Icma.az
close
up
RU
GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN BAKININ HEKAYƏTLƏRİ Rafael Hüseynov yazır

GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN BAKININ HEKAYƏTLƏRİ Rafael Hüseynov yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rafael HÜSEYNOV
Akademik

Hamımız vaxta tabeyik, hamımız zamana bağlıyıq. Bir insan olsun, ya bir məmləkət. Heç kəs kiminsə təsirində və təzimində olmağı, bir başqasının hökmü altında qalmağı ömründə sevməz. Amma zaman elə fövqəladə güc, elə qeyri-adi hökmdardır ki, insan ixtiyarsız vaxtın tabeliyinə düşür, həm də bu asılılığı, bu hökmətabeliyi könüllü qəbul edir.

Ölkədən-ölkəyə səfərlər edirik. Bir ölkədə ayrı bir saatdır, digər ölkə ayrı bir saat qurşağındadır. Amma qədəm basdığımız hər yeni ölkədə, hər təzə şəhərdə saatımızın əqrəblərinə əl atır, vaxtı dəyişir, o yerin cari saatına uyğunlaşdırırıq. Bunu həm könüllü, həm də elə ən azı işimizin xatirinə könüllü edirik. Hamımız saatın, günün, təqvimin qaçılmaz cazibəsindəyik.

Bu gün, keçmişlərdə olduğu kimi, ayrı-ayrı ölkələrin öz təqvimi, başqalarına nisbətən fərqli vaxthesablaması var: hansısa ölkədə 1, hansısa ölkədə 2 təqvim işlənməkdədir. Çin təqviminə görə, hazırda 4722, yəhudilərinkinə görə 5786, tay təqviminə əsasən 2568, islam təqviminə baxarkən 1447-ci ildir və hələ bunlar da hamısı deyil, digərləri də var. Ancaq kimin öz ölkəsi içərisində hansı ənənəvi təqvimi əsas götürərək işlətməsindən asılı olmayaraq, dünyanın gedişi elədir ki, hamımızın dünyadakı ortaq nizam xatirinə bağlandığımız müştərək təqvimimiz də var. Bütün dünyanın qəbul etdiyi ortaq təqvim çağdaş dünyanın gündəlik müştərək həyatını tənzimlədiyi kimi, hər bir millətin ümumi təqvimin fövqündə olan öz məxsusi təqvimi də var. Bu, millətin ömründən keçən hadisələrin sığındığı, xalqın tarixində həmişəlik qalan elə günlərin toplusudur ki, məhz həmin günlər milləti millət edir, hər xalqın tək ona məxsus bənzərsiz surətini keçmiş yaradır. O günlər, həmin günləri dolduraraq onlara tarixi məzmun verən, nəsil-nəsil insanları tərbiyələndirən, yetişdirən, yönəldən hadisələr olmasaydı, xalqların təbiəti, xasiyyəti, səviyyəsi, özünəməxsusluğu da dəyişərdi, millət bu cür yox, bir başqa hüsn qazanardı.

Milləti millət edən ən əvvəl onun üstün şəxsiyyətləri, taleyindən keçən hadisələr, tərcüme-yi halında əbədilik qalan günlərdir.

Qədim el bayatısı "İl var bir günə dəyməz, gün var min aya dəyər" söyləyirdi. Öz fəlsəfəsini daşıyan, hikməti olan sözlərdir. Əlbəttə, ömürdən keçən elə illər olur ki, adama yelə sovrulmuş, bihudə ötüb-keçmiş kimi gəlir. O cür sanki ildırım sürəti ilə uçub gedən illərin haqqında düşünəndə aylarını, həftələrini bəzəyən əlamətdar hadisələrin olmaması ucbatından onları elə yadda qalmayan yuxuymuş kimi qəbul edirsən.

Lakin hərdən ilin içərisində bircə, ikicə, üçcə gün olur ki, bütöv ili doldura bilir, nəinki ili, bütöv bir ömrü də ləbələb edir.

Və zərbülməsəlləşmiş o bayatı misrasının əslində sadəcə şairanə bir deyiş olmamasının mötəbər qaynağı var. O həqiqəti hər sözü ölçüb-biçən, hər kəlmənin dəqiq yerini bilən müqəddəs "Quran" çatdırır, "Qədr" surəsinin 3-cü ayəsində "Qədr gecəsi min aydan daha xeyirlidir" deyir.

1000 ay nədir ki! Sözdə böyük görünür. Rəqəmə çevirəndə isə vur-tut 83 ildən bir qədər çox edir. Fəqət Azərbaycan tarixinin minillərə sığan keçmişi içərisində elə günlər yaşanıb ki, onları min deyil, minlərlə aylara bərabər tutmaq mümkündür.

Millət təqvimi vərəqləndikcə yurdun və xalqın müqəddəratında həlledici olmuş və işığı heç vaxt sönməyən neçə belə əziz gün sayrışmağa başlayır.

Salnamələr, tarixi məxəzlər, qədim və köhnə əlyazmalar, son əsrlərin yazılı, səsli, görüntülü arxiv sənədləri axıb getmiş vaxtı dondurub saxlayan, istənilən anda canlandırmağa qadir etibarlı qaynaqlardır. O mənbələrə üz tutanda minillər öncəki, əsrlər qabaqkı, onillər əvvəlki gün də çağdaşımıza çevrilir, indi qarşımızdakı işlək təqvimdəki günlər kimi canlanır.

O qəbildən olan günlər və həmin günlərin hadisələri bizə yaxın olduqca, tariximizi də, millətimizi də, keçmiş içərisindəki yurdumuzu və hər bir insanımızı da yalnız daha yaxşı görmür, həm də daha dərindən dərk edir, bir-birini tamamlayan, bir-birinə güc verən o sənədlərin müstəvisində Azərbaycanı uca Azərbaycana döndərmiş dəyərlərin mahiyyətini də dolğunluğu ilə anlayırıq.

Millət cəfakeşi Mirzə Fətəli Axundzadə əlində qələm yenə ağ vərəqlə üzbəüz idi və narahat düşüncələrini kağıza köçürürdü. Bu gərgin düşüncələr millətin aqibəti və yurdun istiqbalı ilə bağlı idi. Mirzə Fətəli sözünü deməkçün Kəmalüddövlə ilə Cəmalüddövləni danışdırırdı, guya bu ona, o buna məktub yazırdı. Ancaq bir adamın öz-özü ilə şahmat oynaması kimi, bu məktubları göndərən də, alan da eyni adam idi - Mirzə Fətəlinin özü. Ancaq əlbəttə ki, Mirzə Fətəli bu məktublarındakı qənaətlərini bütün millətə ünvanlayırdı. Kəmalüddövlə Cəmalüddövləyə yazırdı ki, Misirdə olanda orada yaxşı durbinlər gördüm, ürəyimdən keçdi ki, alım, amma sonra fikrimdən çıxdı, almadım, buna görə peşman da oldum. Sonra eşitdim ki, bir firəng dükanında yaxşı durbinlər var, getdim, amma tapa bilmədim. İndi mənim yaxşı durbinə çox ehtiyacım var. Biriylə alıb mənə göndərin.

Mirzə Fətəli ömründə boşuna söz deməzdi. "Durbin" deyirdisə, bunun altında ayrı bir hikmət yatırdı. Mirzə Fətəlinin qələmi elə millətdən ötrü binokl idi, uzaqdakını yaxına gətirən, keçmişdəkini böyüdüb göstərən durbin.

O cür durbinə millətin həmişə ehtiyacı var və mütəmadi olaraq millət təqvimini vərəqləmək elə vaxtaşırı durbin götürərək dününənləri seyr etmək kimidir.

Moskvada 1934-cü ildə Sovetlər İttifaqının dörd bucağında yaşayan yazıçılar toplaşmışdı. Hamısı məşhur qələm adamı idi və sovet yazıçılarının birinci ümumittifaq qurultayı keçirilirdi. Orada Azərbaycandan olan qələm adamları da vardı, digər respublikalardan da - əksəri canlı klassik sayılan ünlü ədiblərdi. Maksim Qorki çıxışında belə bir təklif irəli sürür ki, gəlin hamımız yığışıb müştərək kitab yaradaq: "Dünyanın bir günü".

Çox keçmədən həmin kitab yaranır, 1935-ci ildə nəşr edilir və əsərin araya-ərsəyə gəlməsində yüzlərlə qələm sahibi iştirak edir.

Üstündən 25 il keçəndən sonra həmin mövzuya bir də qayıdılır. Qərara alınır ki, yenə köhnə ideyaya uyğun olaraq təzə bir kitab buraxılsın. Ancaq dünyanın 1 günü daha əvvəlki boyda deyildi. 25 ilə dünya elə yeyin inkişaf etmiş, sürətlər elə artmışdı ki, hadisələrin sayı bəlkə birəbeş çoxalmışdı. 1960-cı ildə dünya elə çoxhadisəli idi ki, daha, 25 il qabaqkı kimi, bu kitabı bir neçə yüz yazıçının ortaya çıxarması imkan xaricində idi. Bu ayrı dünyanın qələmlə "şəklini" çəkməkçün gərək minlərin səyləri qovuşa idi.

Onu da edirlər, dünyanın nəbzinin çırpındığı mükəmməl bir kitab da ortaya qoyulur. O işi bu gün görmək istəsən, indi - XXI yüzildə dünyanın 1 gününü kitablaşdırmaq fikrinə düşsən, çətin ki, səhifələri ağlasığan həcmdə nə qədər çox olur-olsun, belə bir kitab tək cildə sığışa. Dünyanın dörd bucağında bir günün içərisində hər saniyədə o qədər hadisələr baş verir ki, hamısını da deyil, ən vacibdən də vacibləri yazaraq bir kitabda qovuşdurmaq istəsən, min səhifələrlə dolu cildlər sırası yaranar.

Ancaq millətin tarixini düşünəndə və ilin 365 gününü saf-çürük edəndə razılaşmalı olursan ki, bu 365 günün heç də hamısı millət təqviminə düşəsi müstəsna günlər deyil.

Millət təqvimini yaradacaq günləri bütün tariximiz boyu, minillər ərzində arayacaq olsaq, görərik ki, bu günlərin sayı heç 100-200-dən artıq deyil. Di gəl, o günlərin hər biri neçə-neçə illərə, bəzən əsrlərə bərabərdir. Millət təqvimini yaradan, milləti millət edən, yurdu yurda çevirən həlledici günlərin hər birinin çəkisi həddən ziyadə ağırdır. Gün-gün izləyəcəyimiz, doğruçu hekayətlərini söyləyəcəyimiz millət təqvimini dolduran o günlərin hər biri bu yurdun şərəf tarixçələridir.

...Göyçək Bakı bizimkidir, hamımızınkıdır. Bu da Bakının bir başqa sehridir ki, ilk dəfə görən ona vurulmaya bilmir. Uşaqlığı, gəncliyi burada keçməyən, Azərbaycanın hansısa uzaq bir guşəsində təvəllüd tapan, həyatı Bakıyla sonradan bağlanan da içərisində elə zənn edir ki, elə binədən bakılı imiş, dədə-babadan buralara bağlıymış. Bakıda bu cazibə həmişə olub. Heminquey ilk dəfə Parisi görüb valeh olanda yazırdı ki, "Paris həmişə səninlə olan nəğmədir". Bakı da hər bir azərbaycanlının içərisində daim səslənən elə əziz nəğmədir ki, zərif gözəlliyi, qəlbəgirən mehribanlığı ilə hər azərbaycanlının könlündə daim səslənməkdə davam edəcək.

...Bakı əvvəl qala divarlarının arasına sığacaq boyda idi: elə İçərişəhər böyüklükdə - tanış küçələri, hərəsinin özünəməxsus xüsusiyyətləri, vərdişləri, adətləri olan məhəllələri ilə, öz insanlarıyla, öz söz-sovuyla.

XIX yüzil gəldi, İçərişəhər böyüməyə başladı, qala divarlarından dışarı çıxdı, Bayır şəhər yarandı. Yeni tikililərlə, yeni küçələrlə, yeni insanlarla, yeni adətlərlə. Neft bumu asta-asta Qara şəhəri əmələ gətirdi.

Zaman ötürdü, Bakı durmadan qanadlarını daha geniş açmağa başlayırdı.

Paytaxtımızın indisinə baxın, görün Bakı nə nəhənglikdə olub!

İndi onun köksünə sıra-sıra İçərişəhər, sıra-sıra qala divarları yerləşə bilər. Ancaq Bakının ruhu həmənki ruhdur və doğma şəhərimizin keçmişlərdən bugünə uzanan həyatı şərəfli bir yoldur. O yol dünənlərdən - minillərin uzaqlarından bugünə çatır, bugündən də sabahlara uzanır. Ancaq minillərin ardından, əsrlərin o üzündən bugünə gəlib yetişən və sabaha uzanan bu yolun bütün tarixindəki bir günün məxsusi mənası var. Əlbəttə ki, bu illərin içərisində yadda saxlanmağa, lap elə millət təqviminə düşməyə layiq saysız günlər olub: sevincli, kədərli, qaçhaqaçlı, vahiməylə dolu, fərəhlə daşan, zəfərlə çağlayan günlər. Lakin bütün bu unudulmaz yaxşılı-yamanlı günlərin arasında bir günün yeri büsbütün ayrıdır. O gün yalnız Bakının yox, elə bütöv Azərbaycanın da qismətindəki müstəsna gündür: 1918-ci il sentyabr ayının 15-i. Bu, Bakının Qurtuluş Günüdür. Bu, Bakının istiqlala qovuşduğu gündür.

Bütün tarixi boyunca bu gün həmişə ən ucalarda qalacaq. Çünki bir millətin var olduğu müddətcə qazandığı ən ali dəyər onun istiqlalı, dövlət müstəqilliyidir. Azərbaycanın tarixində İstiqlal Bəyannaməmizin elan edildiyi 28 may hansı ucalıqdadırsa, üçrəngli bayrağımızın ilk dəfə ucaldıldığı gün hansı qiymətdədirsə, 15 sentyabr da həmin ülviyyətdədir və 15 sentyabr olmasaydı, bəlkə 28 may da təlatümlü tarix gedişində zavala uğrayardı.

Bakının tarixində, Azərbaycanın keçmişində, millət təqvimində bayramının təntənəsi heç vədə bitməyəcək şanlı 15 sentyabr var: Bakının Qurtuluş Günü. Azərbaycanın istiqlal tarixinin ən parlaq səhifələrindən biri.

Qədim bir zərbülməsəldir ki, "müharibənin ilk qurbanı həqiqət olur". Doğrudan da, hər müharibə dağıdır, məhv edir, viran qoyur, göz yaşları gətirir, qüssə oyadır, amma nə qədər paradoksal - tərsavand səslənsə də, hər müharibə həm də inkişafa təkanverici olacaq, tarixdə təzə səhifələr açacaq yeniləri yaradır. Dağıntıların üzərində bəzən xəritədə yeni dövlətlər də yaranır, yeni müstəqilliklər də qazanılır, dünənəcən asılılıqda yaşamış hansısa yeni ərazilərdə yeni istiqlal bayraqları da qaldırılır.

Yəni müharibə dağıdırsa, qəm gətirirsə, həm də kimlərisə məsud edə, kimlərəsə fayda da gətirə bilir.

XX yüzil nəhəng bir savaşla başladı. Birinci Dünya müharibəsinə qədər də bəşəriyyət ən qədim zamanlardan XX əsrə qədər çox müharibələrin acısını dadmışdı, müddətcə Birinci Dünya müharibəsindən uzun olan müharibələr də baş vermişdi.

Birinci Dünya müharibəsi 4 ildən bir az artıq davam etdi. Ancaq bu savaş əhatə dairəsinə görə, o müharibəyə qatılan ölkələrin miqdarı baxımından ötən yüzillik və minilliklərdə baş vermiş müharibələrin hamısından seçilirdi.

Birinci Dünya müharibəsi neçə imperiyanı çökdürdü. İmperiyaların dağılmasıyla onların içərisindən yeni dövlətlərin çıxması da labüdləşdi. Azərbaycanın da yarısını düyünlü tarixi tale XIX yüzilin ilk onillərindən çar imperiyasının boyunduruğuna bənd etmişdi. Müharibə əsnasında çarizmin süqutu imperiya ərazisindəki bir sıra başqa xalqlar kimi, azərbaycanlıların da milli qüvvələrini dirçəltdi, bizimkilərin də ürəklərdə mürgü vuran müstəqillik arzuları, istiqlal eşqi coşmağa başladı və azadlıqsevərlik duyğuları Azərbaycanın dörd bucağındakı milli qüvvələri bir yerə toplaşmağa səfərbər etdi, onlar son məqsədə aparan yolu fərqli görsələr də, hamısında əqidə səsləşməsi, fikir eyniyyəti vardı.

 O millət pərvanələrinin ən fədakarlarından olmuş Nəsib bəy Yusifbəylinin atalar sözü siqlətli deyimi yadigar qalıb: "Başsız bədən olmaz".

"Baş" deyirkən o, Bakını, "bədən" söyləyirkən bütün Azərbaycanı nəzərdə tuturdu.

Azərbaycanın müxtəlif guşələrində - birində bir az çox, birində bir qədər az - milli qüvvələr fəal idilərsə və bu fəallıq get-gedə də artırdısa, əsas milli mərkəz Gəncə idi. Ortaq amal da çıxış yolunu birlikdə tapmaqçün milli fəalları Gəncə sarıya çəkirdi. Bakı isə düşmənlər əlində idi, orada hakimiyyət bolşeviklərin ixtiyarında idi. Bolşevik lideri Vladimir Lenin Bakıda Xalq Komissarları Sovetinə rəhbərlik edən, bolşevik cildli, daşnak mahiyyətli Stepan Şaumyan qarşısında xüsusi teleqramı ilə qəti tələb qoymuşdu: Bakını nəyin bahasına olur-olsun əldə saxlamalı!

Şaumyan və onun bir çoxu ermənilərdən ibarət 26 komissarının, bütövlükdə bolşevik hakimiyyətinin milli qüvvələrə nisbətdə gücünü xeyli artıran o idi ki, tam silahlı və azərbaycanlıların qanına yerikləyən daşnaklarla əlbir idilər, üstəlik, Bakıya neft qoxusuna gələn ingilislər də onlara qoşulmuşdular.

Bütün bu qorxulu təfərrüatlardan yetərincə agah olan, qarşıdakı günlərin də hansı bəlalar gətirə biləcəyini yaxşı təsəvvür edən milli qüvvələr bir yerə toplaşaraq Gəncədə təcili müşavirə keçirmiş, yollar axtarmışdılar ki, mövcud maneələri aşaraq Azərbaycanı müstəqilliyə aparan yolu necə qət etmək lazımdır. Azərbaycanı müstəqilliyə aparan yolun bir tərəfi isə mütləq şəkildə Bakıdan keçirdi və gələcəyi də bilavasitə Bakı ilə bağlı idi.

Azərbaycan vətənpərvərlərinin müstəqillik eşqi və bu yolda səyləri nə qədər çox olsa da, ortada sərt gerçəklik dayanırdı: qüvvələr nisbəti müqayisəedilməz dərəcədə idi.

Nəsib bəy Azərbaycanın müxtəlif bölgələrindən gələrək Gəncədə toplaşmış Müsəlman Milli Komitəsinin üzvlərinə, Azərbaycan vətənpərvərlərinə müraciətlə deyirdi ki, biz Bakının mərkəzini mütləq düşmənlərdən təmizləməliyik, ancaq bu məsələdə böyük yardıma ehtiyac vardır, həmin yardımı isə yalnız Osmanlı imperatorluğundan istəyə bilərik. Ona görə də hökmən ora səlahiyyətli bir nümayəndə heyəti göndərməliyik.

XX əsrin əvvəllərinin saxlancı olan qəzetlərin irili-xırdalı yazıları həmin çağın mənzərəsini müəyyən qədər yarada bilir. Lakin o dövrün hər gün rəngi xeyli dəyişmiş çöhrəsini lazımınca bərpa etməkdən ötrü vaxt şahidi köhnə qəzetlər azlıq edir, o saralmış səhifələrdəki bilgiləri bütövləşdirmək, tamamlamaqçün uyğun arxiv sənədləri də gəlir. Təsəvvürün tam aydınlaşmasından ötrü isə canlı şahidlərə, kağızlardakı məlumatlara qarışan insan səsinə ehtiyac hiss edilir. Heyiflər ki, o illərin, o çağların xatirələrini hafizəsində daşıyan insanların əksəri artıq həyatdan gedib. 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərində yaşı 80-i, 90-ı ötmüş bir çox insanlar iti yaddaşlarıyla həyatdaydılar.

1990-cı illərin başlanğıcında mən Gəncədə yaşamış məşhur nəsillərin tarixini araşdırır, Rəfibəylilər şəcərəsi ilə bağlı kitab üzərində işləyirdim və dindirdiyim həmsöhbətlərimin hər birini lentə alırdım. İndi o gəzəri tarix olan həmin insanların yoxluğuna çox təəssüflənsəm də, bununla təsəlli tapır və sevinirəm ki, nə yaxşı, bunlar zamanında edilib. O çağlardakı axtarışlarım çərçivəsində mən arada Türkiyəyə də səfər etmiş, İstanbulda köhnə mühacirlərdən olan Yavuz Şıxzamanlı ilə görüşmüşdüm. Yavuz bəy Azərbaycan Cümhuriyyəti dövründə gənc respublikanın təhlükəsizlik idarəsinin rəisi işləmiş Nağı bəy Şıxzamanlının oğlu idi və atasından əvvəl də həmin vəzifəni dost-doğma əmisi Məmmədbağır bəy tutmuşdu. Nağı bəy Şıxzamanlı həmin dövr haqqında xatirələrini ahıl çağlarında qələmə alaraq ayrıca bir kitab şəklində də nəşr etdirmişdi və Yavuz bəylə görüşənədək həmin kitabı oxumuşdum. Bir neçə gün çəkən ardıcıl görüşlərimiz və söhbətlərimizdə bəlli oldu ki, Nağı bəyin o kitaba düşməmiş çox xatirələri, hətta yazılı qeydləri varmış. Yavuz bəy həmin ayrı-ayrı vərəqləri, dəftərçələri mənə göstərməklə yanaşı, Nağı bəyin ona danışdıqlarını da nağıl edirdi.

Kitabda oxuduqlarım, Nağı bəydən qalan tikə-para qeydlər və Yavuz bəyin dinlədiyim yaddaşları istiqlalöncəsi dönəmin fırtınalı həftələri və günlərinin, müstəqillik aylarının nəbzi yeyin çarpan anlarının mənzərəsini mənə əyaniliyi ilə göstərirdi.

 Nağı bəy Şıxzamanlının xatirələrinin mühümlüyü və əvəzedilməzliyi ondan ibarətdir ki, o, həmin dövrdə bu hadisələrin sadəcə şahidi deyil, həlledici icraçılarından olmuşdu.

Müsəlman Milli Komitəsinin Gəncədə keçirilən iclasında Nəsib bəy Yusifbəyli Osmanlı imperatorluğuyla danışıqlar aparmaq və yardım istəmək üçün buradan bir nümayəndə heyəti göndərmək təklifini irəli sürəndə, bu təklif bəyənilərək qəbul ediləndə elə oradaca nümayəndə heyətinə kimlərin daxil olacağını müəyyənləşdirmək də qərara alınmışdı. Həmin nümayəndə heyətinə daxil olanlardan biri və elə heyətə rəhbər seçilən də Nağı bəy olmuşdu.

İstiqlalın gəlişi öncəsi çağların hadisələrini izlədikcə Nağı bəy Şıxzamanlının gələcəkdə təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə müfəssəl müşahidələrin, onun bir para üstün məziyyətlərinin dərin təhlilindən sonra təyin edildiyini başa düşürük. Həmin keyfiyyətlər - çevik düşüncə, qətiyyətlilik, qəliz məqamlarda ən çətin suallara cavab tapmaq məharəti bu insanda varmış və ətrafındakı dostları, məsləkdaşları onun bu qabiliyyətlərini daimi sıx ünsiyyətlər zamanı duyurmuşlar ki, məhz bu son dərəcə çətin vəzifəni də onun boynuna qoymuşdular.

Bolşeviklər Bakıda hakimiyyətdə idilər və onların əsas məkrli niyyətlərindən biri də Gəncəyə həmləni gerçəkləşdirmək, milli qüvvələri təslim edərək axırına biryolluq çıxmaq idi. Bu, sadəcə, onların qırımına əsasən edilən təsəvvürlər deyil. Bu qara niyyətlərin danılmaz sübutları da qalmaqdadır.

Bakıdakı bolşevik hakimiyyəti və həm onlarla birgə, həm də ayrılıqda daşnaklar Gəncədə cərəyan edənləri, milli qüvvələrin bütün tərpənişlərini, niyyət tədarüklərini öz casusları vasitəsilə yaxından-uzaqdan güdməkdə idilər. Həmin səbəbdən Nağı bəygil Osmanlı imperatorluğunda danışıqlar aparmaq üçün yola düşəcək nümayəndə heyəti ilə bağlı məlumatların məxfiliyini ən ciddi tərzdə qorumağa çalışırdılar. Əslində bu heyət İstanbula 5-6 gün ərzində gedib çata bilərdi. Ancaq həmin məsafəni elə çətin, elə dolanbac, elə izazdıran yollardan keçərək qət eləmişdilər ki, mənzil başına ay yarıma gedib çatmışdılar.

Bakıdakı Azərbaycanadüşmən qüvvələrdə hər halda bu ehtimal da olmamış deyildi ki, milli qüvvələr kənardan ("kənar" deyiləndəsə yalnız Osmanlı imperatorluğu ağla gəlirdi) kömək istəyə bilər.

Azərbaycan milli qüvvələrinin artıq bu haqda qəbul etdiyi qərardan duyuq düşsəydilər, söz yox, qabaqlayıcı addımlar atmağın hayında olacaqdılar. Ona görə də diqqət yayındırmaqçün belə xəbər yaymışdılar ki, Nağı bəy Şıxzamanlının rəhbərliyi altındakı səlahiyyətli nümayəndə heyəti Gəncədən Trabzona türklərlə rumlular arasında ixtilafda Azərbaycan tərəfindən sülhyaradıcı, vasitəçi dəstə kimi iştirak etməyə yola salınır.

Ay yarıma qət edilmiş həmin yol haqqında Yavuz bəy Şıxzamanlı atasının söylədiyi hekayətləri danışırdı: gedib çatanacan başlarına nə qədər bəlalar gəlib, neçə dəfə təhlükələrlə üz-üzə qalıblar. Həmin macəralarla dolu səfər əslində özü bir ayrıca dastandır.

Gəncədən Trabzona yollanan nümayəndə heyətinin tərkibinə Ömər Faiq Nemanzadə, bir də o vaxtlar Gəncədə olan türk zabiti Hüsaməddin Tuğac daxil idi.

Mənzərə tam həqiqətə uyğun görünsün deyə, elan etdikləri kimi, Trabzona çatınca orada sülh vasitəçiləri qismində bir neçə görüş də keçirmişdilər. Ancaq təbii ki, əsas hədəf başqa idi. Məqsəd III ordu komandanı Mehmet Vəhib paşa ilə görüşməkdi. Tezliklə bu görüş də baş tutur. Vəziyyəti izah edirlər, anladırlar ki, milli qüvvələr müstəqillik əzmindədir və istiqlalı qazanmağa hazırlıqlar da, münasib şərait də var, lakin əks qüvvələrin hərbi imkanları çoxdur, mümkün qarşıdurmalarda aradakı xeyli fərqli olan güc nisbəti nigaranlıq doğurur. Söyləmişdilər ki, Bakıda hakimiyyətdə Rusiyadan mütəmadi yardımlar alan bolşeviklərdir, yaxşı silahlanmış ermənilər də onlarla əlbirdir, qüvvələr nisbətində fərq böyükdür; bizim müstəqillik arzularımız, müstəqillik niyyətlərimiz qana boğula bilər: ona görə köməyinizi, bizə arxa durmanızı umuruq. Bunu da izah etmişdilər ki, Azərbaycan müstəqillik qazanarsa və Cənubi Qafqazda bir müsəlman türk dövləti yaranarsa, bu, Osmanlı imperatorluğu üçün də əsl etibarlı dayağa çevrilər.

Mehmet Vəhib paşa onları diqqətlə dinləmiş, Hüsaməddin Tuğacdan ayrıca hesabat yazmasını rica etmişdi.

Vəhib paşa ləngimədən o yazılı hesabatı və Nağı bəy Şıxzamanlıyla Ömər Faiq Nemanzadədən eşitdiklərini o zaman hərbiyyə naziri vəzifəsini daşıyan Ənvər paşaya çatdırmışdı.

Məlumatlar Mərkəzə yetişincə İstanbul Azərbaycan nümayəndə heyətinin dərhal qəbula gətirilməsi göstərişini vermişdi.

Bu, taleyüklü tarix məqamı idi. Bu görüş istiqlalın, Azərbaycanın gələcək müstəqilliyinin aqibəti ilə birbaşa bağlı idi.

Azərbaycan təmsilçilərini sədr-i əzəm - baş nazir Tələt paşa qəbul edəcəkdi. Əvvəlcə Nağı bəy Şıxzamanlını, Ömər Faiq Nemanzadəni, Hüsaməddin Tuğacı birgə qəbul etmişdi, dinləmişdi, sonra Nağı bəy Şıxzamanlıyla təkbətək danışıqlar aparmışdı.

Qapını açıb sədr-i əzəmin otağına girmişdilər, ancaq sanki bir məkandan ayrı bir məkana adlamamışdılar, sanki zamanın sehrli çubuğu onları tarixin bir mərhələsindən ayrı bir daha yüksək, ümidləri və inamı bol mərhələsinə keçirmişdi.

Sədr-i əzəm Tələt paşa ilə Nağı bəy Şıxzamanlının təkbətək görüşündən daha əvvəl həmin otaqda Azərbaycan nümayəndə heyəti ilə bərabər, baş nazirlə yanaşı, hərbiyyə naziri Ənvər paşa, ədliyyə naziri Xəlil bəy də olmuşdu. Onların ikisi də Osmanlı imperatorluğunda yüksək səlahiyyət və nüfuz sahibi idilər, onların rəyi ilə ən yuxarı qatda hesablaşırdılar. İndi o söhbətlərin yekunu vurulacaqdı. Baş nazir, sədr-i əzəm Tələt paşa ilə Nağı bəy Şıxzamanlı üzbəüz idi. Nağı bəy demişdi ki, paşa həzrətləri, Azərbaycanın 100 ildən çoxdur çarlıq üsul-i idarəsinin zülmü altında əziyyət çəkdiyindən agahsınız. 8 xanlıqdan ibarət yurdumuz sizinlə dini bir, qanı bir, dili bir türk millətidir. Millətimiz bu müddət ərzində çarlıq istilası ilə heç vəchlə barışmamış, daim bu əsarətdən qurtulmaq əzmində olmuşdur. İndi Qafqazda çox münasib bir tarixi şərait yaranmışdır. Millətimiz müstəqil yaşamaq əzmindədir. Ancaq bu yolda bizim ciddi bir çətinliyimiz vardır. Xalqımız vaxtilə hərbi təlim və tərbiyədən məhrum olub, çarlıq hökuməti daim hələ Birinci Pyotrdan qalan göstərişə əsasən Osmanlı və İran onların himayəsinə düşməyincə Qafqaz müsəlmanlarından əsgər almamaq xəttini yürüdür. Odur ki, bu, bizlərdə yaxşı təlim görmüş əsgəri qüvvə çatışmazlığı yaradıb. İndi həlledici tarixi məqamda millətimiz sizdən kömək diləyir. Millətimiz müstəqil olmaq niyyətindədir, qardaş əlinizi bizə uzadın. Bizə böyük hərbi qüvvə göndərməyin, hərbi təlimçilər yollayın: bizdə qısa vaxt ərzində sanballı hərbi qüvvə yaratmağa imkan vardır. Türk olduğumuz üçün lazım olan qüvvə qanımızda mövcuddur. Yardım edilərsə, gücümüz artarsa, qısa müddətdə istilaçıları yurdumuzdan kənara ata bilərik.

Baş nazir Tələt paşa özünün də, ədliyyə naziri Xəlil bəyin də, Camal paşanın da Azərbaycana imperatorluğun kömək göstərməsi məsələsində yekdil olduqlarını bildirəndə Nağı bəy incə bir məqamın üzərinə gəlmişdi. Söyləmişdi ki, bizdə - millətimizin içərisində istiqlalçılarla yanaşı ilhaqçılar da var. Əksəriyyət istiqlal tərəfdarı olsa da, yanlış düşünərək, ya da məqsədli şəkildə bu cür istiqamətləndirilərək Osmanlıya ilhaq edilməyimizi, Osmanlı dövlətinə birləşməyimizi təşviq və təbliğ edənlər, məhz bu yolu düzgün sayanlar da var. Bizim ali məqsədimiz isə müstəqillikdir. Sizdən, qardaş xalqdan diləyimiz bu müstəqilliyin qazanılmasında və qorunub saxlanmasında bizə arxa durmanızdır.

Azərbaycan nümayəndə heyəti İstanbuldan böyük ümidlərlə ayrılmışdı.

...Fəqət yurdumuzun və xalqımızın millət təqvimində iftixarlı, bəxtiyar 1918-ci ilin 15 sentyabrıyla yanaşı elə həmin ildəcə iztirablı, ah-naləli, qana boyanmış 31 mart da var.

Bolşeviklərin körüklədiyi, ilhamlandırdığı, silahlandırdığı və azərbaycanlı qanına həris daşnaklar ən müxtəlif bölgələrimizdə qırğınlar törətməkdə idilər: 1918-ci ilin 31 martına gəlib çatanacan da ayrı-ayrı bölgələrdə qan su yerinə axmışdı.

Azərbaycanın dörd bucağında o günlərdə məsum insanların torpağa tapşırıldığı sıra-sıra yeni qəbiristanlıqlar yaranırdı. Bütün bunlar əbəs deyildi. Bu, erməni üçün azərbaycanlılara qarşı öz qan düşmənçiliyini bacardıqca əzazil bir şəkildə həyata keçirmək girəvəsi idisə, bolşeviklərdən ötrü Azərbaycan xalqının istiqlal eşqini ürəyindəcə boğmaq addımı idi.

Milli qüvvələrin toplaşdığı Gəncəyə ilk növbədə hücum çəkərək oranı tam tabeliklərinə salmaq Şaumyanın gizlətmədən açıq elan və təkid etdiyi fikir idi, qələbə həmləsinə də hazırlaşırdılar. Şaumyanın həmnəfəsi, quldur daşnakların daha bir ünsürü Arsen Əmiryansa bölgələrdə törədilən qırğınları ikinci dərəcəli hesab edərək onları bir kənara qoymağa çağırır, ən əvvəl Gəncənin zəbt olunmasını tövsiyə edirdi. Deyirdi, əsas məsələni qoyub ikinci dərəcəli işlərlə məşğulsunuz, Şərqin Versalı olan Yelizavetpolu birinci növbədə işğal etmək lazımdır.

1918-ci ilin 31 martı və onacan törədilən qırğınların, soyqırımlarının hamısı müstəqilliyin cəzası idi.

Eyni şəkildə 1990-cı ilin yanvarında Bakıda hər dürlü azğınlıq icazəsi verilmiş sovet ordusunun törətdiyi vəhşiliklər də müstəqilliyin cəzası idi.

Tam eyni biçimdə 1992-ci ilin 26 fevralında Xocalıda dinc insanlara tutulan amansız divan, XX yüzilin ən müdhiş soyqırımlarından olan faciəli gedişat yenə suverenliyin, istiqlalın cəzası idi.

Və Azərbaycan insanının ruh böyüklüyüdür ki, düşmən nə qədər qəvi olsa da, nə qədər əlləşsə də, millətimizin gözünün odunu ala bilmədi, xalqın varlığındakı  istiqlal atəşini söndürməyi bacarmadı.

...Bolşeviklərin, daşnakların birləşərək azərbaycanlılara qarşı müsibətlər yaşatdığı, üstəlik ingilislərin də Bakıya təşrif gətirəcəyi haqqında xəbərlərin yayıldığı çağlarda qüvvələr nisbətinin yerlə göy fərqi olduğu tamam aşkar idi və həmin dövrdə Batumdakı sülh konfransında Azərbaycan nümayəndə heyəti Osmanlı imperatorluğu tərəfindən iştirak edən həm ədliyyə, həm də xarici işlər naziri olan Xəlil bəy qarşısında hərbi dəstək məsələsini dönə-dönə qaldırırdı.

Sülh konfransının davam etməkdə olduğu günlərdə isə Tiflisdə, keçmiş Qafqaz canişinliyinin iqamətgahındakı yığıncağında az sonra ilk Azərbaycan Parlamentini idarə etməyə başlayacaq Həsən bəy Ağayevin dilindən İstiqlal Bəyannaməmiz səsləndi. Elan edilmiş müstəqillik artıq Osmanlı imperatorluğu ilə münasibətlərdə daha qəti addımlar atmaqçün əlverişli bünövrə idi.

1918-ci ilin ilk iyun günlərində Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasında dostluq müqaviləsi imzalanır və bu, Osmanlı imperatorluğundan rəsmən kömək istəmək üçün daha ciddi hüquqi əsaslar yaradırdı.

Yenicə fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin ilk sənədlərindən birini xarici işlər naziri Məmmədhəsən Hacınski imzalamışdı. Osmanlı imperatorluğuna ünvanladığı məktubda o, Azərbaycan hökuməti adından yardım istəyirdi: "Rusiyadakı inqilabın nəticəsi olaraq Azərbaycanda mürəkkəb bir vəziyyət yaranıb. Bolşeviklər Bakını və Bakı vilayətini tutub əhalini qırır, Azərbaycan hökumətini tanımır. Bakıdan başqa Şamaxı, Quba və Lənkəran kimi ərazilərdə də qırğınlar törədilmişdir. Şimalda güclənməkdə olan müttəfiqləri, habelə İrandakı ingilislərdən yardımlar almaqda olan bu qüvvənin qarşısını yeni yaranmış Cümhuriyyət ala bilməz. Bu məsələ yaxın zamanlarda həll edilməsə, Cümhuriyyətin mövcudiyyəti təhlükə altına düşəcək, əhali fəlakətə məruz qalacaqdır".

Ardıcıl və təkidli müraciətlər, aparılmış danışıqlar bəhrəsiz qalmamışdı. Qafqaz İslam Ordusu Nuru paşanın rəhbərliyi altında yaradılmış və Azərbaycana doğru hərəkətə başlamışdı. Azərbaycan ərazisinə daxil olduğu ilk anlardansa qədəm basdıqları hər yerdə onları sonsuz məhəbbətlə, toy-bayram əhvalı ilə qarşılamışdılar.

22 oktyabr 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see213

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see213

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see168

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see167

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see141

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see139

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see137

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see137

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see132

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see132

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see131

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see123

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see123

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see120

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri