Icma.az
close
up
RU
Gəncədə yetişib, Avropa səmasında tarix yazan ispan pilotlar TARİX

Gəncədə yetişib, Avropa səmasında tarix yazan ispan pilotlar TARİX

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tarix bəzən ən gözlənilməz coğrafiyaları heç kəsin ağlına gəlməyən ortaq nöqtələrdə birləşdirir. 1930-cu illərin sonunda Azərbaycanın qədim Gəncə şəhəri ilə uzaq İspaniya arasında qurulan gizli tale körpüsü də məhz belə hadisələrdəndir.

Modern.az xəbər verir ki, “AnewZ” televiziya kanalının təqdim etdiyi “The Aviators of Ganja” (“Gəncənin aviatorları”) sənədli filmi Avropa tarixinin az məlum olan bu dramatik səhifəsinə işıq salır. Ekran əsəri 1936-cı ildə İspaniya vətəndaş müharibəsi dövründə Sovet İttifaqının dəstəyi ilə Gəncədə yaradılmış hərbi aviasiya məktəbində təlim keçmiş gənc ispan pilotların acılı-şirinli taleyindən, döyüş yollarından və İkinci Dünya müharibəsindəki iştirakından bəhs edir.

İspaniyadan Gəncəyə uzanan məxfi marşrut

1936-cı ildə general Fransisko Frankonun demokratik yolla seçilmiş İkinci İspaniya Respublikasına qarşı qaldırdığı hərbi çevriliş ölkəni qanlı vətəndaş müharibəsinə sürüklədi. Sənədli filmdə vurğulandığı kimi, bu münaqişə sadəcə daxili qarşıdurma deyildi, o, yaxınlaşmaqda olan İkinci Dünya müharibəsinin ideologiyaları, silahları və beynəlxalq ittifaqları üçün bir sınaq meydanı idi.

Respublika hökumətinin təcili olaraq hərbi pilotlara ehtiyacı var idi. Lakin ölkədəki aviasiya məktəbləri tam gücü ilə işləyir, təlimatçılar isə cəbhədə vuruşurdu. Beynəlxalq arenada Fransa yalnız ilkin uçuş hazırlığı təklif edir, Böyük Britaniya isə kömək etməkdən imtina edirdi. Çarəsiz qalan İspaniya Respublikası üzünü şərqə — Sovet İttifaqına tutdu. Məhz bu strateji addım yüzlərlə gənc ispanın taleyini Azərbaycanla bağladı.

Yüzlərlə gənc ispan gizli yollarla Avropanı keçərək SSRİ-yə göndərildi. Gəmi və qatarlarla Leninqrad, Moskva, Xarkov və Odessadan keçən gənclərin son dayanacağı o dövrdə Kirovabad adlandırılan Gəncə şəhəri oldu. Burada onların hərbi pilot kimi yetişdirilməsi üçün xüsusi aviasiya məktəbi quruldu.

Hamının bildiyi "Məxfi sirr" və ağır sınaqlar

Məktəbin fəaliyyəti tamamilə məxfi saxlanılırdı. Təhlükəsizlik naminə ispan kursantların adları rus adları ilə əvəzlənmiş, rəsmi sənədlərdə onlar sovet tələbələri kimi qeydiyyata alınmışdı. Lakin bu məxfilik uzun sürmədi. Gənc ispanlar yerli əhali ilə qaynayıb-qarışır, şəhərin gündəlik həyatına rəng qatırdılar. Tezliklə onların Gəncədə olması hər kəsin bildiyi bir "açıq sirrə" çevrildi.

Filmdə məktəbin fəaliyyət göstərdiyi çətin şərait də diqqətdən qaçmır. Bu, klassik və dəbdəbəli bir aviasiya akademiyası deyildi. Uçuş meydançaları kifayət qədər sadə idi, kursantlar uçuşlardan əvvəl zolaqları daşlardan təmizləyirdilər. Kazarmalar minimal şəraitə malik idi və normalda bir neçə il davam edən pilot hazırlığı proqramı cəmi bir neçə aya sığışdırılmışdı.

Gənclər ilk təlim uçuşlarını taxta və parçadan düzəldilmiş, müasir standartlara görə olduqca sadə, lakin texniki baxımdan etibarlı olan “Polikarpov U-2” təyyarələrində edirdilər. Digər bir böyük problem isə dil baryeri idi. İspanlar rusca, sovet təlimatçıları isə ispanca bilmirdilər. Təhlükəsizlik üçün ən sadə əmrlərin belə həyati əhəmiyyət daşıdığını nəzərə alaraq, tərcüməçilərin köməyi ilə xüsusi rusca-ispanca aviasiya lüğəti tərtib edildi.

Gəncədəki gərgin hazırlıqdan sonra kursantlar “Tupolev SB-2” bombardmançıları, həmçinin “Polikarpov I-15” və “Polikarpov I-16” qırıcılarında təlimlərini tamamladılar. Respublikaçıların “Mosca” (Milçək), frankoçuların isə “Rat” (Siçovul) adlandırdığı I-16 qırıcıları Respublika Hərbi Hava Qüvvələrinin gücünü xeyli artırdı. Gəncə səmasında bişən gənclər İspaniyaya artıq təcrübəsiz kursant kimi deyil, peşəkar döyüş pilotları kimi qayıtdılar və bəziləri sonradan ölkənin ən tanınmış qəhrəmanlarına çevrildilər.

Bakı neftinin önəmi və sürgün taleyi

Filmin baş qəhrəmanlarından olan pilot Xose Mariya Bravonun qızı Lüdmila Bravonun xatirələri ekran əsərinə xüsusi bir dramatizm qatır. Onun bəhs etdiyi xatirələr müharibəni uzaq səmada bir qəhrəmanlıq dastanı kimi deyil, qorxu, ağır məsuliyyət və sağ qalmaq uğrunda amansız mübarizə kimi gözlər önünə gətirir.

İspaniya vətəndaş müharibəsi respublikaçıların məğlubiyyəti və Frankonun hakimiyyətə gəlməsi ilə bitdi, lakin pilotların çiləsi bitmədi. Onların çoxu vətənə qayıda bilməyib mühacirət etdi və ya SSRİ-də qaldı. Filmdəki faktlara görə, 1939-cu ildə hazırlığı bitirən 185 pilotdan 84-ü sonradan Meksikaya köçdü, 101-i isə Azərbaycanda məskunlaşdı.

1941-ci ildə nasist Almaniyasının SSRİ-yə hücumu ilə bu pilotlar yenidən silaha — təyyarə sükanına sarılmalı oldular. İkinci Dünya müharibəsində Azərbaycanın və xüsusilə Bakı neftinin rolu həlledici idi. Çünki döyüşlərin taleyini mühərriklər, mühərriklərin fəaliyyətini isə yanacaq müəyyən edirdi. İspan aviatorlar Qafqaz, Moskva, Odessa və Bakı səmalarının müdafiəsində böyük şücaət göstərdilər. Elə Xose Mariya Bravo özü də Bakı neft yataqlarını qoruyan hərbi hissədə xidmət edir, alman kəşfiyyat təyyarələrinin strateji məlumatlar toplamasının qarşısını alırdı.

Lakin sovet rejimi bu fədakar pilotların heç də hamısına eyni rəftarı göstərmədi. Film müharibənin acı ssenarilərini gizlətmir: bəzi ispan pilotlara etibar edilmədiyi üçün onların uçuşuna icazə verilmədi. Bəzilərinin yolu əmək düşərgələrindən, həbsxanalardan keçdi, digərləri diversiya qruplarına göndərildi. Döyüşlərdə şəhid olanlar da oldu, taleyi qaranlıq qalanlar da.

Müharibədən illər sonra İspaniyaya qayıda bilənləri də xoş günlər gözləmirdi. SSRİ ilə İspaniya arasında diplomatik əlaqələrin olmaması ucbatından onların sovet ordusunda qazandıqları rütbə və ixtisaslar tanınmadı. Onlar uzun müddət yerli orqanların və xarici xüsusi xidmət orqanlarının sorğu-suallarına, şübhəli baxışlarına məruz qaldılar. Çoxu sadəcə keçmişi unudub yeni, sakit bir həyat qurmağa çalışdı.

Yaddaşın bərpası: "Onların gəncliyi müharibədə itdi"

“The Aviators of Ganja” sadəcə quru hərbi aviasiya tarixindən bəhs edən bir xronika deyil, o, həm də insan yaddaşı haqqında dərin bir hekayədir. Bu film Azərbaycanın Avropa tarixinin unudulmuş, lakin çox vacib bir səhifəsindəki rolunu yenidən xatırladır. Ölkəmizi sadəcə hadisələrin fonu kimi deyil, İspaniya Hərbi Hava Qüvvələrinin intibah tapdığı, gənc qanadların bərkidiyi bir məkan kimi təqdim edir.

Təlimlər zamanı qəzaya uğrayaraq həlak olan bəzi ispan pilotları bu gün Gəncədə, müharibədə canından keçənlər isə Bakı torpağında əbədi uyuyurlar. Onların qəbirləri Azərbaycan, İspaniya və 20-ci əsrin ən qanlı müharibələrini birləşdirən ortaq tarixin maddi sübutudur.

Filmdə səslənən bir cümlə bu talelərin ortaq fəryadıdır: “Onların gəncliyinin ən gözəl illəri müharibədə itdi”.

Müharibə, sürgün və onilliklərlə davam edən məcburi sükutun içindən boylanan bu pilotlar arxalarında böyük bir cəsarət, ziddiyyət və sağ qalma dastanı qoyub getdilər. Onlar Gəncəyə göylərə ucalmağı, uçmağı öyrənməyə gəlmişdilər. İllər sonra vətənlərinə dönə bilənlər isə özləri ilə yalnız uçuş təcrübəsi aparmadılar, onlar çiyinlərində ən ağır yükü — əvvəlcə gəncliklərini səmada yetişdirən, sonra isə onları tarixin unudulmuş arxivlərinə gömən qəddar bir əsrin silinməz xatirələrini daşıdılar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri