Fransada taksi sürücüləri etiraz aksiyalarına başlayıblar
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Paris, 10 iyun, AZƏRTAC
Fransada taksi sürücüləri yenidən etiraz nümayişlərinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, taksi və avtomobillərini kirayə verən sürücülərin həmkarlar ittifaqları bu gündən başlayaraq Fransada müxtəlif tələblərlə etiraz nümayişi keçirməyə çağırış edib.
Paris, Lion, Nitsa, Montpellier, Bordo və Nant kimi bir neçə böyük şəhərində sərnişin nəqliyyatı sürücüləri, o cümlədən taksi və fərdi kirayəlik avtomobil sürücüləri həmkarlar ittifaqlarının təşəbbüsü ilə etiraz aksiyalarına başlayıblar.
Həmkarlar ittifaqları bildirir ki, sürücülərin sayının həddindən artıq çox olması gəlirlərin azalmasına səbəb olur. Buna görə də onlar yeni sürücülərin fəaliyyətə başlamasına moratorium qoyulmasını və xidmət haqlarının artırılmasını tələb edirlər. Taksi sürücüləri, həmçinin xəstələrin daşınmasını nəzərdə tutan yeni tibbi sığorta müqaviləsinin onların gəlirlərinə mənfi təsir göstərəcəyindən narahatdırlar.
Etirazçılar Əmək və Nəqliyyat nazirlikləri ilə danışıqlar aparacaqlarına ümid edirlər. Müxtəlif şəhərlərdən yola düşən taksilər Parisə doğru hərəkət edir.


