Əsrin şairi, zamanın sözüƏsrin şairi, zamanın sözü
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Vahid Əziz – 80
Müqəddəs sözün, möhtəşəm sözün zirvəsindən baxanda, Vahid Əziz poeziyası dağlar qədər vüqarlı görsənir. Azərbaycan ədəbiyyatından klassik poeziya və sənət ənənələrini ləyaqətlə davam etdirən, Aşıq Ələsgərdən, ustad Rəsul Rzaya qədər olan şeirimizin estafetini qoruyaraq, Azərbaycan poeziyasına poetik incilər gətirib Vahid Əziz.
Dünya poeziyasını nəhəng bir okeana bənzətsək bu, okeanda Vahid Əzizin poetik gəmiləri 80 yaşının ərəfəsində öz limanına yan almaqdadır. Birmənalı şəkildə demək olar ki, xalq şairi Vahid Əzizin poeziyası dünyəvi bir poeziyadır. Şairin söz gülüstanında bitən çiçəklər öz rahiyədar ətrini poeziyasevərlərə ərməğan etməkdədir:
Mənə yüz il ömür arzulamayın,
Xəzan yarpağı tək qovmasın külək.
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək.
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümman tək çağlaya bilim.
Qapı-pəncərəmi öz evimdəki,
Özüm aça bilim, bağlaya bilim.
Ustadı Rəsul Rza 60-cı illərdə ona uğurlu yol yazanda bilirdi ki, Vahid Əziz elə bir müqəddəs poeziya yoluna çıxır ki, əlbəttə, o, yaşadığı dövrün, zamanın bütün mərhumiyyətlərinə dözərək əsrin və zamanın sözünü insanlara çatdıracaq. Çox düz deyirlər ki, peyğəmbərlərdən sonra şairlər gəlir və Tanrının pıçıltılarını insanlara çatdırırlar.
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur. Bu, 80 illik yaş dönəmində şair çox mərhumiyyətlərə dözüb, əsl şair ömrü yaşayıb. Onun poeziyası ilk növbədə şəxsiyyətin və ləyaqətin poeziyasıdır. Onun şeirləri bir nəfəsə oxunur, oxucunu yormur, düşündürür və öz ulu poetik yaddaşına qaytarır. Şairin özünəməxsus rəvan dili, xalqın ailə-məişət məsələlərini görə bilməsi, şifahi xalq ədsəbiyyatı üstündə köklənən nəğmələri yeni çalarla poetik şerimizin köklü ənənələrini ləyaqətlə yaşadır. Son illərin də demək olar ki, ən məhsuldar şairi Vahid Əzizdir.
Bir-birinin ardınca çap olunan “Param-parça illər”, “Səninlə”, “Yaşadım yaşamaq ehtiyacından” kitabları oxucu zövqünün formalaşmasına təkan verib. Bu çətin zəmanədə, insanların çörəklə sınağa çəkildiyi bir vaxtda şairin kitablarına hədsiz oxucu marağı sərgilənib. Düzdür, Vahid Əzi kitablarının satışından heç nə qazanmır, madiyyat güdmür, kitabları ruh yüksəkliyi ilə qədirbilən oxucularına bağışlayır. Buna baxmayaraq, .oxucular onun son illərdə yazdığı, adını çəkdiyimiz kitablarını axtarırlar, maraqlanırlar və tapıb sevinclə oxuyurlar. Bəzən deyirlər ki, oxu mədəniyyətini sosial şəbəkələr üstələyib, yanılırlar. Mən dəflərlə əsgərlərimizin əlində də “Param-parça illər” kitabını oxuyanda görmüşəm.
Xalq şairi Vahid Əziz vətəndaş şairdir. Şair Vətən torpağını, doğulub boya-başa çatdığı eli-obanı, adət-ənənələri böyük ruh yüksəkliyi ilə tərənnüm edir və Azərbaycanın vətəndaş şairinə çevrilir. 90-cı illərdə biz onu həmişə bikef,dalğın görərdik. Bu da ondan irəli gəlirdi ki, Azərbaycanın ürəyi olan Qarabağ düşmənlər tərəfindən işğal olunmuşdu. Ürəyi Vətən eşqi ilə alışıb-yanan Vahid Əziz öz poetik şeirləri ilə silahlanıb, əzia Qarabağın müdafiəsinə qalxaraq öz sadiq oxucularını da Vətənin müdafiəsinə çağırış etdi. Şair özü də Qarabağa yollanaraq, həmvətənlərinə dayaq oldu. Yeganə Xalq şairidir ki, Qarabağ müharibəsi veteranıdır. 90-cı ildən indiyənə kimi onun poeziyası döyüşən poeziya olub. Vətən sərhədlərini qoruyan əsgərlərimiz şairin şeirlərindən ruhlanaraq, mənsub olduğu Vətən torpağını göz-bəbəyi kimi qoruyublar, düşməni bu doğma torpaqlardan “iti qovan kimi qovublar”.
Vahid Əzizin şəxsiyyəti, poeziyası, ləyaqəti böyük olduğu üçün şairin bədxahları da onun kölgəsində dolaşmaqdadırlar. Paxıllıq, xəbislik bütün dövrlərdə şairlərin ətrafında olub, bu gün də var. Hərdən görürsən ki, sosial şəbəkə “qəhrəmanları” ona daş atırlar. Bu, binəvalar başa düşmürlər ki, Vahid Əziz elə bir zirvədir ki, ona atılan daşlar qayıdıb öz başlarına düşəcək. Heç bir yaradıcılığı olmayan, şairin bircə misrasına belə dəyməyən bədxahlar ona daş atmaqla gündəmdə qalmaq istəyirlər. Şair öz uca şəxsiyyətinə rəva bilib, onlara cavab belə vermək belə istəmir, həmin paxıl, xain bədxahları, nakəsləri zamanın mühakiməsinə buraxır.
Vahid Əziz yaradıcılıq etibarı ilə dünya poeziyasının inciləri olan Qarsya Lorka, Yesenin, Pablo Neruda ilə bir sırada dayanır. Poeziya xiridarları şairi poeziyamızın kralı adlandırırlar. Bu, şübhəsiz ki, belədir. “Param-parça illər” kitabı möhtəşəmliyi ilə diqqəti özünə çəkdi, ədəbi ictimaiyyət maraqla qarşıladı və mediada bir-birindən maraqlı ressenziyalar çap olundu və hətat kitab dövlət mükafatına təqdim olunmaq üçün geniş müzakirələrə start verdi. Ancaq biz hələ də gözləyirik ki, “Param-parça illər” kitabı öz dəyərini və qiymətini tapacaq. Həqiqi ədəbiyyat düşüncəsi olan insanlar hətta, Vahid Əzizin poeziyasını Nobel mükafatına təqdim olunmaq üçün təkliflər verirlər. Şairin növbəti çap olunacaq kitabları haqqında Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi birgə düşünüb-daşınmalıdırlar, xüsusən, Mədəniyyət Nazirliyi şairin kitablarının çapına olan soyuq biganəliyi aradan qaldırmalıdırlar.
Əsrin və zamanın sözünü insanlara Tanrı pıçıltıları kimi çatdıran, poeziyamızı zinətləndirən, az qala əfsanəvi şair olan Vahid Əziz 80 yaşın ekvatorunu ildırım sürətilə keçməkdədir. Gəlin dəyərli oxucular və poeziya sevərlər şairə möhkəm can sağlığı və bundan sonra da yaradıcılıq uğurları arzulayaq.
Vəli Səmədli ,
AJB-nin üzvü
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















