Icma.az
close
up
RU
Festival direktoru: İnsanlar sənətə pul verməlidir

Festival direktoru: İnsanlar sənətə pul verməlidir

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Ötən həftə yekun vurulan "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalı artıq səkkizinci ildir təşkil olunurdu. Əsas mövzusu "Pişiklər" olan Beynəlxalq Festivalda 1000 nəfərdən çox tamaşaçı 25 ölkədən 60-dan çox filmi izlədi. Festival 4 proqramdan - Müsabiqə, Müsabiqədənkənar, Müşahidəçi və Peşəkarlar üçün proqramlardan ibarət idi. Bu il festivalın müsabiqə proqramına 4 beynəlxalq və 1 yerli kateqoriya üzrə 62 ölkədən 317 film daxil olunmuşdu. 7 nəfərdən ibarət seçim komissiyası bütün filmləri dəyərləndirərək 20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini məqbul saymışdı. Onlardan 10 film yerli, 29 film isə beynəlxalq kateqoriyalarda yarışırdı. Filmlər həm 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirildi və qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırıldı.

Müsahibimiz "ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyevdir.

- 8-ci "ANİMAFİLM" hansı yeniliklərlə yadda qaldı?

- Biz bu il bir çox yeniliklər etdik. Məsələn, kompüter oyunlarına həsr olunan tədbirlər keçirdik. Bildiyiniz kimi, kompüter oyunları animasiyanın bir hissəsidir və kifayət qədər nəhəng sənayedir. Bu il əsas mövzumuz pişiklərə həsr olunmuşdu. Yaradıcılığın mərhəmətlə birləşdirdiyi bu festivalda bilet satışlarından əldə olunan vəsaitin bir hissəsi pişiklərin rifahı ilə bağlı yerli təşəbbüslərə ianə ediləcək. Bu ənənə artıq bizdə var. Məsələn, ötən il satışlardan əldə olunan gəlirin bir hissəsi ağac əkilməsinə yönləndirilmişdi və komanda olaraq Zəngilanda Qarabağ Dirçəliş Fondu ilə birgə 412 ağac əkmişdik. Bu il fesitvalda etdiyimiz yeniliklərdən biri də pitçinq müsabiqəsinin təşkili oldu. Müsabiqədə qalib gələn şəxslərə pul mükafatı təqdim olunacaq və onlar Fransada keçirilən Annecy Beynəlxalq Animasiya Filmləri Festivalına səyahət edə biləcək.

- Festivala maraq sizi qane etdimi?

- Əlbəttə. Təxminən, mindən çox adam beş gün ərzində festivalımızı ziyarət etdi. Ötən il müəyyən səbəblərdən dolayı tamaşaçı sayı bir qədər zəif olmuşdu. Ən yüksək nəticəmiz isə 2023-cü ildə qeydə alınıb. Həmin il 3000 tamaşaçı festivalımızı ziyarət etmişdi. Festival müddətdə diqqət etdinizsə, zal dolu olurdu. Üstəlik, müsabiqə iştirakçıları istisna olmaqla gördüyünüz hər kəs bilet alıb gəlmişdi. Bu da öz növbəsində festivala olan diqqətin göstəricisidir.

- Kino festivalında bilet satmaq ənənəsi ölkəmizdə hələ ki, tam olaraq formalaşmayıb. Sizdə isə deyəsən, bu alınır.

- Nümayişlər zamanı zal dolu olurdu. Müsabiqə iştirakçıları xaric, hamı bilet alıb gəlirdi. Bilirsiniz, bilet satılanda festivalın auditoriyası da tamam başqa olur. İnsanlar sanki nümayişlərdə daha həvəslə iştirak edir, sona kimi zaldan çıxmaq istəmirlər.

- Tamaşaçılarınız əsasən hansı yaş aralığındadır?

- Bizim festivalın auditoriyası əsasən böyüklər və yeniyetmələrdir. Təbii ki, uşaqlar üçün nəzərdə tutulan nümayişlərimiz də olur.

- Festivalın Şirvanşahlar Saray Kompleksində baş tutan açılış mərasimi böyük maraqla qarşılandı. Bu ideya sizdə necə yaranmışdı?

- Neçə ildir arzulayırdım ki, festivalı açıq havada keçirək. Xüsusilə də, İçərişəhərdə, çünki oranın özünəməxsus atmosferi var. Nəhayət ki, bu il arzumu gerçəkləşdirə bildim. Açılış mərasimi çox gözəl keçdi. Təxminən, 200 nəfərə qədər insan iştirak etdi. Sərbəst, rəsmiyyətdən uzaq bir mərasim oldu.

Bilirsiniz, ildən-ilə bizim təcrübəmiz artır, bu da təbii olaraq təşkilatçılıqda özünü göstərir. Təbii ki, eyni zamanda müəyyən problemlərimiz də var. Məsələn, maliyyə çatışmazlığı.

- Necə gəlirsiniz bu problemin öhdəsindən?

- Bu il ancaq özəl tərəfdaşlara və bilet satışlarına güvəndik.

- Bəs Mədəniyyət Nazirliyi?

- Nazirlik və Azərbaycan Respublikası Kino Agentliyi də festivalımıza dəstək verdi.

- Məsələn?

- Filmlərin nümayişi üçün Nizami Kino Mərkəzini bizə verdilər. Həmçinin ARKA iki qalib üçün Annecy Festivalına səyahət mükafatını təmin edəcək.

- Bəs maliyyə dəstəyi?

- Təəssüflər olsun ki, nazirlik tərəfindən məhz bu il maliyyə dəstəyi olmayıb. Göstərilən dəstək üçün minnətdarıq, ancaq çox istərdik ki, kino festivallarına daha böyük diqqət ayrılsın. Əlbəttə ki, bütün maliyyə yükü nazirliyin çiynində olmamalıdır. Özəl tərəfdaşlar və səfirliklərlə işbirliyi qurulmalıdır. Ancaq bu, beynəlxalq təcrübədə də belədir ki, dövlətin dəstəyi olmadan festival təşkil etmək çətin, bəlkə də mümkünsüzdür.

Son iki-üç ildə Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün müsabiqələr təşkil edir. Amma burada da müəyyən problemlər var. Əvvəla, hər festivalın QHT-si yoxdur, bəziləri MMC tərəfindən təşkil olunur. Belə olan halda onlar müsabiqəyə müraciət edə bilmirlər. İkinci problem budur ki, qrantın icrası üçün təxminən, bir il vaxt lazımdır. Məsələn, bu il elan olunan qrant müsabiqəsinə müraciət etdik, ancaq icra növbəti ilə düşür. Beləcə biz bu ili itiririk.

Əslində, digər qurumlar da qrant elan edir, sadəcə bəzən məbləğ kino festivalının təşkili üçün uyğun olmur. Məsələn, Mədəniyyət Nazirliyinin festival təşkili ilə əlaqədar elan etdiyi son qrant üçün qeyd olunan məbləğ 50 min manatdır. Bu məbləğ beynəlxalq kino festivalı üçün olduqca aşağıdır. Sizə bir nümunə deyim. Təsəvvür edin, Berlin Film Festivalının büdcəsi 30-35 milyon avrodur.

- Azərbaycan standartlarında beynəlxalq səviyyəli kino festivalı keçirmək üçün minumun nə qədər pul lazımdır?

- Bizdə böyük festival təşkil etmək təcrübəsi olmadığı üçün bu suala cavab vermək çətindir. Lakin onu deyə bilərəm ki, beynəlxalq səviyyəli festival təşkil edərkən əsas kriteriyalardan biri xarici qonaqların dəvətidir. Aviabiletlərin alınması, otel xərcləri və s. ciddi maliyyə tələb edir. Bir müddət öncə Çexiyada beynəlxalq kino festivallarından birində çalışmışam. Təsəvvür edin orada xaricdən gələn 100 qonağı qarşılamışdıq.

Məncə, böyük festivalın büdcəsi 500 min manatdan başlamalıdır. Rəqəmləri açıqlamaq istəmirəm, ancaq hazırda biz öz vəsaitimiz hesabına çox minimal xərclərlə bu festivalı təşkil edirik. Maliyyə cəhətdən böyük əziyyət çəkirik. Ümumiyyətlə, bu gün ölkəmizdə keçirilən bütün kino festivalları fədakarlıq göstərirlər. Bu da kinoya sevgidən irəli gəlir. Festivallar bizim övladlarımızdır. Nə qədər çətinlik olsa belə, keçirməyə bilmərik.

Animasiyamızın digər böyük problemi peşəkar kadr çatışmazlığıdır. Bu səbəbdən davamlı olaraq animasiya kursları təşkil edirik. Gördüyünüz kimi, festivalda nümayiş olunan filmlərin çoxu demək olar ki, büdcəsiz çəkilib. Bu, böyük həvəsin göstəricisidir. İnsanlar ev şəraitində pulsuz, büdcəsiz zəhmət çəkib film hazırlayırlar. Azərbaycan Animasiya Assosiasiyası olaraq, bu insanlara əlimizdən gəldiyi qədər kömək göstərməyə çalışırıq. Bizim təşkilatın hazırda 50 üzvü var.

- Bütün çətinliklərə rəğmən, daha bir festival geridə qaldı. Özünüzü necə hiss edirsiniz?

- Çox yorğun və xoşbəxtəm.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri