Icma.az
close
up
RU

“Gözüaçıq olmasan, görərsən ki, Sabirabadın kəndindəsən” Taksilərin poliqonu, alverçilərin düşərgəsi... REPORTAJ

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"20 Yanvar" metrosu - Bakının "underground"u. Çörəkaxtaranların izdihamı. "MALL"ların alt şüuru. Dilənçilərin miskin karnavalı. Uzaqmənzilli rayon taksilərinin poliqonu. Səyyar alverçilərin xaotik düşərgəsi...

İndi isə daha ətraflı...

Yerin altında

Qatardan düşüb metro çıxışlarının hansı küçəyə apardığını əks etdirən lövhəyə baxıram. 10-15  saniyə ərzində bir neçə adam bilmədən mənə dəyib keçdi, lakin heç kim arxasına belə baxmadı. Əslində, siz də kiməsə dəyib sonra üzr istəmək üçün arxaya baxsanız, həmin adamı tapmayacaqsınız. Çünki hamı öyrəşib, hamı tələsir, hamı fikirlidir... Bu, təkcə metrolarda belədir. Digər yerlərdə kiməsə toxunsanız, ən azından kiçik bir üzr üçün çevrilib arxaya baxacaq. Nə isə, burada bir az da qalsam, hələ çox adam dəyəcək mənə, ona görə də, eskalatora tərəf gedirəm - "Tibilisi” prospekti çıxışına.

Bəzi insanlar eskalatorda “sol tərəfi keçid üçün boş saxlamayanları” azarlaya-azarlaya, bəziləri isə xahişlə yol istəyib yanlarından sivişib keçirlər. Əslində, bu vəziyyətdə sol tərəfdə dayananları da qınamaq haqsızlıq olar. Çünki belə bir izdihamda bu qaydaya əməl etmək çox çətindir. Hələ digər eskalator işləmirsə, ümumiyyətlə, mümkün deyil. 

Evakuasiya 

Yeraltı keçiddən çıxıb pilləkənlərlə yuxarı qalxdıqca üzümə düşən işıq və qarmaşıq səslər başqa bir dünyaya zühur etdiyim hissini verir. 

"Sabirabada, Sabirabada... Saatlı... Biləsuvar..." - səsləri və "peraşki" qoxusu bu dünyanın ilk müjdəçisinə çevrilir. Taksi sürücüləri üstümə yüyürürlər:
- Saatlıya gedirsən, qaqa? 
- Xeyr, təşəkkür edirəm.
- Biləsuvara çıxıram...
- Çox sağ olun, heç yerə getmirəm.
- Gəl, bir nəfərim çatmır...

Sürücü məni israrla Biləsuvara aparmaq istəyir. Bəli, bura belədir, bir az gözüaçıq olmasan, bir də baxacaqsan, məsələn, Sabirabadın Bulduq kəndində sürücü böyrünə bir çimdik atır ki, düş, çatmışıq! Birtəhər aralarından çıxıb uzaqlaşıram.
- Saraya manatdan... Sumqayıt, Saray yolu...
- Ceyranbatan...

Bu səslər "Four Seasons" otelinin qarşısında dayanan London taksilərinin milli prototipi - manatlıq, ikimanatlıq taksilərdən gəlir. Yorğun və tələsən insanlar sıxlıqdan adamın nəfəsi daralan avtobuslara minməkdənsə, 50 qəpik artıq verib manatlıq avtobuslarla, ya da 2 manata maşınla getməyi üstün tuturlar. 

Burada hər an, hər yerdə bu cür çağırışları eşitmək mümkündür. Sadəcə hələlik reportajımızda bu cür səslərin "xodunu" alıram ki, başınıza düşüb qanqaraçılıq yaratmasın.

Ac və yağlı adamlar

Burada qutab, "peraşki", hot-doq kimi ayaqüstü yeməklərin satıldığı kafevari bir yer var. İnsanlar onun qarşısında dayanıb qarınlarını doyururlar. Yaşlı bir kişi və qadın yeməkxananın qarşısındakı çəlləyə dirsəklənib biri peraşki, digəri isə milli "fast food"umuz olan qutab yeyir. Yanlarındakı bol düyünlü bağlamalardan hiss olunur ki, rayondan gəliblər, bağlamalarda da buradakı doğmaları üçün gətirdikləri sovqatlar var. Hamısının əyni nimdaş, üzü yorğun, barmaqları yağlıdır...

Buralar həm də ucuz dönərləriylə məşhurdur. 1.5 , 1.7 AZN-ə, lap belə tikənin yağlısını axtarırsınızsa, 2 manata qarnınızı doyuracağınız dönərxanalar var. Onu da deməliyəm ki, ucuz dönərin dadını heç yerdə tapmaq olmur! Hə, bu dönərlərin keyfiyyətindən danışacağıqsa, bizə iki diplomlu qida eksperti lazım olacaq ki, ətin mənşəyini araşdırsın.

Dönərxanın içində durub kiminsə dönərindən düşəcək tikənin pusqusunda dayanan pişik diqqətimi çəkir. Ofisiant əlindəki kirli dəsmalla stolu silib yeni müştərilər üçün hazırlayır.

Saxta və sevimli vərdiş

- Sizə qurban olaram, balam xəstədir, bir dənə salfet alın... - Əlindəki salfeti yoldan keçənlərə uzadan qadın yalvarışlı bir tonda dillənir. Yanından ötənlərin əksəriyyəti onu görməzdən gəlir. Bəziləri isə dayanıb qiyməti soruşur, pulu verib salfeti almadan gedir. Sentimental dostlardan üzr istəyirəm, amma bu, bir tərəfdən də modern dilənçilikdir. Görünür, yenilənən kapitalist təfəkkür dilənçilikdən də yan keçməyib.

Metronun “Həsən bəy Zərdabi” çıxışındayam. Orta yaşlı bir kişi əlindəki qulplu kisədə balıq satır. 

- Təzə balıq var, balıq...
İnsanlar yaxınlaşıb balıqla maraqlanırlar. Səyyar satıcı tez kisədən bir balıq çıxarıb tərifləyir:
- Əla kütüm balığıdır. Özüm tutmuşam. - Yalın barmaqları ilə balığın qulağını aralayıb göstərir - bax, başına dönərəm, qan kimidi, təzə balıqdır.

Burada hər an kimsə böyürünüzdən çıxıb qadanızı ala, başınıza dönə, sizə qurban ola bilər. Təəccüblənməyin. Bu, indi reklam dərsliklərində oxuduğumuz "müştərilərlə xoş davranış" qaydalarının qədim saxta və sevimli halıdır. Başınıza dönmə dövrəsi malını satana qədərdir. Başqa cür necə ola bilərdi axı?

Yenidən yerin altında 

Metronun digər çıxışına keçmək üçün yeraltı keçidə düşürəm. Girişdə dayanan dilənçi qadın bir əliylə körpəsini saxlayıb, digər əlini insanlara açıb yalvarır:

- Allah köməyiniz olsun, Allah canınıza dəyməsin...

Uşağın ağzındakı əmzik yerə düşür. Qadın əmziyi yerdən götürüb asfaltdan daha kirli olan üstünə silib yenidən uşağın ağzına tıxayır (bəli, məhz tıxayır!).

Adətən, uzun yola çıxanlar mənzil başına sağ-salamat varmaq üçün onlara 20-30 qəpiklik "ilahi rüşvət" verirlər.

Başqa iki dilənçi həmin qadına yaxınlaşır:
- Demişdik axı, burada dayanma! Sən avtobuslar qalxan yerdə dayanacaqsan, bura bizim ərazidir! 

Dilənçiliyin də inhisarlaşdırıldığını görüb heyrət içində yoluma davam edirəm.

Əvvəl bu keçid daha izdihamlı olurdu. Mağazalar, el dili ilə desək, "talkoçkalar" bağlanandan sonra nisbətən seyrəlib. Keçid boyu qapısı kilidlənmiş mağazalar və onların tozlu, qaranlıq vitrinləri buraya bir az da tərk edilmiş ab-havası qatır. Şüşələrin ardından görünən əyni paltarlı cansız manekenlər dəmir barmaqlıqlar arxasındakı dustaqlara bənzəyir, desəm, yəqin ki, yersiz romantikliklə suçlanmaram.

Burada açıq olan yeganə yer "Poz-qazan" köşküdür. Demək olar ki, metronun hər çıxışında, hər tinində rast gəldiyim bu köşklərin ətrafına insanlar yığışıb bəxtlərini üzlərinə güldürəcək həmin o ünyetməz "cekpotu" axtarırlar. 

Güzəşt

Keçiddən çıxan kimi yenə taksi sürücüləri üstümə axışır:

- Saray yolu... Sumqayıta gedirsən?
- Ceyranbatan...

Hamısına bir-bir "yox" deyib təşəkkür edirəm. Taksi sürücülərindən biri digərinə səslənir:
- 3 nəfərim var, 1 adamım çatmır. Sən göndər mənə, biz sonra "raşot" olarıq.
Sürücü tez maşında oturan xanımdan xahiş edir ki, digər maşına keçsin:
- Xanım, mən bir az gec çıxacam, siz o maşınla gedin.
Gənc xanım maşından düşüb sakitcə digər taksiyə minir.

- Limon var, 5-i bir manata limon... - Qarşısındakı piştaxtada yuxa, çərəz, limon, Şəki halvası, əvəlik və başqa şeylər olan qadın müştəri axtarışındadır.
Orta yaşlı kişi piştaxtaya yaxınlaşır:
- Yuxa neçəyədir?
- 10 dənəsi 2 manat 40 qəpik.
- 10 yuxa və 5 limona 3 manat verəcəm.
- Götür, halal xoşun...

"Moskva" prospektində problematika

"Moskva" prospektinin məhz "20 Yanvar" metrosunun üstündə yerləşməsi mənə həmişə ironik, bir az da qəddarcasına görünüb. Çünki bu faciənin törədilməsi əmri birbaşa Moskvada, rəsmi Kremldə verilib. SSRİ ordusunun texnikaları Bakıya, əsasən, üç istiqamətdən daxil olmuşdu. Bunlardan biri də "Şamaxinka" adlanan ərazi idi. Ən böyük qətllər və dağıntılar məhz bu istiqamətdə baş verib. İronik olan da burasıdır ki, həmin ərazidən keçən yol "Moskva" prospekti adlandırılır.

İnsanların bu barədə fikirləri də maraqlıdır. Gözüm mövzu ilə bağlı danışacaq kimisə axtarır. İkimanatlıq taksiylə yola düşmək üçün digər sərnişinlərin gəlməyini gözləyən qalstuklu bir ağsaqqal diqqətimi çəkir. Yaxınlaşıb hal-əhval tutub özümü təqdim edirəm:

- Jurnalistəm, vaxtınız varsa, ayaqüstü qısa bir söhbət edək.
- "Penisioner" adamam, vaxtdan çox heç nəyim yoxdur (gülür). Buyurun.

Əlimlə yolu göstərirəm:

- Bilirsiniz, bu yol "Moskva" prospekti adlanır...
Ağsaqqal sözümü kəsir:

- Çox səhv, çox nahaq. Özüm ədəbiyyat müəllimiyəm və o Moskvanın 20 Yanvarda necə evimizi yıxmaq istədiyini öz gözlərimlə görmüşəm. - Sən demə,  ürəyi bu mövzuyla dolu imiş. Heç sualımı da sonacan dinləmədi - Demirəm ki, "Moskva" prospekti olmasın. Olsun, amma başqa yerdə. Vallah, billah, ayıbdır. Ən azından o şəhidlərin ruhundan ayıbdır. O vaxt Moskva özü göndərmişdi onları. Bax, elə bu küçədən keçib gəlmişdi o ordu - əli ilə küçəni göstərir. Ağsaqqal necə ürəklə və yüksək səslə danışırsa, bu səs-küyün içində kənardan insanlar söhbətimizə qulaq kəsilirlər.

Limon satan qadın 5-6 metrlik məsafədən söhbətimizə qoşulur:

- Təyyarəmizi vurdular. O qədər insan öldü. Kişi kimi çıxıb düz-əməlli üzr də istəmədilər. Yalandan ört-basdır etmək istəyirdilər. Hələ onların qanpulunu da verməyiblər. O qədər insan öldü, yaralandı, o qədər ananın gözü yaşlı qaldı. Bəs bunlar necə olacaq?

- Dəyişən heç nə yoxdur, xanım, "Moskva göz yaşlarını görmür!" - deyib izdihama qarışıram...
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Yanvar 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri