Icma.az
close
up
RU
Fransa 300 illik köləlik qanununu tarixə göndərir: Niyə nəhz indi?

Fransa 300 illik köləlik qanununu tarixə göndərir: Niyə nəhz indi?

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron müstəmləkəçilik dövrünün ən qalmaqallı hüquqi sənədlərindən biri hesab olunan “Qara Məcəllə”nin (Code Noir) ləğvini dəstəkləyib. 1685-1724-cü illərdə qəbul edilmiş bu kral fərmanları Fransa müstəmləkələrində köləliyi tənzimləyən hüquqi baza rolunu oynayırdı. “TRT Haber”in məlumatına görə, qanun layihəsi artıq Fransa Milli Assambleyasının Hüquq komissiyasında yekdilliklə qəbul edilib və mayın 28-də plenar iclasda təsdiqlənməsi gözlənilir. Bununla da, indiyədək formal olaraq Fransa qanunvericiliyində qalan sənədin hüquqi qüvvədən düşməsi prosesi başa çatacaq.

Fransa köləliyi hələ 1848-ci ildə ləğv etsə də, “Qara Məcəllə” hüquqi reyestrdən çıxarılmamışdı. Sənədin ilk versiyası maliyyə naziri Jan-Batist Kolber tərəfindən hazırlanaraq 1685-ci ildə kral XIV Lüdovik tərəfindən təsdiqlənmişdi. Daha sonra 1724-cü ildə XV Lüdovik dövründə yenilənmiş variantı qəbul edilmişdi. Bu sənədlər təkcə hüquqi akt deyil, bütöv bir müstəmləkə idarəetmə sistemini formalaşdırırdı.

Məcəllənin ən qalmaqallı maddələrindən biri olan 44-cü maddədə kölələr “daşınar əmlak” kimi təsvir edilirdi. Ümumilikdə 60 maddədən ibarət olan sənəd müstəmləkələrdə əsarət altına alınmış insanların hüquqi statusunu müəyyənləşdirir, onların itaətsizliyinə görə ağır cəzalar nəzərdə tutur və insanları faktiki olaraq əmtəəyə çevirirdi. Qaçmağa cəhd edən kölələr üçün qulaqların kəsilməsi, damğalanma və hətta edam kimi cəzalar hüquqi norma kimi rəsmiləşdirilmişdi. Tarixçilər bu sənədi Avropa hüquq tarixində insanlıq əleyhinə ən sərt hüquqi sistemlərdən biri hesab edirlər.

Makronun bu addımı həm də Fransanın öz müstəmləkə keçmişi ilə üzləşmək cəhdi kimi qiymətləndirilir. Müasir dövrdə dövlət rəhbərlərinin tarixi cinayətləri açıq şəkildə etiraf etməsi nadir hallarda baş verir. Makron bundan əvvəl də oxşar mövqelər sərgiləyib. O, 2021-ci ildə Ruanda soyqırımı ilə bağlı Fransanın ciddi məsuliyyət daşıdığını etiraf etmiş, lakin rəsmi üzrxahlıqdan yayınmışdı. 2024-cü ildə isə Fransa və müttəfiqlərinin soyqırımın qarşısını almaq imkanına malik olduqlarını, lakin bunu etmədiklərini bildirmişdi.

Analitiklər hesab edirlər ki, Parisin bu addımının arxasında həm daxili, həm də geosiyasi səbəblər dayanır. Son illərdə Fransa Niger, Mali və Burkina Faso kimi keçmiş müstəmləkələrində nüfuzunu ciddi şəkildə itirib. Afrika qitəsində anti-Fransa əhvali-ruhiyyəsinin güclənməsi fonunda Paris simvolik addımlarla “köhnə imperiya siyasətindən uzaqlaşdığı” mesajını verməyə çalışır. Digər tərəfdən, Fransadakı miqrant mənşəli əhali arasında sosial və etnik gərginliyin artması hökuməti tarixi məsələlərdə daha həssas davranmağa sövq edir.

Bununla belə, Fransa “tarixi məsuliyyət” anlayışını qəbul etsə də, hüquqi və maliyyə öhdəlikləri yarada biləcək rəsmi üzrxahlıq məsələsində ehtiyatlı davranır. Bu yanaşma xüsusilə Əlcəzair müharibəsi və Ruanda hadisələri ilə bağlı siyasətdə də müşahidə olunur. Paris keçmiş səhvləri etiraf edir, lakin mümkün təzminat və beynəlxalq hüquqi məsuliyyət risklərindən yayınmağa çalışır.

“Qara Məcəllə”nin ləğvi qlobal miqyasda dekolonizasiya prosesinin davamı kimi də qiymətləndirilir. Bu gün Belçika və Niderland kimi keçmiş imperiyalar da müstəmləkəçilik dövründə törədilmiş cinayətlər, qarət olunmuş tarixi eksponatlar və insan hüquqları pozuntuları ilə bağlı artan beynəlxalq təzyiqlə üz-üzədirlər. Fransa parlamentinin mayın 28-də verəcəyi qərar Parisin öz üzərindəki tarixi-siyasi təzyiqləri azaltmaq və beynəlxalq imicini yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri