SONDAN GÖRÜNƏN ƏVVƏL Rafael Hüseynov yazır
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rafael HÜSEYNOV
Akademik
Əsla şübhə yoxdur ki, 1940-cı illərin əvvəllərində Moskva, xüsusi kəşfiyyat tapşırığı ilə, İrana bircə Məmmədhüseyn Əsədovu yox, onlarla peşəkar çekisti göndərmişdi. Böyük Britaniyanın, Almaniyanın, ABŞ-nin də bu istiqamətdə, İrana daha yaxın və bilavasitə həmsərhəd SSRİ qədər olmasa da, öz hərəkətləri vardı.
O dövrdə sovetin İranda yaratdığı və minlərlə insanı əhatə edən etibarlı agentura şəbəkəsi isə tam ayrı bir uzun hekayətdir.
İran müharibədən əvvəl də daim Sovet İttifaqının diqqət mərkəzində idi, bu ölkənin gələcək taleyində həlledici olmaq sovetin uzaq hədəfləri nişan alan niyyəti idi.
Sovet siyasəti İranın idarəçilik sistemini dəyişərək oranı birbaşa öz nüfuz dairəsinə daxil etməyə, burada iqtidarı birbaşa təsiri və iradəsi dairəsində saxlayaraq Yaxın və Orta Şərqdəki siyasətini daha rahat şəkildə gerçəkləşdirə bilməkçün çox münasib fəaliyyət meydanı qazanmağa can atırdı. Son məqsəd İranda xalq respublikası qurmaqdı və bu istiqamətdə xüsusi xidmət orqanlarının bilavasitə və fəal iştirakı ilə geniş əməliyyatlar dairəsi müəyyənləşdirilmişdi.
Məsələnin ultra əhəmiyyətliliyinin başlıca sübutlarından biri də budur ki, gedişat sovet lideri Stalinin birbaşa, daimi nəzarəti və diqqəti altında idi, bunun izləri onun ovaxtkı Azərbaycan respublikasının rəhbəri Mircəfər Bağırovla yazışmalarında da qalmaqdadır.
Həmin dövrün dolğun və gerçək mənzərəsi yalnız Rusiya xüsusi xidmətlərinin arxivlərindəki İran, Şimali və Cənubi Azərbaycan məsələlərinə dair o çağlara aid məxfi qovluqlara elmin əli çatandan sonra bütövlüyü ilə görünməyə başlayacaq. Hələliksə nəinki daha dərindəki kəşfiyyat arxivləri, hətta bir vaxtlar baxılmasına imkan olmuş siyasi arxivlərdəki Cənubi Azərbaycan, İran materiallarını vərəqləmək imkanları belə məhdudlaşdırılıb.
Sovet kəşfiyyatı İkinci Dünya müharibəsi ərəfəsindəki illərdə İranda baş verən hadisələri addım-addım izləməkdə idi və Güney Azərbaycanın da etirazçı, inqilaba mail təbiətindən yetərincə xəbərdardı.
İranda həyata keçirməyi nəzərdə tutduğu əsaslı dəyişikliklərdə, təbii ki, bu amilə fövqəladə dəyər verməli, həmin qüvvədən geninə-boluna istifadəni istisna etməməli idi. Nəzərə alaraq ki, Güney və Quzey arasında get-gəllər, təmaslar sıx idi, əslən İrandan olan minlərlə insan bu tayda işləyirdi, yaşayırdı, sərhədlərin də quşkeçməzlikdən uzaq vaxtları idi, bəlli planları olan SSRİ-nin təhlükəsizlik orqanlarına Sovet Azərbaycanındakı kontingentlə intensiv iş aparmaq tapşırığı da verilmişdi.
Burada son dərəcə həssas və tarixi baxımdan önəmli məqam var ki, üzərində mütləq ayrıca dayanılmalıdır.
Cənubi Azərbaycanda 1940-cı illərin əvvəllərindən vüsət almağa başlayan, nəhayətdə Təbrizdə Milli Hökumətin elan edilməsi, 1 il sürəcək elə müstəqillik kimi qiymətləndirilməli azadlığın əldə edilməsinə gətirib çıxaran coşqun istiqlal hərəkatını gözdən salmaqçün bəzən olanları belə qələmə verməyə cəhdlər edilib və edilir ki, guya bunlar Moskvanın əli ilə oynanılmış bir tamaşaymış, hər şey Kremldən idarə edilirmiş.
Nabələdlər bəlkə də bu cəfəngiyyatı həqiqətəoxşar saya bilər. Amma şanlı tarixlərdən agah olanlar Pişəvəri hərəkatının əslində Xiyabanilər, Səttarxanlar yolunun davamı olduğundan xəbərdardılar axı.
Moskva XX yüzilin əvvəllərindən başlayaraq Təbrizdə, bütün Güneydə və tamam İranda get-gedə güclənən cəmiyyət çalxantılarına biganə qala bilməzdi, bu təmayüldən öz məqsədlərinə uyğun şəkildə istifadə etməkdən vaz keçmək fikrində də deyildi.
SSRİ-nin İran ərazisindən ona qarşı törədilə biləcək mümkün təhlükələrdən sığortalanmaq üçün ora hərbi kontingentini yerləşdirməsi öz yerində, ancaq bu ölkəyə 1930-cu illərin ortalarından planlaşdırılan digər çox vacib əməliyyatla əlaqədar tökdüyü tədbirlər də genişmiqyaslı idi.
1938-ci ildə SSRİ ərazisindəki, ilk növbədə Sovet Azərbaycanında yaşayan iranlıların ailələri təcili şəkildə öz ölkələrinə köçürülməyə başlandı.
Onların arasında sovetin əməkdaşlığa cəlb etdiyi şəxslər də az deyildi.
İranda həmin dövrdə güclü ictimai-siyasi dalğaya çevrilən həmkarlar hərəkatında da bu qəbildən olan insanlar az deyildi.

Güney Azərbaycanda, apardıqları ardıcıl mübarizə sayəsində Milli Hökumətin qurulmasınadək gəlib çatan fədakar insanların neçəsi şah zindanı görmüş, bərkdən-boşdan çıxmışdı və onları hansı qüvvələrinsə ələ alması xam xəyal idi.
Həyatın zəngin təcrübə bağışladığı bu insanlara son, ali məqsədə yetişmək yolunda kömək də gərəkdi.
Onlara sovetin köməyi nə qədər lazımlı idisə, sovetə də onların yardımı bir o qədər gərəkdi.
Ayağa qalxan, haqqını tələb edən güneylilər özləri idi, bunu kənardan göstərişlə deyil, içəridən yetişmiş tələbatla həyata keçirirdilər. Onların belə mübarizliyi sovetin bütün İran üzrə gerçəkləşdirməyi düşündüyü köklü dəyişikliklər müstəvisində parlaq və yoluxucu ola biləcək örnəkdi. Belə bir nümunə isə öz məqsədləri naminə sovetə də çox gərəkdi. Ona görə də bu gedişatda köməkgöstərmə, dayaqdurma əslində qarşılıqlı idi.
İranda 1940-cı illərdə belə hadisələrin cərəyan etdiyi, belə siyasətlərin meydanda olduğu çağlarda Məmmədhüseyn Əsədov kimi səriştəli çekist bir sərvət idi.
Bütün başqa məziyyətləri - əslən güneyli olması, farscanı yaxşı bilməsi, üstəlik almancaya da bələdliyindən savayı, o həm də Seyid Cəfər Pişəvəri (1892-1947) də daxil olmaqla, İrandakı hərəkatdakıların neçələri ilə də köhnədən tanışdı. Həm də artıq üstündən onillər ötəndə o dövrü yada salarkən qələmə aldığı xatirələrindən sezilir ki, Moskvadan və Bakıdan aldığı tapşırıqların necəliyi bir yana, Əsədov təmasda olduğu, istiqlal mücadiləsinə qoşulmuş fədailərə xüsusi rəğbətlə, məhəbbətlə yanaşırmış, Mərkəzin onlarla bağlı, Cənubdakı Milli Hökumətin müqəddəratı ilə əlaqədar atdığı dönüklük təsiri bağışlayan addımlar onu sarsıdırmış. Amma neyləyə bilərdi, o, əsgər idi, əmrə tabe idi.
Məmmədhüseyn Əsədov ömrünün səksənindən həyatının qırxıncı illərinə belə baxırdı: "Bu tarixçə mənim Vətən müharibəsi dövründə İranda, Təbrizdə sovet səfirliyinin məxfi əməkdaşlarından biri kimi işə təyin olunmağımdan sonra başlandı. Səfirlik vasitəsilə Cənubi Azərbaycandakı demokratik hərəkatın rəhbəri Pişəvəri yoldaş və Kürdüstandakı hərəkatın başçısı Qazi Məhəmməd (1900/1901-1947 - R.H.) Lavrenti Beriyanın adamı olan Mircəfər Bağırovdan tapşırıqlar alırdılar (Əsədov çekist terminologiyası ilə yazır: "orientirovka" - fəaliyyət istiqaməti planı - R.H.).
İranın şimal-qərb hissəsində yaranmış siyasi vəziyyət - azərbaycanlılar və kürdlər arasında genişlənən demokratik milli azadlıq hərəkatı nəticə etibarı ilə onların iflasına və rejimin təntənəsinə gətirib çıxardı. Mənim bağlı olduğum Pişəvəri və Qazi Məhəmməd onlara Bağırovdan aldıqları və onları yanlış səmtə yönəldən, mürtəce İran hökumətinə güzəştlərə getməyi təklif edən və başlanmış demokratik hərəkatın devrilməsinə aparan müəyyən tapşırıqlara görə çaşbaş qalmışdılar. Pişəvərinin, Qazi Məhəmmədin və digərlərinin bu söylədikləri və narahatlıqları özünü doğrultdu".
Əsədovun bu yadasalmalarından sonra iki məqam üzərində dayanmasaq olmaz.
İrandakı milli-demokratik hərəkatın güclənməsinə rəvac vermək, ardınca da Təbrizdə Azərbaycanın Milli Hökumət qurmasına köməklərini əsirgəməmək, Güneydə var olan 1 illik hakimiyyət boyunca onların ayaq üstə durması, inkişafından ötrü genişmiqyaslı və külli miqdarda vəsait tələb edən işləri görmək sovet dövlətinin böyük siyasi məqsədlərini həyata keçirmək yolundakı planlı fəaliyyəti idi. Moskva milyonlar sərf etdyi, minlərlə insanı cəlb etdiyi və Sovet İttifaqından ötrü ümdə siyasi mənası olan bu layihəni əsla yarımçıq qoymaq fikrində deyildi, başlamışdısa, ilk uğurları qazanmışdısa, arzuladığı son nəticəyədək irəliləmək əzmində idi.
Ancaq qarşısını ABŞ kəsdi və birbaşa hədəsini hələ SSRİ-də olmayan silahla etdi - atom bombası ilə!
Stalin yalnız və yalnız məcburiyyət qarşısında başlanılmış nəhəng işin yarımçıq qoyulmasına, sovetə aid qüvvələrin Cənubi Azərbaycandan, bütövlükdə İrandan çıxarılmasına razılıq verdi.
Kreml də, Bakı da yaxşı bilirdi ki, bizimkilərin İrandan çıxması, Milli Hökumətin təslimindən sonra şah rejimi bu dikbaşlığı amansızca cəzalandıracaq, çoxsaylı ölümlər də, sürgünlər də olacaq. Bilməyinə bilirdi, ancaq başqa çıxış yolu yoxdu. Sovetin gücü ona çatdı ki, həbs, işgəncələr, dar ağacı astanasında dayanan, güllələnməsi labüd olan minlərlə hərəkat fəalını, Milli Hökumət qurucusunun (və söz yox, həm də sirr daşıyıcısının) təxirə salınmadan sərhədi keçərək Sovet İttifaqına mühacirət etməsinə müvəffəq oldu. Rəsmi Bakının və onun tabe olduğu Moskvanın guya etibarsız çıxdığını, hərəkatçıları onları yarı yolda qoyduğunu deyərək hətta Mərkəzi xəyanətdə ittiham edənlər haqlı deyillər. Köhnə cənubluların, sabiq fədailərin neçəsindən belə giley-güzarları həmin hadisələrdən yarım əsrdən çox vaxt keçəndən sonra da şəxsən dəfələrlə eşitmişəm.
Bu, qədər idi, tarixin bizdən üzdöndərməsi idi, tam başqa cür ola biləcək milli varlığımızın ayrı bir məcrada davam etməsinə vaxt gedişinin məsləhət bildiyi kəc aqibət idi. Amma heç vəchlə xəyanət deyildi. ABŞ-nin nüvə silahı olmasaydı, çətin ki, o dövrdə hansısa başqa təzyiq vasitəsilə Stalini qəti qərarlı olduğu, uğrunda bu qədər zəhmətlər çəkilmiş Güney, İran sevdasından imtinaya vadar etmək mümkün olaydı.
Odur ki, bu məsələdə elə köhnə dostu Seyid Cəfər Pişəvəri, digər cənublu yaxınları kimi düşünən Məmmədhüseyn Əsədov da hissə qapılır. Ancaq bu da təbiidir. Axı o, Cənubi Azərbaycanda bircə il içində hansı yüksəlişlərə çatılmasının günbəgün canlı şahidi olan, belə davam edərsə, bizi məsud edəcək daha hansı nailiyyətlərin əldə olunacağını işin içərisində olan şəxs kimi aydın təsəvvür etdiyindən bu itkiyə, bu yarı yolda qalmağa yanmadan, ən dərin təəssüflər keçirmədən qiymət verə bilməzdi. Axı qazanılmışlarda, o dövrdə İranda, Güneydə, Təbrizdə çalışmış və bu işlərə birbaşa bağlılığı olmuş insan kimi, onun da payı vardı. Elə pay ki, sonra ömrü uzunu bu haqda iftixarla danışa, öyünə bilərdi. Lakin qismət elə gətirdi ki, sonra olub-keçənlər barədə susası oldu. Hətta Mərkəz onu həmin dövrdəki İran, Güney məsələləri ilə bağlı ciddi dövlət sirləri daşıyıcısı olması səbəbindən daha arxayın nəzarətdə saxlamaq, kim bilir, bəlkə də aradan götürmək üçün İrandakı uzunmüddətli ezamiyyətindən sonra Moskvaya aparmaq istəmişdi.
Və bu yerdə də Bağırov Mərkəzin umacağına rəğmən, başqa qərarın qəbul edilməsinə nail olmuşdusa, aydın məsələdir ki, bunu Beriya ilə danışaraq həll etmişdi və çox tutarlı da səbəb gətirməyi bacarmışdı - Azərbaycana minlərlə cənublu siyasi pənahəndə təşrif gətirmişdi, onlarla burada da mütəmadi iş aparılmalı idi və bunu da edə biləcək ən uyğunlardan və yaxşılardan biri Əsədov idi.
"Mən qeyri-ixtiyari Cənubi Azərbaycan və Kürdüstana mürtəce İran qoşunlarının daxil olması və sovet ərazisinə keçməyə macal tapmamış demokratlara necə qəddarlıqla divan tutulmasına şahid oldum. Kürdlərin başçısı Qazi Məhəmməd də, şəxsən tanıdığım bir çox başqaları da həlak oldular.
1947-ci ilin əvvəllərində mən İran hakimiyyət dairələrinin tələbi ilə əhalini İran hökumətinin əleyhinə qızışdıran şəxs kimi ölkədən çıxarıldım. Mənim halımı təsəvvür edirsinizmi ki, gözümün qabağında bizim təqsirimiz ucbatından öz işinə sədaqətli, vicdanlı adamlar, vətənpərvərlər həlak olurdu. Görünür, bunlar Bağırova məlum olmuşdu. 1947-ci ilin yanvarında onunla görüşə çağırıldığımda sual-cavablardan sonra Bağırov mənə əlimdəki göndərişə əsasən xidməti Moskvada davam etdirməli olduğum halda ora getməyimə icazə vermədi. Mən Dövlət Təhlükəsizlik Komitəsi bölmə müdirinin müavini təyin edilsəm də, faktiki olaraq Sovet İttifaqına mühacirətə gəlmiş İran demokratlarına xidmət üzrə işləyirdim".
Ən çətin dövrdə Məmmədhüseyn Əsədov İranda vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirmişdisə də, o, İran rəsmi dairələrinin təkidi ilə ölkədən çıxarılanda sanki Təhlükəsizlik Nazirliyi də onunla bağlı əmrini elə həmin istəyə uyğun şəkildə tərtib edir.
SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi 8-A şöbəsi 2-ci bölməsinin rəis müavini, podpolkovnik Oyzermanın 1947-ci il aprelin 21-də Məmmədhüseyn Əsədov haqqında hazırladığı arayışda belə tərs yanaşma yer alır: "1941-ci ilin dekabrından 1947-ci ilin yanvarınadək İranda uzunmüddətli ezamiyyətdə ikən kifayət qədər agentura-əməliyyat təcrübəsi olmamışdır, bircə dənə belə qiymətli cəlbetmə aparmamışdır, az təşəbbüskar və qətiyyətsizdir. Bu səbəblərdən də geri çağırılmışdır".
Yaxşı, belə xasiyyətnamələr yazıb belə mənfi səciyyələndirirsinizsə, onu elə həmin 1947-ci ildə yenidən Moskvaya işə çağırmağınız nə idi?
Odur ki, bu sənəd də Əsədovu İran ezamiyyətindən sonra Moskvaya getməyə qoymamış Bağırovun onu şübhə doğurmadan aradangötürülmədən xilas etməsi qənaətini gücləndirir. Cavanlıq illərindən yoldaş olduğu bir insana və qabiliyyətli həmkarına bu yaxşılığı onun xidmətidir, ancaq hətta mötəbər imzalarla işıq üzü görmüş yazılarda 1930-cu illərin sonları, 1940-cı illərin əvvəllərində guya Mircəfər Bağırovun müstəsna milli xidmət göstərərək azərbaycanlıların SSRİ-dəki bir sıra başqa türk xalqları - qaraçaylılar, kalmıklar, çeçenlər, balkarlar, inquşlar, Krım tatarları, ahısxalılar... kimi respublika ərazisindən köçürülməsinin qarşısını alması, guya hətta bundan ötrü təcili Moskvaya uçaraq Stalinlə danışması sadəlövh nağıl və məntiqsiz uydurmadan artıq deyildir, bunu sübut edəcək heç bir sənəd-dəlil yoxdur, ola bilməz. Azərbaycanlıların köçürülməsi məsələsi gündəlikdə yox idi və ilk növbədə Cənub məsələsinə görə də bunun nə şəkildəsə müzakirəyə çıxması belə mümkünsüzdü. Çünki Sovet İttifaqının 1930-cu illərin ikinci yarısı, 1940-cı illərin birinci yarısında aktual olan İranda demokratikləşmə, Cənubi Azərbaycanda qurulan Milli Hökumətə dəstək xəttinin gerçəkləşməsində Sovet Azərbaycanı başlıca ötürücü körpü, vəziyyətlə əlaqədar strateji mənası qat-qat artmış məkan idi. Azərbaycanı və azərbaycanlıları qoruyan, əhəmiyyətini artıran, Bağırovdan qəhrəman yaratmağa çalışanların iddia etdiyi kimi, guya onun sinəsini qabağa verərək göstərdiyi şücaət deyil, məhz bu amildir. Onlar hamısı Kremlin hər sözünə, Stalinin hər fərmayişinə gözüyumulu ani cavab verən insanlardılar və Allah eləməmiş, oralardan köçürülmə qərarı gəlsəydi, Bağırov və ona bənzər müti buyruq qulları özləri bu işin canfəşan qabağadüşənləri olaraq xalqa bu köçürülmənin nə qədər vaxtlı, nə qədər zəruri, nə qədər əhəmiyyətli olması haqqında moizələr edəcəkdilər.
Tarix belələrini görə-görə gəlib.
Unutmamışıq axı - 1930-cu illərin Moskvadan gələn siyahılar üzrə aparılan qanlı siyasi repressiyalarını "uf" demədən, əksinə, şövq və ilhamla tam həcmdə yerinə yetirən, həmin siyahılara bir az da yaradıcı yanaşmaqla, yeni əlavələr edərək diribaş əncamçəkənlərinin başında gedən elə Mircəllad özü olmuşdu. Hələ Mərkəzi Komitədə birinci katib ola-ola NKVD-də düzəltdirdiyi xüsusi kabinetində şəxsən yerinə yetirdiyi qətlləri demirəm.
Keçmiş tarix içərisindəki kələ-kötürlükləri indiki ağılla bəzəmək sevdasına düşənlər özləri istəmədən həmin səhifələrin yenidən açılmasına, zorən bəraət qazandırmaq istədiklərinin daha başqa naqisliklərinin aşkarlanmasına bais olurlar.
Tarixi incitmək olmaz!
...Hələ Təbriz dövrünə, Əsədovun 1940-cı illərdəki fəaliyyətlərinə yenə qayıdacağıq. Amma 1947-ci ildir, o, artıq Bakıdadır, Dövlət Təhlükəsizlik Nazirliyində işləyir və rəisi də polkovnik Nuru Quliyevdir.
Çekistlik karyerası boyunca Məmmədhüseyn Əsədov çox şöbələrdə işləsə, çalışdığı hər şöbənin də bir ayrı müdiri olsa da, məhz bu şöbədəki müdirinin adını əbəs vurğulamırıq, bunu elə öz xatirələrində Əsədov da edib.
Onun haqqında açıq, konkret nəsə demir, amma ötən günləri anırkən onu bir qədər eyhamla yada salır. Xüsusən də Seyid Cəfər Pişəvərinin ölümünə gətirib çıxaran avtomobil qəzasından bəhs edərkən.
O şöbədə çalışdığı dövrdə Əsədov yenə arxadakı 6-7 ildə olduğu kimi, səhərdən-axşamadək güneylilərlə idi. Sanki elə yenə Təbrizdə, Ərdəbildə idi, hər gün sözü-söhbəti köhnə tanışlarla idi. Ancaq bu köhnə tanışlar, onun illərdən bəri tanıdığı güneylilər əvvəlki adamlar deyildilər, son ayların içərisində onlar dəyişib başqa adam olmuşdular. Məmmədhüseyn bu güneylilərlə Təbrizdə Milli Hökumət qurulanacan da, ümidli, arzulu, mübarizəli günlərdə də, aylarda da mütəmadi təmaslarda olmuşdu, ruh yüksəkliyi ilə daşan 1 illik bəxtəvər hakimiyyət dönəmində də onlarla birlikdə idi, ümidlərin, arzuların daşlara çırpılaraq çilik-çilik olduğu, Milli Hökumətin süqut etdiyi, Təbrizin qara geydiyi çağlarda da. Onların neçəsinin bu taya yola salınmasında da iştirak etmişdi. Bu taya təzəcə pənah gətirmiş, qayğıları, sıxıntıları həddən ziyadə olan, yerləşməkdən tutmuş mənəvi sarsıntılaradək saysız qayğılarla yüklənmiş cənublu siyasi mühacirlərin bir çoxunu şəxsən tanıdığından Əsədov əsəbləri gərili bu bəlakeş insanlarla əlüstü dil tapmağı bacarır, onların hər ağrısını başqa heç kəsin duya bilməycəyi həssaslıqla qəbul edir, bacardığı, hətta ondan da artıq kömək göstərməyə səy edirdi.
Və 1947-ci ilin qızmar bir yay günündə - iyulun 11-də Azərbaycanda hər kəsi mütəəssir edən dəhşətli hadisə baş verir.
Bir anda bütün Azərbaycan boyu bu acı xəbər yayılır ki, Seyid Cəfər Pişəvəri Yevlax yolunda avtomobil qəzasına uğrayıb. Biri "hələ sağdır" deyir, bir başqası "elə yerindəcə keçinib" söyləyir, bir başqası söz yayır ki, "kişini aradan götürüblər", şayiə şayiə üstünə qalaqlanmağa başlayır.
Pişəvəri 1947-ci il iyun ayının 10-da Qazanbulaq, Qasım İsmayılov (indi - Goranboy) və Gəncədə məskunlaşmış siyasi pənahəndələri yoluxmuşdu. İyunun 11-də Yevlaxda görüşlər keçirib təzədən Hacıkəndə qayıtmalıydılar. Çatdırsınlar deyə saat 7-dən yola çıxmağa qərar vermişdilər. Lakin qəfildən Pişəvərinin adətən yola çıxanda mindiyi böyük və daha təhlükəsiz maşını - ABŞ istehsalı olan "Buyuk" avtomobilində guya nasazlıq yaranmışdı, maşın işə düşməmişdi və bu dəfə yola sürücü Qarnik Melikyanın idarə edəcəyi "Ford"la çıxası olmuşdular. Yollar bomboş, o illərdə onsuz da maşınlar seyrək. Dümdüz yolda avtomobili aşırmaq, ya hansısa başqa maşınla toqquşma mümkünlüyü də yox kimiydi.
Pişəvərinin silahdaşlarından olmuş, Milli Hökumətin süqutundan sonra başqaları ilə bərabər Bakıya sığınmış mayor Həsən Nəzəri 1992-ci ildə Berlində nəşr edilmiş "Xatirələr"ində Seyid Cəfərin o son gününü yerli-yataqlı təsvir edirdi.
Salamat qurtararaq Arazın bu tayına gəlmiş fədailər, döyüşə, mübarizəyə alışmış o cəsur insanlar baş verənləri hələ də yuxu içərisindəymiş kimi qavrayır, inana bilmirdilər, bu həqiqəti düşüncələrinə yaxın buraxmaq istəmirdilər ki, azadlığa qovuşandan, bayraq ucaldandan, 1 ilə yaxın müddətdə müstəqilliyin şirinliyini dadaraq yaşayandan, ana dilindəki dərsliklərdən ilk dəfə olaraq anadilli məktəblərdə dərs oxuyandan sonra necə ola bilər ki, bu xalq təzədən mənhus keçmişə qayıtsın?! Axı Təbrizin küçələrindən keçən Azərbaycan əsgərinin gendən baxanları qəhərlə boğan, gözlərini fərəh yaşları ilə dolduran şax sırası, gur addım səsləri hələ göz önündə, hələ qulaqlarda idi.
Ona görə də inanırdılar ki, tezliklə geri dönəcəklər, yenə o günlər qayıdacaq. Elə mühacirlərin bu istəyini nəzərə alaraq respublika rəhbərliyinin icazəsiylə biri Gəncədə, digəri Şəkidə olmaqla 1947-ci ilin iyununda 2 hərbi təlim düşərgəsinin fədailəri ilə Seyid Cəfərin ayaqüstü görüşü olubmuş. Ayın 11-də isə günortadan sonra onlarla məxsusi görüş keçirəcək, birgə nahar edəcəkmiş.
Həmin mayor Həsən Nəzəri (1921-1993) 120 fədaidən ibarət Şəki, mayor Seyid Tağı Musəvi (1918-2000) isə 250 fədaisi olan Hacıkənddəki hərbi təlim düşərgəsinin komandiri idi.
O gün ki Pişəvəri həyatının son səfərinə yollanmışdı və bir neçə saat sonra Hacıkənd hərbi təlim düşərgəsinə çatmalıydı, nə qədər gözləsələr də, gəlib çatmır, belə olanda qət edirlər ki, fədailər naharlarını etsinlər, ancaq Pişəvəriylə digər qonaqların da payı ocağın üstündə saxlansın ki, gəlincə isti-isti nuş eləsinlər.
Artıq günortadan xeyli keçəndən sonra, saat 3 radələrində düşərgəyə acı xəbər çatdırılır ki, gözləməyin, bu gün səhər 7-də içərisində Seyid Cəfərin, Qulam Yəhya Daneşyanın (1906-1986) və polkovnik Nuru Quliyevin olduğu, sürücü Qarnik Melikyanın idarə etdiyi avtomobil qəzaya uğrayıb, hamısı yaralıdır, onları gətirib Gəncə xəstəxanasında yerləşdiriblər.
Gedirlər, görürlər ki, ən ağır yaralanıb ən çox qan itirən, vəziyyəti də kritik olan maşında qabaqda, sürücünün yanında əyləşmiş Pişəvəridir, Daneşyanın döş qəfəsi ilə qabırğası zədələnib, Quliyevin ayağı əzilib.
Qəzadan burnu belə qanamadan, tam sağ-salamat çıxan elə bircə erməni sürücü olur.
Təəccüb oyadan və şübhə yaradan ilk əlamət bu idi ki, adətən avtomobilində arxada, sağ tərəfdə əyləşən Pişəvəriyə guya hörmət əlaməti olaraq Quliyev təklif edibmiş ki, qabaqda otursun.
Qəzanın səbəbi belə izah edilir ki, sən demə, sərnişinlərin üçü də yatıbmış, sürücünü də yuxu tutub, maşın o səbəbdən qəzaya uğrayıb, yoldakı beton dirəyə çırpılıb.
Yaxşı, sürücü yuxulamışdısa, bəs niyə beton dirəyə çırpılan düppədüz Pişəvəri səmti olmuşdu - nə bir az o yana, nə bir az bu yana?!
Bütün nişanələr bu qəzanın və bu ölümün ölçülü-biçili bir sui-qəsd olması fərziyyələrinə yönəldir.
Necə olur ki, sərnişinlərin üçü də birdən yuxulayır? Bəlkə onların yuxulamasına kömək edilib?
Nə təhər olur ki, vəzifəsi elə Pişəvəriyə nəzarət və onu qorumaq olan Quliyev bu qəzanın baş verməməsi üçün görməli olduğu işləri görmür?
Bəs bu necə olur ki, erməni sürücü də maşındakılara qoşulub yatır və hətta bu təhər olarsa belə, onu dümsükləyib oyatmaq, Pişəvərini hifz eləmək əsas vəzifəsi olan Quliyevdən niyə heç bir səs çıxmır, heç bir hərəkət olmur?
Bu sualların hamısının cavabı indiyədək açıqdır, müəmmalı qətl mübhəmliyində qalmaqdadır və ən başlıca sual da budur ki, bu maşında Pişəvərini qorumaqçün oturmuş Nuru Quliyev doğrudanmı onu qoruyurmuş, ya bu, onun yerinə yetirilməsində bilavasitə iştirakçı və koordinator olduğu qurulu ssenariymiş?
Pişəvəri yaralı halda bir neçə saat Yexlax yolunda qalmışdı, onları Gəncəyə çatdırandan sonra da yerli həkimlərə nəsə etməyə icazə verməmişdilər ki, yoldaş Bağırov Bakıdan cərrahlar dəstəsi göndərir, Pişəvərini yalnız onlar əməliyyat edə bilərlər. Bakıdan həkim briqadasının Gəncəyə varid olması da əlavə 6-7 saat sürmüşdü.
Və bu gələnlər killerlərin qurbanlarına çaxdığı axırıncı əminlik gülləsi kimi olmuşdu. Beton dirəyə çırpılan avtomobillə edilməli olanın qalanını da Bakıdan gələn cərrahlar tamamlamışdı. Pişəvəri elə əməliyyat masasında keçinmişdi.
Artıq Seyid Cəfərin cəsədini Bakıya gətiriləndən 2 gün sonra görən, Pişəvərinin ən sadiq silahdaşlarından olmuş, Cənubi Azərbaycan Milli Hökumətinin baş nazir müavini və Təbriz Universitetinin rektoru işləmiş doktor Nüsrətulla Cahanşahlı (1913-2012) sonralar təsdiqləyirmiş ki, "Mən cənazəyə baxan kimi zəhərlənmə əlamətlərini müşahidə etdim. Çünki Pişəvərinin bütün bədəni şişmişdi və yalnız iki kiçik yara, biri üzünün sağ hissəsində, digəri isə boynunda (çiyinə yaxın hissədə) müşahidə olunurdu. Mən təəccüblənib Atakişiyevə dedim: "Yoldaş general, bu iki kiçik yara adamı öldürməz ki..." O, polis baxışlarına bənzər dərin, mənalı və nəsihətamiz nəzərlərini mənə zillədi və dedi: "Yoldaş həkim! Siz onunla Rza şah zindanında olubsunuz. Bilirsiniz ki, o, illərlə orada çox çətinliklərlə yaşayıb. Bu hadisədə onun xəstə ürəyi, təəssüf ki, tab gətirməyib, keçinib. Onun həyata qaytarılması üçün əllərindən gələni əsirgəməyiblər".
Amma tarixdə bu həyəcanlı səs də qalır. Mircəfər Bağırovun 1956-cı ildəki çox sirlərin üstündən pərdələri çəkən məhkəməsində Yevlaxın ozamankı DTK təmsilçisi Lətif Salayev ifadəsində bildirmişdi ki, Pişəvərinin ölümü təsadüfi qəza yox, planlaşdırılmış qəsddir.
Düyünlü suallar indi, üstündən 80 ilə yaxın zaman ötərkən məni, müasirləri fikrə daldırdığı kimi, hələ yaddaş təzəykən, Pişəvərinin həlak olmasından 15-16 il keçərkən də çoxlarını, elə o sıradan artıq təqaüdçü olan Məmmədhüseyn Əsədovu da düşündürmüşdü.
"1947-ci ilin yayında Azərbaycan demokratlarının rəhbəri, 1925-ci ildən, eyni işlə məşğul olduğumuz vaxtlardan (1924-1927-ci illərdə Məmmədhüseyn Əsədov Ağdam İnformasiya məntəqəsində müvəkkil köməkçisi vəzifəsində idi. Görən, bu dövrdə Pişəvəri ilə iş münasibətləri nədən ibarətmiş? - R.H.) dostluq etdiyim Pişəvəri Azərbaycan demokratlarının yerləşdiyi rayonlara səfərə gedirmiş. Yeri gəlmişkən, onu Nuru Quliyev müşayiət edirmiş. Quliyevin lazımınca diqqət göstərməməsi, yaxud təqsiri üzündən avtomobil qəzası baş verir və Pişəvəri həlak olur. Quliyev özü də zədələnir, amma onlarçün hər şey yaxşı qurtarır".
Bu sözləri Məmmədhüseyn Əsədov kimsənin oxuması üçün deyil, elə ürəyini boşaltmaqdan ötrü yazırdı. Təcrübəli çekist kimi hətta özü ilə danışanda da konspirasiyaya riayət etməsi ilk gəncliyindən bağlı olduğu peşəsinin onun iliyinə qədər işlədiyi keyfiyyət idi. Ancaq bir peşəkar kimi hər halda açıqca anladır ki, vəzifəsi Pişəvərini qorumaq olan çekist bu vəzifəni yerinə yetirməyib.
Bunun Moskvadan gələn məxfi tapşırıq olması heç də kənara qoyulası güman sayılmamalıdır.
Pişəvəri o qəza olmasa da, ehtimal ki, bir başqa təsadüflə, yaxud elə təbii ölüm kimi qəbul edilə biləcək bir gedişlə 3 ay tez, 5 ay gec həyata vida etməli idi. O, sovet dövlətinin xarici siyasətindəki elə sirlərdən hali idi ki, bildikləri onu çox təhlükəli edirdi. Dilini saxlaya bilməyərək söyləyəcəyi hansısa artıq sözün aləmi bir-birinə vuracağı şəksiz idi.
Yanındakı daimi əlavə - təhlükəsizlik polkovniki Nuri Quliyev də ən əvvəl məhz buna görə Pişəvəriyə yapışıb qalmışdı. Ona həvalə edilmiş başlıca vəzifə Pişəvərinin özünü qorumaq yox, sovet dövlətinin Şərq siyasətini Pişəvərinin cızığından çıxa biləcək müəyyən mülahizələrindən, həqiqətləri qədərindən artıq açan siyasi söhbətlərindən mühafizə etmək idi.
Canilər aləminin soyuqqanlı həyasızlıqla ifadə edilmiş "Şahid var, problem var, adam yoxdur, problem də yoxdur" sözlərinin sovetin təbiətinə nə qədər uyğun olmasını yox etdiyi adamların qəmli siyahısı əyani olaraq göstərməkdədir. Odur ki, adamı tərpənişindən tanıyan Məmmədhüseyn Əsədov hələ 1966-cı ildə Pişəvəri qəziyyəsindən bəhs edərkən belə yazırdısa, demək, o da haqlı idi, biz də haqsız deyilik: "Tezliklə Quliyevi cinayət məsuliyyətinə cəlb etməkdənsə, ona daha yüksək vəzifə verildi. O, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini təyin edildi. 1948-ci ilin aprelində Nuru Quliyevin yanında mən ehtiyatsızlıq edərək öz rəyimi bildirdim ki, bizim səhvlərimiz üzündən İrandakı demokratik hərəkat məğlubiyyətə uğradı, çoxlu sayda fəal, sədaqətli insanlar həlak oldu. Quliyev o saat mənim söylədiklərimi Bağırov işinə görə sonralar həbs edilən DTK-nın sədr müavini Atakişiyevə çatdırdı, o da ertəsi günü məni yanına çağıraraq söyüşlər yağdırdı, dərhal da işdən çıxarılmağım barədə əmr verdi".
Şübhəsiz ki, Əsədov təcrübəli siyasət adamı və peşəkar çekist kimi İrandakı Azərbaycan demokratik hərəkatının belə faciəli sonluqla üzləşməsində, Milli Hökumətin çökməsində, sovetin güneylilərin arxasında dayanmaqdan imtina etməsində ABŞ amilinin həlledici olduğundan bixəbər deyildi və bunu bilə-bilə yenə də dönə-dönə bizim tərəfin oüzdəkilər üçün yeni fəaliyyət xətləri müəyyənləşdirərkən kobud səhvlərə yol verdiyini qabardırsa, bu da diqqətsiz buraxılmamalıdır. Axı o, hadisələrin içərisində olmuş, həmin tapşırıqları Mərkəzdən alaraq icraya ötürənlərin ilkinlərindən olmuşdu. Cərəyan edən həyata və hadisələrə baxırmış, gələn tapşırıqlarla tutuşdururmuş, uyğunsuzluqları, xətaları görürmüş, dinə bilmirmiş. Görünür, elə düz də edirmiş. Təsəvvür edin, hər şey bitəndən sonra ağızucu, üstüörtülü, heç bir təfərrüata toxunmadan, elə bircə kəlmə səhvlərin olduğunu dilinə gətirməsinə görə cəzasını yubatmırdılarsa, bu da onun sübutudur ki, söz yandırırmış, deməli, Əsədov belə deyəndə söhbətin hansı qüsurlardan getdiyini onlar özləri də bilirmişlər.
Beləcə, Güney məsələsi onun həyatında daha bir həlledici izini qoyur. İşdən kənarlaşdırılır - maaşa baxan adam, ailəsi böyük, külfəti dolandırmaqçün heç bir imkanı yox, neyləsin? Götürüb Moskvaya, Baş İdarəyə məktub yazır, xidmətlərini sadalayır və onlar buradaklardan daha insaflı çıxaraq köməyi əsirgəmirlər: "Böyük ailənin yükü çiyinlərimdə idi, ailəni yaşatmaqçün heç bir imkanım, vəsaitim yoxdu, aylarla işsiz qaldım. Nəhayət, Moskvaya müraciət etdim, mənə təqaüd kəsdilər ki, indiyədək də onu alıram. Bağırov, Atakişiyev və digərləri ifşa ediləndən sonra Quliyev də işdən getməyə məcbur oldu. Uzun illər onlar kölgədə qala bilmişdilər".
Kölgəyə çəkilmək iki cür olur. Bir var çəkilib o kölgədə gizlənirsən, bəd əməllərin də həmin alatoranda ört-basdır olur, bir də var hər cəhətdən parlaq, dəyərli olduğun halda səni kölgəyə doğru itələyirlər ki, qaranlıqda işığın itsin, solğunlaşsın, görünməzləşsin.
Dünəni yaxşı görməkçün gərək o kölgədən də, bu kölgədən də qurtulaq.
Elə ömrün sonlarına doğru çekist Məmmədhüseyn Əsədovun günlərin birində qələm-kağıza sarılaraq ömrün o başındakılar barədə yaddaşında qalanları kağıza köçürməsi, gec də olsa yolun bitəcəyindən ömrün əvvəlini bir daha seyr etmək istəyi tündləşmiş kölgələri dağıtmaq cəhdi idi.
8 may 2025


