Icma.az
close
up
RU
ÜZDƏN GÖRÜNMƏYƏN GÖRÜLMƏLİNİ GÖRƏ BİLMƏK İSTEDADI Rafael Hüseynov yazır

ÜZDƏN GÖRÜNMƏYƏN GÖRÜLMƏLİNİ GÖRƏ BİLMƏK İSTEDADI Rafael Hüseynov yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Rafael HÜSEYNOV
Akademik

Gündəlik həyatdan hər kəsə bəlli olan yaxındangörmə və uzaqdangörmə var ki, söz kimi səslənişləri qulağayatım olsa da, heç biri fərli, kiməsə arzulanası cəhət deyil. İkisi də gözlərin zəif görməsinin əlamətidir ki, birində mənfi, digərində müsbət ölçülü gözlüklərə ehtiyac yaranır.

Amma mən deməsəm də, hamıya onsuz da bəllidir ki, eşidilişcə bunlara bənzəyən, amma mahiyyətcə tam fərqli dərindəngörmə, ya dərinigörmə deyilən bir ayrı göz keyfiyyəti də var. O iki əvvəlki hər adamda olmadığı kimi, bu sonuncu da hər yetəndə rast gəlinmir, həm də obirilərə nisbətən bu, lap az rastgəlinəndir. O iki əvvəl sadaladığım göz fərqliliyini hiss edəndə gərək həkim yanına gedəsən ki, müayinə edərək sənə müvafiq şüşələrdən ötrü nüsxə yazsın. Çünki həm uzaqdan, həm yaxındangörmənin çarəsi keçmişlərdən bəri gözlükdür, bir də yeni əyyamlarda ortaya çıxmış linzalar.

Adama az-çox əziyyət verən uzaqdan və yaxındangörməylə müqayisədə dərindəngörmə, ya dərinigörmə məziyyət olsa da, onlar kimi, bunda da görməni sərrastlaşdıran gözlüyə, yaxud çeşməyə və ya eynəyə, lap istəyirsiniz "oçki" deyin (elə bu söz də bizimkidir, türkünküdür), ehtiyac var. Ancaq birinci halda sənin dərdinə çarəni istənilən göz həkimi qıla bilsə də, bu birində əlac daha yuxarılardadır. Gərək dərindəngörmə və ya dərinigörmə gözlüyünü sənə İlahi Özü yazmış ola. Özü də daha nüsxə kimi deyil, alın yazısı olaraq.

Mənə çox əziz, çox doğma, həm də ruhən çox yaxın olan Nazim İmanov bəxtinə Pərvərdigarın dərindəngörmə, ya dərinigörmə gözlüyü yazdığı azlardandır. Bu iki kəlmədən birini qırağa qoymayaraq balaca yazı içərisində hər dəfə çox təkrarlamağımı söz israfçılığı saymayın. Çünki onları bir-birinin tam əvəzedicisi kimi qəbul edə bilmirəm, aralarındakı elə səslənişlərindəki kimi xəfif görünə bilən fərqliliyin, əslində, sən deyən, cüzi olmadığını da duyuram. Dərinliklə bağlı hər mətləbdə ən xırdaca görünə biləcək fərq də mahiyyətlə birbaşa əlaqədar olduğundan əsla kiçik, ya az əhəmiyyətli hesab edilməməlidir.

Dərindəngörmə, ya dərinigörmə istedadın çeşidlərindən olan qabiliyyətlərdəndir. İstedadsa insanın oxumaqla, çalışmaqla qazanacağı bacarıq olmadığından müdrik dilimiz ona ərəbin "istedad"ından, yunanın və geniş mənada Qərbin "talant"ından daha sərrast və doğru olaraq "vergi" deyib. Səma elçilərinə vəhyi, böyük şairlərə ilhamı göndərən Tanrı ayrı-ayrı seçilmişlərə də vergini bağışlayır.

Dərindəngörmə, ya üzdən hər kəsin gördüklərindən daha çox görməyə qadir olaraq alt qatlara nüfuz etmək üstünlüyünün təsdiqi olan dərinigörmə kimdə varsa, elə ağzını açıb kəlmə kəsincə onun özü də görünür. Gendən baxan etiraf etsə də, etməsə də, hər halda anlayır ki, belə baxıb belə görən və bu cür deyən adam sıradan olan adamlardan, əlbəttə ki, daha ucadadır.

Nazim hansı sahədə çalışır-çalışsın, həmin səmtdə hökmən uğura sahib olacaqdı. Xoşbəxtlikdən özünüifadə meydanı olaraq Nazim iqtisadiyyatı seçib. Niyə vurğulayıram ki, "xoşbəxtlikdən"?

Biz qısa zaman kəsiyində əslində olduğundan ikiqat-üçqat uzun yaşamış və görmüş insanlarıq.

Ayrı bir əsrdə doğulub böyüdük, sosialist mühitində və onun təklif etdiyi şərtlər çərçivəsində yetişdik. O mühit içərisində tərbiyələnərək, təhsillənərək büsbütün yeni ictimai-siyasi tarix layında müvazinətini itirmədən yaşaya, irəliləyə, üstəlik gələcəyə doğru necə getməkçün düsturlar təqdim edə bilməkçün gərək elə həmin köhnə dövrün içində müəyyən qədər başqacürdüşünən, başqacürgörən olmalı idin.

Nazim iqtisadçı olmağı qət etmişdi, sovet təhsil şəbəkəsində oxumuşdu, elmə də elə o dövrdə gəldi. Əgər o, cızığından çıxan, fərqli görən, dərinlərdəki daha düzgün gerçəkləri sezəbilən olmasaydı, sovet ali məktəbləri və araşdırma institutlarının bir çox sabiq ateizm, elmi kommunizm, Sovet İttifaqı Kommunist Partiyası tarixi müəllimləri və tədqiqatçıları kimi yeni dövr içində qərib olardı.

Ancaq dərinləri və dərindən görməyə qadir, fərqli deməyə qabil Nazim İmanov elə həmin köhnə dövrün içində də təzəçi idi.

Azərbaycan Milli Elmlər Akademiyasında indi direktoru olduğu İqtisadiyyat İnstitutunun dissertantıykən 1982-ci ildə yazdığı namizədlik dissertasiyası və sonra kitablaşmış ilk müstəqil irihəcmli araşdırması - "Təbiətdən istifadə sferasının iqtisadi münasibətləri" adlı əsəri bir çox yanaşmalarının sadəcə yeniliyi ilə yox, həm də qəfilliyi ilə seçilirdi.

Həmin kitabın 1987-ci ildə, cəmiyyət həyatında köklü dəyişmələrin baş verdiyi, yeni baxışlara meydan açıldığı bir zamanda nəşr edilməsi, əsərin o çağın nüfuzlu Lenin komsomolu mükafatına layiq görülməsi özü bir uğur, səviyyə göstəricisi olmaqdan əlavə həm də çox cəhətdən simptomatik idi. Artıq sovet sistemi çöküş astanasına yetişmişdi, cəmiyyət yeni vaxtın indiyədək olanlara bənzəməyən inqilabına hamilə idi. Yeni zamanı gətirənsə yalnız SSRİ-nin müxtəlif yerlərindəki get-gedə kütləviləşən, axınlaşan, selləşən mitinq dalğalarında hayqırılan şüarlardan daha öncə yeni təfəkkürün daşıyıcısı olan belə əsərlərdi.

Azərbaycanın yeni və yenilikçi iqtisad elminin saf havasını elə başlanğıc tədqiqatlarından nümayiş etdirmiş Nazim İmanov artıq Moskva İctimai Elmlər Akademiyasının doktorantı kimi yazdığı dissertasiyasında yıpranmış, qaxsımış, həyatın yeni sürətləri və tələbləri ilə tən gəlməyən marksizmin ayələşdirilmiş hökmləri ilə əks gedən mülahizələrini ictimailəşdirdi.

Doktor Marksın ehkamlaşdırılmış əmək dəyər nəzəriyyəsinin çatışmazlıqlarla dolu olub təkmilləşdirilməsinin labüdləşdiyini, bu nəzəri ülgünün cilalanmasının, yeni qan verilərək təzə çağlara uyğunlaşdırılmasının qaçılmaz olduğunu gənc asi-iqtisadçı alim tutarlı elmi dəlil və mülahizələrlə bəyan etdi.

Dibi görməsəydi, gördüyünü göstərmək gücü olmasaydı, o da cavanlığına baxmayaraq, elə köhnə zamanın nimdaşlaşmış iqtisadçı alimləri cərgəsində qalardı.

Yeni dövrsə həm özü gəlirdi, həm də onu əl altından, elin vasitəsilə dayandırılabilməz sel kimi gətirməkçün tədarüklər edilirdi.

Yeni çağ Nazimləri umurdu. Elə qəliblərəsığmazlığı, başqa cür görə, yaza, deyə bilməsi onu güclənən milli hərəkata gətirdi, sonra yolu müstəqilliyini yenicə qazanmış Azərbaycanın ilk Milli Məclisindən keçdi.

Dərindən və dərinləri görmək özəlliyi orada da bir başqa şəkildə bəhrəsini verdi. Söz yox, parlament fəaliyyətinin tələb etdiyi əsas işləri yerinə yetirirdi, iqtisadi qanunvericilik sahəsində göstərə biləcəyi peşəkar xidmətini edirdi, amma ovaxtkı və həmin dövrdən sonrakı yüzlərlə başqa deputatdan fərqli olaraq, Nazimin həm də dərinləri və dərindən görə bilən gözləri vardı!

Millət vəkilliyi dövründəki incə müşahidələrinin bəhrəsi olaraq "Milli Məclisin ağlamalı gülməcələri" adlı kitabı yarandı. Əslində bu, bir tarixi lətifələr kitabıdır ki, Molla Nəsrəddinvari, Bəhlul Danəndəsayağı itisözlülük və itigörməkliklə bəlli bir tarixi kəsimin siyasi-bədii mənzərəsini əks etdirir. Bu məzəli (amma bir az da qüssəli) palitrada oçağkı siyasi mühitimizin elə ibrətli görüntüsü var ki, o dövr, o hadisələr, o adamlar haqqında daha ciddi təhlillərlə nəsə yazsan, kimlərsə bərk inciyər, hətta səni hoydu-hoyduya götürər. Bu kitabdasa həm gerçək mənzərə var, həm də lap o hadisələrin "qəhrəmanları", ya onlara simsar olanlar da mətləbin dərinliyini, daşların hansı bostanlara atıldığını görə-görə, bilə-bilə gülüb keçirlər.

Nazim elə həyatda da belədir. Başverənlərə, yan-yörəsinə həmişə təbəssümlə, hərdən bir az ironik baxır. Yəni bu da Nazimin daha dərindəkini sezib mənalandırma qabiliyyətinin bir başqa təzahürüdür. Bu minvalla yaşamaq da asanlaşır, çevrənlə daha yumşaq tərzdə ünsiyyət qura bilirsən.

Gələcək haqqında düşünmək və mülahizələr yürütmək tarixin bütün dönəmlərində və dünyanın hər yerində insanla olub. Bu gün də elədir, sabah da həmin cür qalacaq - bəşər övladının mayası belə yoğrulub. Əlbəttə ki, Allahın da xoşuna gəlməyən falçılıqdan fərqli olaraq, elmə söykənən, təhlillərdən, tutuşdurmalardan qaynaqlanan sabahıgörmənin həmişə yalnız hansı nəticəni vəd etməsi deyil, o nəticəni irəlicədən necə görə bilməsi də cəzb edir.

Nazim iqtisadiyyat alimidir və onun araşdırıcılığa başladığı ilk vaxtlardan başlıca səmti gələcəyə sarı olub. Keçmişlə indinin iqtisadi baxımdan seyri onunçün həmişə ilk növbədə gələcəkdən doğru, yaxud azı doğruya yaxın xəbər verə bilməkdən ötrü gərəkdir.

İmanovun iqtisadi gələcək və iqtisadi təməllər üzərində dikələcək cəmiyyətin sabahı haqqında qənaətlərinə iman gətirməyin və inanmağın yeri var. Səbəb heç də təkcə onun təqdimatlarındakı dərin məntiqlilik, elə baxan kimi dəqiq hesablamalar və tutuşdurmalara arxalanmış olmasının hiss edilməsi deyil. Söz yox, bunların da əhəmiyyətli təsiri var. Ancaq insan daha sadə olana, daha göz önündəkinə daha tez inanır. Ən əyani olan və ən rahat inandıra bilənsə təcrübədir. Əgər Nazim indi 15 il sonra barədə "belə olacaq" deyirsə, həmin ehtimalın gerçəklik dərəcəsini yoxlamaqdan ötrü alimin 15 il qabaq 15 il sonra ola biləcəklər haqda "mümkündür ki, belə olsun" yox, əminliklə "belə olacaq" yazdığı və artıq yerini tutmuş öncəgörümləri var.

2006-cı ildə nəşr edilmiş "Azərbaycanın reytinqi - beynəlxalq müqayisəli tədqiqlərdə" adlı monoqrafiyasında Nazim Müzəffərli o çağlarda artıq aşağı-yuxarı 15 il ərzində Azərbaycanın 20 faizə qədər ərazisini zəbt edərək oralarda özünü vəziyyətin tam ixtiyarlı sahibi kimi təsəvvür edən və yekəxana arxayınlıqla Dağlıq Qarabağın siyasi və iqtisadi müstəqilliyindən dəm vuran erməniçiliyə onlardan da artıq təmkinli arxayınlıqla "Mümkün deyil! Olmaz!" söyləyirdi və onun alimanə soyuqqanlılıq yağan bu sözləri həmin deyişin elmi əsaslandırmasına əməlli-başlı fikir veriləcək olarsa, gərək qarşı tərəfi həm üşəndirəydi, həm diksindirəydi.  Çünki bu bir siyasətçi, ya siyasətşünasın, bir hərbçi, ya qisas atəşi ilə içəridən yanan vətənpərvərin daha çox arzu, niyyət biçimli sözü deyil, mülahizələrində həmişə siyasətdən daha riyazi yan-yanaqoymalara və cəmiyyətin inkişafının sabit qanunauyğunluqlarına arxalanan iqtisadçı alimin hökmü idi!

"Azərbaycanın tərkibində qalmamaq istəyini əsaslandırarkən Dağlıq Qarabağın erməni icması vaxtaşırı bəyan edir ki, o, siyasi və iqtisadi cəhətdən daha azad olan bir ölkədə yaşamağı üstün tutur. Bu, sözsüz ki, uydurma arqumentdir. Çünki həmsərhəd ərazilərdə məskunlaşan insan qrupları qəbul edilmiş dövlət sərhədlərini öz niyyətlərini necə əsaslandırmalarından asılı olmayaraq könülləri istəyən kimi dəyişə bilməzlər".

Məhz Azərbaycan timsalındakı bu düşüncəsində Nazim Müzəffərli  niyə haqlı idi? Çünki 500 səhifəyə çatan əsərini başdan-başa dünyanın iqtisadi-sosial-siyasi gedişatı və ekonomik qalxınma templəri ilə Azərbaycanın müqayisəsinə həsr etmişdi və həmin 2x2 incəlikli və dəqiqlikli tutuşdurmalar da beynəlxalq müstəvidə davam edən şiddətli siyasi diskussiyalar, fərqli yanaşmalar, ehtiraslı rəylər tünlüyündə Azərbaycanın ictimai inkişafdakı çeşidli istiqamətlərdə reytinqinin digər bir çox ölkələrə nisbətən nə qədər sürətlə artdığının şəkkə yer qoymayan Şəkli idi.

Başqa mövqe ifadə edən siyasətçiylə bəs deyincə çənə-boğaz edib onun gətirdiyi silsilə dəlillərə rəğmən yenə öz tutduğundan bərk-bərk yapışıb əvvəlki fikrində qala bilərsən. Ancaq dünyanın onlarca ölkəsi ilə iri bir vaxt kəsiyində rəqəmlərin sərt dili və diaqramların, cədvəllərin güzəştsiz bələdçiliyi ilə aparılmış müqayisələrin yekunu həqiqətin nədən ibarət olduğunu sənə inkaredilməz tərzdə  göstərirsə və cığallığa heç bir əlyeri qoymursa, nəticəylə barışmaqdan savayı nə yolun qalacaq ki!

Hər bir oxucusuna axarında olduğu siyasi və iqtisadi gerçəkliyi olduğu kimi görüb anlamaqda yardımçı olmaqdan özgə, həm də istər Azərbaycan hökumətinə, istər beynəlxalq qurumlara, istərsə də mütəmadi reytinq araşdırmaları aparan şirkətlərə qiymətli tövsiyyələr, yolgöstərmələr, tədqiqat ülgüləri verən o boyda kitabı Nazim Müzəffərli sanki bircə bu cümləni asudə alim inamlılığı ilə dilə gətirə bilməkçün yazıbmış: "Ölkənin siyasi, iqtisadi və humanitar yüksəlişinin bütöv təbəqələr olaraq başqa dövlətlərlə müqayisə edilməsi daha ümumi səciyyəli vəzifələrin ardıcıllıq həddini müəyyənləşdirməyə imkan yaradır və Azərbaycanda ictimai həyatın müxtəlif sahələrində tutuşdurmalarla aparılan belə təhlil o nəticəyə gəlməyə əsas verir ki, iqtisadi tərəqqi burada nəzərəçarpacaq dərəcədə siyasi demokratikləşməni üstələyir".

Azərbaycanın ictimai varlığının dərinlərini görməyə qadir olan və ömrünün onillərini sevərək bu araşdırmalara həsr edən Nazim İmanov dövlətini və xalqını layiq olduğu xoşbəxtliyin içərisində görmək kimi təbii arzusunu ifadə edərkən də alimliyində qalır - sadəcə arzulamır, həmin diləyin mümkün düsturunu da nişan verir: "Uzunmüddətli üfüqdə dövlətin siyasi və iqtisadi inkişaf istiqamətləri bir-birilə müstəqim olaraq əlaqələnir və biri digərini qarşılıqlı şəkildə şərtləndirir. Fəqət bu, əlbəttə, heç də o anlama gəlmir ki, dinamik şəkildə artan iqtisadi potensial haçansa siyasi sistemin də təkmilləşməsinə gətirib çıxaracaqdır. Azərbaycan cəmiyyətinin ictimai-siyasi həyatında demokratik təmayüllərin qüvvətlənməsi indiki vaxtda birinci dərəcəli milli prioritetlər cərgəsindədir".

Bu, cəmiyyət həyatının dərinlərini dərindən görmək səriştəli yorulmaz alimimiz Nazim İmanovun millətinin və dövlətinin ömründə bərqərar olmasını umduğu rifah, fərəh, bəxtiyarlıq çeşnisidir. Xalı Vətənin daha artıq təntənələrini diləyir və daim mütənasib olmasını istəyiriksə, gərək hər yeni günümüzü və bütün gələcəyimizi biri əriş, biri arğac olan siyasətimiz və iqtisadiyyatımızın ahəngdar qovuşuğunda irəlilədək!..

...2020-ci ilin noyabrında Azərbaycan bütün tarixinin ən şərəfli nailiyyətinə imza atdı - Qarabağ Zəfərimizi qazandıq.

Birmənalı həqiqətdir və sabahın hündürlüklərindən bu, daha aydın görünəcək ki, milləti məsud edən o Qələbənin Baş Memarı və Baş İş İcraçısı Prezident İlham Əliyevdir.

Ancaq unudulmasın ki, həmin Zəfər heç də sırf 44 günlük döyüşlərin nəticəsində çatılmış Zirvə deyildir.

Bu, məşəqqətli, mübarizəli, ağılla, ciddi hazırlıqlarla keçilmiş uzun yolun məntiqi və bəxtiyar yekunudur.

Həmin zirvəyə aparan yolda başda dövlət rəhbəri olmaqla onlarla və yüzlərlə bilgin, səriştəli, barışmaz və mübariz, böyük məqsədlərə köklənmiş insanımızın hər birinin öz sahəsində illərcə əsgər kimi çalışması, qələbə təməlləri yaratmaq səyləri də var ki, ZƏFƏR SALNAMƏSİ bütün yönləriylə qələmə alınanda o qafilədə professor Nazim İmanovun da adı gərək mütləq xatırlana.

2010-cu ildə 2020-ci ilin noyabrı hələ təsəvvüredilməyəcək qədər uzaq idi. Ancaq həmin ildə işıq üzü görmüş "Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar" kitabının cildində müəllif olaraq Nazim İmanovun da adı var.

Nazim İmanovun (və Müzəffərlinin) Qarabağ Müzəffərliyimizdən xeyli illər öncə ictimailəşmiş, ölkə xaricində də təqdim olunaraq dünyaya çatdırılmış -  münaqişədən sonrakı ərazilərdə möhtəşəm quruculuq haqqındakı mükəmməl  tədqiqləri həm də fəlsəfəsi etibarı ilə önəmli siyasi bəyanat idi - düşmənin zəbt etdiyi ərazilərdə oraları əbədiyyən tərk etməyəcəyi inamı ilə istehkamlar qurduğu (həmin istehkamlar və qurğularınsa öz xarakterinə görə işğalçının oraları uzun müddət və ya ümumən, daha heç vaxt tərk etməmək niyyətinin ifadəsi olduğunu 2025-ci il mayın 21-də İrəvana səfəri əsnasında, söylədikləri istənilən başqasının deyəcəyindən daha inanılası olan, hadisələrin içərisindəki məsul şəxs, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov verdiyi mətbuat konfransında açıq bildirmişdir: https://www.youtube.com/watch?v=P7juyJk5y4I), işğal sahəsini bir az da genişləndirmək hədələrini dövlət səviyyəsində hikkə ilə dilə gətirdiyi, münaqişəni həll etmək vəzifəli və səlahiyyətli beynəlxalq təşkilatların, oralarda təmsil olunan böyük güclərin düyünün açılmasında əsla maraqlı olmadığı çağlarda Nazim İmanovun o kitabı, həmin istiqamətdə davam edən tədqiqləri arxayın əminliklə artıq azad edilmiş (!) ərazilərdəki quruculuğun nə sayaq aparılacağının dərin elmi təhlillərlə ümidləndirici, ilhamlandırıcı, inandırıcı layihələrini cızırdı.

Bu, böyük ölçüdə elmə də, xalqa da, siyasi mühitə də ismarış idi ki, biz - elmimiz də, xalqımız da, dövlətimiz də ən yaxın qələbəmizə qətiyyətlə inanırıq, ona görə də sabaha baxır, indidən zəfər ərazilərində quruculuğun elmi əsaslarını hazırlayırıq.

Bu əsərdə bir tərəfdən Nazimin elmi bəsirətliliyi əyan idisə, digər tərəfdən onun siyasi dərindəngörmə və dərinləri görməsi aşkardı.

Belə ruhverici çalışmalar həm qələbə müjdəçisi oldu, həm də qələbəni gətirən amillər cərgəsində danılmaz yerini tutdu.

Amma əlbəttə ki, daha üstdə dayanan Nazimə və məsləkdaşlarına bu qəbil araşdırmaları aparmağa söz edən, belə kitab yaratmağa qanadlandıran sarsılmaz inam idi. Özü də təsdiq edirdi: "Aydındır ki, yalnız işğal bitdikdən sonra bu torpaqları sözün müstəqim mənasında post-konflikt ərazilər, onların bərpasını isə konfliktsonrası reabilitasiya adlandırmaq mümkün olacaqdır.

...Lakin biz tam və səmimiyyətlə inanırıq ki, Azərbaycan gec-tez bütün işğal olunmuş ərazilərini azad edəcək və onların gələcək bərpasına artıq bu gündən hazırlaşmalıdır. Konfliktsonrası reabilitasiyanın konseptual əsasları üzərində həvəslə çalışmağa da bizi məhz bu sonsuz inam ruhlandırdı".

Nazim İmanovun gələcəyə yönəlik həmin düşüncələri çox keçmədən onun yönəldiciliyi ilə qaynar və səmərəli fəaliyyət göstərən Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaranmasına gətirib çıxardı.

Nazim İmanovun rəhbərliyi ilə aparılan və başlanma müddəti nəzərə alınarsa, vaxtı qabaqlamış bu qəbil araşdırmalar yaşanan əsrin üçüncü onilinin ortalarında, əlbəttə ki, əvvəlkindən qat-qat intensiv davam edirkən, həmin tədqiqləri yüksək dəyərləndirən dövlət başçısı daha da sürətli çalışmalara səsləyirsə, bu, əslində çəkilən zəhmətə verilən ən ali tərif və qiymətdir ki, var. Amma diqqətəlayiq olan ayrı bir mühüm məqamı da gərək yazım qalsın - çünki bu da həm müasir tariximizin parlaq bir epizodudur, həm də çağdaş Azərbaycanın quruculuq gerçəkliyindəki sərrast rəmzi örnəkdir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik illərinin ən seçkin liderlik göstəricilərindən ikisi sadəcə heyranlıq deyil, heyrətlər doğurandır - miqyaslar və sürət! Bu müstəsna üslub azad Qarabağın quruculuğunda da bütün qabarıqlığı ilə duyulmaqda və görünməkdədir.

Qarabağa növbəti gedişlərindən birində Prezident İlham Əliyev yaraları sağaldılan, dirçəldilən, qurulub-tikilən yurdlarımızla bağlı iqtisadi təhlil və layihələrin bir az da intensiv davam etdirilməsindən söz açanda müşayiətçilərin arasında olan Nazim İmanov qayıtmışdı ki,  var gücümüzlə çalışmağına çalışırıq, amma Sizin quruculuq sürətləriniz elə böyükdür ki, çatdırmırıq. Odur ki, Sizin sürətlərə uyğunlaşmaq üçün biz daha qısadövrlü araşdırmalar aparmağı bir kənara qoyub uzun vaxt kəsiyini əhatə edən təhlillərə keçmişik.

Məhz belə!

Azad Qarabağı, çağdaş Azərbaycanı, bir vaxtlar - 1990-cı illərdə unudulmaz Heydər Əliyevin dilində hələ xoş arzu kimi səslənən "Azərbaycan dünyaya Günəş kimi doğacaqdır" sözlərini gerçəyə çevirərək sevimli Vətəni Fateh İlham Əliyev bu cür - Fövqəladə Ölçülər və Sürətlərlə qurur, həmin məramı və əzmini digərlərinə də ötürür.

Və şərəfli xəttinin, ülvi istəklərinin arzuladığı ölçülərdə və tezlikdə həyata keçirilməsindən ötrü də onun iri addımlarına uyğun çevik və dürüst hərəkət edən yol yoldaşlarına ehtiyac var!..

Görkəmli alim və dəyərli ziyalımız Nazim İmanov həmin böyük yolun ən ardıcıl yolçuları sırasındadır...

...Mən Bakı Dövlət Universitetini bitirdiyim çağlardan bəri Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlıyam və artıq yarım əsrə yaxınlaşan bu iri vaxt kəsiyində ən azı "coğrafi" səbəblər şərait yaradıb ki, Akademiyanın İqtisadiyyat İnstitutundakı heç olmazsa ilk baxışdan sezilən başlıca dəyişiklikləri izləyim.

Yolumun lap əvvəlində çalışdığım Fəlsəfə və Hüquq İnstitutu İqtisadiyyat İnstitutu ilə eyni mərtəbədə idi və illərcə hər gün gəldiyim "Şərq kitabxanası" isə lap İqtisadiyyat İnstitutunun yanında yerləşirdi.

Hərçənd indi İqtisadiyyat İnstitutu rəsmən Elm və Təhsil Nazirliyinin nəzdindədir, amma yenə əvvəlki yerində qalmaqdadır və keçmiş "Şərq kitabxanası"nda da hazırda Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun dissertasiya müdafiələri keçirilən zalı qərar tutduğundan yenə ora vaxtaşırı baş çəkəsi oluram. Odur ki, hər dəfə o tərəflərə yolum düşəndə heç qapılarını açmadan, apardıqları araşdırmalarla tanış olmadan bu institutdakı şöbələrin keçmiş onillərdəki adları ilə Nazim dövründəki adlarını tutuşdurunca yerlə göy təfavütünü mən də görürəm, mətləbdən hali hər kəs də tutar.

Elə şöbələrin adlarına baxınca bunların hər birinin çağdaş dünya iqtisad elminin və yeyin dəyişən qlobal iqtisadi gerçəkliyin ümdə çağırışlarına çevik cavablar olması anındaca sezilir.

Bu institut ənənəvi cansıxıcılığından, basmaqəlib və yalnız arxiv üçün hesablanan araşdırmaçılıq mərəzindən qurtulub. Yalnız dərindən və dərinləri deyil, uzaqları da, dünyanı, çağdaş ritmləri də ustalıqla görüb duymağı, inkişafımızla əlaqələndirməyi bacaran Nazim İmanov rəhbəri olduğu bu instituta modern bir çöhrə verməyə müvəffəq olub.

Təbii ki, adlar şərti işarələrdir. Daha qəsdim şöbə adları yox, insanlara valideynlərin qoyduğu adlardır. Adlarımız zahirən nə qədər şərti görünsə belə, hər birində sakral bir enerjinin də gizlənməsi və döyünməsini fərz etməyi bizə gözümüzün önündən keçənlər pıçıldayır. Sanki insana əsasən təsadüfən verilən hər ad vaxt ötdükcə daşıdığı mənadan asılı olaraq insanın taleyinə, məzacına, ruhuna, davranışına, kimliyinə də nəzərəçarpacaq təsir göstərməyə başlayır.

"Nazim" çoxmənalı bir sözdür və kökündə dayanan anlayış "nizam"dır.

Və həm dərin, həm iti görmək istedadı daimi müşayiətçisinə və sabit keyfiyyətinə çevrilmiş professor Nazim İmanov sahib olduğu bütün qabiliyyətləri ilə əl qoyduğu hər işdə nizamyaradan, yaxşı sahmançı olduğunu gənc çağlarından sübut edə-edə gəlməkdədir.

Qoşa familiyalı Nazimin əsas və təməl soyadı "İmanov" olduğundan və "iman" kəlməsi də çoxlu canatan mənalar daşıdığından bu yazı içində bir daha "yenə mənə qayıt!" deyir.

Məhəmməd Peyğəmbərin məşhur hədisidir ki, "Vətəni sevmək imandandır!" Səma elçisinin ümmətinə və geniş ölçüdə - insanlığa ən müdrik vəsiyyətlərindən biri. Lakin elə baş ucaldan dəyərli Vətən övladlarını sevmək, uca tutmaq da imandan sayılsa, yeri var.

Bir dəfə Azərbaycanda çalışan bir çinli xanımla söhbətimiz hərlənib-fırlanıb not əsərlərinin nəşri üzərinə gəldi. Şikayətləndim ki, ötən əsrin axırlarından etibarən ümumən kitabların, xüsusən də not əsərlərinin tirajı azala-azala gedir, indi lap kiçilib. Yaxşı ki, artıq enərək 50-100 nüsxəyə çatdığını deməyə macal tapmadım.

Xanım Li də gileyləndi ki, hə, deməyin, elə bizdə də o cürdür, qabaqlar belə əsərlərin çap sayı lap çox olardı, indi gəlib düşüb 600-700 min nüsxəyə.

Bunu elə sözgəlişi, Azərbaycanla Çinin miqyas fərqlərini qabartmaqçün yada saldım.

İqtisadiyyatdakı Çin möcüzəsinin insanları mat qoyduğu dövr artıq dünəndə qalıb. Bu misilsiz nəhəngliyi və Çinin başgicəlləndirici kosmik sürətli iqtisadi inkişaf əfsanəsini dünya danışıqsız qəbul edib.

Və iqtisadiyyatı, iqtisadçı alimləri ilə dünyaya meydan oxuyan Çinə professor Nazim İmanov da gedib çıxdı.

2016-cı ilin noyabrında Çin Xalq Respublikasında keçirilən müasir iqtisadiyyatın problemlərinə həsr edilmiş mötəbər beynəlxalq konfransda azərbaycanlı alim onlarca məruzəçidən biri idi. Lakin diqqətləri necə cəlb etdisə, iqtisadiyyatın hər dürlü gizlincindən agah çinlilər Nazim İmanovun irəliçi və dərin mülahizələrinə biganə qala bilmədilər, onu Şanxay Universiteti nəzdində fəaliyyət göstərən "Elm və ali təhsil sahəsində Beynəlxalq Konsultativ Komitə"nin baş məsləhətçisi seçdilər, fəal əməkdaşlığa dəvət etdilər.

Nazim İmanov Azərbaycan iqtisad elmində məktəblər, istiqamətlər yaratmağa müvəffəq olub. Söz yox, bir alimin məhsuldar olması, sayca çox, çəkicə ağır əsərlər yaratması vacibdir, onun tədqiqatçı sanballığından deyir. Amma bundan da mühüm olan və alimin yola çevrilməsini təsdiq edən onun yeni ocaqları yandıran qığılcımlar saça bilməsidir.

Adı dünyanın elm tarixinə həkk olunmuş böyük Lütfi Zadənin kitablarının, elmi məqalələrinin miqdarına baxsanız, nə o cildlərin qalınlığına, nə o məqalələrin çoxluğuna təəccüblənəcəksiniz. Axtarsanız, dünyada o sayda kitabı və əsəri olan yüzlərlə başqa alim adına rast gələcəksiniz. Lakin müasir elmdə Lütfi Zadə kimi ikincisini də tapmaq müşküldür ki, ayda-ildə xırdaca bir məqalə yazsın və həmin əsər çevrilib olsun meyar, model. Elə cazibəli və mükəmməl təkanverici ki, sonra onlarca başqaları bu bir neçə səhifəlik məqalədən işıq alaraq sıra-sıra kitablar da, məqalələr də yazsın.

Nazim, hər birimiz kimi, iki dissertasiya müdafiə edib. Ancaq onun, köhnə deyişlə, namizədlik və elmlər doktoru dissertasiyalarından, eləcə də digər tədqiqatlarından 20-dək dissertasiya törəyib, əsərlərindəki ideyalar yeni araşdırmaların cövhərinə dönüb.

Son kitablarından birini açıram. Bu əsər 2023-cü ildə nəşr olunub və Nazim Müzəffərlinin elmi məktəbinin ümdə istiqamətlərindən birinə həsr edilib: "Post-konflikt ərazilər: iqtisadi potensial və müqayisəli üstünlüklər". 

Nazim kitabın 6 müəllifindən biridir və həm də layihənin rəhbəridir. Zənnimcə, bu kitabda sırf özünün yazdığı fəsildən də, tək imzası ilə nəşr edilmiş digər kitablarından da bu əsər ona daha əzizdir.

Bağban üçün yalnız ağaclar becərib bağlar salmaqdan əlavə qurduğu bağları da yaşadacaq, özləri də yeni bağlar doğuracaq bağbanlar nəsli yetişdirməkdən   bəxtəvər aqibət olarmı?!  

Həyatın işini bilmək olmaz - haçansa, uzaq gələcəkdə, bir az yaşlanandan sonra əsas məşğuliyyəti yazı-pozu olan Nazimin də yaxındangörmə, yaxud uzaqdangörmə ucbatından uyğun gözlüyə ehtiyacı yarana bilər.

Ancaq bunun Nazimin içərisindəki ona fitrətdən qismət olmuş dərindəngörmə, ya dərinlərigörmə Gözlüyünə zərrəcə təsiri olmayacaq.

Yaş üstünə yaş, bilik üstünə bilik, təcrübə üstünə təcrübə gəldikcə indikindən də dərin görəcək, onun başqalarından daha dərindən və daha dərinləri görməsindən isə həmişə fayda çatacaq - ən yaxınında olanlara da, millətə də, yurda da!

25 may, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://525.az
archiveBu xəbər 29 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see174

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see139

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see125

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see119

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Çaki öldü

29 May 2025 00:07see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see114

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Kapitan klubdakı gələcəyindən danışdı

28 May 2025 18:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri