Gəncə raket hədəfi olmuş dinc şəhər
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Döyüş meydanında uduzan quduz yağı yatmış əhaliyə atəş açmışdı
2020-ci il oktyabrın 4-də Gəncə ilk dəfə raket atəşinə tutuldu. Həmin səhər bir şəhərin rahatlığı pozuldu, bir ailənin həyatı dağıldı, müharibənin üzü cəbhədən uzaqda yaşayan insanlara da göstərildi.
– Bu nə səs idi?
Oktyabrın 4-ü bazar günü Gəncə bu sualla oyandı. Partlayış səsini eşidənlər hadisə yerinə sarı qaçır, bir-birindən xəbər alırdı. Kimsə qaz partlayışından danışır, kimsə göydən nəsə düşdüyünü güman edirdi. Heç kimin ağlına gəlmirdi ki, bu, cəbhədən uzaqdakı yaşayış küçələrinə tuşlanan raketlərin səsidir.
O gün şəhər həm qələbə xəbərlərinə sevinir, həm də şəhidlərinin acısını yaşayırdı. Səhər saatlarında Cəbrayılın azad edilməsi xəbəri gözlənilirdi. Gəncənin küçələrində isə başqa bir xəbər yayılırdı: raket düşüb, evlər dağılıb, yaralılar var.
Toz-duman hələ çəkilməmişdi. İnsanlar kömək etmək üçün dağıntılara yaxınlaşmağa çalışır, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları təhlükəli ərazidən uzaqlaşdırırdı. Təkrar zərbə ehtimalı vardı, zədələnmiş binalar uça bilərdi. Hər kəsin gözü dağıntıların altında, qulağı isə yaxınlarından xəbər gözləyən telefonlarda idi.
Nəriman Nərimanov, Əli Nəzmi və Əziz Əliyev küçələrində yaşayış evləri və avtomobillər zərər gördü. Dağılan binaların bəzisi Gəncənin qırmızı kərpicli, qədim evləri idi. Raketlər divarları uçuranda, o divarların qoruduğu ev həyatı da bir anda alt-üst oldu. Bir az əvvəl həmin küçələrdə adi bazar gününün tələskənliyi vardı; indi isə dağıntı, yaralılar və cavabsız suallar.
Həmin hücumun ilk qurbanı 20 yaşlı Tunar Əliyev oldu. Hərbi xidmətini başa vurmuş, evinə qayıtmışdı. Kafedə işləyirdi. O səhər dostları ilə əsgərlərə sovqat aparmaq üçün Toğanaya getməli idi.
Anası Validə Əliyeva onu səhər tezdən oyatmağa gedib, amma yatdığı yerdə oğluna baxıb oyatmağa qıymamışdı. Tunar özü oyanıb tələsik çayını içdi, qapıdan çıxarkən anasına dedi: “Sağ ol, ana, mən getdim”. Sonradan o sözlər ananın yaddaşında vida kimi qaldı.
Atası Qoşqar Əliyev partlayış səsini eşidən kimi hadisə yerinə qaçmışdı. Toz-dumanın içində oğlunu axtarır, telefonuna zəng vurur, cavab gözləyirdi. Sonra ona əzilmiş avtomobilin şəklini göndərdilər. Maşını tanıdı.
Bəzən faciəni bir rəqəm anlatmır. Bir ananın oyatmağa qıymadığı oğul, bir atanın cavab verməyən telefona təkrar zəngi, əsgərlərə çatdırılmalı olan sovqat daha çox şey deyir. Tunar o səhər yola çıxanda kiməsə kömək etməyə gedirdi. Onun öz evinə qayıtmayacağını isə heç kim bilmirdi.
Gəncəyə ilk hücumdan sonra şəhər daha dörd dəfə – oktyabrın 5-də, 8-də, 11-də və 17-də – raket və ağır artilleriya atəşinə tutuldu. Bu hücumlar nəticəsində 26 mülki şəxs həlak oldu, 175 nəfər yaralandı. Dağılan evlər, zədələnən avtomobillər və yarımçıq qalan həyatların hər biri həmin günlərin ağır hesabına çevrildi.
Müharibə cəbhədə gedirdi, amma onun zərbəsi Gəncənin yaşayış məhəllələrinə, evlərinə, insanların ən adi günlərinə dəydi. Şəhərin sakinləri hərbi əməliyyatların iştirakçısı deyildilər. Onlar öz evlərində, küçələrində, gündəlik qayğılarının içində idilər. Elə buna görə də həmin səhər baş verənlər yalnız bir şəhərə hücum deyildi: insanların təhlükəsiz yaşamaq haqqına, evinə, ailəsinə və sabahına vurulan zərbə idi.
Bu hadisədən dörd il sonra “Xalq qəzeti”ndə dərc olunan yazımda həmin səhər gördüklərimi və Tunarın valideynlərinin danışdıqlarını qələmə almışdım. İllər keçir, dağıntılar aradan qaldırılır, küçələrdə həyat davam edir. Amma o səhərin səsi yaddaşdan çəkilmir. Çünki şəhərin tarixində bəzi günlər təqvimdəki rəqəm olmaqdan çıxır; insanın yaddaşında bir ananın baxışı, bir atanın nigarançılığı, cavabsız qalan bir telefon zəngi kimi yaşayır.
Gəncə o səhər yaralandı. Amma şəhərin iradəsini dağıtmaq mümkün olmadı. Dağıntıların qarşısında insanlar bir-birinə kömək etmək üçün dayandılar; qorxuya qarşı həmrəyliklə, itkiyə qarşı yaddaşla cavab verdilər. Bu gün 4 oktyabrı xatırlamaq Tunar Əliyevi, həlak olan bütün günahsız insanları və həmin gün həyatını xilas etmək üçün əlindən gələni edənləri unutmamaqdır.
O səhər Gəncəyə atılan raketlərin səsi susdu. Şəhərin yaddaşında isə hələ də eşidilir...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Baxış sayı:72
Bu xəbər 03 Oktyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















