistanın gələcəyini deyil, bütövlükdə Cənubi Qafqazın siyasi xəritəsini müəyyən edə bilər.

* * *

Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı referendum siyasi qüvvələrin real çəkisinin ölçüləcəyi mühüm bir sınaqdır. Paşinyan hökuməti bu prosesi “sülhün yeganə təminat mexanizmi” kimi təqdim etsə də, daxildə həm siyasi elitada, həm də ictimai rəyin formalaşmasında ciddi müqavimət mövcuddur.

Əsas paradoks ondadır ki, Paşinyan öz çıxışlarında dəfələrlə vurğulayır: “Azərbaycanla sülh artıq imzalanıb, amma tam hüquqi qüvvəyə minməsi üçün preambuladakı ziddiyyət aradan qalxmalıdır”. Burada sual ortaya çıxır: əgər sülh faktiki olaraq mövcuddursa, referendum nəticələrinin bu qədər taleyüklü təqdim edilməsinin səbəbi nədir? Cavab axtaranda görünür ki, Paşinyan həm beynəlxalq tərəfdaşlara, həm də daxili auditoriyaya fərqli mesajlar göndərir. Xaricdə “sülhə hazırıq” obrazı yaratmağa çalışır, daxildə isə “xalq iradəsinin həlledici rolu” vurğulanır.

Ermənistan müxalifəti isə məsələyə tamam başqa prizmadan yanaşır. Onların arqumentinə görə, Azərbaycanla sülh müqaviləsi üçün konstitusiyanın dəyişdirilməsi “qeyri-legitim güzəşt”dir və belə addım atmaq milli maraqlara ziddir. Lakin burada yeni bir sual çıxır: əgər dəyişiklik edilməsə, Ermənistanın qarşısında hansı alternativ açıq qalacaq? Analitik baxış göstərir ki, real alternativlər məhduddur – ya sənəd formal olaraq qüvvədən düşəcək, ya da Ermənistan regional layihələrdən kənarda qalmaqla faktiki təcrid vəziyyətinə sürüklənəcək. Paşinyan üçün digər risk isə daxili siyasi parçalanmanın dərinləşməsidir. Referendumda dəyişikliklər dəstəklənsə belə, müxalifət bunu “xalqın məcburiyyət qarşısında səsi” kimi təqdim edəcək və siyasi mübarizə daha da sərtləşəcək. Bütün bunlar hökumətin legitimliyini gücləndirmək əvəzinə, əksinə, zəiflədə bilər. Yenə sual yaranır: Paşinyan referendumla siyasi mövqeyini möhkəmləndirmək istəyir, yoxsa əslində riskli bir qumar oynayır? Cavab çox güman ki, ikinci variantdır. Çünki referendumun hər iki nəticəsi onun üzərində siyasi məsuliyyəti daha da artıracaq.

Beləliklə, Ermənistanın daxili siyasi müstəvisində konstitusiya dəyişikliyi ətrafında gedən müzakirələr bir növ hökumətlə xalq arasında, daha dəqiq desək, reallığın qəbul olunması ilə milli kimlik arasında seçim dilemmasıdır və bu seçim isə Paşinyanın siyasi taleyini də müəyyən edəcək.

* * *

Azərbaycan üçün Ermənistan konstitusiyasının preambulası sülh müqaviləsinin gələcəyini müəyyən edən fundamental siyasi amildir. Bakı dəfələrlə vurğulayıb ki, əgər Ermənistan öz əsas qanununda Azərbaycana qarşı ərazi iddialarını qoruyub saxlayırsa, onda imzalanacaq sülh sənədi reallıqda heç bir təminat verməyəcək.

Azərbaycan niyə bu qədər israrla konstitusiyanın dəyişdirilməsini tələb edir?

Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan 2020-ci ildən sonra formalaşmış yeni reallığı hüquqi cəhətdən möhkəmləndirmək istəyir. Qarabağ məsələsi hərbi-siyasi müstəvidə qapansa da, Ermənistan konstitusiyasında hələ də keçmiş narrativlərə istinadın qalması, rəsmi Bakının gözündə, gələcəkdə revanşizm üçün hüquqi zəmin yaradır. İkincisi, Azərbaycan üçün bu dəyişiklik Ermənistanın sülh gündəminə nə dərəcədə sadiq olduğunu yoxlamaq imkanıdır. Əgər İrəvan həqiqətən regional inteqrasiya istəyirsə, bunu, ilk növbədə, öz konstitusiyasında göstərməlidir.

Bəs əgər Ermənistan referendumda dəyişiklikləri rədd edərsə, Azərbaycan hansı addımlar ata bilər? Bu halda Bakı iki istiqamətdə hərəkət edə bilər. Diplomatik planda – Ermənistanı beynəlxalq tərəfdaşların qarşısında “sülh müqaviləsini sabotaj edən tərəf” kimi təqdim edəcək. Bu isə İrəvanın Qərb institutlarından dəstək alma imkanlarını zəiflədə bilər. Regional planda isə Azərbaycan iqtisadi və kommunikasiya layihələrində Ermənistanı kənarda saxlamağa davam edəcək. Beləliklə, Ermənistan bir növ özünü təcrid vəziyyətində tapacaq.

Digər tərəfdən, Azərbaycanın mövqeyi regiondakı güc balansı ilə də sıx bağlıdır. 2020-ci ildən sonra Bakı Cənubi Qafqazda əsas oyunçuya çevrilib və Moskva, Brüssel, Vaşinqton da bu reallığı qəbul edir. Burada yeni bir sual yaranır: Azərbaycanın israrı sırf ikitərəfli münasibətlərə yönəlib, yoxsa regional statusunu möhkəmləndirmək üçün daha geniş strategiyanın tərkib hissəsidir? Cavab aydındır – konstitusiya məsələsi Bakının regional diplomatiyada üstün mövqeyini gücləndirmək üçün vasitədir. Ermənistan bu tələbi yerinə yetirmədiyi halda, Azərbaycan özünün “sülhə hazır, amma reallığı qəbul etdirən tərəf” imicini qoruyacaq.

Beləliklə, Azərbaycanın yanaşması yalnız “milli maraqların qorunması” ilə məhdudlaşmır; bu, həm də Cənubi Qafqazda yeni siyasi nizamın hüquqi əsaslarını möhkəmləndirmək üçün atılan addımdır. Ermənistan referendum nəticəsindən asılı olaraq ya bu nizamın tərkib hissəsinə çevriləcək, ya da kənarda qalmaq riski ilə üzləşəcək.

* * *

Ermənistanın konstitusiya dəyişikliyi məsələsi, eyni zamanda Qərbin və Rusiyanın regiona baxışını da müəyyən edən amildir. Əslində, referendumun nəticələri Ermənistanın hansı geosiyasi xətti seçəcəyinə dair açıq siqnal olacaq. Qərb institutları – ABŞ və Avropa İttifaqı – referendumun nəticələrinə necə yanaşacaq? Əgər dəyişikliklər qəbul olunarsa, bu, Qərbin gözündə Ermənistanın “sülh gündəminə real bağlılığının” sübutu kimi görünəcək. Aİ son illər Ermənistana iqtisadi dəstək paketləri, sərhəd missiyası və siyasi dəstək vəd edib. Konstitusiya dəyişikliyi bu dəstəyin güclənməsinə yol aça bilər. ABŞ isə Ermənistanı Cənubi Qafqazda “demokratik tərəfdaş” kimi təqdim etməyə çalışır. Beləliklə, referendumun müsbət nəticəsi Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirəcək.

Amma əgər dəyişikliklər rədd olunarsa, Qərbin mövqeyi daha mürəkkəb olacaq. Bir tərəfdən, Vaşinqton və Brüssel Paşinyan hökumətini siyasi riskləri qəbul etdiyi üçün müdafiə etmək məcburiyyətində qalacaq. Digər tərəfdən isə sülh müqaviləsinin pozulması faktı qarşısında Ermənistanı açıq şəkildə müdafiə etmək Qərbin reputasiyasına zərbə vuracaq.

Rusiyanın mövqeyi isə tamam fərqlidir. Moskva uzun müddətdir ki, Paşinyan hökumətini Qərbə yaxınlaşmaqda ittiham edir. Konstitusiya dəyişikliyinin qəbul olunması Kremlin gözündə Ermənistanın Azərbaycan qarşısında növbəti güzəştə getməsi və Rusiyanın regiondakı rolunun zəifləməsi kimi təqdim ediləcək. Beləliklə, beynəlxalq reaksiya ikili xarakter daşıyacaq. Qərb üçün referendum Ermənistanın Qərbə inteqrasiyasının göstəricisi, Rusiya üçün isə İrəvanın geosiyasi tərəddüdlərinin yeni sübutu olacaq. Ermənistan isə bu qüvvələr arasında manevr etmək məcburiyyətində qalacaq.

Ermənistanın qarşısında duran konstitusiya dəyişikliyi məsələsi Ermənistan üçün üç paralel müstəvidə nəticə doğuracaq: daxili siyasətdə hökumətin legitimliyi, regional müstəvidə Azərbaycanla sülh müqaviləsinin gələcəyi və beynəlxalq müstəvidə isə Ermənistanın Qərb və Rusiya arasında geosiyasi seçimi. Əsas sual hələ də açıq qalır: Ermənistan cəmiyyəti tarixi yaddaş və milli kimlik ritorikasına üstünlük verəcək, yoxsa reallıqların qəbuluna əsaslanan praqmatik sülh yolunu seçəcək? Əgər dəyişikliklər qəbul olunarsa, Ermənistanın Qərbə inteqrasiyası sürətlənəcək, regional təcrid riski azalacaq və Azərbaycanla sülh müqaviləsi tam hüquqi qüvvəyə minəcək. Əgər rədd edilərsə, Paşinyan hökuməti həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi legitimlik böhranı ilə üzləşəcək, Ermənistan isə siyasi təcridə sürüklənə bilər.

Son olaraq qeyd edə bilərik ki, referendum, əslində, Ermənistanın gələcək onilliklərinin konturunu müəyyən edəcək. Bir tərəfdə “milli romantizm” dayanır, digər tərəfdə isə “siyasi realizm”. Hansı yolun seçiləcəyi isə yalnız Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın yeni siyasi xəritəsini formalaşdıracaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri